Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-619/2025 29.07.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedcisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 4804.58 manat əsas, 12.25 manat faiz, 7.59 manat cərimə borcunun tutulması, həmçinin cavabdehlərdən iş üzrə ödənilmiş 68.25 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 51 manat rüsumun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, mülkiyyət hüququ üzrə Cavabdeh1 və Cavabdeh2 məxsus olan Bərdə rayonu, Mollaməhmədli kəndində yerləşən fərdi yaşayış evinə 0.28 ha torpaq sahəsi ilə birgə yönəldilməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borclarına yönəldilərək ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, LPO İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli LM022000682 saylı Restrukturizasiya Müqaviləsinə əsasən cavabdehin Banka olan 4872.37 manat borcu 60 (altmış) ay müddətinə, illik 1 (bir) faiz dərəcəsi ilə restrukturizasiya edilmişdir. Tərəflərin razılığına əsasən xx.xx.2020-ci il tarixli LM022000682 saylı restrukturizasiya müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2014-cü il tarixli RX seriyalı ******* nömrəli Çıxarışına əsasən mülkiyyət hüququ üzrə Cavabdeh1 və Cavabdeh2 məxsus Bərdə rayonu, Mollaəhmədli kəndində yerləşən fərdi yaşayış evi 0.28 ha torpaq sahəsi ilə birgə ipotekaya qoyulmuşdur. Yaşayış sahəsinin ipoteka qoyulması barədə Bank ilə Cavabdeh1 və Cavabdeh2 arasında “21 fevral 2020-ci il tarixli LM022000682 Restrukturizasiya müqaviləsinə əsasən 24 aprel 2014-cü il tarixli, 019 İ saylı ipoteka müqaviləsinin müddətinin uzadılması barədə” 05 may 2021-ci il tarixli müqaviləsi bağlanmışdır. Bu müqavilə notariat qaydada təsdiq edildikdən sonra yaşayış sahəsinin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir. Restrukturizasiya müqaviləsinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərərək məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, cavabdehlər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: restrukturizasiya müqaviləsi, maliyyə arayışı, ipoteka müqaviləsinin müddətinin uzadılması barədə müqavilə və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiya) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiya) borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, LPO İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli LM022000682 saylı Restrukturizasiya Müqaviləsinə əsasən cavabdehin Banka olan 4872.37 manat borcu 60 (altmış) ay müddətinə, illik 1 (bir) faiz dərəcəsi ilə restrukturizasiya edilmişdir. Cavabdeh restrukturaziyası müqaviləsinə əsasən öhdəliklərini lazımınca yerinə yetirməmiş, ödəniş cədvəlinə əsasən aylıq ödənilməli kredit məbləğini vaxtı-vaxtında və tam həcmdə ödəməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, 4804.58 manat əsas, 12.25 manat faiz borcu Cavabdeh3 tutularaq iddiaçı banka ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə iddia tələbinin 7,59 manat məbləğində cərimənin tutulması hissəsinə münasibətdə tərəflərin mənafelərini nəzərə alıb cərimə məbləğinin tam təmin edilməsini ədalətli və qanuni hesab edir. Odur ki, həmin məbləğ cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, məhkəmə iddia tələbinin tutmanın Cavabdeh1 və Cavabdeh2 məxsus olan Bərdə rayonu, Mollaməhmədli kəndində yerləşən fərdi yaşayış evinə 0.28 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1 və 34.1.3-cü maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Tərəflərin razılığına əsasən xx.xx.2020-ci il tarixli LM022000682 saylı restrukturizasiya müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2014-cü il tarixli RX seriyalı ******* nömrəli Çıxarışına əsasən mülkiyyət hüququ üzrə Cavabdeh1 və Cavabdeh2 məxsus Bərdə rayonu, Mollaəhmədli kəndində yerləşən fərdi yaşayış evi 0.28 ha torpaq sahəsi ilə birgə ipotekaya qoyulmuşdur. Yaşayış sahəsinin ipoteka qoyulması barədə Bank ilə Cavabdeh1 və Cavabdeh2 arasında “21 fevral 2020-ci il tarixli LM022000682 Restrukturizasiya müqaviləsinə əsasən 24 aprel 2014-cü il tarixli, 019İ saylı ipoteka müqaviləsinin müddətinin uzadılması barədə” 05 may 2021-ci il tarixli müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh1 və Cavabdeh2 məxsus olan Bərdə rayonu, Mollaməhmədli kəndində yerləşən fərdi yaşayış evinə 0.28 ha torpaq sahəsi ilə birlikdə ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. 12 mart 2024-cü il tarixli bildirişlərdən görünür ki, ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedcisi Əmanətlərin Sığortalanması Fondu ipotekaqoyan Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan yaşayış evinə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, əsas borclu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçıya borcu yaranmış və bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Bundan başqa ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, işin məhkəmə araşdırması zamanı "xxxx" MMC tərəfindən təqdim edilmiş rəyə əsasən ipoteka predmeti Cavabdeh1 və Cavabdeh2 məxsus olan Bərdə rayonu, Mollaməhmədli kəndində yerləşən fərdi yaşayış evinə 0.28 ha torpaq sahəsi ilə birlikdə birlikdə bazar dəyəri 30000 manat, likvid dəyəri 24000 manat təşkil etmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, tələb üzrə tutma mülkiyyət hüququ üzrə Cavabdeh1 və Cavabdeh2 məxsus olan Bərdə rayonu, Mollaməhmədli kəndində yerləşən 0.28 ha torpaq sahəsi ilə birgə fərdi yaşayış evinə yönəldilməli, fərdi yaşayış evinin ilkin satış (likvid) qiyməti 24000 manat həddində müəyyən edilməli, həmin fərdi yaşayış evi açıq hərraclar vasitəsilə satılmalı, fərdi yaşayış evi satıldıqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedcisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməli, bankın tələbləri ödənildikdən sonra qalan məbləğ cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qaytarılmalı, fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği Cavabdeh3 tutularaq iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedcisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən, məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Eyni zamanda Cavabdeh3 məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 68.25 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 51 manat rüsum tutularaq iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedcisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. Bu səbəbdən də məhkəmə hesab edir ki, ipoteka predmetinin qiymətləndirilməsi üçün təyin edilmiş məhkəmə ekspertizası üzrə 300 manat ekspertiza xərci Cavabdeh3 tutularaq müvafiq qaydada ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh3 4804.58 manat əsas, 12.25 manat faiz, 7.59 manat cərimə borcu olmaqla ümumilikdə, cəmi 4824,42 manat məbləğində bоrc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 68.25 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 51 manat rüsum tutularaq iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedcisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. Tələb üzrə tutma mülkiyyət hüququ üzrə Cavabdeh1 və Cavabdeh2 məxsus olan Bərdə rayonu, Mollaməhmədli kəndində yerləşən 0.28 ha torpaq sahəsi ilə birgə fərdi yaşayış evinə yönəldilsin. Fərdi yaşayış evinin ilkin satış (likvid) qiyməti 24000 manat həddində müəyyən edilsin. Həmin fərdi yaşayış evi açıq hərraclar vasitəsilə satılsın. Fərdi yaşayış evi satıldıqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedcisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qaytarılsın. Fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği Cavabdeh3 tutularaq iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedcisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. Cavabdeh3 300 manat məbləğində ekspertiza xərci tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə
Məhkəmə qərarları › İş №e-2-2(115)-619/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-619/2025
29.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver