Məhkəmə qərarları › İş №e-2-2(115)-652/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-652/2022

09.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-652/2022 09.06.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Gəncə Kommersiya Məhkəməsinin hakimi Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında, məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək Cavabdeh 27936,15 manat və ödənilmiş 200 manat mediasiya xərcinin, ümumilikdə 28136,15 manat məbləğində pul vəsaitinin alınıb İddiaçı ММC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında olan şifahi razılşamaya əsasən Cavabdeh xx.xx.2018-ci il tarixdən etibarən ticarət nümayəndəsindən aldığı şirniyyat və qənnadı məhsullarının pulunu 90 təqvim günü müddətində ödəməyi öz öhdəsinə götürmüşdür. Belə ki, iddiaya əlavə edilmiş, İddiaçı MMC-yə məxsus qaiməfakturaların surətindən görünür ki,xx.xx.2018-ci il tarixdə-3893 manat, xx.xx.2018-ci il tarixdə 2552 manat, xx.xx.2018-ci il tarixdə 2635,20 manat, xx.xx.2018-ci il tarixdə 2304 manat, xx.xx.2018-ci il tarixdə 4608 manat, xx.xx.2019-ci il tarixdə 4632,44 manat, xx.xx.2019-cu il tarixdə 3213 manat və xx.xx.2019-cu il tarixdə 1325 manat dəyərində şirniyyat və qənnadı məmulatları Cavabdeh təhvil verilmişdir. Beləliklə, Cavabdeh, cəmiyyətin ticarət nümayəndəsinə verdiyi sifariş əsasında şirniyyat və qənnadı məhsullarını qəbul etmişdir. Bu qayda ilə müəyyən müddət işlədikdən sonra Cavabdeh hesabında qalan 25.163,54 manat məbləğində pulu ödəməmişdir. Cavabdeh xx.xx.2019cu il tarixdə cəmiyyətə gələrək borcunun bir hissəsini ticarət nümayəndəsinə ödədiyini, qalan 14.000 manat məbləği isə mart ayının 31-nə kimi ödəyəcəyini bildirmişdir. Cavabdehdən ticarət nümayəndəsinə ödədiyi pulların qəbzini təqdim etməsi tələb edildikdə bildirmişdir ki, həmin qəbzlər onda mövcuddur və və cəmiyyətə təqdim edəcək. Lakin cavabdeh nə ödəniş qəbzlərini, nə də ki, götürdüyü şirniyyat və qənnadı məmulatlarının pulunu təqdim etməmişdir. Əlavə olaraq Cavabdeh Bəhram oğlu 25.163,54 manat məbləğində borcunu vaxtında ödəməyərək gecikdirdiyi üçün illik 5% olmaqla, cəmi 272,61 manat məbləğində faiz pulu və əldən çıxmış faydaya görə isə 2500 manat hesablanaraq vurduğu zərərin üzərinə əlavə edilmiş və ümumilikdə 27.936,15 manat məbləğində borc hesablanmışdır. Cəmiyyət tərəfindən cavabdeh barəsində məhkəməyə iddia ərizəsi ilə müraciət edilmiş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 19 avqust 2019-cu il tarixli, 2(044)-2110/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim E.T.Axundov) İddiaçı MMC Cavabdeh qarşı “əsas borca görə 25.163,54 manat, borcu vaxtında ödəməyərək gecikdirdiyi üçün illik 5 faiz olmaqla cəmi 272,61 manat, əldən çıxmış faydaya görə 2.500 manat, cəmi 27.936,15 manat pulun tutulması barədə” iddiası qismən təmin edilərək, cavabdehdən əsas borca görə 25.163,54 manat, borcu vaxtında ödəmədiyi üçün illik 5 faiz olmaqla 272,61 manat, dövlət rüsumuna görə 30 manat pulun tutulub iddiaçı təşkilata ödənilməsi və qalan hissədə iddianın rədd olnuması qət edilmişdir. Cavabdeh qətnamədən apelyasiya şikayəti vermiş, Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 noyabr 2019-cu il tarixli, 2(104)- 4253/2019 saylı qətnaməsi ilə (hakimlər Ə.İ.Məmmədov sədrlik edən, məruzəçi, E.İ.Xasməmmədov və Ş.M.Əliyeva) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 19 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb.və məhkəmənin qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 sentyabr 2020-ci il tarixli, 2(102)- 3780/2020 saylı qərarı ilə Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 noyabr 2019-ci il tarixli, 2(104)- 4253/2019 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmış Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə mülki iş iddiaçının məhkəmə iclasına gəlməməsi səbəbindən baxılmamış saxlanılmışdır. Göründüyü kimi hazırkı iddia üzrə həm birinci, həm də yuxarı instansiya məhkəmələri öz mövqelərini bildirmiş, sadəcə sonradan cavabdehin statusu ilə bağlı məsələ aşkara çıxmışdır. Bundan sonra cavabdehlə aramızda olan mübahisənin həll olunması məqsədi ilə tərəfimizdən Mediasiya Şurasına müraciət edilmişdir. Lakin X1 təqdim etdiyi arayışdan da göründüyü kimi Cavabdeh əvvəlcədən məlumatlandırılmasına baxmayaraq mediasiya sessiyasında iştirak etməmiş, bununla bağlı xx.xx.2022-ci il tarixli, MŞİH-11056 nömrəli Arayış tərtib redilmişdir. İddiaçı MMC tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiyaya dair xərc tam olaraq ödənilmişdir. qaimə fakturaların sonuncusundan-xx.xx.2019-cu il tarixindən sonra, yəni xx.xx.2019-cu il tarixdə borcu olmasının etirafı barədə ərizə təqdim etmiş və maddənin bu normasını şübhə altına alacaq hallar aradan qalxmışdır. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə teleqram göndərərək üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Lakin iddia tələbinə münasibət bildirməmiş, etirazını təqdim etməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia tələbini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: İddiaçı MMC-yə məxsus qaimə-fakturaların surətindən görünür ki,xx.xx.2018-ci il tarixdə-3893 manat, xx.xx.2018-ci il tarixdə 2552 manat, xx.xx.2018-ci il tarixdə 2635,20 manat, xx.xx.2018-ci il tarixdə 2304 manat, xx.xx.2018-ci il tarixdə 4608 manat, xx.xx.2019-ci il tarixdə 4632,44 manat, xx.xx.2019-cu il tarixdə 3213 manat və xx.xx.2019cu il tarixdə 1325 manat dəyərində şirniyyat və qənnadı məmulatları Cavabdeh təhvil verilmişdir. İşin hallarından göründüyü kimi tərəflər arasında şifahi razılaşma olmuşdur. Qaiməfakturaların məzmunundan göründüyü kimi həmin sənəddə göstərilən malların Cavabdeh göndərilməsi təsdiqini tapır. Cavabdehə borcun ödənilməsi barədə pretenziya məktubu göndərilsə də, cavabdeh tərəfindən borc məbləği ödənilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdehdan 27936,15 manat və ödənilmiş 200 manat mediasiya xərci, ümumilikdə 28136,15 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 216.1-ci maddəsinə əsasən işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. Həmin Məcəllənin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238, 241-242, 244, 253.3 və 360-cı maddələrinə əsasən qət etdi: İddia təmin edilsin. Cavabdehdan 27936,15(iyirmi yeddi min doqquz yüz otuz altı manat on beş qəpik) manat və ödənilmiş 200 manat mediasiya xərcinin, ümumilikdə 28136,15 (iyirmi səkkiz min yüz otuz altı manat on beş qəpik) manat məbləğində pul vəsaitinin alınıb İddiaçı Мəhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar