Məhkəmə qərarları › İş №e-2-2(115)-659/2022

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-659/2022

04.05.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-659/2022 04.05.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı dividendin ödənilməsi və pul tələbinə dair iddiası üzrə işə Gəncə Kommersiya Məhkəməsinin binasında məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2nə və Cavabdeh1 qarşı dividendin ödənilməsi və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 105971 manat dividendin, 42388 manat 40 qəpik əldən çıxmış faydanın, 120 manat vəkil xidmət haqqının və 400 manat mediasiya xərci və 50 manat dövlət rüsumu olmaqla, cəmi 148928 manat 30 qəpik pulun müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 01.04.2016-cı il tarixdə qeydiyyatdan keçən və Cavabdeh1 da iştirak etdiyi Cavabdeh2ndə təsisçidir. Cəmiyyətdə nizamnamə kapitalı 20 manat olmaqla 50% pay hüquq ona, digər 50% i isə Cavabdeh1 məxsusdur. Cəmiyyət təsis edildikdən bu günədək cavabdeh və digər təsisçi Cavabdeh1 tərəfindən idarə edilmişdir. Cəmiyyət mənfəətlə işlədiyi halda bu günədək ona bir manat da olsun divident ödəməmişdir. Dividend ödənilməsi və cəmiyyətin fəaliyyəti zamanı əldə edilmiş gəlirlər və gəlirlərin əldə edilməsi ilə bağlı çəkilən xərclər haqqında olan sənədləri və digər məsələlərlə bağlı cəmiyyətin fəaliyyəti ilə bağlı hesabat tələb etsə də nə hesabat, nə sənədlər nə də ki, dividendi verməmişdir. Bununla bağlı əsassız cavab məktubu ilə kifayətlənmişdirlər. Cəmiyyətin fəaliyyəti ilə bağlı dövlət və hüquq mühafizə orqanlarına etdiyi şikayətlərin araşdırılması zamanı mənə məlum oldu ki, cəmiyyətin ƏDV daxil ümumi gəliri ******* manat olmuşdur. Cəmiyyətin ƏDV-siz dövriyyəsi 1.271.650, manatdır. Yuxarıda qeyd edilən düstura əsasən hesablama aparılarsa cəmiyyətin mənfəəti aşağıdakı qaydada hesablanmalıdır. Cəmiyyətin gəlirinə görə 1.271.650,0 (G) : (100+20) x 20 = 211942,0 manat mənfəət əldə edilmiş olur. Onun həmin müəssisədə 50% pay hüququnu nəzərə alaraq 211942 manat mənffətin yarısı, yəni 105971 manat divident ona ödənilməlidir. Bundan başqa hazırkı iddianın verilməsi üçün vəkilə ödənilmiş 120 manat xidmət haqqı, 400 manat mediasiya xərci, ümumilikdə əldən çıxmış fayda şəklində 42388 manat 40 qəpik cavabdehlərdən müştərək qaydada alınıb mənə ödənilməlidir. Belə ki, həmin divident mənə vaxtında ödənilsəydi mən həmin vəsaiti minimum illik 10%-ə banka depozitə qoyub gəlir əldə edə bilərdim. Ona görə də mənim əldən çıxmış faydam 105971 x 10%= 10597,1 x 4 il = 42388 manat 40 qəpik təşkil edir. Cavabdeh1 iddia tələbinə qarşı etirazı məhkəməyə təqdim edərək, İddiaçı tərəfindən verilmiş iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh1 qarşı dividentin və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 20.09.2021-ci il tarixli e-2(043)-1599 saylı qərardadı əsasında iş materiallları aidiyyati üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Gəncə Kommersiya məhkəməsinin hakimi Kənan Vəliyev 17.12.2021-ci il tarixdə işə mahiyyəti üzrə baxaraq (iş № e-2-2(115)-1462/2021) iddianı baxılmamış saxlamışdır əsas isə "xxxx" MMC-nin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ali orqanı hesab edilən ümumi yığıncağı tərəfindən qəbul edilmiş qərar ilə həyata keçirildiyindən və hazırda belə bir qərar mövcud olmadığından iddianı mövcud durumda məhkəmə qaydasında baxılması mümkünsüz hesab etmişdir. Qərardan narazı qalan İddiaçı, həmin qərardan Gəncə Apelyasiya Məhkəməsinə şikayəti vermiş və həmin işə apelyasiya qaydasında baxılaraq Gəncə Kommersiya Məhkəməsinin 22 dekabr 2021ci il tarixli e-2- 2(115)-1462/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır İş № 2- 2(104)- 69/2022. Göründüyü kimi, bu işə məhkəmə qaydasında baxılmışdır ancaq bunlara baxmayaraq iddiaçı tərəf eyni predmet və eyni tələb üzrə təkrar məhkəməyə müraciət etmişdir. Əlavə olaraq bildirirəm ki həmin müəssisənin həm səhmdarı həm də müdiri olaraq ümumi yığıncağın protokolu tərtib edilməmişdir. İşdə iştirak edən şəxslərə məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə hazırlıq iclasına gəlməmişdirlər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı cəmiyyətin nizamnamə kapitalındakı 50% paya sahib olma əsası ilə gəlirdən dividend tələb edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.15-ci maddəsində dividentin anlayışı verilmişdir. Həmin maddədə göstərilir ki, dividend - hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi, o cümlədən hüquqi şəxs ləğv edilərkən xalis mənfəəti hesabına formalaşan əmlakın (aktivlərin) bölüşdürülməsi, habelə səhmlərin (payların) xalis mənfəət hesabına artırılan nominal dəyəri hüdudlarında geri alınması ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödənişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 90-1.1-ci maddəsinə görə məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qərarda mənfəətin tamamilə və ya qismən bölüşdürülməsi müəyyən edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Muradov və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 noyabr 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 iyun 2017-ci il tarixli qərarında qeyd etmişdir ki, mənfəətin bölüşdürülməsi yalnız ümumi yığıncağın qərarı ilə həyata keçirilir. Ümumi yığıncaq mənfəətin həm tam, həm də qismən bölüşdürülməsini müəyyən edə bilər. Bu isə Məcəllənin yuxarıda göstərilən normasına görə mənfəətin bölüşdürülməsi üçün bilavasitə məhkəməyə müraciət olunmasını mümkünsüz edir. Konstitusiya Məhkəməsinin Plenumunu qərarından görünür ki, dividentlərin ödənilməsi ilə bağlı məsələlərdə şəxslərin bilavasitə, yəni birbaşa olaraq məhkəməyə müraciət etməsi yolverilməz sayılmışdır. Yuxarıda qeyd olunan hüquq normalarının tələbindən göründüyü kimi mənfəətin bölüşdürülməsi məsələsinə səhmdarlarının ümumi yığıncağında baxılır. Cəmiyyətin səlahiyyətli orqanının qərarı olmadan mənfəətin bölüşdürülməsi həyata keçirilə bilməz. Göründüyü kimi hazırkı mübahisənin məhkəməyə qədər həll edən orqan mövcuddur. Məhkəmə hesab edir ki, dividendin hüquqi şəxsin iştirakçıları arasında bölüşdürülməsi cəmiyyətin ali orqanı hesab edilən ümumi yığıncağı tərəfindən qəbul edilmiş qərar ilə həyata keçirildiyindən və hazırda belə bir qərar olmadığından iddianın mövcud durumda məhkəmə qaydasında baxılması yolverilməzdir. Məhkəmə iddia tələbinin 42388 manat 40 qəpik əldən çıxmış faydanın ödənilməsi hissəsi üzrə onu qeyd edir ki, mübahisə üzrə dividentin ödənilməsi əsas tələbdir. Əldən çıxmış faydanın ödənilməsi əsas tələbə münasibətdə əlavə tələbdir. Əsas tələbə mahiyyəti üzrə baxılmadan əlavə tələbə baxılması mümkünsüzdür. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 259.0. və 259.0.1-ci maddələrinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 259.0.12-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Belə olan halda hazırkı mübahisə üzrə bu imkan iddiaçı tərəfindən itirilmədiyindən məhkəmə ərizəni baxılmamış saxlamalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı dividendin ödənilməsi və pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259-260, 263-264cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı dividendin ödənilməsi və pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar