Məhkəmə qərarları › İş №e-2-2(115)-591/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-591/2023

11.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-591/2023 11.12.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6705,78 manat əsas borc, 4627,91 manat faiz borcu, 12095,31 manat cərimə borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 921,63 manat faiz borcu olmaqla cəmi 24350,63 manat borcun və ödənilmiş 200 manat mediasiyaya dair xərcin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Bərdə filialı ilə Cavabdeh1 arasında 216/34-RB nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsi bağlanmış və həmin müqavilə üzrə Cavabdeh1 24 ay müddətinə illik 29% dərəcəsi ilə 11500 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında ZM- 216/34-RB nömrəli xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 1 nömrəli xx.xx.2016-cı il tarixli əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı cəmi 10077,1 ABŞ dolları təşkil etmişdir. Kreditin müddəti bu əlavə saziş imzalandığı tarixdən xx.xx.2019-cu il tarixədək uzadılmışdır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 1 nömrəli xx.xx.2017-ci il tarixli əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı 9493,28 USD təşkil edən kredit öhdəliyinin qalığı konvertasiya edilməklə (1 USD = 1.40 manat) 13290,59 manat təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Məhkəmənin hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbinə uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbi ilə bağlı ədalətli qərar çıxarılmasını və ona köməklik göstərilməsini xahiş etdi. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə digər Cavabdeh2 məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli 21634.RB saylı saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən illik faiz dərəcəsi 29% оlmaqla 24 ay müddətinə borcalana 11500 ABŞ dolları məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2014-cü il tarixli ZM-21634.RB saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli 21634.RB saylı kredit müqaviləsi və xx.xx.2014-cü il tarixli ZM-21634.RB saylı zaminlik müqaviləsi üzrə bağlanmış xx.xx.2017-ci il tarixli 01 nömrəli əlavə sazişlərə əsasən, kredit restrukturizasiya edilmiş, kreditin müddəti xx.xx.2020-ci ilədək uzadılmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli 21634.RB saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə banka 6705,78 manat əsas krеdit bоrcu, 4627,91 manat faiz bоrcu və 12095,31 manar cərimə borcu, gecikdirilmiş vaxt üçün faiz borcu 921,63 manat olmaqla, ümumilikdə 24350,63 manat məbləğində bоrcunun olması göstərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli bildirişin surətindən görünür ki, borclulara yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişlər. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 avqust 2023-cü il tarixli 9/6193 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi iş materiallarında olan hesabdan çıxarış məlumatları, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin və xx.xx.2017-ci il tarixli 01 nömrəli əlavə sazişin şərtləri nəzərə alaraq xx.xx.2017-ci il tarixdən (sonuncu əlavə saziş) xx.xx.2020-ci il tarixədək (sualda göstərilən tarix) illik 18%-lə, xx.xx.2020-ci il tarixdən (sualda göstərilən tarix) illik 5%-lə faiz borcu hesablanmaqla Cavabdeh1 xx.xx.2020-ci il tarixə (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 14470,42 manat məbləğində və xx.xx.2022-ci il tarixə (iddia ərizəsində və maliyyə arayışında göstərilən tarix) banka olan əsas, faiz və əldən çıxmış fayda borcu 15628,80 manat məbləğində müəyyə edilir. O cümlədən xx.xx.2020-ci il tarixə əsas borc üzrə 8535,72 manat, faiz borcu üzrə 5933,70 (illik 18%-lə) manat, xx.xx.2022-ci il tarixə əsas borc üzrə 8535,72 manat, faiz borcu üzrə 5933,70 (illik 18%-lə) manat, əldən çıxmış fayda borcu üzrə 1158,39 (illik 5%-lə). Həmçinin xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə təqdim edilmiş sənədlərə əsasən kredit ödənişinin gecikdirilməsinə görə bank tərəfindən cərimə hesablanmamışdır. Tədqiqatın dəyəri isə 200 manat təşkil edir. Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2023-cü il tarixli 6-1-16/2- 8824/2023 saylı məktubundan görünür ki, Cavabdeh1 ilə ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış kredit müqavilələri “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının təsie dairəsinə düşməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin borc vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına borc vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, xx.xx.2014-cü il tarixdə "xxxx" ASC ilə Cavabdeh1 arasında dövriyyə vəsaitinin artırılması məqsədilə kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən aylıq faiz dərəcəsi 29% оlmaqla 24 ay müddətinə hissə-hissə qaytarmaq şərti ilə ona 11500 ABŞ dolları məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. Kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdə bağlanılmış 01 nömrəli əlavə sazişlərə əsasən kredit restrukturizasiya edilmiş, kreditin müddəti xx.xx.2020-ci ilədək uzadılmışdır. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etmiş, kredit məbləğini cavabdehə vermiş, cavabdeh isə kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı kredit məbləğini və ona hesablanmış faizləri tələb etməkdə haqlıdır, iddia ərizəsində göstərilən məbləğdə əsas və fazi borcları cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 12095,31 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, cəriməl azaldılaraq 200 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə eyni zamanda digər Cavabdeh2 mülki məsuliyyətini diqqətə çatdırır ki, Mülki Məcəllənin zaminliyə xitam verilməsi əsaslarının müəyyən olunduğu 477-ci maddəsinin Məcəllənin 24-cü fəslində, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 477-ci maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması zaminliyə müqavilədə göstərilmiş onun verilmə müddəti bitdikdən sonra, kreditor tərəfindən zaminə qarşı iddianın irəli sürülmədiyi halda öhdəliyin icrası vaxtının çatdığı tarixdən bir il ərzində, əsas öhdəliyin icrası müddəti bəlli olmadıqda isə zaminlik müqaviləsinin bağlandığı tarixdən iki il ərzində xitam verilməsini nəzərdə tutmuşdur. Zaminliyə göstərilən müddətlər ərzində xitam verilməsi isə onu göstərir ki, həmin müddət keçdikdən sonra kreditor zaminə qarşı iddia qaldırmaq hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2020-ci il 12 mart tarixli Qərarına əsasən, iddia müddətindən fərqli olaraq kəsici müddətin tətbiqi tərəflərin iradəsinin asılı olmamaqla birbaşa məhkəmənin səlahiyyətinə aiddir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə qeyd edir ki, tərəflər arasında kredit müqaviləsi və zaminlik müqaviləsi xx.xx.2014-cü il tarixdə bağlanmışdır. Kredit müqaviləsinin müddəti sazişlə uzadılaraq 36 ay, yəni xx.xx.2020-cı il tarixə kimi müəyyən edilmişdir. Müqavilə üzrə öhdəliyin icra müddətindən və son icra tarixindən bir ildən artıq vaxt keçdikdən sonra, yəni xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə müraciət etdiyindən məhkəmə hesab edir ki, digər Cavabdeh2 kredit borcunun tutulması qanuni və əsaslı sayıla bilməz. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə yaranmış 6705 manat 78 qəpik kredit borcu, 4627 manat 91 qəpik faiz borcu, 200 manat cərimə borcu, müqavilə müdəti bitəndən sonra hesablanmış 921 manat 63 qəpik faiz borcu olmaqla cəmi 12455,32 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan Goranboy 1 saylı Mediasiya Təşkilatı tərəfindən cavabdehlərin ilkin mediasiya sessiyasında iştirak etmədikləri və İddiaçı ASC-nin nümayəndəsi tərəfindən 200 manat məbləğində mediasiyaya dair ödəniş edildiyi barədə arayış verilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 200 manat mediasiya xərci də cavabdehdən tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı mediasiyaya dair xərci ödədiyindən dövlət rüsumu ödəməkdən azad edilmiş, ona görə də iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 128 manat 08 qəpik dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Həmçinin iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı 200 manat ekspertiza xərci cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 01 iyul 2014-cü il tarixli 21634.RB saylı kredit müqaviləsi üzrə yaranmış 6705 manat 78 qəpik kredit borcu, 4627 manat 91 qəpik faiz borcu, 200 manat cərimə borcu, müqavilə müdəti bitəndən sonra hesablanmış 921 manat 63 qəpik faiz borcu olmaqla cəmi 12455 (on iki min dörd yüz əlli beş) manat 32 (otuz iki) qəpik pul vəsaiti, ödənilmiş 200 (iki yüz) manat mediasiya xərci Cavabdeh1 tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İş üzrə məhkəmə-mühasibat ekspertizasının keçirilməsi ilə bağlı 200 (iki yüz) manat ekspertiza xərci Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X1, kodu:210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN:**********, hesab AZ34CTRE********************) ödənilsin. Cavabdeh1 128 (bir yüz iyirmi səkkiz) manat 08 (səkkiz) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar