Məhkəmə qərarları › İş №e-2-2(115)-6/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-6/2024

29.01.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-6/2024 29.01.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “X16 Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3, Cavabdeh iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “X16 Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh (üçüncü şəxslər Samux rayon İcra Hakimiyyəti, Samux rayon bələdiyyəsi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı ərazi üzrə Ekologiya və Təbii Sərvətlər İdarəsi, İddiaçı ASC-yə) qarşı 330 kv-luq 3-cü Şəmkir hava elektrik verilişi xəttinin 13-14-cü dayaqlar arasında mühafizə zonasındakı qoz ağaclarının cavabdehin hesabına qırılması, budanması və yaxud köçürülməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “X16 Şəbəkəsi” MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya məhkəməsinə müraciət edərək, 330 kv-luq 3-cü Şəmkir hava elektrik verilişi xəttinin 13-14-cü dayaqlar arasında mühafizə zonasındakı qoz ağaclarının Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 103 saylı xx.xx.2005-ci il tarixli “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”-nın 26.ç bəndinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 321 saylı qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”-nın tələblərinə uyğun şəkildə Cavabdeh hesabına qırılması, budanması və yaxud köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin "xxxx" MMC-nin balansında və istismarında olan Samux rayonu Qarabağlar kənd ərazisindən keçən 1968-ci ildən istismarda olan 330 kv-luq 3-cü Şəmkir hava elektrik verilişi xəttinin 2011-ci ildə yeni inşa edilmiş 13-14 saylı dayaqları arasındakı mühafizə zonasında Samux rayon Qarabağlar kənd sakini Cavabdeh ona məxsus pay torpağında qoz ağaclarından ibarət bağ salmışdır. Həmin hava elektrik verilişi xətti 2011-ci ildə "xxxx" ASC tərəfindən inşa edilmişdir. Mühafizə zonasında salınmış qoz ağacları son illər böyüyərək hava elektrik verilişi xəttinin işinə böyük maneə yaratmağa başlamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 saylı qərarı ilə “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizə qaydaları” və “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları” təsdiq edilmişdir. Bu qaydalara əsasən elektrik şəbəkələrinin qorunmasının təmin edilməsi istismar üçün normal şəraitin yaradılması və bədbəxt hadisələrin baş verməsinin qarşısının alınması məqsədi ilə torpaq sahələri ayrılır və mühafizə zonaları müəyyən olunur. Həmin qərara əsasən hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fazası şəklində 330 kvluq yüksək gərginlikli hava xətlərinin mühafizə zonası 30m məsafə ilə müəyyən edilir. Ümumiyyətlə hava elektrik verilişi xətlərinin mühafizə zonalarında vaxtaşırı təmizlik işlərinin aparılmaması qəza açılmalarına, avadanlıqların sıradan çıxmasına, insan və digər canlıların tələfatına səbəb ola bilər. Eyni zamanda belə qəzalar Azərbaycan Respublikasının enerji ixracı üzrə Beynəlxalq öhdəliklərinin yerinə yetirilməsində fasilələr yarada bilər. 13-14 saylı dayaqlar arasında mühafizə zonasındakı qoz ağaclarının heç olmazsa budanması zərurəti yaranmışdır. Bunun üçün "xxxx" MMC tərəfindən göstərilən bütün təşəbbüslər Cavabdeh tərəfindən rədd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 103 saylı qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan Elektrik Şəbəkələrinin mühafizə qaydaları”nın 26.ç) bəndində göstərilir ki, “Ağacların və kolların yetişdirilməsi üçün istifadə edilən yerlərdə hündürlüyü 4 m-dən artıq olan ağacların qırılması və budanması aparılmalıdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 321 saylı qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”-nın 2.2.6. bəndində göstərilir ki, “Ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis kommunikasiya təminatı sistemlərinə maneə olduqda götürülür. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X12 iddia tələbin ə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək göstərdi ki, qeyd edilən torpaq sahəsi əvvəlcə atasına məxsus olmuş, sonra onun da payı nəzərə alınmaqla bağışlama müqaviləsinə əsasən ona verilmiş və onun mülkiyyətinə keçmişdir. Torpaq sahəsində qoz ağacları əkilmişdir. Torpaq sahəsindən elektrik xətləri çəkilərkən onlardan icazə alınmamışdır. Ona görə də iddianın rədd edilməsini xahiş etdi. Üçüncü şəxslər Samux rayon İcra Hakimiyyəti, Samux rayon bələdiyyəsi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı ərazi üzrə Ekologiya və Təbii Sərvətlər İdarəsi, İddiaçı ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan JN 0393 Kod 50712028 nömrəli 27 iyun 2001-ci il tarixli Torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Samux rayonu Dövlət Notoriat kontoru xx.xx.2001-ci il tarixli 4ə/9 saylı alqı-satqı müqaviləsi ilə satılmış cizgidə göstərilən sərhəd daxilində 6,36 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün Samux rayonu Qarabağlar kənd sakini X4 torpaq sahəsi verilmişdir. İş materiallarında olan 25 noyabr 2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür k, hədiyyəverənlər X13, X7, X6, X8, X9, X14, X5 və X1 rayonu, Qarabağlar kəndi ünvanında yerləşən ümumi sahəsi 0.529911 ha olan torpaq sahəsindən hər biri özlərinə məxsus hissəsini yəni bütövlükdə 0.471032 ha olan torpaq sahəsini qardaşları olan Cavabdeh bağışlamışlar. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1ində yerləşən kənd təsərrüfatı təyinatlı 0.5299 ha torpaq sahəsi xx.xx.2020-ci il tarixli ********** qeyddiyat nömrəsi, daşınmaz əmlakın reyestr nömrəsi **********03 olmaqla Cavabdeh mülkiyyət hüququ qeydiyyata alınmışdır. İş materillarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 22 iyun 2020-ci il tarixli AA517930 nömrəli torpaq sahəsinin planı və ölçüsü haqqında sənəddən görünür ki, ünvan 1ində yerləşən kənd təsərrüfatı təyinatlı 0.5299 ha torpaq sahəsinin planı və ölçüsü tərtib edilib təsdiq edilmişdir. İş materillarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin 28 may 2022-ci il tarixli B№026716 nömrəli torpaq sahəsinin planı və ölçüsü haqqında sənəddən görünür ki, ünvan 1ində yerləşən kənd təsərrüfatı təyinatlı 0.5299 ha torpaq sahəsinin yenidən planı və ölçüsü tərtib edilib təsdiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 may 2023-cü il tarixli 10/2610 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-2024/2023 saylı mütəxəssis rəyinin məlumatlarına əsasən mübahisəli ərazidə mövcud olan elektirik verilişi xəttinin 13 və 14-cü dayaqları. **********03 reyestr nömrəli xx.xx.2020-ci il tarixli çıxarış və həmin çıxarışın AA 517930 nömrəli plan və ölçü sənədindəki koordinatlara əsasən, Cavabdeh məxsus Samux rayonu Qarabağlar kəndində yerləşən 0,5299 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları daxilində yerləşmədiyi müəyyən edilmişdir. Həmçinin mütəxəssisin rəyinə əsasən, mübahisəli ərazidə mövcud olan elektrik verilişi xəttinin 13 və 14-cü dayaqları arasında olan elektrik xətləri (naqilləri) **********03 reyestr nömrəli xx.xx.2020-ci il tarixli çıxarış və həmin çıxarışın AA517930 nömrəli plan və ölçü Qarabağlar kəndində yerləşən 0,5299 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hava məkanından keçmədiyi müəyyən edilmişdir. Tədqiqatın dəyəri 100 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 sentyabr 2023-cü il tarixli rəyindən görünür ki, Samux rayonu Qarabağlar kəndində yerləşən və Cavabdeh faktiki istifadəsində olan ağaclar əkilmiş torpaq sahəsi, Cavabdeh adına olan **********03 reyestr nömrəli xx.xx.2020-ci il tarixli çıxarış və həmin çıxarış əsasında verilmiş xx.xx.2023-cü il tarixli B№026716 nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən 0,5299 ha kənd təsərrüfatlı torpaq sahəsi ilə üst-üstə düşür. Ərazidə mövcud olan elektrik verilişi xətlərinin 13 və 14-cü dayaqları Cavabdeh adına olan **********03 reyestr nömrəli xx.xx.2020-ci il tarixli çıxarış və həmin çıxarış əsasında verilmiş xx.xx.2023-cü il tarixli B№026716 nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən Samux rayonu Qarabağlar kəndində yerləşən 0,5299 ha kənd təsərrüfatlı torpaq sahəsinin hüdudları daxilində yerləşmir. Ərazidə mövcud olan elektrik verilişi xətlərinin 13 və 14-cü dayaqları arasında olan elektrik xəttləri (naqilləri) Cavabdeh adına olan **********03 reyestr nömrəli xx.xx.2020-ci il tarixli çıxarış və həmin çıxarış əsasında verilmiş xx.xx.2023-cü il tarixli B№026716 nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən Samux rayonu Qarabağlar kəndində yerləşən 0,5299 ha kənd təsərrüfatlı torpaq sahəsinin hava məkanından keçmir. X16 Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin verdiyi məlumata əsasən, sözügedən ərazidə mövcud olan elektrik xətti 330 kV-luqdur. Belə olan təqdirdə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş, gərginliyi 1000 voltdan yuxarı elektrik şəbəkələrinin mühafizəsi qaydalarına əsasən, sözügedən ərazidə mövcud olan ağacların yerləşdiyi 0,5299 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi, bütünlüklə elektrik xəttinin mühafizə zonasında yerləşir. Ağacların sayı və növü mütəxəssislər tərəfindən cavablandırılmadığından bu sualın 2-ci hissəi üzrə hədqiqat aparılmadı. Tədqiqatın dəyəri 100 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 dekabr 2023-cü il tarixli rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi Sevindik Həsənovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, ərazidə mövcud olan elektirik verilişi xətlərinin 13 və 14 nömrəli dayaqlar arasında olan xətləri (naqilləri) Cavabdeh adına olan **********03 reyestr nömrəli xx.xx.2020-ci il tarixli çıxarış və həmin çıxarış əsasında verilmiş xx.xx.2023-cü il tarixli B№026716 nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən ünvan 1ində yerləşən 0.5299 ha kənd təsərrüfatlı torpaq sahəsinin hava məkanından keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.3-cü maddəsinə əsasən dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”na əsasən mühafizə zonası dedikdə-elektrik şəbəkələrinin qorunmasını təmin etmək, bədbəxt hadisələrin qarşısını almaq məqsədi ilə elektrik şəbəkələrindən binalara, qurğulara qədər torpaq sahəsi, su səthindən suyun dibinə qədər olan su boşluğu, torpaq və su səthindən hava fəzası şəkilində minimal məsafələr nəzərdə tutulur. Həmin Qaydaların 2-ci bəndinə əsasən bu qaydaların məqsədi gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin (bundan sonra-elektrik şəbəkələri) qorunmasını təmin etməkdən, qəzaların və bədbəxt hadisələrin baş verməsinin qarşısını almaqdan, həmçinin elektrik şəbəkələrinin layihələşdirilməsini, tikintisini, istismarını, şəbəkənin mühafizə zonasında işlərin aparılmasını müəyyən etməkdən ibarətdir və tətbiqi məcburidir. Elektrik şəbəkələrinin mühafizəsi həmin şəbəkələrin istismarçıları tərəfindən həyata keçirilir. Həmin Qaydaların 6-cı bəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Həmin Qaydaların 11-ci bəndinə əsasən hava elektrik ötürücü xətləri meşə massivlərindən, parklardan, bağlardan və başqa çoxillik əkmələrdən keçdikdə, ağacların qırılması və budanması elektrik ötürücü xətlərinin mülkiyyətçiləri və yaxud istismarçıları tərəfindən onların mülkiyyətçiləri ilə razılaşdırmaqla yerinə yetirilir. İkitərəfli razılaşma olduqda isə həmin işlər elektrik ötürücü xətlərinin istismarçısı tərəfindən müəyyən edilmiş qaydalara müvafiq həmin əkmələrin, fərdi bağ və başqa çoxillik əkmələrin mülkiyyətçiləri tərəfindən yerinə yetirilir. Məhkəmə qeyd edir ki, kənd təsərrüfatı məhsulları istehsalı üçün 6,36 ha torpaq sahəsi 27 iyun 2001-ci il tarixli Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən ünvan 1 sakini X4 verilmişdir. Sonuncunun övladları özlərinə məxsus ünvan 1ində yerləşən 0.529911 ha torpaq sahəsinin 0,471032 ha olan hissəsini qardaşları Cavabdeh bağışlamışlar. Cavabdeh adına xx.xx.2020-ci tarixdə 0,5299 ha torpaq sahəsinə dair hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmiş, torpaq sahəsinin plan və ölçüsü tərtib edilərək təsdiq edilmişdir. Həmin torpaq sahəsində qoz ağacları əkilmişdir. 330 kv-luq 3-cü Şəmkir hava elektrik verilişi xəttinin 13-14-cü dayaqları Cavabdeh məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları daxilində yerləşməsə də, həmin dayaqlar arasında olan elektrik xətləri torpaq sahəsinin hava məkanından keçir. Məhkəmə bildirir ki, iddiaçı elektrik xəttinin çəkilməsi və istismara verilməsi ilə bağlı məhkəməyə hər hansı sənəd təqdim etməsə də tərəflərin izahatı ilə hava elektrik verilişi xəttinin torpaq sahəsinin cavabdehin mülkiyyətinə keçməsindən əvvəl çəkildiyi məlum olur. X11 tərəfindən Dövlət aktına əsasən ona verilmiş torpaq sahəsindən hava elektrik verilişi xəttinin çəkilməsinə etiraz etməsi ilə bağlı cavabdeh tərəfindən hər hansı sənəd təqdim edilməmişdir. Uzun müddətdir ki, istismarda olan 3-cü Şəmkir hava elektrik verilişi xətti yüksək gərginlikli elektrik xəttidir, xəttin mühafizə zonasında əkilmiş qoz ağacları boy ataraq naqillərə çatacağı təqdirdə həmin naqillərə ziyan vurucağı və təhlükə yaradacağı istisna olunmur. Ona görə də Cavabdeh məxsus ünvan 1ində 0,5299 ha kənd təsərrüfatlı torpaq sahəsində 330 kv-luq 3-cü Şəmkir hava elektrik verilişi xəttinin 13-14-cü dayaqlar arasında mühafizə zonasında yerləşən qoz ağacları iddiaçının hesabına budanılmalıdır. Məhkəmə həmçinin bildirir ki, iddiaçı mühafizə zonasında əkilmiş qoz ağaclarının qırılması və ya köçürülməsi tələbini irəli sürsə də cavabdehin özünə məxsus torpaq sahəsində əkilmiş qoz ağaclarının qırılması və ya köçürülməsi onun mülkiyyət hüquqlarının pozulması ilə nəticələnər. Odur ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan başqa məhkəmə qeyd edir ki, iş üzrə məhkəmə tikinti-texniki ekspertizaların keçirilməsi ilə bağlı 300 manat ekspertiza xərcinin 150 manatı iddiaçıdan, 150 manatı isə cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh məxsus ünvan 1ində 0,5299 ha kənd təsərrüfatlı torpaq sahəsində 330 kv-luq 3-cü Şəmkir hava elektrik verilişi xəttinin 13-14-cü dayaqlar arasında mühafizə zonasında yerləşən qoz ağacları İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “X16 Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına budansın. İş üzrə məhkəmə tikinti-texniki ekspertizaların keçirilməsi ilə bağlı 300 (üç yüz) manat ekspertiza xərcinin 150 (bir yüz əlli) manatı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “X16 Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyətindən, 150 (bir yüz əlli) manatı isə Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X2, kodu:210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN:**********, hesab AZ34CTRE********************) ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar