Məhkəmə qərarları › İş №e-2-2(115)-589/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-589/2025

06.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-589/2025 06.03.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızı, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında, sadələşdirilmiş məhkəmə icraatı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 yanvar 2020-ci il tarixli ***-*******MK300120-01 nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş cəmi 4439,24 manat borcun, bundan 3030,57 manat əsas borcun, 982,37 manat faiz borcunun və 426,30 manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcunun və iş üzrə ödənilmiş 64,39 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Bərdə filialı ilə Cavabdeh2 arasında bağlanmış 30 yanvar 2020-ci il tarixli ***-*******MK300120-01 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 24 ay müddətinə, illik 26 faiz dərəcəsi ilə 4000 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən bank ilə Cavabdeh1 və Cavabdeh3 arasında 30 yanvar 2020-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Kredit müqaviləsinin 1.1.1 və 3.3.4-cü bəndlərinə əsasən Cavabdeh2 kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə bank qarşısında öhdəlik götürsə də, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Bank tərəfindən kredit borcunun qaytarılması tələbi ilə cavabdehlərə bir neçə dəfə şifahi müraciət edilməsinə və xəbərdarlıq məktubu ilə isə yazılı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər kredit borcunun banka qaytarılmasını təmin etməmişlər. Göründüyü kimi bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 28 yanvar 2025-ci il tarixli e-2-2(115)- 589/2025 nömrəli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin cavabdehlər tərəfindən etiraz və mülahizə məhkəməyə daxil olmamışdır. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 30 yanvar 2020-ci il tarixli ***-*******MK300120-01 saylı kredit müqaviləsindən görünür ki, ona illik faiz dərəcəsi 26% olmaqla, 24 ay müddətinə 4000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 30 yanvar 2021-ci il tarixli ***-*******MK300120-01/ZM/1 və ***- *******MK300120-01/ZM/2 saylı zaminlik müqavilələrindən görünür ki, Cavabdeh1, Cavabdeh3 tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə borclunun öhdəliklərin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdələrinə götürmüşlər. İş materiallarında olan maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh2 kredit müqaviləsi üzrə banka xx.xx.2025-ci il tarixə 3030,57 manat əsas borcu, 982,37 manat faiz borcu və illik beş faizlə hesablanmış 426,30 manat faiz borcu olmaqla, cəmi 2900,16 manat borcu vardır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktublarının surətindən görünür ki, borclulara yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin borc vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına borc vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. xx.xx.2023-cü il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. xx.xx.2023-cü il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında 30 yanvar 2020-ci il tarixli kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən ona illik faiz dərəcəsi 26% olmaqla, 24 ay müddətinə 4000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İddiaçı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi icra etmiş, kredit məbləğini cavabdehə vermiş, cavabdeh isə kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçıya 3030,57 manat əsas kredit borcu, 982,37 manat faiz borcu və müqavilənin bitdiyi tarixdən illik 5 faizlə hesablanmış 426,30 manat faiz borcu vardır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti, kreditə hesablanmış faizləri cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 mülki məsuliyyətlərini diqqətə çatdırır ki, Mülki Məcəllənin zaminliyə xitam verilməsi əsaslarının müəyyən olunduğu 477-ci maddəsinin Məcəllənin 24-cü fəslində, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 477-ci maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması zaminliyə müqavilədə göstərilmiş onun verilmə müddəti bitdikdən sonra, kreditor tərəfindən zaminə qarşı iddianın irəli sürülmədiyi halda öhdəliyin icrası vaxtının çatdığı tarixdən bir il ərzində, əsas öhdəliyin icrası müddəti bəlli olmadıqda isə zaminlik müqaviləsinin bağlandığı tarixdən iki il ərzində xitam verilməsini nəzərdə tutmuşdur. Zaminliyə göstərilən müddətlər ərzində xitam verilməsi isə onu göstərir ki, həmin müddət keçdikdən sonra kreditor zaminə qarşı iddia qaldırmaq hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2020-ci il 12 mart tarixli Qərarına əsasən, iddia müddətindən fərqli olaraq kəsici müddətin tətbiqi tərəflərin iradəsinin asılı olmamaqla birbaşa məhkəmənin səlahiyyətinə aiddir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə qeyd edir ki, kredit müqaviləsi və zaminlik müqaviləsi xx.xx.2020-ci il tarixdə bağlanmışdır. Kredit müqaviləsinin müddəti 24 ay, yəni xx.xx.2022-ci il tarixə kimi müəyyən edilmişdir. Müqavilə üzrə öhdəliyin icra müddətindən və son icra tarixindən bir ildən artıq vaxt keçdikdən sonra, yəni xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə müraciət etdiyindən məhkəmə hesab edir ki, digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 kredit borcunun tutulması qanuni və əsaslı sayıla bilməz. Odur ki, kredit müqaviləsi üzrə yaranmış 3030,57 manat əsas borc, 982,37 manat faiz borcu və müqavilənin bitdiyi tarixdən illik 5 faizlə hesablanmış 426,30 manat faiz borcu olmaqla, cəmi 4439,24 manat məbləğində pul Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 64,39 manat dövlət rüsumu ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 64,39 manat dövlət rüsumu da Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 30 yanvar 2020-ci il tarixli ***-*******MK300120-01 nömrəli kredit müqaviləsi üzrə 3030 manat 57 qəpik əsas borc, 982 manat 37 qəpik faiz borcu və müqavilənin bitdiyi tarixdən illik 5 faizlə hesablanmış 426 manat 30 qəpik faiz borcu olmaqla, cəmi 4439 (dörd min dörd yüz otuz doqquz) manat 24 (iyirmi dörd) qəpik məbləğində pul və ödənilmiş 64 (altmış dörd) manat 39 (otuz doqquz) qəpik dövlət rüsumu Cavabdeh2 tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar