Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-596/2022 11.05.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Məmmədov Rəşad Seylan oğlu, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh İstehsal-Kommersiya Firmasına qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “torpaq sahəsinə dair icarə haqqı borcunun ödənilməsi” tələbinə dair ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İstehsal- Kommersiya Firmasından 69 nömrəli icarə müqaviləsi üzrə 1560 manat və mediasiya ilə bağlı ödənilmiş 60 manat məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq (VÖEN **********) Xidmətin Azərbaycan Respublikası X2 İdarəsindəki AZ53 NABZ **********0000003944 saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh İstehsal-Kommersiya Firması arasında bağlanılmış 11.09.2020-ci il tarixli, 69 nömrəli icarə müqaviləsinə əsasən Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 21 ünvanında yerləşən dövlət mülkiyyətində olan 1200 kv.m torpaq sahəsi Cavabdeh İstehsal-Kommersiya Firmasının icarəsinə verilmişdir. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtında və tam həcmdə ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmiş və bununla da “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin tələbləri pozulmuşdur. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyyələri vaxtında ödəmək icarəçinin vəzifəsinə daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə görə icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Müqavilə ləğv edilmədiyindən hal-hazırda qüvvədə olmaqla icarəçinin həmin müqavilə üzrə dövlət büdcəsinə ödənilməli olan 1560 (min beş yüz altmış) manat icarə haqqı borcu mövcuddur. Cavabdehə 13.10.2021-ci il tarixli, **********23 nömrəli xəbərdarlıq məktubu ilə müraciət edilməsinə baxmayaraq, cavabdeh icarə haqqı borcunu ödəməkdən imtina etmişdir. Həmçinin bildirirlər ki, mediasiya sessiyasının keçirilməsi üçün 60 (altmış) manat məbləğində vəsait Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən mediatorun bank hesabına ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh X1 01 aprel 2022-ci il tarixli, e-2-2(115)-596/2022 nömrəli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin cavabdeh tərəfindən etiraz və mülahizə məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 11.09.2019-cu il tarixli, 69 nömrəli özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icrayə verilməsi haqqında müqavilənin surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 21 ünvanında yerləşən dövlət mülkiyyətində olan 1200 kv.m torpaq sahəsi Cavabdeh İstehsal-Kommersiya Firmasının icarəsinə verilmişdir. İş materiallarına əlavə edilmiş şəxsi hesab vərəqəsindən görünür ki, Cavabdeh İstehsal-Kommersiya Firması yaranmış borcu 1560 manatdır. İş materiallarına əlavə edilmiş 13.10.2021-ci il tarixli, **********23 nömrəli xəbərdarlıq məktubundan görünür ki, borcluya yaranmış borcla bağlı xəbərdarlıq edilmişdir. İş materillarına əlavə olunmuş 10 dekabr 2021-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan göründüyü kimi Cavabdeh İstehsal -Kommersiya Firması ilkin mediasiya sessiyasında iştirak etməmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilkin mediasiya sessiyasına iştirak etmiş və 60 manat mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Belə ki, iş materialları ilə təsdiq olunur ki, Cavabdeh İstehsal-Kommersiya Firmasının 11.09.2019-cu il tarixli, 69 nömrəli özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icrayə verilməsi haqqında müqavilə üzrə 1560 manat borcu yaranmış və həmin borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin üzərinə müqavilə ilə müəyyən edilmiş icarə haqqını ödəmək vəzifəsi qoyulduğundan və o, icarə haqqı üzrə ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirilməsi üçün cavabdeh olduğundan iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat mediasiya xərcini ödədiyi üçün dövlət rüsumunun ödənilməsindən həmin hissədə azad edildiyinə görə iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilməli olan 35 manat 60 qəpik məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. 1560 manat məbləğində icarə haqqı və 60 manat mediasiya xərci Cavabdeh İstehsal-Kommersiya Firmasından tutularaq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə ödənilsin. 35 manat 60 qəpik məbləğində dövlət rüsumu Cavabdeh İstehsal-Kommersiya Firmasından tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-596/2022
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-596/2022
11.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver