Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-604/2024 13.06.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, İddiaçı 14 saylı Ərazi Vergilər İdarəsinin cavabdeh “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı torpaq icarə müqaviləsi üzrə borcun tutulması tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 14 saylı Ərazi Vergilər İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X4” Məhdud Məsuliyyətli Cəmiyyətindən 48,54 manat icarə haqqı üzrə borcun alınıb dövlət büdcəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 saylı Fərmanı ilə təsdiq edilmiş“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməs”inin 3.0.9-cu yarımbəndinə əsasən dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna edilməklə, dövlət mülkiyyətində olan digər torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarəti həyata keçirmək Xidmətin vəzifələrinə aid edilmişdir. Həmin Əsasnamənin 4.0.27-ci yarımbəndinə əsasən nəzarəti Xidmətə həvalə edilmiş dövlət mülkiyyətində olan torpaqlardan istifadəyə görə ödənilməmiş icarə haqlarının tutulması barədə məhkəmədə iddia qaldırmaq Xidmətin hüquqlarına aid edilmişdir. Ağstafa rayon İcra Hakimiyyəti ilə “X4” MMC arasında bağlanmış “Torpaq icarəsi müqaviləsi”nə əsasən icarə haqqı hər ilinə 360 manat təşkil etməklə 10 il müddətinə 120 hektar torpaq sahəsi cavabdehə icarəyə verilmişdir. İcarəyə götürülən torpaq sahəsinə görə cavabdehin xx.xx.2024-cü il tarixə torpaq icarə haqqı üzrə 48,54 manat borcu ödənilməmişdir. Qeyd olunan borcun 7 gün müddətində dövlət büdcəsinə ödənilməsi barədə cavabdehə xx.xx.2023cü il tarixli xəbərdarlıq göndərilmişdir. Cavabdeh tərəfindən xəbərdarlığın alınmasına baxmayaraq, icarə haqqı üzrə borc ödənilməmişdir. Cavabdeh “X4” MMC-nin rəhbəri X3 tərəfindən iddia ərizəsinə etiraz verilmiş, etiraz onunla əsaslandırılmışdır ki, o, icarə müqaviləsi üzrə bir illik icarə haqqı olan 360 manat pulu ödəmişdir. Onun icarə müqaviləsi üzrə heç bir borcu yoxdur. Odur ki, iddianın təmin edilməməsini xahiş edir. İddiaçı 14 saylı Ərazi Vergilər İdarəsi iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək “X4” MMC-dən 118,54 manat icarə haqqı üzrə borcun alınıb dövlət büdcəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Vergi orqanı ərizədə qeyd etmişdir ki, Ağstafa rayon İcra Hakimiyyəti ilə “X4” MMC arasında bağlanmış “Torpaq icarəsi müqaviləsi”nə əsasən icarə haqqı hər ilinə 360 manat təşkil etməklə 10 il müddətinə 120 hektar torpaq sahəsi cavabdehə icarəyə verilmişdir. Müqavilə üzrə 2023-cü il üçün 360 manat icarə haqqı hesablanmışdır. “X4” MMC icarə haqqı üzrə 360,46 manat məbləğində ödəniş etmişdir. Vergi Məcəlləsinin 88.1-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təmin edilmiş borc məbləğləri istisna olunmaqla, vergilər üzrə yaranmış borc bu Məcəllənin 85.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla yaranma tarixi ardıcıllığı ilə hesablanmış verginin məbləği, hesablanmış fazilərin məbləği, tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği sıra ardıcıllığı ilə ödənilir. “X4” MMC icarə haqqı üzrə ödədiyi 360,46 manat məbləğ Vergi Məcəlləsinin 88.1-ci maddəsində qeyd olunan ardıcıllığa əsasən Cəmiyyətin 2022-ci il üzrə olan 119 manat borcu və 2023-cü il üçün hesablanmış 360 manatdan 241,46 manat icarə haqqı silinmişdir. (119+360-360,46=118,54). Qeyd edilənlərdən göründüyü kimi, X4” MMC-nin 118,54 manat icarə haqqı üzrə borcu mövcudur. Məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçı 14 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X2 iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi, əlavə olaraq göstərdi ki, “X4” MMC-nin 2023-cü il üçün ödədiyi icarə haqqının bir hissəsi, onun əvvəlki borcuna silindiyindən hazırda onun borcu qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilsə də məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Ağstafa rayon İcra Hakimiyyəti başçısının 28 noyabr 2022-ci il tarixli 174 saylı sərəncamından görünür ki, Ceyrançöl qış otlağından 120 ha örüş otlaq sahəsi 10 il müddətinə “X4” MMC-nin rəhbəri X1 icarəyə verilməsi qərara alınmışdır. İş materiallarında olan 28 noyabr 2022-ci il tarixli 19/22 nömrəli torpaq icarə müqaviləsindən görünür ki, 120 hektar torpaq sahəsi kənd təsərrüfatı məqsədilə 10 il müddətinə “X4” MMC-nin rəhbəri X1 icarəyə verilmiş, icarə haqqı hər il üçün 360 manat müəyyən edilmişdir. İş materiallarında olan şəxsi hesab vərəqəsindən görünür ki, “X4” MMC dövlət torpaq sahələrinin icarəsi üzrə xx.xx.2023-cü il tarixdə 360,46 manat ödəniş etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, “X4” MMC həmin tarixdə bank vasitəsi ilə icarə haqqı olaraq 360,46 manat pul ödəmişdir. İş materiallarında olan Gəncə Kommersiya Məhkəməsinin 03 mart 2023-cü il tarixli e-2- 2(115)-180/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı 14 saylı Ərazi Vergilər İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X4” MMC-dən 119 manat məbləğində icarə haqqı üzrə borcun alınıb dövlət büdcəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qətnaməsi ilə iddia təmin edilmiş, Ağstafa rayon İcra Hakimiyyəti ilə “X4” MMC arasında bağlanmış 05 iyul 2017-ci il tarixli torpaq icarə müqaviləsi üzrə yaranmış 119 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun “X4” MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin borc vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, Ağstafa rayon İcra Hakimiyyəti ilə “X4” MMC arasında 05 iyul 2017-ci il tarixdə icarə müqaviləsi bağlanmış, 120 hektar torpaq sahəsi kənd təsərrüfatı məqsədilə 5 il müddətinə icarəyə verilmiş, icarə haqqı hər il üçün 120 manat müəyyən edilmişdir. Həmin müqavilə üzrə icarəçinin 2022-ci ilə icarə haqqı olaraq 119 manat borcu qalmışdır. Borcun dövlət büdcəsinə ödənilməsi ilə bağlı 14 saylı Ərazi Vergilər İdarəsi məhkəmədə iddia qaldırmışdır. Gəncə Kommersiya Məhkəməsinin 03 mart 2023-cü il tarixli e- 2-2(115)-180/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, 119 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun “X4” MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Ağstafa rayon İcra Hakimiyyəti ilə “X4” MMC arasında 28 noyabr 2022-ci il tarixdə (əvvəlki müqavilənin müddəti bitəndən sonra) yenidən icarə müqaviləsi bağlanılmış, 120 hektar torpaq sahəsi kənd təsərrüfatı məqsədilə 10 il müddətinə icarəyə verilmiş, icarə haqqı hər il üçün 360 manat müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixdə “X4” MMC yeni icarə müqaviləsi üzrə 360,46 manat icarə haqqı ödəmişdir. İddiaçı icarəçi “X4” MMC-nin yeni, yəni 28 noyabr 2022-ci il tarixli icarə müqaviləsi üzrə bir il üçün ödədiyi 360,46 manat icarə haqqı məbləğindən onun əvvəlki, yəni 05 iyul 2017-ci il tarixli icarə müqaviləsi üzrə qalan 119 manat borcun çıxıldığını göstərmiş və icarəçinin borcu olması qənaətinə gəlmişdir. Lakin iddiaçı “X4” MMC-nin 05 iyul 2017-ci il tarixli icarə müqaviləsi üzrə 2022-ci ilə qalan 119 manat borcunun tutularaq dövlət büdcəsinə ödənilməsi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olmasını, onun yeni müqavilə bağlanarkən başqa borcunun olmamasını və yeni müqavilə üzrə də bir il üçün icarə haqqını tam olaraq ödəməsini nəzərə almamışdır. Vergi orqanı Vergi Məcəlləsinin 88.1-ci maddəsinə istinad edərək ödənilən məbləğin ardıcıllıqla köhnə borca silindiyini bildirsə də həmin Məcəllənin qeyd olunan maddəsinin müddəalarını nəzərə almamışdır Belə ki, Vergi Məcəlləsinin 88-ci maddəsi vergilər üzrə borcların ödənilməsi qaydasını və ardıcıllığını müəyyən etmişdir. Həmin Məcəllənin 88.1-ci maddəsində qeyd edilmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təmin edilmiş borc məbləğləri istisna olmaqla, vergilər üzrə yaranmış borc bu Məcəllənin 85.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı sıra qaydası ilə ödənilir: 88.1.1. yaranma tarixi ardıcıllığı ilə hesablanmış verginin məbləği; 88.1.2. hesablanmış faizlərin məbləği; 88.1.3. tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği. Göründüyü kimi vergi qanunvericiliyi vergilər üzrə borcların ödənilməsi qaydasını və ardıcıllığını müəyyən edərkən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təmin edilmiş borc məbləğlərini istisna etmişdir. Buna baxmayaraq vergi orqanı icarəçinin vaxtında və tam olaraq ödədiyi illik icarə haqqını heç bir əsas olmadan qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təmin edilmiş borc məbləğinə çıxmış və əsassız olaraq icarəçinin hazırkı vaxta borcunun olması qənaətinə gəlmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddiaçı 14 saylı Ərazi Vergilər İdarəsinin cavabdeh “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı torpaq icarə müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-604/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-604/2024
13.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver