Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-621/2025 03.11.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə, Cavabdeh3 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, müqavilədən imtina, iradə ifadəsinin üsulları, dəbbə pulu, ipoteka) Hakim Məmmədli Əbülfəz Namiq oğlunun sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra mətndə İddiaçı ASC) Cavabdeh1nə (bundan sonra mətndə Cavabdeh1 MMC), Cavabdeh3 və Cavabdeh2 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İ. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC Cavabdeh1 MMC-yə, Cavabdeh3 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə mürаciət edərək, Cavabdeh1 MMC, Cavabdeh2 və Cavabdeh3 İddiaçı ASCnin xeyrinə xx.xx.2023-cü il tarixli, KM-112-HŞ-5286311 №-li kredit müqaviləsinə əsasən Banka xx.xx.2025-ci il tarixə banka əsas borcu 33.317,18 manat, xx.xx.2025-cü il tarixə faiz borcu üzrə 3087,83 manat, xx.xx.2025-ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 578,34 manat, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra borclunun icranın gecikdirməsi nəticəsində Banka vurulmuş zərər (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla) borcu 0 manat, cəmi 36.983,35 kredit borcunun və 201 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, ipoteka qoyan Cavabdeh2 məxsus xx.xx.2023-cü il tarixli, № 112-HŞ-5286311-İP saylı ipoteka müqaviləsinə əsasən Bankın ipoteka hüquqları ilə yüklü edilmiş Samux rayonu, İnstitut qəsəbəsi-ünvanında yerləşən 0.08 ha ölçüdə olan torpaq sahəsi (üzərində olan bütün tikili və qurğular ilə birlikdə) sahəsinə tutmanın yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə olan 36.983,35 manat kredit borcunun və 201 manat məbləğində ödənilmiş dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, KM-112-HŞ-5286311 №-li kredit müqaviləsinə əsasən illik 16 faiz olmaqla, 50.000 (əlli min) AZN məbləğində 24 ay müddətinə kredit ayrılmışdır. Kredit müqaviləsinin 2.9-cu bəndinə əsəsan bu müqavilənin 2.3-cü bəndində göstərilən cədvəl üzrə ödənişləri vaxtında aparmadıqda hər gecikdirilən gün üçün əsas borcun ödənilməmiş hissəsinə görə bu kredit müqaviləsinin 2.1-ci bəndində göstərilən faiz dərəcəsi məbləğində dəbbə pulu hesablanır. Həmin kredit müqaviləsinin 3.1.6-ci bəndinə əsasən borcalan davam edən 60 (altmış) gün ərzində ona verilmiş kredit hissəsini və onun faizini tərəflər arasında yazılı tərtib edilmiş olunmuş ödəniş qrafiki üzrə ödəmədikdə, borcalan tərəfindən annuitet ödənişlər 12 (on iki) ay ərzində 3 (üç) dəfədən çox gecikdirildikdə, kreditin təminatı olaraq Cavabdeh2 məxsus Samux rayonu, İnstitut qəsəbəsi-ünvanında yerləşən 0.08 ha ölçüdə olan torpaq sahəsi (üzərində olan bütün tikili və qurğular ilə birlikdə) ünvanda yerləşən, daşınmaz əmlak xx.xx.2023-cü il tarixli, № 112- HŞ-5286311-İP saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsinin 5.5-ci bəndinə əsasən İpoteka saxlıyanın İpoteka predmetnə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır. Əsas öhdəliyin və yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi. Bu Müqavilə ilə nəzərdə tutlmuş öhtəliklərin İpoteka qoyanın yerinə yetirməməsi Bank bu müqaviləni vaxtından əvvəl birtərəfli qaydada xitam verə və verdiyi kreditin bu müddətə qədər hesablanmış faizi/dəbbə pulu ilə birlikdə vaxtından əvvəl qaytarılmasını borcalandan tələb edə bilər. Kreditin təminatı olaraq Cavabdeh3 ilə bağlanan xx.xx.2023-cü il tarixli, № ZM- 1**-FS-***6311 saylı zaminlik müqaviləsinə əsasən bütün daşınar və daşınmaz əmlakı ilə bank qarşısında cavabdehdir. Kreditin təminatı olaraq Cavabdeh2 ilə bağlanan xx.xx.2023-cü il tarixli, ZM-1**-FS-***6311/2 saylı zaminlik müqaviləsinə əsasən bütün daşınar və daşınmaz əmlakı ilə bank qarşısında cavabdehdir. Cavabdeh1 MMC öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, kreditin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozmuş nəticədə onun xx.xx.2025-ci il tarixə xx.xx.2023-cü il tarixli, KM-112-HŞ-5286311 №-likredit müqaviləsinə əsasən banka xx.xx.2025-ci il tarixə banka əsas borcu 33.317,18 manat, xx.xx.2025-cü il tarixə faiz borcu üzrə 3087,83 manat, xx.xx.2025-ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 578,34 manat, Kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra borclunun icranın gecikdirməsi nəticəsində Banka vurulmuş zərər (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla) borcu 0 manat, cəmi 36.983,35 manat məbləğində borcu yaranmışdır.
II. Tərəflərin mövqeyi
3. İddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixdə ərizə təqdim edərək, ödənilmiş eksertiza xərcini məhkəmə xərci kimi qəbul etməklə iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə ərizə təqdim edərək, baxış iclasının onların iştirakı olmadan keçirilərək, iddianın təmin edilməsini xahiş etmişdir.
5. Cavabdehlər Cavabdeh1 MMC-nə, Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər.
6. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
II. Sübutların tədqiqi
7. İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli KM- 112-HŞ-5286311 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 MMC-nə 24 ay müddətinə, illik faiz dərəcəsi 16%, dəbbə pulu (cərimə) üzrə illik faiz dərəcəsi 32% olmaqla, 1 saylı əlavədə göstərilmiş cədvəl üzrə qaytarmaq şərti ilə 50000 manat məbləğində krеdit verilməsi nəzərdə tutulmuşdur.
8. 27 yanvar 2025-ci il tarixli kredit borcu haqqında arayışından görünür ki, Cavabdeh1 MMC-nin xx.xx.2023-cü il tarixli KM-112-HŞ-5286311 saylı krеdit müqaviləsinə əlavə üzrə xx.xx.2025-ci il tarixə banka 33317,18 manat əsas borcu, 3087,83 manat məbləğində faiz bоrcu və 578,34 manat cərimə borcu olmaqla, cəmi 36983,35 manat məbləğində borcu var.
9. 16.06.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Samux rayonu, İnstitut qəsəbəsində yerləşəm 0,08 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsaında Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
10. İddiaçı ASC ilə Cavabdeh2 və Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, № 112-HŞ-5286311-İP saylı ipoteka müqaviləsindən görünür ki, bu müqaviləyə Əsasen İpoteka qoyan Cavabdeh2 xüsusi mülkiyyət huququ ile özüna məxsus bu müqavilənin 2.1-ci bəndində göstərilən daşınmaz əmlakı (irəlidə İpoteka predmetl adlandırılacaq) onun ipoteka saxlayan qarşısında pul öhdəliyinin icrasının təmin edilməsi üçun ipoteka ilə yüklü edir (1.1). İpoteka predmetinin adı, olduğu yer və təsviri: Samux rayonu, İnstitut qəsəbəsi ünvanında yerləşən 0.08 ha ölçüdə olan torpaq sahəsi (üzərində olan bütün tikili və qurğular ilə birlikdə) (2.1). İpoteka predmelınin rəsmi qeydiyyata alındığı dövlət reyestri, qeydiyyatı aparan orqan və mülkiyyət huququnu təsdiq edən sənəd: Daşınmaz əmlakın qeydiyyat nömrəsi **********, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestr nömrəsi **********21 16 06 2022-ci il tarixli olan çıxarış (2.2).
11. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli ZM-1**- FS-***6311 saylı zaminlik müqaviləsindən görünür ki, borcalan bu müqavilənin 1.2-ci bəndində göstərilən Müqavilə üzrə Bank qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, Zamin Borcalanla birgə məsuliyyət daşımağı, həmin öhdəliyi tamamilə icra etməyi öhdəsinə götürür və eyni zamanda həmin Müqavilə üzrə Borcalan öhdəliklərini icra etmədiyi və ya lazımınca icra etmədiyi təqdirdə Zamin Bankın ilkin yazılı tələbi ilə kredit məbləğini (əsas borc), ona hesablanmış faiz və dəbbə pulu (cərimə) ilə birlikdə, dərhal Banka ödənilməsini (qaytarılmasını) öz üzərinə götürür(1.1). Zaminliklə təmin edilən öhdəlik Bankla Borculan arasında bağlanmış aşağıda qeyd olunan Kredit müqaviləsindən (bundan sonra “Kredit müqaviləsi") irəli gələn öhdəlikdir: № KM-112-HŞ- 5286311 saylı, xx.xx.2023-cü il tarixli, 50000 manat, illik 16 faiz, müddət 24 ay (1.2).
12. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli ZM-1**- FS-***6311/2 saylı zaminlik müqaviləsindən görünür ki, borcalan bu müqavilənin 1.2-ci bəndində göstərilən Müqavilə üzrə Bank qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, Zamin Borcalanla birgə məsuliyyət daşımağı, həmin öhdəliyi tamamilə icra etməyi öhdəsinə götürür və eyni zamanda həmin Müqavilə üzrə Borcalan öhdəliklərini icra etmədiyi və ya lazımınca icra etmədiyi təqdirdə Zamin Bankın ilkin yazılı tələbi ilə kredit məbləğini (əsas borc), ona hesablanmış faiz və dəbbə pulu (cərimə) ilə birlikdə, dərhal Banka ödənilməsini (qaytarılmasını) öz üzərinə götürür(1.1). Zaminliklə təmin edilən öhdəlik Bankla Borculan arasında bağlanmış aşağıda qeyd olunan Kredit müqaviləsindən (bundan sonra “Kredit müqaviləsi") irəli gələn öhdəlikdir: № KM-112-HŞ- 5286311 saylı, xx.xx.2023-cü il tarixli, 50000 manat, illik 16 faiz, müddət 24 ay (1.2).
13. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehlərə 3 iş günü gecikdirilmiş ödəniş məbləğinin banka qaytarılması təklif edilmiş, əks təqdirdə borcun ipoteka predmetinə yönəldilməsi, əmlakın satılması və satışdan əldə olunan vəsait hesabına banka olan borcun (33317,18 manat əsas borcu, 2397,54 manat məbləğində faiz bоrcu və 338,41 manat cərimə borcu olmaqla, cəmi 36053,13 manat ) qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi barədə lazımi qaydada xəbərdarlıq edilmişdir.
14. Mərkəzi Ekspertiza Bürosunun xx.xx.2025-ci il tarixli MEB/04-6825/25 nömrəli rəyindən görünür ki, Samux rayonu, İnstitut qəsəbəsində yerləşəm 0,08 ha torpaq sahəsinin bazar dəyəri 15500 manat, likvid dəyəri isə 13950 manat təşkil edir.
15. Mərkəzi Ekspertiza Bürosunun xx.xx.2025-ci il tarixli MEB-m295-1025 nömrəli məktubundan görünür ki, Samux rayonu, İnstitut qəsəbəsində yerləşəm 0,08 ha torpaq sahəsinin üzərində yerləşən tikililərin qiymətləndirilməsi üçün zəruri olan layihə sənədləri təqdim olunmadığından, tikilinin bu günkü bazar dəyərinin müəyyən edilməsi mümkün olmamışdır.
III. Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 739. Borc müqaviləsi (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada) 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Maddə 743. Borcun dərhal qaytarılmasını tələb etmək hüququ (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada)
743. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 447. İkitərəfli müqavilələrdə öhdəliklərin icra edilməməsi 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 447.2. Aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 269. Girov və ipoteka hüququ anlayışı 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə 279. Girovla təmin edilən tələb Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərçləri və tutma xərcləri daxildir. Maddə 295. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi əsasları Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Maddə 296. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi qaydası 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Maddə 319. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələri 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti acıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.
17. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu
1.0.1. İpoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 1.0.6. İpoteka hüququ - borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 1.0.9. İpoteka predmetinin ilkin satış qiyməti – bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. 26.1. İpoteka saxlayanın aşağıdakı hüquqları vardır: 26.1.1. ipoteka predmetinin mövcudluğunu, vəziyyətini və saxlanma şəraitini sənədlər üzrə və faktik surətdə yoxlamaq; 26.1.2. ipoteka qoyandan ipoteka predmetinin lazımi vəziyyətdə saxlanılması üçün zəruri tədbirlər görməyi tələb etmək; 26.1.3. ipoteka qoyanın öz vəzifələrini icra edə bilmədiyi aşkar olarsa, məhkəmə qaydasında ipoteka predmetinin ona verilməsini tələb etmək; 26.1.4. ipoteka predmetinin salamatlığına ziyan vuran və ya pisləşməsinə səbəb olan hərəkətlərə son qoyulmasını həmin hərəkətlərə yol verən şəxslərdən tələb etmək; 26.1.5. əsas öhdəlik üzrə tələbi başqa şəxsə güzəşt etmək və ya satmaq; 26.1.6. ipoteka hüququnu girov qoymaq.
33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
18. İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı Əlavə Protokol Maddə 1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
19. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli Qərarı
Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. Göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
20. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018ci il tarixli Qərarı
... tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır... Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur.
IV. Məhkəmənin mövqeyi a) Kredit müqaviləsi üzrə əsas borcun və faiz borcunun tutulması tələbi ilə bağlı
21. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
22. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
23. Göründüyü kimi Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.
24. İş materiallarından görünür ki, iddiaçı kredit müqaviləsi üzrə verilmiş qalıq borc məbləğinin (bütünlükdə) geri tələb edilməsini ilk dəfə pretenziya məktubunda ifadə etmiş və həmin məktub Cavabdeh1 MMC-yə 10 dekabr 2024-cü il tarixdə göndərilmişdir.
25. Məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək bildirir ki, kredit müqaviləsinin ləğvi və ya kredit müqaviləsindən imtina zamanı tərəfin iradə ifadəsinin təfsiri zamanı həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Mülki hüquqda daxili iradənin ifadə üsulları üç qrupa bölünür: düzünə iradə ifadəsi (şifahi və ya yazılı qaydada); dolayı iradə ifadəsi (konklyudent hərəkətlər) və susmaq nəticəsində iradə ifadəsi. Göründüyü kimi, iradə yalnız verbal nitqlə və ya yazılı qaydada deyil, həmçinin konklyudent hərəkətlərdə də ifadə oluna bilir. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 329.3cü maddəsində təsbit edilmişdir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Bu isə onu göstərir ki, kredit münasibətlərində borc verənin kredit müqaviləsi üzrə bütün əsas borc məbləğinin ödənilməsi tələbi barədə iddia ilə məhkəməyə müraciət etməsi müvafiq hallar olduqda (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması) özü-özlüyündə konklyudent hərəkətdə ifadə olunan, borc verənin müqavilənin ləğvinə yönəlik iradə ifadəsidir (şifahi əqd).
26. Belə olan halda, iddiaçının 10 dekabr 2024-cü il tarixdə Cavabdeh1 MMC-yə pretenziya məktubu yollayaraq kredit müqaviləsi üzrə hesablanmış bütün borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəlmişdir və xx.xx.2024-cü il tarixindən müqavilə xitam edilmiş hesab edilməlidir. İddiaçı həmin tarixədək gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər. Hazırda iddiaçı 27 yanvar 2025-ci il tarixə olan borc məbləğini tələb edir.
27. Məhkəmə iddiaçının tələbini təşkil edən annuitet ödənişlərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
28. 27 yanvar 2025-ci il tarixli kredit borcu haqqında arayışından görünür ki, Cavabdeh1 MMC-nin xx.xx.2023-cü il tarixli KM-112-HŞ-5286311 saylı krеdit müqaviləsinə əlavə üzrə xx.xx.2025-ci il tarixə banka 33317,18 manat əsas borcu, 3087,83 manat məbləğində faiz bоrcu və 578,34 manat cərimə borcu olmaqla, cəmi 36983,35 manat məbləğində borcu var.
29. İddiaçı kredit razılaşması üzrə əsas və faiz borcunun ödənilməsi ilə bağlı iradə ifadəsini 10 dekabr 2024-cü il tarixli bildirişdə ifadə etmiş və müqavilə üzrə əsas borcun 33317,18 manat, faiz borcunun isə 2397,54 manat təşkil etməsi qeyd edilmişdir. Tərəflər arasında olan müqavilə xx.xx.2024-cü il tarixdən xitam edilmiş hesab edildiyi üçün iddiaçı məhz həmin tarixədək hesablanmış əsas və faiz borclarını tələb edə bilər.
30. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli müqavilə üzrə tutulmalı olan əsas borc 33317,18 manat, faiz borcu 2397,54 manat müəyyən edilməlidir.
31. Məhkəmə zaminlərə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, onlar kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən kredit məbləğinin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməsi üçün məsuliyyət daşıyırlar.
32. xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, İddiaçı ASC tərəfindən cavabdehə borcun ipoteka predmetinə yönəldilməsi barədə lazımi qaydada xəbərdarlıq edilmiş, adı çəkilən bildiriş qeydə alınması üçün ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə göndərilmişdir.
33. Kredit müqaviləsi üzrə Cavabdeh1MMC-nin üzərinə düşən öhdəliklərin icrasının təmini məqsədilə Cavabdeh2 məxsus Samux rayonu, İnstitut qəsəbəsi ünvanında yerləşən 0.08 ha ölçüdə olan torpaq sahəsi (üzərində olan bütün tikili və qurğular ilə birlikdə iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Tutmanın ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinə və torpaq sahəsinə yönəldilməsi barədə tələb Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317 və 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğundur.
34. Məhkəmə qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin qanunun 1.0.9-cu maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti – bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.
35. Məhkəmə hesab edir ki, qanunda birbaşa imperativ tələb kimi nəzərdə tutulduğu üçün iddia tələbində bu barədə tələb olmasa belə, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Daşınmaz əmlakın qiymətləndirilməsi ekspertizası üzrə hesabatdan görünür ki, Cavabdeh2 məxsus Samux rayonu, İnstitut qəsəbəsi ünvanında yerləşən 0.08 ha ölçüdə olan torpaq sahəsinin likvid dəyəri 15.500 manat dəyərində müəyyən edilmiş, lakin torpaq sahəsinin üzərində yerləşən tikililərin qiymətləndirilməsi üçün zəruri olan layihə sənədləri təqdim olunmadığından, tikilinin bu günkü bazar dəyərinin müəyyən edilməsi mümkün olmamışdır. İpoteka predmetinin, yəni torpaq sahəsi və tikililərin hazırki bazar və likvid dəyərini müəyyən etmək mümkün olmadığından, məhkəmə tərəflər arasında bağlanmış ipoteka müqaviləsində müəyyən edilmiş qiyməti əsas götürür. Belə ki, İddiaçı ASC ilə Cavabdeh2 və Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, № 112-HŞ-5286311-İP saylı ipoteka müqaviləsinin 2.3-cü bəndindən görünür ki, Samux rayonu, İnstitut qəsəbəsi ünvanında yerləşən 0.08 ha ölçüdə olan torpaq sahəsinin və torpaq sahəsinin üzərində yerləşən tikililərin bazar dəyəri 140.000 manat müəyyən edilmişdir. Lakin müqavilənin 5.3-cü bəndindən görünür ki, ipoteka predmetinə tutma yönəldikdə əmlakın ilkin satış qiymətinin 110.000 manat müəyyən ediləcəyi razılaşdırılmışdır. Buna görə də məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti 110.000 manat müəyyən edilməlidir.
b) Kredit müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı
36. İddia ərizəsində iddiaçı 578,34 manat cərimənin də cavabdehlərdən tutulmasını xahiş etmişdir.
37. Məhkəmə hesab edir ki, 578,34 manat məbləğində dəbbə pulu (penya) ağlabatan və ədalətlidir və buna görə də cərimə olaraq 578,34 manat məbləğində pul (əsas borcun 1,73 % həddində) cavabdehlər Cavabdeh1ndən, Cavabdeh3 və Cavabdeh2 tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
c) Məhkəmə xərcləri ilə bağlı
38. İddiaçı eləcə də 201 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.
39. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 201 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
40. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
41. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
42. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 198,88 manat pul cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh3 və Cavabdeh2 tutularaq İddiaçı ASC-yə ödənilməli, ödənilmiş dövlət rüsumunun 2,12 manat hissəsi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin özünə aid edilməlidir.
V. Məhkəmənin gəldiyi nəticə
Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, № KM-112-HŞ-5286311 saylı kredit müqaviləsinə əsasən 33317,18 manat əsas borc, 2397,54 manat faiz borcu, 578,34 manat cərimə borcu olmaqla, cəmi 36293,06 manat məbləğində pul cavabdеhlər Cavabdeh1 MMC-dən, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməli, tələb Cavabdeh2 məxsus Samux rayonu, İnstitut qəsəbəsi ünvanında yerləşən 0.08 ha ölçüdə olan torpaq sahəsinə (üzərində olan bütün tikili və qurğular ilə birlikdə) yönəldilməli, Cavabdeh2 məxsus Samux rayonu, İnstitut qəsəbəsi ünvanında yerləşən 0.08 ha ölçüdə olan torpaq sahəsinin (üzərində olan bütün tikili və qurğular ilə birlikdə) ilkin satış qiyməti 110000 (bir yüz on min) manat müəyyən edilməli, ipotekaya qoyulmuş torpaq sahəsi (üzərində olan bütün tikili və qurğular ilə birlikdə) açıq hərrac vasitəsi ilə satılmalı və satışdan əldə olunan məbləğdən 36293,06 manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə ödənilməli, Samux rayonu, İnstitut qəsəbəsi ünvanında yerləşən 0.08 ha ölçüdə olan torpaq sahəsinin (üzərində olan bütün tikili və qurğular ilə birlikdə) satışından qalan məbləğ Cavabdeh2 qaytarılmalı, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233 və 360-cı maddələrinə əsasən
QƏT ETDİ:
İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, № KM-112-HŞ-5286311 saylı kredit müqaviləsinə əsasən 33317,18 manat əsas borc, 2397,54 manat faiz borcu, 578,34 manat cərimə borcu olmaqla, cəmi 36293,06 (otuz altı min iki yüz doxsan üç manat altı qəpik) manat məbləğində pul cavabdеhlər Cavabdeh1ndən, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tələb Cavabdeh2 məxsus Samux rayonu, İnstitut qəsəbəsi ünvanında yerləşən 0.08 ha ölçüdə olan torpaq sahəsinə (üzərində olan bütün tikili və qurğular ilə birlikdə) yönəldilsin. Cavabdeh2 məxsus Samux rayonu, İnstitut qəsəbəsi ünvanında yerləşən 0.08 ha ölçüdə olan torpaq sahəsinin (üzərində olan bütün tikili və qurğular ilə birlikdə) ilkin satış qiyməti 110000 (bir yüz on min) manat müəyyən edilsin. İpotekaya qoyulmuş torpaq sahəsi (üzərində olan bütün tikili və qurğular ilə birlikdə) açıq hərrac vasitəsi ilə satılsın və satışdan əldə olunan məbləğdən 36293,06 (otuz altı min iki yüz doxsan üç manat altı qəpik) manat məbləğində pul İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin, Samux rayonu, İnstitut qəsəbəsi ünvanında yerləşən 0.08 ha ölçüdə olan torpaq sahəsinin (üzərində olan bütün tikili və qurğular ilə birlikdə) satışından qalan məbləğ Cavabdeh2 qaytarılsın. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 198,88 (bir yüz doxsan səkkiz manat səksən səkkiz qəpik) manat pul və iş üzrə qiymətləndirmənin keçirilməsi ilə bağlı 300 (üç yüz) manat ekspertiza xərci cavabdehlər Cavabdeh1ndən, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 2,12 (iki manat on iki qəpik) manat hissəsi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Əbülfəz Məmmədli