Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-610/2024 25.06.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, İddiaçı 14 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı torpaq icarəsi üzrə borcun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 14 saylı Ərazi Vergilər İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1321,90 manat məbləğində icarə haqqı üzrə borcun alınıb dövlət büdcəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnamə”sinin 3.0.9-cu yarım bəndinə əsasən dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna edilməklə, dövlət mülkiyyətində olan digər torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarəti həyata keçirmək Xidmətin vəzifələrinə aid edilmişdir. Həmin Əsasnamənin 4.0.27-ci yarımbəndinə əsasən nəzarəti Xidmətə həvalə edilmiş dövlət mülkiyyətində olan torpaqlardan istifadəyə görə ödənilməmiş icarə haqlarının tutulması barədə məhkəmədə iddia qaldırmaq Xidmətin hüquqlarına aid edilmişdir. Ağstafa rayonu İcra Hakimiyyətinin başçısı ilə Cavabdeh arasında bağlanmış “Torpaq icarəsi müqaviləsi”nə əsasən hər ilinə icarə haqqı 169 manat təşkil etməklə beş il müddətinə 169 hektar torpaq sahəsi cavabdehə icarəyə verilmişdir. İcarəyə götürülən torpaq sahəsinə görə cavabdehin ümumilikdə xx.xx.2024-cü il tarixə torpaq icarə haqqı üzrə 1321,90 manat borcu ödənilməmiş qalmışdır. Qeyd olunan icarə haqqı üzrə borcun 7 gün müddətində dövlət büdcəsinə ödənilməsinin təmin olunması üçün cavabdehə xəbərdarlıq göndərilmiş, lakin cavabdeh icarə haqqı üzrə borc ödəməmişdir. Cavabdeh iddia tələbinə etiraz verərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində qeyd olunan tələbin əsası kimi istinad etdiyi hallara dair hər hansı mötəbər dəlil göstərməmişdir. Belə ki, iddiaçı iddia ərizəsində cavabdehdən tələb olunan borcun yaranma əsası və konkret olaraq məhz hansı aylar üzrə ödənişlərin həyata keçirilməməsi üzrə yaranmasına dair hər hansı əsaslandırma aparmamış, iş materiallarına bu barədə mötəbər sübut əlavə etməmişdir. Borcun yaranma əsasına dair torpaq icarə müqaviləsi mövcud deyildir. Onun iddiaçı ilə yox, Ağstafa rayon İcra Hakimiyyəti ilə aralarında 2012-2017-ci illər üzrə 5 il müddətinə bağlanmış torpaq icarə müqaviləsi vardır. Həmin müqavilə üzrə hər il (illik 169 manat) ödəniş həyata keçirmişdir. Qeyd olunan torpaq icarə münasibətləri 2017-ci ildə bitmişdir və torpaq onun sahibliyində deyildir. Həmçinin iddiaçı məhz 2020-ci ildən etibarən, yəni onunla torpaq icarə münasibətlərinə xitam verildiyi tarixdən sonra torpaq icarə ödənişlərinin yığılması ilə müvəkkil edilmişdir. Cavabdeh məhkəməyə iddia müddətinin tətbiqi ilə bağlı ərizə verərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, iddiaçı tərəfindən ondan tələb olunan müqavilə üzrə hər hansı borcu yoxdur. Bundan əlavə qeyd olunan torpaq icarə müqaviləsi üzrə tərəflər arasındakı müqavilə-hüquq münasibəti 2017-ci ildə bitmiş və bundan sonra tərəflər arasında hər hansı müqavilə bağlanmamışdır. Həmin dövrdən indiyədək isə qeyd olunan müqavilə üzrə ondan borc tələb olunmamış və pul tələbi ilə bağlı məhkəməyə müraciət olunmamışdır. Tərəflər arasında yaranan icarə hüquq münasibətlərinin son bitmə tarixi 2017-ci ildir. Bunu nəzərə alaraq hazırkı halda tərəflər arasında müqavilə üzrə yaranan müqavilə-hüquq münasibətlərindən irəli gələrək iddiaçının cavabdehdən tələb etdiyi borc pulun məhkəmə qaydasında tutulması üçün qanunvericilik 3 illik iddia müddəti müəyyən etmişdir. Ona görə də qanunvericiliyin bununla bağlı imperativ tələbindən çıxış edərək hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət üçün qanunvericiliklə müəyyən olunan həmin 3 illik iddia müddətini ötürmüşdür. İddiaçı qanunla müəyyən edilmiş iddai müddətini ötürdüyündən belə bir iddia tələbi isə məhkəmədə çıxış etməsi qanunla yolverilməzdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən Cavabdeh nümayəndəsi Vəkil iddia tələbinə etiraz edərək izahatında göstərdi ki, cavabdehlə 169 hektar torpaq sahəsinin 5 illik icarəyə verilməsi ilə bağlı müqavilə bağlanmışdır. 2017-ci ildə həmin müqavilənin müddəti bitmişdir. Bu barədə arayışı məhkəməyə təqdim etmişlər. İcarə müqaviləsinin müddəti bitdikdən sonra Ağstafa rayon İcra Hakimiyyəti ilə Cavabdeh arasında hər hansı icarə müqaviləsi bağlanmamışdır. Torpaq sahəsi faktiki olaraq icra hakimiyyətinə qaytarılmışdır. Torpaq Cavabdeh istifadəsində qalmamışdır. İcarə müqaviləsi bitdikdən sonra torpaq təhvil verilmişdir. Onlar torpağı təhvil vermişlər, əgər təhvil verməmişlərsə vergi orqanı buna görə sübut təqdim etməlidir. İcra hakimiyyəti də şifahi qaydada bunu onlara bildirmişdir. Torpaq onlara rəsmi təhvil-təslim qaydasında verilməmişdir, ona görə onlar da qaytaranda da hər hansı rəsmi təhvil-təhslim sənədi tərtib edilməmişdir. Müqavilə müddəti bitdikdən sonra onlara qarşı bugünki günədək hər hansı tələb olmamışdır. Onların əvvəlki ödənişləri itdiyi üçün icra hakimiyyətinin tələbi ilə gedib yenidən icarə haqqı ilə əlaqədar ödəniş etmişlər. Çünki əvvəlki ödənişlər əlbəəl edildiyi üçün məcbur qalıb yenidən ödəniş edilmişdir. Onların iddiaçı qarşısında heç bir öhdəliyi yoxdur. 2017-ci ildən sonra həmin torpaq sahəsi tərəflərindən istifadə edilməmişdir, qarşı tərəfdən bununla əlaqədar hər hansı sənəd təqdim etməmişdir. Tərəflər arasında müqavilədən yaranan hüquq münasibətləri 2017-ci ildən bitmişdir, ona görə də iddia müddəti ötürülmüşdür. Sonuncu ödənişin tarixindən də hesablansa iddia müddəti ötürülmüşdür. Bu halların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə iddiaçıya və cavabdehə məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasını onların iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdeh isə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Ağstafa rayon İcra Hakimiyyəti başçısının 18 aprel 2012-ci il tarixli 62 saylı sərəncamından görünür ki, Ağstafa rayon ərazisindəki Ceyrançöl qış otlağının 70 saylı sahədən 39 ha, 71 saylı sahədən 106 ha, 73 saylı sahədən 24 ha örüz (cəmi 169 ha) otlaq sahəsi 5 il müddətinə Cavabdeh İsrafil oğluna icarəyə verilməsi qərara alınmışdır. İş materiallarında olan Ağstafa rayon İcra Hakimiyyəti ilə Cavabdeh İsrafil oğlu arasında bağlanmış 18 aprel 2012-ci il tarixli 19/12 nömrəli torpaq icarə müqaviləsinin surətindən görünür ki, 169 hektar örüş sahəsi kənd təsərrüfatı üçün 5 il müddətinə Cavabdeh İsrafil oğluna icarəyə verilmiş, icarə haqqı olaraq hər il 169 manat müəyyən edilmişdir. İş materiallarında olan Ağstafa rayon İcra Hakimiyyətinin başçısının 13 fevral 2023-cü il tarixli 29 saylı sərəncamı ilə Ağstafa rayon İcra Hakimiyyəti başçısının 18 aprel 2012-ci il tarixli 62 saylı sərəncamı ilə Qazax rayonu Birinci Şıxlı kənd sakini Cavabdeh İsrafil oğluna icarəyə verilmiş Ağstafa rayon ərazisindəki Ceyrançöl qış otlaqlarından 169 hektar örüş torpaq sahəsi üzərində icarə hüququna xitam verilməsi, sərəncamın imzalandığı tarixədək torpaq icarə haqqının ödənilməsinin təmin edilməsinin 14 saylı Ərazi Vergilər İdarəsindən xahiş edilməsi, icarəyə verilmiş 169 hektar örüş torpaq sahəsinin geri alınması məqsədilə ölçü işlərinin aparılmasının Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsindən xahiş edilməsi qərara alınmışdır. İş materiallarında olan şəxsi hesab vərəqəsindən çıxarışdan görünür ki, Cavabdeh dövlət torpaq sahələrinin icarəsi üzrə xx.xx.2013-cü il tarixə 169 manat, xx.xx.2014-cü il tarixə 169 manat, xx.xx.2015-ci il tarixə 169 manat, xx.xx.2016-cı il tarixə 169 manat, xx.xx.2017-ci il tarixə 169 manat, xx.xx.2018-ci il tarixə 169 manat, xx.xx.2019-cu il tarixə 169 manat, xx.xx.2020-ci il tarixə 169 manat, xx.xx.2021-ci il tarixə 169 manat, xx.xx.2022-ci il tarixə 169 manat, xx.xx.2023-cü il tarixə 138,90 manat məbləğində icarə haqqı hesablanmışdır. Cavabdeh xx.xx.2017-ci il tarixdə 169 manat, xx.xx.2018-ci il tarixdə 169 manat, xx.xx.2019-cu il tarixdə 169 manat ödəniş etmişdir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, Cavabdeh tərəfindən xx.xx.2017ci il tarixə 169 manat, xx.xx.2018-ci il tarixdə 169 manat, xx.xx.2019-cu il tarixdə 169 manat icarə haqqı ödənilmişdir. İş materiallarında olan Ağstafa rayon İcra Hakimiyyətinin 11 iyul 2023-cü il tarixli məktubundan görünür ki, Ağstafa rayonunun inzibati ərazisində yerləşən Ceyrançöl qış otlaqlarından Ağstafa rayon İcra Hakimiyyəti başçısının 18 aprel 2012-ci il tarixli 62 saylı sərəncamı və 18 aprel 2012-ci il tarixli 19/12 nömrəli müqavilə əsasında 169 hektar örüş torpaq sahəsi 5 il müddətinə Cavabdeh icarəyə verilmişdir. xx.xx.2017-ci il tarixdə icarə müqaviləsinin müddəti bitmiş və torpaq sahəsinin yenidən icarəyə verilməsinə dair Cavabdeh ilə Ağstafa rayon İcra Hakimiyyəti arasında heç bir müqavilə bağlanmamışdır. Ağstafa rayonunun inzibati ərazisində yerləşən Ceyrançöl qış otlaqlarından Cavabdeh icarəyə verilmiş 169 hektar torpaq sahəsi üzərində icarə hüququna Ağstafa rayon İcra Hakimiyyəti başçısının 13 fevral 2023-cü il tarixli 29 nömrəli sərəncamı ilə xitam verilmişdir. İş materiallarında olan Ağstafa rayon İcra Hakimiyyətinin məhkəmənin sorğusuna əsasən təqdim etdiyi 20 may 2024-cü il tarixli məktubundan görünür ki, Ağstafa rayonunun inzibati ərazisində yerləşən Ceyrançöl qış otlaqlarından 169 hektar örüş torpaq sahəsi Ağstafa rayon İcra Hakimiyyəti başçısının 18 aprel 2012-ci il tarixli 62 saylı sərəncamı və 18 aprel 2012-ci il tarixli 19/12 nömrəli müqavilə əsasında 5 il müddətinə Cavabdeh icarəyə verilmişdir. İcarə müqaviləsinin müddəti xx.xx.2017-ci il tarixdə bitmiş və torpaq sahəsinin yenidən icarəyə verilməsinə dair Cavabdeh ilə Ağstafa rayon İcra Hakimiyyəti arasında yeni icarə müqavilə bağlanmamışdır. Ağstafa rayon İcra Hakimiyyəti başçısının 13 fevral 2023-cü il tarixli 29 nömrəli sərəncamı ilə Cavabdeh 169 hektar torpaq sahəsi üzərində icarə hüququna xitam verilmiş və həmin ildən sözügedən torpaq sahəsi Ağstafa rayonu Sadıqlı kənd sakini X1 icarəsinə verilməsi ilə bağlı onun adına sənədləşmə işləri aparılır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli **********668100 xəbərdarlıq məktubunun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, Ağstafa rayon İcra Hakimiyyəti başçısının 18 aprel 2012-ci il tarixli 62 saylı sərəncamı ilə Ağstafa rayon ərazisindəki Ceyrançöl qış otlağının 169 ha otlaq sahəsi 5 il müddətinə Cavabdeh icarəyə verilməsi qərara alınmışdır. Ağstafa rayon İcra Hakimiyyəti ilə Cavabdeh İsrafil oğlu arasında 18 aprel 2012-ci il tarixdə icarə müqaviləsi bağlanmış, icarə müqaviləsinə əsasən 169 hektar örüş sahəsi kənd təsərrüfatı üçün 5 il müddətinə Cavabdeh icarəyə verilmiş, icarə haqqı olaraq hər il 169 manat müəyyən edilmişdir. Ağstafa rayon İcra Hakimiyyətinin başçısının 13 fevral 2023-cü il tarixli 29 saylı sərəncamı ilə Cavabdeh icarəyə verilmiş torpaq sahəsi üzərində icarə hüququna xitam verilmişdir. Cavabdeh dövlət torpaq sahələrinin icarəsi üzrə xx.xx.2013-cü il tarixdən xx.xx.2022-ci il tarixə hər il üçün 169 manat, xx.xx.2023-cü il tarixə 138,90 manat məbləğində icarə haqqı hesablanmışdır. Cavabdeh xx.xx.2017-ci il tarixdə 169 manat, xx.xx.2018-ci il tarixdə 169 manat, xx.xx.2019-cu il tarixdə 169 manat ödəniş etmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı həm icarə müqaviləsi müddətinə (xx.xx.2012xx.xx.2017-ci illər) hesablanmış və ödənilməyən icarə haqqının, həm də icarə müqaviləsinin müddəti bitdikdən sonrakı müddətə (xx.xx.2018-xx.xx.2023-cü illər) hesablanmış və ödənilməyən icarə haqqının tutularaq dövlət büdcəsinə ödənilməsini xahiş etmişdir. Məhkəmə icarə müqaviləsinin müddəti bitdikdən sonra (xx.xx.2018-xx.xx.2023-cü illər) hesablanmış icarə haqqı ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 719.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir. Tərəflər arasında icarə müqaviləsi 18 aprel 2012-ci il tarixdə 5 il müddətinə bağlanmışdır. 18 aprel 2017-ci il tarixdə müqavilənin müddəti bitmiş və həmin tarixdən torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə xitam verilmişdir. Tərəflər arasında həmin tarixdən sonra yeni icarə müqaviləsi bağlanmamış, əvvəlki icarə müqaviləsinin müddəti uzadılmamış, habelə icarə müqaviləsində müddətin uzadılması ilə bağlı hər hansı şərt olmamışdır. Müqavilənin müddəti bitdikdən sonra, yəni 18 aprel 2017-ci ildən sonra icarəyə götürülmüş torpaq sahəsinin Cavabdeh istifadəsində, sahibliyində qalması ilə bağlı iddiaçı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq bildirir ki, vergi orqanı tərəflər arasında müqavilə olmamasını və ya əvvəllər bağlanmış icarə müqaviləsinin müddətinin uzadılmamasını nəzərə almadan yalnız sərəncam əsasında borc hesablamış və məhkəmədən icarə müqaviləsi üzrə borcun tutulmasını xahiş etmişdir. Ona görə də Cavabdeh icarə müqaviləsi bitdikdən sonra, icarə haqqı olaraq xx.xx.2018-xx.xx.2023-cü illər ərzində hesablanmış 983,90 manat pulun tutularaq dövlət büdcəsinə ödənilməsi ilə bağlı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Müqavilə müddətinə hesablanmış borcla bağlı məhkəmə qeyd edir ki, 18 aprel 2013-cü il tarixdən 18 aprel 2017-ci il tarixədək 5 il müddətinə hər il üçün 169 manat icarə haqqı olmaqla 845 manat icarə haqqı hesablanmış, icarəçi tərəfindən xx.xx.2017-ci il, xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixdə 169 manat, cəmi 507 manat icarə haqqı ödənilmişdir. İcarəçi tərəfindən 3 ilin icarə haqqı ödənilmiş, 2 ilin icarə haqqı ödənilməmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflər arasında 18 aprel 2012-ci il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən 2 il üçün, hər il 169 manatdan olmaqla cəmi 338 manat icarə haqqı üzrə pul Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bununla bağlı məhkəmə həmçinin bildirir ki, cavabdeh iddia müddətinin tətbiqi ilə bağlı məhkəməyə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Göründüyü kimi daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı ildir. Cavabdeh tərəfindən müqavilə üzrə icarə haqları xx.xx.2013, xx.xx.2014, xx.xx.2015, xx.xx.2016 və xx.xx.2017-ci illər üzrə hesablanmışdır. İcarəçi isə 3 ilin icarə haqqı olan məbləğləri xx.xx.2017, xx.xx.2018 və xx.xx.2019-cu il tarixlərdə ödəmişdir. Sonuncu ödəniş tarixindən 6 il müddət keçmədən iddiaçı iddia ərizəsi ilə məhkəməyə borcun tutulması ilə bağlı müraciət etmişdir ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş iddia müddətini gözləmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə qeyd edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 30 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. Ağstafa rayon İcra Hakimiyyəti ilə Cavabdeh arasında bağlanmış 18 aprel 2012-ci il tarixli torpaq icarə müqaviləsi üzrə yaranmış 338 (üç yüz otuz səkkiz) manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-610/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-610/2024
25.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver