Məhkəmə qərarları › İş №e-2-2(115)-631/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-631/2023

08.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-631/2023 08.08.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı 14 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı torpaq icarə müqaviləsi üzrə borcun tutulması tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 14 saylı Ərazi Vergilər İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2437,70 manat məbləğində icarə haqqı üzrə borcun alınıb dövlət büdcəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnamə”sinin 3.0.9-cu yarım bəndinə əsasən dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna edilməklə, dövlət mülkiyyətində olan digər torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarəti həyata keçirmək Xidmətin vəzifələrinə aid edilmişdir. Həmin Əsasnamənin 4.0.27-ci yarımbəndinə əsasən nəzarəti Xidmətə həvalə edilmiş dövlət mülkiyyətində olan torpaqlardan istifadəyə görə ödənilməmiş icarə haqlarının tutulması barədə məhkəmədə iddia qaldırmaq Xidmətin hüquqlarına aid edilmişdir. Ağstafa rayonu İcra Hakimiyyətinin başçısı ilə Cavabdeh arasında bağlanmış “Torpaq icarəsi müqaviləsi”nə əsasən beş illik icarə haqqı hər ilinə 909 manat təşkil etməklə 684 hektar torpaq sahəsi cavabdehə icarəyə verilmişdir. İcarəyə götürülən torpaq sahəsinə görə cavabdehin ümumilikdə xx.xx.2023-cü il tarixə torpaq icarə haqqı üzrə 2437,70 manat borcu ödənilməmiş qalmışdır. Qeyd olunan icarə haqqı üzrə borcun 7 gün müddətində dövlət büdcəsinə ödənilməsinin təmin olunması üçün cavabdehə xəbərdarlıq göndərilmiş, lakin cavabdeh icarə haqqı üzrə borc ödəməmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən iddiaçı 14 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X1 iddianı müdafiə edərək izahatında göstərdi ki, 23 noyabr 2022-ci ildə Ağstafa rayon İcra Hakimiyyətindən vergi idarəsinə sərəncam daxil olmuş, həmin sərəncama əsasən Cavabdeh verilmiş 691 hektar torpaq sahəsinin 626 hektarı saxlanılmaqla 65 hektarı hissəsində icarəyə xitam verildiyi göstərilmişdir. Həmin sərəncam icra edilməsi üçün onlara göndərilmişdir. Sərəncam əsasında müvafiq hesablamalar aparılmışdır. Belə ki, 2017-ci il tarixdən 23 noyabr 2022-ci il tarixədək 1 hektar üçün 1 manat icarə haqqı olmaqla 691 hektara hər il üçün 691 manat, sərəncamın tarixindən sonra isə 626 hektara hər il üçün 626 manat icarə haqqı hesablanmışdır. Ümumilikdə 2018-2021-ci ilə 691 manatdan, 2022-ci ilə 674 manat olmaqla 2437,70 manat borc hesablanmışdır. Ona görə də iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ilə qismən razı olduğunu bildirərək izahatında göstərdi ki, icarə müqaviləsini 2012-ci il tarixdə bağlamış, onun istifadəsinə 684 hektar torpaq sahəsi verilmiş hər il üçün hər hektara 1 manatdan hesablanmaqla 691 manat icarə haqqı hesablanmış, icarə müqaviləsinin müddətinin bitməsinə, yəni 2017-ci il tarixə bütün borclarını ödəmiş və onun icarə müqaviləsi bitdikdə borcu olmamışdır. Hazırkı borc ona icarə müqaviləsinin müddəti bitdikdən sonra hesablanmışdır. Belə ki, onun icarəsinə verilmiş torpaq sahəsi müqavilə müddəti bitsə də 2018-ci il ərzində onun istifadəsində olmuş, lakin 2019-cu il tarixdən 684 hektar torpaq sahəsinin 544 hektarı ondan alınmış, onun istifadəsində hazırkı vaxtadək 140 hektar torpaq sahəsi qalmışdır ki, həmin hissəyə görə 2021-ci ildə 1000 manat icarə haqqı ödəmişdir. Ondan tələb edilən məbləğlə razı deyildir, yalnız istifadəsində olan 140 hektara görə icarə haqqını ödəməyə razıdır. Ona görə qanunauyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak edən üçüncü şəxs Ağstafa rayonu İcra Hakimiyyətinin nümayəndəsi X2 izahatında göstərdi ki, Cavabdeh istifadəsində olan torpaq sahəsinin 140 hektarı saxlanılmaqla digər hissəsi ondan alınaraq 2019-cu ildə "xxxx" MMC-yə ayrılmış 10 min hektar torpaq sahəsinə aid edilmişdir. 14 noyabr 2022-ci il tarixli sərəncam da isə Cavabdeh geri alınan torpaq sahəsinin ölçüsü texniki olaraq səhv göstərilmişdir. Ondan 140 hektarı saxlanılmaqla digər hissələr geri alınmışdır. Bununla bağlı Ağstafa rayonu İcra Hakimiyyətinin məhkəməyə ünvanladığı məktubu düzdür. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Ağstafa rayon İcra Hakimiyyəti başçısının 23 noyabr 2012-ci il tarixli 245 saylı sərəncamından görünür ki, Ağstafa rayon ərazisindəki Ceyrançöl qış otlağının 161h saylı sahədən 25 ha şərti suvarılan əkin, 40 ha örüş, 206h saylı sahədən 120 ha, 207h saylı sahədən 9 ha, 208h saylı sahədən 56 ha, 209h saylı sahədən 434 ha örüş-otlaq (cəmi 691 ha) sahəsinin 5 il müddətinə Cavabdeh icarəyə verilməsi qərara alınmışdır. İş materiallarında olan Ağstafa rayon İcra Hakimiyyəti ilə Cavabdeh arasında bağlanmış 23 noyabr 2012-ci il tarixli № 65/12 nömrəli torpaq icarə müqaviləsinin surətindən görünür ki, 684 hektar əkin və örüş sahəsi kənd təsərrüfatı üçün 5 il müddətinə Cavabdeh icarəyə verilmiş, icarə haqqı olaraq hər il 909 manat müəyyən edilmişdir. İş materiallarında olan Ağstafa rayon İcra Hakimiyyətinin xx.xx.2011-ci il tarixli 14 saylı Ərazi Vergilər İdarəsinə ünvanladığı məktubda xx.xx.2009-cu il tarixdən örüş və qız otlaqları üçün illik icarə haqqının 1 manat müəyyən edilməsi göstərilmişdir. İş materiallarında olan şəxsi hesab vərəqəsindən görünür ki Cavabdeh 2012-ci ildən 2017-ci ilədək hər il 691 manat icarə haqqı hesablanmış, 08 avqust 2017-ci ildə 90,40 manat ödəniş edilməklə icarə haqqı tam ödənilmiş, 0,30 manat artıq ödəmə qalmışdır. 06 aprel 2021ci ildə 1000 manat ödəniş olmuş, 0,30 manat artıq ödəmə olmaqla 1000,3 manat ödənilməsi nəzərə alınmışdır. xx.xx.2022-ci il tarixdə 2018-2019-cu illər üzrə 691 manat icarə haqqı, 2022-ci ildə 674 manat və 2023-cü ildə isə 626 manat icarə haqqı hesablanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli **********350900 xəbərdarlıq məktubunun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Ağstafa rayon İcra Hakimiyyəti başçısının 14 noyabr 2022-ci il tarixli sərəncamından görünür ki, Ağstafa rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli 245 saylı sərəncamı ilə Ağstafa rayonu Yenigün kənd sakini Cavabdeh Ağstafa rayon ərazisindəki Ceyrançöl qış otlaqlarından icarəsinə verilmiş 691 hektar torpaq sahəsindən 626 hektarı saxlanılmaqla 161h saylı sahədən 65 hektar torpaq sahəsi üzərində icarə hüququna xitam verilmiş, Azərbyacan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsindən sərəncam imzalandığı tarixədək torpaq icarə haqqının ödənilməsinin təmin edilməsi xahiş edilmiş, Ağstafa rayonu Yenigün kənd sakini Cavabdeh Ağstafa RİH başçısının xx.xx.2012-ci il tarixli 245 saylı sərəncamı ilə Ağstafa rayon ərazisindəki Ceyrançöl qış otlaqlarından icarəsinə verilmiş 691 hektar torpaq sahəsindən 626 hektarı saxlanılmaqla 161h saylı sahədən 65 hektar torpaq sahəsinin geri alınması məqsədi ilə ölçü işlərinin aparılması Azərbyacan Respublikası İqtisaqdiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 15 saylı Tovuz ərazi İdarəsindən xahiş edilmiş, sərəncamın icrasına nəzarət RİH başçısının birinci müavini Müşfiq Hüseynova həvalə edilmişdir. İş materiallarında olan Ağstafa rayon İcra Hakimiyyətinin Azərbyacan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə 14 noyabr 2022-ci il tarixli S-158 saylı məktubundan görünür ki, Ağstafa rayon ərazisindəki Ceyrançöl qış otlaqlarından Ağstafa rayonu Yenigün kənd sakini Cavabdeh icarəsinə verilmiş 691 hektar torpaq sahəsindən 626 hektarı saxlanılmaqla 161h saylı sahədən 65 hektar torpaq sahəsi üzərində icarə hüququna xitam verilməsi barədə sərəncamın surəti Azərbyacan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə göndərilmişdir. İş materiallarında olan Ağstafa rayon İcra Hakimiyyətinin Gəncə Kommersiya Məhkəməsinə ünvanladığı 07 iyun 2023-cü il tarixli 5-33/2-606/2023 saylı məktubundan görünür ki, Ağstafa rayon inzinbati ərazisində yerləşən “Ceyrançöl” massivində 684 hektar örüş torpaq sahəsi xx.xx.2012-ci il tarixli 65/12 nömrəli icarə müqaviləsi əsasında 5 il müddətinə Cavabdeh icarəsinə verilmiş və xx.xx.2017-ci il tarixdə icarə müqaviləsinin tarixi bitmişdir. Ölkə ərazisində şəkər çuğundurunun əkin sahələrinin genişləndirilməsi məqsədi ilə Ağstafa rayonunun “Ceyrançöl” massivində yerləşən 10 min hektar ərazinin əkin dövriyyəsinə cəlb edilməsi və əkinçilik fəaliyyəti üçün "xxxx" MMC-yə ayrılaraq Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 15 saylı Tovuz ərazi İdarəsi tərəfindən 2019-cu il tarixində yerquruluşu planı hazırlanmışdır. Cavabdeh icarəsində olmuş 684 hektar örüş torpaq sahəsinin 544 hektarı "xxxx" MMC-yə ayrılmış 10 min hektar torpaq sahəsinə aid edilmişdir. Hazırda 140 hektar torpaq sahəsi Cavabdeh istifadəsindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, Ağstafa rayon İcra Hakimiyyəti ilə Cavabdeh arasında 23 noyabr 2012-ci il tarixdə torpaq icarə müqaviləsi bağlanmış, 684 hektar əkin və örüş sahəsi sahəsi 5 il müddətinə Cavabdeh icarəyə verilmiş, icarə haqqı olaraq hər il 909 manat müəyyən edilmişdir. 2012-ci il tarixdən 2017-ci il də daxil olmaqla 5 il ərzində 691 manat (23 noyabr 2012-ci il tarixli sərəncamda 691 hektar torpaq sahəsinin icarəyə verilməsi göstərildiyindən hər hektar üçün 1 manatdan olmaqla 691 manat) icarə haqqı hesablanmış və icarə haqqları icarəçi tərəfindən odənilmişdir. İcarəçinin 08 avqust 2017-ci ilə 0,30 manat artıq ödəməsi olmuşdur. Tərəflər arasında müqavilə müddəti 2017-ci ildə bitsə də müqavilənin müddəti uzadılmamış və ya yeni müqavilə bağlanmamışdır. İcarəçiyə verilən 684 hektar torpaq sahəsi müqavilə müddəti bitdikdən sonra 2018-ci il ərzində Cavabdeh istifadəsində olmuş, 2019-cu ildən 684 hektar torpaq sahəsinin 140 hektarı onda saxlanılmaqla 544 hektarı geri alınmışdır. İcarəçi 06 aprel 2021-ci ildə 1000 manat ödəniş etmişdir. Vergi orqanı Ağstafa rayon İcra Hakimiyyətinin 14 noyabr 2022-ci il tarixli sərəncamını əsas tutaraq Cavabdeh 2018-2019-cu illər üzrə 691 manat icarə haqqı, 2022-ci ildə 674 manat və 2023-cü ildə isə 626 manat icarə haqqı hesablamışdır ki, 2018-2022-ci illərə hesablanan icarə haqqından da ödənilmiş 1000,3 manatı çıxmaqla yerdə qalan 2437,70 manat pulun tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflər arasında 23 noyabr 2012-ci il tarixdə bağlanmış icarə müqaviləsinin 5 il ərzində bağlandığını, 2017-ci ildə müqavilənin müddətinin bitdiyini, müqavilə müddəti bitdikdən sonra müqavilə müddətinin uzadılmamasını və ya tərəflər arasında yeni müqavilə bağlanmamasını nəzərə alaraq qeyd edir ki, müqavilə müddəti bitdiyində icarəçinin istifadəsində olan 684 hektar torpaq sahəsinə görə onun borcu qalmamış, 0,30 manat artıq ödəməsi olmuşdur. Ona verilmiş torpaq sahəsi üzrə icarə müqaviləsinin müddəti 2017-ci ildə bitsə də tam olaraq 2018-ci il ərzində onun istifadəsində olmuş, 2019-cu ildə 140 hissəsi saxlanılmaqla qalan torpaq sahəsi ondan alınmışdır. 2021-ci ildə isə o, 1000 manat icarə haqqı ödəmişdir. Belə olan halda məhkəmə hesab edir ki, 2018-ci il üçün 691 manat, 2019- 2022-ci illlər üçün 140 manat (691 + 560 (140x4) = 1251 manat) icarə haqqı hesablanmalı, ödənilmiş 1000,3 manat həmin məbləğdən çıxılmaqla 250,7 manat icarə haqqı cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə həmçinin vergi orqanı tərəfindən icarə haqqının hesablaması ilə bağlı bildirir ki, vergi orqanı tərəflər arasında müqavilə olmamasını və ya əvvəllər bağlanmış icarə müqaviləsinin müddətini uzadılmamasını nəzərə almadan yalnız sərəncam əsasında borc hesablamış və məhkəmədən icarə müqaviləsi üzrə borcun tutulması xahiş etmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 250 (iki yüz əlli) manat 70 (yetmiş) qəpik məbləğidə borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar