Məhkəmə qərarları › İş №e-2-2(115)-653/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-653/2025

05.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-653/2025 05.05.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, X10 qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh və onun nümayəndəsi X1 iştirakları ilə İddiaçı “X6” ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X6” ASC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Samux Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 14928 manat 86 qəpik əsas, 2379 manat 99 qəpik faiz, 97 manat 78 qəpik cərimə olmaqla, cəmi 17406 manat 63 qəpik məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 142 manat 26 qəpik məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixli əsas kredit müqaviləsi üzrə 300 000 manat 120 ay müddətinə kredit ayrılmış və xx.xx.2023-ci il tarixli əlavə kredit müqaviləsi üzrə cavabdehə 36 aymüddətinə illik 25 % ödəmək şərtilə 15000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə cavabdehlərin kredit müqaviləsi üzrə 30 oktyabr 2024-cü il tarixinə "xxxx" KB ASC-yə 14928 manat 86 qəpik əsas, 2379 manat 99 qəpik faiz, 97 manat 78 qəpik cərimə olmaqla, cəmi 17406 manat 63 qəpik borcu yaranmışdır. Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(058)-1347/2024 saylı qərardadı ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit borcu tələbinə dair iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə1 Fizuli qızı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, 15 sentyabr 2023-cü il tarixli əsas müqaviləyə əsasən sahibkarlıq fəaliyyəti ilə bağlı, əlavə müqaviləyə əsasən isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə edilmək üçün cavabadehə kredit verilmişdir. Məhkəməyə müraciət olunandan sonra borcdan ödəniş olunmamışdır. Sonuncu ödəniş tarixi 28 mart 2024-cü ildir. X5 adında əməkdaşları olub, amma hal-hazırda işləmir. "xxxx" ASC tərəfindən də İslamla bağlı rəsmi qaydada şikayət olunub. Hal hazırda onun işinə Gəncə Şəhər Məhkəməsində baxılır. Bu hadisə bir neçə adamın başına gəlib. Lakin bu haldan sui-istifadə edənlər, İslama pul verdiyini iddia edənlər çox olmasına baxmayaraq, İslama pul verdiklərini təsdiq edən heç bir sübut təqdim edə bilmirlər. Əgər Cavabdeh da başına belə bir hadisə gəlibdirsə, İslama pul verdiyini təsdiq edən sübutları təqdim etsin. İslam Qasımov "xxxx" ASC-nin Kəpəz filialında mikrokreditlərlə bağlı kredit mütəxəssisi vəzifəsində işləyib. Hal hazırda işləmir. Onunla bağlı şikayətlər olunandan sonra haqqında araşdırma aparıldı, daha sonra müharibə iştirakçısı olduğu üçün sağlamlığı ilə bağlı olaraq bülletenə çıxdı və artıq uzun müddətdir ki, işə gəlmir və işdən azad olunub. İddiaçının digər nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, cavabdehin təqdim etdiyi qəbz hesaba pul köçürülməsi ilə bağlıdır. "xxxx" ASC ilə heç bir aidiyyatı yoxdur. Qasımov İslam adında əməkdaşları olub, halhazırda işləmir. Onunla bağlı cinayət işi mövduddur, ittiham elan olunub, işə Gəncə Şəhər Məhkəməsində baxılır. Cavabdeh tərəfindən ödənilən 2200 manat pul məbləği "xxxx" ASC tərəfindən ödəniş kimi nəzərə alınmamışdır. Sözügedən məbləğ İslam Qasımovun debet kartına köçürülən məbləğdir. Cavabdeh tərəfindən "xxxx" ASC-nin hesabına 17 oktyabr 2024-cü il tarixdən 28 mart 2024-cü il tarixə qədər ödəniş olunubdur. Hesabdan çıxarışdan görünür ki, cavabdeh borcundan cəmi 6 aylıq ödəniş edib. İşdə olan materiallardan da bəlli olduğu kimi, cavabdehin İslam Qasımova verdiyi 2200 manat pul "xxxx" ASC-nin hesabına keçirilməyibdir. Kredit müqaviləsinin müddəti 15 sentyabr 2026-cı il tarixdə bitir. Cavabdehə bildiriş 24 iyul 2024-cü il tarixdə verilmişdir. Oktyabr ayında isə məhkəməyə müraciət olunmuşdur. Qeyd edilən tarixdən sonra cavabdehə bildiriş təqdim edilməmişdir. Cavabdeh İslam Qasımovla bağlı cinayət işi üzrə Cavabdeh tərəfindən İslam Qasımovla bağlı aidiyyatı qurumlara şikayət edilməmişdir. Qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini etiraf edərək izahatında bildirdi ki, borcu qəbul edir. O, "xxxx" Kommersiya Bankı ilə 15 sentyabr 2023-cü il tarixdə əsas kredit müqaviləsi bağlayaraq sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə həmin bankın işçisi olan İslam Qasımov adlı şəxsin vasitəçiliyi ilə 15000 manat məbləğində kredit götürmüşdür. Götürdüyü pula heyvan almışdır. Kredit borcundan ödəniş etsin deyə elə müqaviləni bağladığı gün İslam adlı şəxsə 2200 manat pul vermişdir və İslama həmin pulu verərkən heç bir təsdiqedici sənəd almamışdır. Borcu ayda 50 manat olmaqla hissə-hissə ödəyə bilər. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək bildirdi ki, İslam onlardan kredit götürdükləri gün borcdan ödəniş etməsi üçün 2200 manat məbləğində pul aldı və çek verdi, amma sonra çeki əlindən alıb əzərək yerə atdı. Lakin o sonradan çeki götürüb şəklini çəkmişdir. İslam onlara demişdir ki, pulu sistemə yükləyəcək, hər ay borclarından 312 manat pul silinəcək. Daha sonra onları borcdan ödəniş etmədiyi üçün banka çağırdılar və onlara aydın oldu ki, İslam pulu öz kartına daxil edib, borcdan yalnız 1 aylıq ödəniş edib. Daha sonra İslamın atası “X6” ASC-nin filial müdiri olduğunu qeyd edən Həbib adlı şəxslə birgə onların yaşadıqları yerə gələrək İslamdan şikayət etməməyi xahiş etdilər. İslamın atası onların pulunu qaytaracağını bildirdi. İslam onlardan başqa şəxslərə də eyni qaydada kredit vermiş, onlardan da əvvəlcədən müəyyən məbləğdə pul almışdır. Borcu qəbul edirlər. Hissə-hissə ödəniş edə bilərlər. Ailə vəziyyətlərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “X6” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixli 2302micKPZ/23-EM nömrəli əsas kredit müqaviləsindən görünür ki, “X6” ASC tərəfindən Cavabdeh 120 ay müddətinə 300000 manat məbləğində kredit limiti ayrılmışdır. İş materiallarında olan xx.xx.2023-ci il tarixli 2302micKPZ/23 nömrəli əlavə kredit müqaviləsindən görünür ki, “X6” ASC tərəfindən Cavabdeh 36 ay müddətinə illik 25 faiz ödəmək şərtilə 15000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyət barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-ci il tarixli 2302micKPZ/23 nömrəli əlavə kredit müqaviləsi üzrə "xxxx" KB ASC-yə 14928 manat 86 qəpik əsas borc, 2379 manat 99 qəpik faiz borcu, 97,78 manat cərimə olmaqla, cəmi 17406 manat 63 qəpik məbləğində boru vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İşin faktiki hallarından göründüyü kimi, Cavabdeh iddiaçı «X6» ASC-dən kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 14928 manat 86 qəpik əsas borc, 1384 manat 03 qəpik faiz borcu, 97 manat 98 qəpik cərimə olmaqla, cəmi 16410 manat 87 qəpik məbləğində borc və ödənilmiş 139 manat 23 qəpik dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" X9 Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, iddiaçı kredit müqaviləsi üzrə əsas borc məbləğinin, habelə faiz borcunun və cərimənin ödənilməsi ilə bağlı iradə ifadəsini cavabdehə xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda ifadə etmişdir. Həmin xəbərdarlıq məktubunda faiz borcunun məbləği 1384 manat 03 qəpik təşkil etməsi qeyd edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, xəbərdarlıq məktubunda göstərilən məbləğdə faiz borcunun tutulması qanuni və əsaslıdır. Buna görə də, iddia tələbinin faiz borcuna dair qalan hissəsi təmin edilməməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 142 manat 26 qəpik məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, 139 manat 23 qəpik dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi isə iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 14928 manat 86 qəpik əsas borc, 1384 manat 03 qəpik faiz borcu, 97 manat 98 qəpik cərimə olmaqla, cəmi 16410 manat 87 qəpik məbləğində borc və ödənilmiş 139 manat 23 qəpik dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" X9 Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddianın qalan hissəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar