Məhkəmə qərarları › İş №e-2-2(115)-611/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-611/2025

14.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-611/2025 14.05.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı icarə müqaviləsi üzrə pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə mürаciət edərək, Cavabdeh 300 manat borcun və 30 manat dövlət rüsumunun, ümumilikdə 330 manat borcun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi оnunlа əsаslаndırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli icarə müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən icarəyə verən yəni, İddiaçı MMC özünün xüsusi mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti ilə Ş.İ.Xətai prospektinin kəsişdiyi ərazidə yerləşən 3417,7 kv.m ümumi sahədən 300 kv.m. olan qeyri-yaşayış sahəsini icarəyə verməyi, icarəçi, yəni Cavabdeh Baladil oğlu isə bu müqavilədə göstərilən şərtlərlə həmin qeyri-yaşayış sahəsini icarəyə götürməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1- ci maddəsinə əsasən icarəyə verilən ümumi 300 kv.m. olan qeyri-yaşayış sahəsi üçün aylıq icarə haqqı 300 manat (ƏDV daxil olmaqla) müəyyən edilmişdir. İstifadə olunan kommunal xidmətlərin dəyəri icarəçi tərəfindən ödənilməlidir. Buna baxmayaraq cavabdeh aylıq icarə haqlarını ödəməmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli, 594514 nömrəli, EBDK seriyalı elektron qaimə ilə 100 manat, xx.xx.2023-cü il tarixli, 703842 nömrəli, EBDM seriyalı elektron qaimə ilə 100 manat, xx.xx.2023-cü il tarixli, 917010 nömrəli, EBDO seriyalı elektron qaimə ilə 100 manat ümumilikdə 300 manat məbləğində borcu yaranmışdır. Cavabdehə pretenziya məktubu göndərilmiş, qalan borcun 7 gün ərzində iddiaçıya ödənilməsi xahiş edilmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən qalan borcun ödənilməsi ilə bağlı heç bir addım atılmamışdır. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya MA ******* nömrəli çıxarışdan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti ilə Ş.İ.Xətai prospektinin kəsişdiyi ərazidə yerləşən ümumi sahəsi 3417,7 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı MMC-nin mülkiyyətindədir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsindən görünür ki, icarəyəverən xüsusi mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti ilə Ş.İ.Xətai prospektinin kəsişdiyi ərazidə yerləşən 3417,7 kv.m ümumi sahədən 300 kv.m olan qeyri-yaşayış sahəsini 1 il müddətinə icarəyə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci maddəsinə əsasən 300 kv.m olan qeyriyaşayış sahəsi üçün aylıq icarə haqqı 300 manat (ƏDV daxil olmaqla) müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 1 saylı əlavə razılaşmadan görünür ki, əsas müqavilənin 1.1-ci bəndində ümumi sahədən 300 kv.m olan qeyri-yaşayış sahəsini icarəyə verir sözlərinin ümumi sahədən 20 kv.m olan qeyri-yaşayış sahəsini icarəyə verir sözləri ilə əvəz edilməsi nəzərdə tutulmuş, 2.1-ci bəndi yeni redaksiyada verilməklə 20 kv.m olan qeyriyaşayış sahəsi üçün aylıq icarə haqqı 100 manat (ƏDV daxil olmaqla) müəyyən edilmişdir. İş materiallarında olan elektron qaimələrdən görünür ki, 594514 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən ƏDV daxil 100 manat, 703842 nömrəli xx.xx.2023-cü il tarixli qaiməyə əsasən ƏDV daxil 100 manat, 917010 nömrəli xx.xx.2023-cü il tarixli qaiməyə əsasən ƏDV daxil 100 manat dəyərində elektron qaimələr İddiaçı MMC tərəfindən Cavabdeh göndərilmiş, qaimələr təsdiq edilmişdir. İş materiallarında olan pretenziya məktubundan görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Məhkəmə qeyd edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə icarə müqaviləsi bağlanmış, icarə müqaviləsinə əsasən icarəyəverən xüsusi mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti ilə Ş.İ.Xətai prospektinin kəsişdiyi ərazidə yerləşən 3417,7 kv.m ümumi sahədən 20 kv.m olan qeyri-yaşayış sahəsini icarəyə vermişdir. İcarəyəverən icarə müqaviləsi ilə üzərinə düşən öhdəlikləri icra etmiş, qeyriyaşayış sahəsini icarəçiyə təhvil vermiş, lakin icarəçi müqavilə ilə üzərinə düşən öhdəlikləri tam olaraq icra etməmiş, onun iddiaçıya 300 manat borcu qalmışdır. Ona görə də 300 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsinin məhkəməyə verilmsəi üçün 30 manat dövlət rüsumu ödəmişdir. Ona görə də 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli İƏ/002/2020 saylı icarə müqaviləsi üzrə 300 (üç yüz) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar