Məhkəmə qərarları › İş №e-2-2(115)-658/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-658/2022

01.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-658/2022 01.11.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X6, Cavabdeh Əliyev Samir Yahya oğlunun iştirakları ilə İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Əliyev Samir Yahya oğluna, X5, X2 və Cavabdeh5 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Əliyev Samir Yahya oğluna, X5, X2 və Cavabdeh5 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Əliyev Samir Yahya oğluna, X5, X2, Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əliyev Samir Yahya oğlu ilə bağlanmış 006R********** saylı və 006R********** saylı krеdit razılaşmalarnın ləğv edilməsi, cavabdеhlər Əliyev Samir Yahya oğlundan, Cavabdeh5Həmid oğlundan müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 006R********** saylı krеdit razılaşması üzrə 999.75 manat məbləğində krеdit bоrcu, 3131.25 manat məbləğində faiz bоrcu və 9180.38 manat məbləğində cərimə borcu olmaqla, 006R********** saylı krеdit razılaşması üzrə 9306.93 manat məbləğində krеdit bоrcu, 2108.29 manat məbləğində faiz bоrcu və 6145.6 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 30872 manat 20 qəpik məbləğində bоrcun, mediasiya prosesi ilə bağlı ödənilmiş 200 manat xərcin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, Gəncə şəhəri, Kəpəz rayonu, 20 yanvar küçəsində mülkiyyətində olan 0.0251 ha torpaq sahəsi və həmin sahəsində yerləşən 100.8 m² ümumi sahədən ibarət 21 nömrəli fərdi yaşayış evinin açıq hərracdan satılması, 30872 manat 20 qəpik məbləğində borcun və mediasiya prosesi ilə bağlı ödənilmiş 200 manat xərcin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının həmin əmlakın hərracdan satılmasından əldə olunan vəsait hesabına İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsi üçün kifayət etmədiyi halda qalan məbləğin Əliyev Samir Yahya oğlundan, Cavabdeh5 ümumi qaydada tutulması; Gəncə şəhəri, Kəpəz rayonu, 20 yanvar küçəsində mülkiyyətində olan 0.0251 ha torpaq sahəsi və həmin sahəsində yerləşən 100.8 m² ümumi sahədən ibarət 21 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və о satıldıqdan 1 ay sonra Əliyev Samir Yahya oğlunun, X1, Cavabdeh1 və X3 həmin fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Əliyev Samir Yahya oğlu ilə bağlanmış 006R********** saylı kredit razılaşmasnın ləğv edilməsi, cavabdehlər Əliyev Samir Yahya oğlundan, Cavabdeh5 müştərək qaydada iddiaçı 006R********** saylı kredit razılaşması üzrə 9306.93 manat məbləğində kredit borcu, 2108.29 manat məbləğində faiz borcu və 6145.6 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 17560 manat 82 qəpik məbləğində borcun, mediasiya prosesi ilə bağlı ödənilmiş 200 manat xərcin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması; Gəncə şəhəri, Kəpəz rayonu. 20 yanvar küçəsində mülkiyyətində olan 0.0251 ha torpaq sahəsi və həmin sahəsində yerləşən 100.8 m2 ümumi sahədən ibarət 21 nömrəli fərdi yaşayış evinin açıq hərracdan satılması, 17560 manat 82 qəpik məbləğində borcun və mediasiya prosesi ilə bağlı ödənilmiş 200 manat xərcin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-nə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Əliyev Samir Yahya oğlundan, Cavabdeh5 ümumi qaydada tutulması, Gəncə şəhəri, Kəpəz rayonu, 20 yanvar küçəsində mülkiyyətində olan 0.0251 ha torpaq sahəsi və həmin sahəsində yerləşən 100.8 m2 ümumi sahədən ibarət 21 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Əliyev Samir Yahya oğlunun, X1, Cavabdeh1 və X3 həmin fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılması və Alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəyişdirilməsi ilə bağlı məhkəməyə ərizə göndərərək, Əliyev Samir Yahya oğlu ilə bağlanmış 006R********** saylı kredit razılaşmasının ləğv edilməsi, cavabdehlər Əliyev Samir Yahya oğlundan, Cavabdeh5 müştərək qaydada iddiaçı 006R********** saylı kredit razılaşması üzrə 6796.38 manat məbləğində kredit borcu, 2108.29 manat məbləğində faiz borcu və 6145.6 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 15050 manat 27 qəpik məbləğində borcun, mediasiya prosesi ilə bağlı ödənilmiş 200 manat xərcin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması; Gəncə şəhəri, Kəpəz rayonu. 20 yanvar küçəsində mülkiyyətində olan 0.0251 ha torpaq sahəsi və həmin sahəsində yerləşən 100.8 m2 ümumi sahədən ibarət 21 nömrəli fərdi yaşayış evinin açıq hərracdan satılması, 15050.27 manat məbləğində borcun və mediasiya prosesi ilə bağlı ödənilmiş 200 manat xərcin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-nə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Əliyev Samir Yahya oğlundan, Cavabdeh5 ümumi qaydada tutulması, Gəncə şəhəri, Kəpəz rayonu, 20 yanvar küçəsində mülkiyyətində olan 0.0251 ha torpaq sahəsi və həmin sahəsində yerləşən 100.8 m2 ümumi sahədən ibarət 21 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Əliyev Samir Yahya oğlunun, X1, Cavabdeh1 və X3 həmin fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılması və Alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırlmışdır ki, Əliyev Samir Yahya oğluna "xxxx" QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 006L**********37 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 500000 manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Əliyev Samir Yahya oğlu "xxxx" QSC iəl bağladığı xx.xx.2019-cu il tarixli 006R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 manat məbləğində krеdit götürmüşdür. Əliyev Samir Yahya oğlu krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2020-ci il tarixdən banka qaytarmamışdır. Əliyev Samir Yahya oğlu götürdüyü krеdit bоrcundan 19000.25 manat ödəmiş, onun 999.75 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinəəsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Əliyev Samir Yahya oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 611 gün üçün hesablanmış faiz borcu 3131.25 manat təşkiledir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 611 gün üçün hеsablanmış cərimə 9180.38 manat təşkil edir. Bundan başqa, uzunmüddətli kredit müqaviləsi üzrə Əliyev Samir Yahya oğlu "xxxx" QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 006R********** saylı krеdit razılaşması əsasında 32 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 12000 manat məbləğində krеdit götürmüşdür. Əliyev SamirYahya oğlu krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2020-ci il tarixdən banka qaytarmamışdır. Əliyev Samir Yahya oğlu götürdüyü krеdit bоrcundan 2693.07 manat ödəmiş, onun 9306.93 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Əliyev Samir Yahya oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2021-ci il tarixə 532 gün üçün hesablanmış faiz borcu 2108.29 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2021-ci il tarixə 532 gün üçün hеsablanmış cərimə 6145.6 manat təşkil edir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Əliyev Samir Yahya oğlunun öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеh Cavabdeh5 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Krеdit xətti müqaviləsi üzrə Əliyev Samir Yahya oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh ipoteka verən Əliyev Samir Yahya oğlu ilə Bank arasında bağlanılmış xx.xx.2019-cu tarixli 006M**********01 saylı ipoteka müqaviləsi (Gəncə şəhər 1 saylı notariat kontorunun xüsusi notariusu E.Ş.Əliyev tərəfindən təsdiq edilib) əsasında Gəncə şəhəri, Kəpəz rayonu, 20 yanvar küçəsində mülkiyyətində olan 0.0251 ha torpaq sahəsi və həmin sahəsində yerləşən 100.8 m² ümumi sahədən ibarət 21 nömrəli fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixində qeydiyyata alınmış ********** qeydiyyat nömrəli çıxarışla Gəncə şəhəri, Kəpəz rayonu, 20 yanvar küçəsində mülkiyyətində olan 0.0251 ha torpaq sahəsi və həmin sahəsində yerləşən 100.8 m² ümumi sahədən ibarət 21 nömrəli fərdi yaşayış evi Əliyev Samir Yahya oğlunun kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyata alınmışdır. İpoteka saxlayan "xxxx" QSC cavabdeh ipoteka verən Əliyev Samir Yahya oğluna «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanunun 36.2-ci bəndinə uyğun olaraq xx.xx.2021-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilmısi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqına bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə xx.xx.2021-ci il tarixdə Azərbyacan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə təqdim olunmuşdur və həmin idarədə qeydiyyata alınmışdır. İddiaçının nümayəndəsi X9 məhkəmə iclasında izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi. Cavabdeh Əliyev Samir Yahya oğlu məhkəmə iclasında izahat verərək bildirdi ki, götürdüyü kredit üzrə yananmış borcların bir qismini ödəmiş və qalan borcu isə ilin sonuna qədər tam ödəyəcəkdir. Digər cavabdehlər Cavabdeh1, X5, X2 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, səbəbləri barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, tələb qismən təmin edilməlidir. İş materiallarında olan: xx.xx.2019-cu il tarixli 006L**********37 saylı uzunmüddətli kredit müqaviləsindən görünür ki, Əliyev Samir Yahya oğlu ilə "xxxx" QSC arasında bağladığı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 500000 manat məbləğində krеdit хətti açılmışdır. xx.xx.2019-cu il tarixli 006R********** saylı krеdit razılaşmasından görünür ki, borcverən– "xxxx" QSC borcalan - Əliyev Samir Yahya oğluna aylıq faiz dərəcəsi 1.8333% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 manat məbləğində krеdit verməyi, borcalan- Əliyev Samir Yahya oğlu isə 36 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdəsinə götürür. xx.xx.2019-cu il tarixli 006R********** saylı krеdit razılaşmasından görünür ki, borcverən – "xxxx" QSC borcalan-Əliyev Samir Yahya oğluna aylıq faiz dərəcəsi 1.8333% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 12000 manat məbləğində krеdit verməyi, borcalan- Əliyev Samir Yahya oğlu isə 32 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdəsinə götürür. xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, xx.xx.2019-cu il tarixli 006L**********37 saylı uzunmüddətli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək üçün Cavabdeh5 arasında zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2019-cu tarixli 006M**********01 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, xx.xx.2019-cu il tarixli 006L**********37 saylı uzunmüddətli kredit müqaviləsinin təminatı kimi Əliyev Samir Yahya oğlunun mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, 20 yanvar küçəsində yerləşən 0.0251 ha torpaq sahəsi və 100.8 m² ümumi sahədən ibarət 21 nömrəli fərdi yaşayış evi ipoteka predmeti kimi yüklü edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqına daşınmaz əmlakın dövət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Əliyev Samir Yahya oğlunun mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, 20 yanvar küçəsində mülkiyyətində olan 0.0251 ha torpaq sahəsi və həmin sahəsində yerləşən 100.8 m² ümumi sahədən ibarət 21 nömrəli fərdi yaşayış evi "xxxx" QSC-nin xeyrinə yüklü edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin ******* nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, ünvan 1 ünvanında Cavabdeh1, X7, X4 qeydiyyatdadırlar. xx.xx.2021- ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, cavabdehlərə borc məbləğinin ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2021-ci il tarixli maliyyə arayışıdan görünür ki, xx.xx.2019-cu il tarixli 006R********** saylı krеdit razılaşması üzrə Əliyev Samir Yahya oğlunun banka olan borcu əsas borc üzrə 9306.93 manat, faiz borcu üzrə 2108.29 manat, cərimə borcu üzrə 6145.6 manat olmaqla, cəmi borc 17560.82 manat təşkil edir. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2019-cu il tarixli 006R********** saylı krеdit razılaşması üzrə Əliyev Samir Yahya oğlunun banka olan borcu əsas borc üzrə 999.75 manat, faiz borcu üzrə 3131.25 manat, cərimə borcu üzrə 9180.38 manat olmaqla, cəmi borc 13311.38 manat təşkil edir. İş üzrə təyin edilmiş əmlakın qiymətləndirilməsinə dair ekpertiza rəyində "xxxx" MMC tərəfindən ipoteka ilə yüklü edilmiş Əliyev Samir Yahya oğlunun mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, 20 yanvar küçəsində yerləşən 0.0251 ha torpaq sahəsi və 100.8 m² ümumi sahədən ibarət 21 nömrəli fərdi yaşayış evinin bazar dəyəri 39 000 manat, likvid dəyəri isə 33 000 manat kimi qeyd edilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 006R********** saylı kredit razılaşmasının şərtlərinə görə Əliyev Samir Yahya oğluna kredit verilmişdir. Cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıqlar göndərilsə də, borc məbləği ödənilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddiaçı borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər (AR MM-in 449.1-ci maddəsi). Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər (AR MM-in 449.3-cü maddəsi). İddia tələbinin penya – yəni dəbbə pulu məbləğinə dair hissəsini müzakirə edən məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 463-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Yuxarıda sadalanan maddələrin məzmunundan göründüyü kimi, dəbbə pulu borclunun kredit müqaviləsi üzrə kreditor qarşısında üzərinə götürdüyü öhdəliklərin təmini üsullarından biri olmaqla kreditorun mümkün zərərdən qorunmasına təminat verir və dəbbə pulu borclunun icra etməli olduğu öhdəliyi icra etmədikdə alınır. Həmçinin qanunverici imperativ qaydada müəyyən etmişdir ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləği olduğundan bu barədə razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Əks təqdirdə həmin razılaşma etibarsız sayılır. Ona görə də tərəflər dəbbə pulunun miqdarını müəyyənləşdirməkdə sərbəstdirlər. Lakin qanunvericilik mülki hüquq məsuliyyətinin həcmini nəzərə alaraq bununla bağlı da konkret nizamlayıcı normalar müəyyən etmişdir. Mülki qanunvericiliyə görə mülki hüquq məsuliyyətinin iki növü vardır: zərərin əvəzinin ödənilməsi və dəbbə pulu. Zərərin əvəzinin ödənilməsi ümumi (universal), dəbbə pulu isə xüsusi təbiətə malik məsuliyyət tədbiridir. Borclu öhdəliyi icra etməməklə hüquq pozuntusuna yol verdikdə, o, zərərin əvəzinin ödənilməsi formasında məsuliyyət daşıyır. Lakin, qanunda və ya müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda dəbbə pulu (borclunun kreditora ödəməli olduğu pul məbləği) alınması da nəzərdə tutula bilər. Belə halda məsuliyyətin həcmi dəbbə pulunun zərərin əvəzinin ödənilməsi kimi universal məsuliyyət formasına uyğunlaşdırılması imkanından asılı olaraq müəyyən ediləcəkdir. Məhz bu uyğunlaşdırma formasından asılı olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 466-cı maddəsi dəbbə pulunun dörd növünü fərqləndirir: Birincisi, əvəzləşdirmə qaydasında ödənilən dəbbə pulu. Bu, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzinin ödənilməsini nəzərdə tutur. İkincisi, alternativ ödənilən dəbbə pulu, yəni borclu kreditorun istəyindən asılı olaraq ya dəbbə pulunu, ya da zərərin əvəzini ödəyir. Üçüncüsü, müstəsna dəbbə pulu, yəni borclu zərərin əvəzini ödəmir, o, təkcə dəbbə pulunu verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.3-cü maddəsi dəbbə pulunun məhz bu növünün tətbiqi zamanı dəbbə pulunun miqdarının mümkün zərərdən çox ola bilməsini müəyyən etmişdir. Dördüncüsü, cərimə dəbbə pulu. Bu zaman borclu öhdəliyin pozulmasına görə kreditora həm dəbbə pulunu, həm də zərərin əvəzini ödəyir. Hazırki iş üzrə dəbbə pulunun məhz bu növü tətbiq edilmişdir. Lakin, yuxarıda qeyd edildiyi kimi hesablanmış dəbbə pulu (cərimə) dəyən zərərin - faiz borcunun - həddini aşmışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.1-ci maddəsinin mənasına görə əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Yəni, hazırki iş üzrə iddiaçı cavabdehdən dəbbə pulunu (cəriməni) zərərin (hazırki iş üzrə hesablanmış faizlərin) minimum məbləği kimi tələb edə bilər. Başqa sözlə desək, dəbbə pulu (cərimə) mümkün zərərin minimum məbləğindən çox ola bilməz. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi məhkəmələrə işin konkret hallarını nəzərə almaqla tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Maddənin tələbinə görə tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Maddənin məzmunundan da göründüyü kimi dəbbə pulunun azaldılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq, maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, iddia tələbinin cərimə (dəbbə pulu) ilə bağlı hissəsi qismən təmin edilməli, tərəflər arasında bağlanmış müqavilələrdə dəbbə pulu miqdarı müəyyən edildiyindən və razılaşdırıldığından, lakin həmin müqavilə üzrə hesablanmış dəbbə pulu mümkün zərərdən tənasübsüz şəkildə çox olduğundan dəbbə pulu azaldılmaqla, 400 (dörd yüz) manat məbləğində tutulmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud, onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana tələbin ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki:

1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya

2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Məhkəmə fərdi yaşayış evinin boşaldıldıqdan sonra alıcıya təhvil verilməsi barədə onu qeyd edir ki, evi təhvil almaq hüququ olan şəxsin bəlli olması hərracın nəticələrindən sonra məlum olan bir məsələdir. Fərdi yaşayış evinin alıcıya təhvil verilməsi hərracın nəticələri barədə protokol ilə həll olunan məsələdir. Məhkəmə iddia tələbinin ipoteka predmetinin satışından əldə olunan vəsait Əliyev Samir Yahya oğlunun borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi hissəsinə münasibət olaraq qeyd edir ki, cavabdehdən ümumilikdə nə qədər pulun tutulmalı olması iddia tələbində və qətnamədə göstərilibdir. Tələbin bu hissəsi əvvəlki hissəni təkrarlayır. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, "xxxx" QSC ilə X10 arasında bağlanmış 006R********** saylı krеdit razılaşması ləğv edilməlidir. Cavabdehlər Əliyev Samir Yahya oğlundan və Cavabdeh5 müştərək qaydada 6796.38 (altı min yeddi yüz doxsan altı manat otuz səkkiz qəpik) manat kredit borcu, 2108.29(iki min yüz səkkiz manat iyirmi doqquz qəpik) manat faiz borcu və 400 (dörd yüz) manat cərimə borcu olmaqla, cəmi 9304.67(doqquz min üç yüz dörd manat altmış yeddi qəpik) manat məbləğində borc və 200 (iki yüz) manat mediasiya xərci tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Borc tələbi likvid dəyəri 33 000 manat olan Əliyev Samir Yahya oğlunun mülkiyyətində olan Gəncə şəhəri 20 yanvar küçəsində yerləşən 0.0251 ha torpaq sahəsi və həmin sahədə yerləşən 100.8 m2 ümumi sahədən ibarət 21 nömrəli fərdi yaşayış evinə yönəldilməli, həmin fərdi yaşayış evi açıq hərrac yolu ilə satılmalı və satışdan əldə olunan vəsait kredit borcuna yönəldilməlidir. İpoteka qoyulmuş fərdi yaşayış evinə tutma yönəldikdən və satıldıqdan sonra cavabdehlər Əliyev Samir Yahya oğlu, X4, Cavabdeh1 və X7 çıxarılmaqla fərdi yaşayış evi boşaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tələbi təmin edildiyindən, cavabdehdən 30 (otuz) manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,

q ə t e t d i:

İddia tələbi qismən təmin edilsin. "xxxx" QSC ilə X10 arasında bağlanmış 006R********** saylı krеdit razılaşması ləğv edilsin. Cavabdehlər Əliyev Samir Yahya oğlundan və Cavabdeh5 müştərək qaydada 6796.38(altı min yeddi yüz doxsan altı manat otuz səkkiz qəpik) manat kredit borcu, 2108.29(iki min yüz səkkiz manat iyirmi doqquz qəpik) manat faiz borcu və 400 (dörd yüz) manat cərimə borcu olmaqla, cəmi 9304.67(doqquz min üç yüz dörd manat altmış yeddi qəpik) manat məbləğində borc və 200 (iki yüz) manat mediasiya xərci tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Borc tələbi likvid dəyəri 33 000 manat olan Əliyev Samir Yahya oğlunun mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, 20 yanvar küçəsində yerləşən 0.0251 ha torpaq sahəsi və həmin sahədə yerləşən 100.8 m2 ümumi sahədən ibarət 21 nömrəli fərdi yaşayış evinə yönəldilsin, həmin fərdi yaşayış evi açıq hərrac yolu ilə satılsın və satışdan əldə olunan vəsait kredit borcuna yönəldilsin. İpoteka qoyulmuş fərdi yaşayış evinə tutma yönəldikdən və satıldıqdan sonra cavabdehlər Əliyev Samir Yahya oğlu, X4, Cavabdeh1 və X7 çıxarılmaqla fərdi yaşayış evi boşaldılsın. İş üzrə 250 (iki yüz əlli) manat ekspertiza xərci cavabdehlər Əliyev Samir Yahya oğlundan və Cavabdeh5 müştərək qaydada tutularaq “Məhkəmə Ekspertzası Xidmətləri“ MMC, “Kapital Bank“ ASC Qara Qarayev filalı, Kod: 200145, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h: AZ37NABZ********************, VÖEN**********, AZ90AİİB******************** saylı hesaba ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar