Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-646/2025 15.04.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 Məhəmməd qızına qarşı gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunun ödənilməsinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 Məhəmməd qızına qarşı gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunun ödənilməsinə dair iddia ərizəsi ilə Qazax Rayon Məhkəməsinə müraciət edərək, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 xx.xx.2019-cu il tarixli BK № Özəl (1) 106-MKOS/AZN-19 saylı kredit müqaviləsi üzrə 2847,39 manat əsas borca hesablanmış 5% məbləğində 231.75 manat borcun və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Ağstafa filialı ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2019-cu il tarixli BK № Özəl (1) 106- MKOS/AZN-19 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 24 % olmaqla 36 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. Kredit verildikdən sonra ödənişlər cavabdeh tərəfindən qrafikə uyğun olaraq ödənilsə də, sonradan cavabdeh müqavilənin və ödəniş qrafikinin tələblərini pozmuşdur. Tərəflərindən cavabdehlər Cavabdeh5 və digərlərinə qarşı Qazax Rayon Məhkəməsində iddia qaldırılmış, xx.xx.2019-cu il tarixli, BK №Özəl (1) 106-MKOS/AZN-19 saylı kredit müqaviləsi üzrə 2736,73 manat əsas, 1283,98 manat faiz, 1925,37 manat cərimə borcu olmaqla, cəmi 5946,08 manat məbləğində pulun cavabdehlərdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İş üzrə Qazax Rayon Məhkəməsinin e-2(023)-42/2024 saylı xx.xx.2024cü il tarixli qətnaməsi ilə 2847,39 manat əsas borc, 500 manat cərimə borcu olmaqla, cəmi 3347,39 manat borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. İddiaya əlavə edilmiş iş üzrə çıxarılmış qətnamədən və kredit müqaviləsindən görünür ki, cavabdehlə bağlanmış xx.xx.2019-cu il tarixli, BK № Özəl (1) 106-MKOS/AZN-19 saylı kredit müqaviləsi 60 aylıq müddətə bağlanmışdır. xx.xx.2023-ci il tarixdə sonuncu ödənişini etsə də, gecikmədən çıxmamış və əsas, faiz və cərimə borcu üzrə öhdəliklərini yerinə yetirməmişdir. xx.xx.2023-cü il tarixdən uzun müddət keçməsinə baxmayaraq cavabdeh kredit müqaviləsi üzrə əsas, faiz və gecikmə borcunu ödəməmişdir. Bununla da cavabdeh Bankı haqqı çatanlardan məhrum etmiş, borc aldığı pulu geri qaytarmaqdan yayınmışdır. Hazırda xx.xx.2024-cü il tarixə cavabdehin Banka əsas borcunun qalığı 2847.39 manat təşkil edir. Hesab edirik ki, həmin əsas borcun ödənilməsini gecikdirdiyinə, əsassız olaraq pul vəsatini özündə saxladığına və Bank da digər əsasdan çıxış edərək daha böyük məbləğdə pul tələb edə bilmədiyinə görə əsas borcun faktiki qalığına görə illik 5% pul cavabdehdən tutularaq Banka ödənilməlidir. Qazax Rayon Məhkəməsinin e-2(023)-1697/2024 nömrəli 28 noyabr 2024-cü il tarixli qərardadı ilə İddiaçı Acıq Cəhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 Məhəmməd qızına qarşı “öhdəliyin icra edilməməsi, əldən çıxmış faydanın ödənilməsi” tələbi barədə iddiasına dair mülki işin baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, cavabdehlər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: kredit müqaviləsi, zaminlik müqaviləsi, məhkəmə qərarları, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, İddiaçı ASC-nin Ağstafa filialı ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2019-cu il tarixli BK № Özəl (1) 106- MKOS/AZN-19 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik faiz dərəcəsi 24% olmaqla 36 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. 30 may 2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 Məhəmməd qızı bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşlər və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımasını bəyan etmişdirlər. İş materiallarında olan Qazax Rayon Məhkəməsinin e-2(023)-42/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 Məhəmməd qızından 2847,39 manat əsas, 500 manat cərimə borcu olmaqla, cəmi 3347,39 manat borcun tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunur ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquq bağlılığı davam edir və MM-in 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Kredit müddəti ilə bağlı isə nəzərə alınmalıdır ki, bu müddət müvafiq öhdəliyin əmələ gəlməsi, zərurət olduqda ona xitam verilməsi və öhdəliyin icrasının gecikdirilməsi baxımından əhəmiyyət kəsb edir. Kredit müqaviləsi üzrə tərəflər arasında hüquq və vəzifələrin müəyyən bir anda əmələ gəlməsinə dair əldə olunan razılaşma borc alanın və borc verənin hansı andan etibarən, yaxud hansı ana qədər müəyyən hərəkətləri etməli olmaları, yaxud edə bilmələri ilə bağlıdır. Konstitusiya Məhkəməsinin Plenumunun mövqeyinə görə MM-in 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasmın Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında qeyd edir ki, beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Məhkəmə yuxarıda istinad olunan MM-in normalarının və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərini qarşılıqlı təhlil edərək belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə pul öhdəliyi tam icra olunanadək, yəni həmin öhdəlik üzrə müəyyən edilmiş pul vəsaiti (borc və faizləri) tam həcmdə kreditora qaytarılanadək və ya ipoteka predmeti kreditora təhvil verilənədək borclu kreditor qarşısında məsuliyyət daşıyır və kreditor hər hansı əlavə sübut təqdim etmədən həmin dövr üzrə MM-in 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə borcluya qarşı tələb irəli sürə bilər. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi gecikdirilmiş vaxt üçün 5%-lə hesablanmış 231,75 manat məbləğində əldən çıxmış faydanın tutulması hissəsində əsaslıdır. Məhkəmə qeyd edir ki, iddiaçı öz tələbində cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 müştərək qaydada pulun tutulmasını tələb etsədə, iddia bu hissədə qismən təmin edilməlidir. Qazax Rayon Məhkəməsinin e-2(023)-42/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən kredit müqaviləsi İddiaçı ASC ilə Cavabdeh5 arasında bağlanılmış kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq Cavabdeh4 mülkiyyətində olan Qazax rayonu Daşsalahlı kəndində ümumi sahəsi 116.2 m2 fərdi yaşayış evi və 0.19 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Həmin qətnaməyə əsasən tələb üzrə tutma ipoteka predmeti olan Cavabdeh4 mülkiyyətindəki fərdi yaşayış evinə yönəldilmişdir. Göründüyü kimi Cavabdeh4 həmin iş üzrə ipoteka qoyan qismində cavabdeh olmuşdur. Cavabdeh4 əsas borclu olan Cavabdeh5 hər hansı öhdəliyi üzrə zamin olmamışdır. Odur ki, iddia tələbi ona münasibətdə təmin edilə bilməz. Məhkəmə belə nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 Məhəmməd qızından müştərək qaydada xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə əsas borca 5% məbləğində hesablanmış 231,75 manat borc məbləği tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırmaq üçün iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Eyni zamanda iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənildiyindən və iddiaçı həmin məbləği tələb etdiyindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 Məhəmməd qızından tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 Məhəmməd qızından müştərək qaydada xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə əsas borca 5% məbləğində hesablanmış 231,75 manat borc və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 Məhəmməd qızından müştərək qaydada xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə əsas borca 5% məbləğində hesablanmış 231,75 manat borc və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə
Məhkəmə qərarları › İş №e-2-2(115)-646/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-646/2025
15.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver