Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-608/2023 30.05.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı dividendin ödənilməsi tələbinə dair ərizəsinə məhkəmənin inzibаti binаsındа аçıq məhkəmə iclаsındа bаxаrаq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı dividendin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, 1997-ci ildən bu günədək ödənilməmiş dividentlərin "xxxx" ASC tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1997-ci il tarixdən etibarən "xxxx" ASC-nin səhmdarlarından biridir. Lakin bu günədək cəmiyyətin fəaliyyəti ilə bağlı heç bir yığıncağa çağrılmamış və cəmiyyətin illik hesabatını almamışdır. Həmçinin cəmiyyətin bu günədək fəaliyyəti, cəmiyyət tərəfindən aidiyyəti şəxslərlə bağlanılmış və xüsusi əhəmiyyətli əqdlər, gəlir və xərcləri, hesabat dövrü üzrə maliyyə göstəriciləri, cəlb edilmiş maliyyə vəsaitləri, idarəetmə orqanları və vəzifəli şəxslər, onların əsas və əlavə iş yerləri, idarəetmə strukturu, idarəetmə orqanlarının hər bir üzvünə verilən ödənişlər, cəmiyyətin qiymətli kağızlarının dövriyyəsi və gəlirliyi, cəmiyyətə məsus səhmlərin harakəti və.s barədə məsələlərla bağlı məlumatsız olmuşdur. Cəmiyyətə ünvaladıqları məktuba verilən cavabdan da görünür ki, 1997-ci ildən 2003 və 2004-cü ilə kimi gəlir ilə işləmiş və səhmdarlara dividentlər müvafiq qaydada hesablanmışdır. 2003-cü ildə səhmdara 3.73 manat, 2004-cü ildə 4.42 manat ümumilikrə 8.15 manat pay düşmüşdür. Qalan illər üzrə isə maliyyə-təssərüfat göstəriciləri qənaətbəxş olmamışdır. Bütün bu göstərilənlər onu deməyə əsas verir ki,cəmiyyət fəaliyyəti ilə bağlı məlumatlar, eləcə də gəlir və xərc məsələsi barədə məlumatları düzgün göstərmir. Belə ki, cəmiyyət yarandığı gündən fəaliyyətini davam etdirmişdir, bu isə cəmiyyətin gəlirli fəaliyyətlə məşğul olduğunu deməyə əsas verir. Cavabdehin nümayəndəsi və vəkili X2 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbi əsassızdır. Belə ki, təftiş komissyasının rəyinə əsasən müəssisənin fəaliyyəti zərərlə nəticələnmişdir. Müəssisənin gəliri yalnız torpaq sahəsinin icarəyə verilməsindən ibarət olmuşdur. O da işçilərin əmək haqqlarına və müəssisənin digər xərclərinə sərf edilmişdir. Həmçinin müəssisənin ildə bir dəfə ümumi yığıncağı keçirilmiş və bununla bağlı səhmdarlara, o cümlədən iddiaçıya da məlumat verilmişdir. İddiaçıya məhkəmə iclasının keçirilməsi yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iddiaçının vəkili Vəkil xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak etmiş və iddia tələbini müdafiə etdiyini bildirmişdir. Hazırkı iclas barədə məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını və işin məhkəmə baxışına təyin olunmasını xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsinin və ona əlavə edilən sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 106-3.1-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin xalis mənfəəti vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranır və qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilən məqsədlərə yönəldilə bilər. Xalis mənfəətin səhmdar cəmiyyətinin maliyyə ili üzrə bölüşdürülməsi səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının qərarı ilə qəbul edilir. 106-3.2-ci maddəsinə əsasən səhmdar cəmiyyəti nizamnamədə müəyyən edilməsindən asılı olaraq dövriyyədə olan səhmlər üzrə aralıq (rüblük, yarımillik) və illik dividendlər ödəyə bilər. Səhmdar cəmiyyətinin dividendlərin ödənilməsi barədə öhdəlikləri onların ödənilməsi haqqında qərarın qəbul edildiyi gündən etibarən yaranır və 30 (otuz) gün müddətində icra edilir. Səhmdarların tərkibinin dəyişməsi dividendlərin ödənilməsi barədə qərarın bu Məcəllə ilə müəyyən edilmiş müddətdə və qaydada icra olunmasına təsir etmir. 107-1.3-cü maddəsinə əsasən “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallar istisna olmaqla, səhmdarların illik ümumi yığıncağı maliyyə ili bitdikdən sonra altı aydan gec olmayaraq, direktorlar şurası (müşahidə şurası) tərəfindən çağırılır və bu barədə səhmdarlara məlumat verilir. Cəmiyyətin direktorlar şurası (müşahidə şurası) olmadıqda, səhmdarların ümumi yığıncağının çağırılması cəmiyyətin icra orqanı tərəfindən həyata keçirilir. 107-1.6-cı maddəsinə əsasən “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallar istisna olmaqla, səhmdarların növbədənkənar ümumi yığıncağı direktorlar şurasının (müşahidə şurasının) öz təşəbbüsü ilə və ya təftiş komissiyasının (müfəttişin), yaxud səsli səhmlərin on faizinə malik olan səhmdarların yazılı tələbi ilə cəmiyyətin icra orqanı tərəfindən çağırılır. Cəmiyyətin direktorlar şurası (müşahidə şurası) olmadıqda səhmdarların növbədənkənar ümumi yığıncağı icra orqanının təşəbbüsü ilə çağırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Muradov və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 noyabr 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 iyun 2017-ci il tarixli qərarında qeyd etmişdir ki, mənfəətin bölüşdürülməsi yalnız ümumi yığıncağın qərarı ilə həyata keçirilir. Ümumi yığıncaq mənfəətin həm tam, həm də qismən bölüşdürülməsini müəyyən edə bilər. Bu isə Məcəllənin yuxarıda göstərilən normasına görə mənfəətin bölüşdürülməsi üçün bilavasitə məhkəməyə müraciət olunmasını mümkünsüz edir. Qeyd edilən şərhdən görünür ki, mənfəətin tam və ya qismən bölüşdürülməsi ilə bağlı məsələlərdə şəxslərin bilavasitə, yəni birbaşa olaraq məhkəməyə müraciət etməsi yolverilməz sayılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107.1-ci maddəsinə əsasən səhmdar cəmiyyətin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır. Məhkəmə hesab edir ki, mənfəətin bölüşdürülməsi məsələsinə hazırkı mübahisənin məhkəməyə qədər həll edən orqan olan səhmdarlarının ümumi yığıncağı mövcuddur. Yuxarıda qeyd olunan hüquq normalarının tələbindən göründüyü kimi səhmdar cəmiyyətin səlahiyyətli orqanının qərarı olmadan mənfəətin bölüşdürülməsi həyata keçirilə bilməz. Hər bir il üzrə mənfəətin bölüşdürülməsi barədə səhmdarlarının ümumi yığıncağına müraciət olunması, həmin müraciətlərə baxılması barədə ümumi yığıncağın qərarları və yaxud baxılmamasını təsdiq edən faktlar mövcud deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 31 mart 2011-ci il tarixli qərarının 4.1-ci bəndində qeyd edilmişdir ki, qeyd etmək lazımdır ki, bəzi kateqoriya işlər üçün mübahisənin qabaqcadan məhkəmədənkənar həll edilməsi qaydası müəyyən edilə bilər. Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddəsinə görə həmin əsasla ərizənin baxılmamış saxlanılmasına yalnız o hallarda yol verilir ki, bu ya qanunvericilikdə, yaxud da tərəflər arasında bağlanılmış müqavilə ilə həll edilmiş olur. Məsələn: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 2-ci hissəsinə görə kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər, Azərbaycan Respublikası MPM-nin 4.3-cü maddəsinə görə əgər qanunla müəyyən kateqoriya iqtisadi kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra iqtisad məhkəməsinin həllinə verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsinin tələblərinə əsasən isə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəlləni 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa dövlət rüsumu geri qaytarılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci, 260, 266-268-ci maddələrinin tələblərinə əsasən məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı dividendin ödənilməsi tələbi barədə iddia tələbi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən ödənilmiş 40(qırx) manat dövlət rüsumu geri qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-608/2023
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-608/2023
30.05.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver