Məhkəmə qərarları › İş №e-2-2(115)-598/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-598/2024

09.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-598/2024 09.04.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Gəncə Kommersiya Məhkəməsinin hakimi Qələndərzadə Ramiq Ramis oğlu İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 1136,18 manat əsas borc, 128,91 manat faiz borcu və 88,66 manat cərimə borcu olmaqla, cəmi 1353,75 manat borcun və 60 manat ödənilmiş mediasiya ödənişinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh2 İddiaçı ASC-nin “Gəncə” filialından 120 ay müddətinə 50000 manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2021-ci il tarixli Kredit limitinin ayrılmasına dair müqavilənin təminatı olaraq xx.xx.2021-ci il tarixdə Cavabdeh1 ilə zaminlik müqavilələri bağlanmışdır. xx.xx.2022-ci il tarixli kredit verilməsinə dair razılaşmaya əsasən Cavabdeh2 İddiaçı ASC-dən illik 25% olmaqla 24 ay müddətinə 3000 manat məbləğində kredit götürmüşdür. 2023-cü ilin noyabrın 24-dək Cavabdeh2 banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 1136.18 manat əsas borc, 128.91 manat faiz borcu və 88.66 manat cərimə borcu olmaqla cəmi 1353,75 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 26 fevral 2024-cü il tarixli, e-2-2(115)- 598/2024 nömrəli bildirişlər göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldıqları gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etirazlarını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin cavabdehlər tərəfindən məhkəmə bildirişi xx.xx.2024-cü il tarixində almasına baxmayaraq iddiaçının tələbinə dair etirazlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: kredit limitinin ayrılmasına dair müqavilə, kredit verilməsinə dair razılaşma, zaminlik müqaviləsi, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İş materiallarında olan xx.xx.2021-ci il tarixli kredit limitinin ayrılmasına dair 10- MCR-1-752-21 nömrəli müqavilədən görünür ki, Cavabdeh2 illik 30% olmaqla 120 ay müddətinə 50000 manat məbləğində kredit limiti ayrılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli kredit verilməsinə dair razılaşmadan görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh2 biznes məqsədi ilə illik 26.07% olmaqla 24 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir İş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka 1136,18 manat əsas borc, 128,91 manat faiz borcu və 88,66 manat cərimə borcu olmaqla, cəmi 1353,75 manat bоrcunun olduğu göstərilmişdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli kreditin verilməsinə dair razılaşmaya əsasən öhdəliklər iddiaçı tərəfindən tam icra edilmiş, kredit Müqaviləsində qeyd olunan məbləğ cavabdehə verilmişdir. Lakin cavabdeh kredit müqavilələri üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, ödəniş cədvəllərinə əsasən aylıq ödənilməli kredit məbləğlərini vaxtı-vaxtında və tam həcmdə ödəməmişdir. xx.xx.2021-ci il tarixli, Z/04050/21 nömrəli zaminlik müqaviləsindən görünür ki, borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin Cavabdeh1 bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımasını bəyan etmişdir. İş materiallarına əlavə olunmuş sübutlarla borc alan Cavabdeh2 1136,18 manat əsas borc, 128,91 manat faiz borcu olduğu təsdiq edilir. Eyni zamanda zaminlik müqaviləsi üzrə zamin Cavabdeh1 borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürdüklərindən və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıdıqlarından iddiaçı həmin məbləğdə borcun cavabdehlərdən müştərək qaydada tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin 88,66 manat məbləğində cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Məhkəmə tərəflərin mənafelərini nəzərə alıb tənasübsüz yüksək müəyyən edilən cərimə məbləğinin 10 manat həddində təmin edilməsini ədalətli və qanuni hesab edir. xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan və ödəniş tapşırığından göründüyü kimi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilkin mediasiya sessiyasında iştirak etməmiş, lakin "xxxx" ASC–nin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş, "xxxx" ASC ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat mediasiya xərcini ödəmişdir. Eyni zamanda iddiaçı tərəfindən 60 manat mediasiya xərci ödənildiyindən və iddiaçı həmin məbləği tələb etdiyindən ödənilmiş 60 manat mediasiya xərci cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat mediasiya xərcini ödədiyi üçün həmin hissədə dövlət rüsumunun ödənilməsindən azad edildiyinə görə iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq ödənilməli olan 32,76 manat məbləğində dövlət rüsumu cavabdehlərdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 1136,18 manat əsas borc, 128,91 manat faiz borcu, 10 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 1275,09 manat məbləğində borc, ödənilmiş 60 manat mediasiya xərci müştərək qaydada tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 32,76 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 1136,18 manat əsas borc, 128,91 manat faiz borcu, 10 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 1275,09 manat məbləğində borc, ödənilmiş 60 manat mediasiya xərci müştərək qaydada tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 32,76 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddianın qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar