Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-606/2025 20.05.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi ilə. İddiaçı Cavabdeh qarşı icarə müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 4879,89 manat və 68,80 manat dövlət rüsumunun əvəzi, ümumilikdə 4948,69 manat borc məbləğində pul vəsaitinin məcburi qaydada tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh X3 arasında xx.xx.2023-cü il tarixli icarə müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən icarəyə verən yəni, İddiaçı MMC özünün xüsusi mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti ilə Ş.İ.Xətai prospektinin kəsişdiyi ərazi ünvanında yerləşən (daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış Seriya MA №0058659) sahəsi 40 kv.m. ərazini icarəyə verir, icarəçi yəni cavabdeh isə bu müqavilədə göstərilən şərtlərlə həmin qeyri-yaşayış sahəsini icarəyə götürür. Müqavilənin 2.1-ci maddəsinə əsasən, icarəyə verilən ümumi 40 kv.m. olan qeyri-yaşayış sahəsi üçün aylıq icarə haqqı 200 (iki yüz) manat (ƏDV daxil olmaqla) müəyyən edilmişdir. İstifadə olunan kommunal xidmətlərin dəyəri icarəçi tərəfindən ödənilməlidir. Buna uyğun olaraq, cəmiyyətləri tərəfindən cavabdeh şəxsə Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti ilə Ş.İ.Xətai prospektinin kəsişdiyi ərazi ünvanında yerləşən (daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış Seriya MA №0058659) sahəsi 40 kv.m. ərazi icarəyə verilməsinə baxmayaraq, cavabdeh aylıq icarə haqlarını ödəməmişdir. Ümumilikdə cavabdehin icarə müqaviləsi üzrə 4879,89 manat məbləğində borcu yaranmışdır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək bildirmişdir ki, cavabdeh X2 3335 manat icarə haqqının və 68,80 manat dövlət rüsumunun əvəzinin, ümumilikdə 3403,80 manat borc məbləğinin məcburi qaydada tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli hazırlıq iclasında iddiaçının nümayəndəsi X4 izahatında iddia tələbini müdafiə etdiyini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Eyni zamanda əlavə olaraq bildirmişdir ki, həmin qeyri-yaşayış sahəsi 23 may 2024-cü il tarixədək cavabdehin istifadəsində olmuş və həmin tarixdən iddiaçı tərəfindən geri alınmışdır. İddiaçıya və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, iddiaçının nümayəndəsi elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.4-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin cavabdehin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: icarə müqaviləsi, elektron qaimə-fakturalar və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsinin surətindən görünür ki, icarəyə verən özünün xüsusi mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti ilə Ş.İ.Xətai prospektinin kəsişdiyi ərazi ünvanında yerləşən (daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış Seriya MA № 0058659) sahəsi 40 kv.m. ərazini icarəyə verir, icarəçi isə bu müqavilədə göstərilən şərtlərlə həmin qeyri-yaşayış sahəsini icarəyə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən icarəyə verilən ümumi 40 kv.m. olan qeyriyaşayış sahəsi üçün aylıq icarə haqqı 200 (iki yüz) manat (ƏDV daxil olmaqla) müəyyən edilmişdir. İstifadə olunan kommunal xidmətlərin dəyəri icarəçi tərəfindən ödənilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, icarəyəverən İddiaçı ilə icarəçi Cavabdeh arasında icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən icarəyə verən özünün xüsusi mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti ilə Ş.İ.Xətai prospektinin kəsişdiyi ərazi ünvanında yerləşən (daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış Seriya MA №0058659) sahəsi 40 kv.m. ərazini Cavabdeh istifadəsinə verməyi, icarəçi isə icarə haqqını vaxtında və tam həcmdə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2023-cü il tarixli icarəsi müqaviləsi üzrə qeyri-yaşayış sahəsinin iddiaçı tərəfindən geri alındığı, yəni xx.xx.2024-cü il tarixədək 3335 manat icarə haqqı borcu yaranmış və həmin borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin üzərinə müqavilə ilə müəyyən edilmiş icarə haqqını ödəmək vəzifəsi qoyulduğundan və o, icarə haqqı üzrə ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirilməsi üçün cavabdeh olduğundan iddia tələbi təmin edilməlidir. Odur ki, 3335 manat məbləğində icarə haqqı borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən 53,35 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 15,45 manat ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3335 manat məbləğində borc və 53,35 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş 15,45 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə
Məhkəmə qərarları › İş №e-2-2(115)-606/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-606/2025
20.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver