Məhkəmə qərarları › İş №e-2-2(115)-66/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-66/2025

13.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-66/2025 13.03.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-nin direktoru X2 ona vurduğu 30000 manat zərərin, 325 manat vəkilə ödədiyi məbləğin, bundan əlavə olaraq ödədiyi 180 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o qadın paltarlarının alqı-satqısı ilə məşğul olur. 2022-ci ildə Gəncə Qalası adı altında fəaliyyətə başlayan ticarət mərkəzində qadın paltarlanın alqı-satqısı ilə məşğul olmaq məqsədilə hamı kimi ticarət mərkəzinin müdiriyyətinə müraciət etmişdir. Beləliklə, o 2022-ci ilin may ayının əvvəlində fəaliyyətə başlamış və xx.xx.2022-ci il tarixdə 23/11-10 saylı subicarə müqaviləsi bağlayaraq 60 m2lik 2-ci mərtəbədə olan yerini rəsmiləşdirmişdir. Müqavilə müddəti bitməsinə təxmini 1 ay qalmış icarəyə verən ona bildirmişdir ki, bu hissəni başqa məqsəd üçün istifadə edəcəklər, onlara aşağı mərtəbədən yer verəcəyik, oranı təmir etdirib orada satışı davam etdirsin. O, 2-ci mərtəbəni icarəyə götürən zaman təxmini 3000 (üç min) manat civarında həmin yerin təmirinə pul xərcləmişdir, bundan əlavə olaraq, icarə müqaviləsində aylıq 60 manat rəsmi icarə haqqı verəcəyi göstərilsə də, ayda 500-750 manat aralığıda icarə haqqı ödəmişdir. Onlar ona aşağı mərtəbəyə düşməyini bildirdikdə, irad bildirmişdir ki, o bura bu qədər xərc çəkmişdir, indi də aşağını təmir etdirməlidir. Onlar ona bildirmişdilər ki, icarə müqavilənin vaxtı 1 aya bitir, istəmirsənsə çıx. Belə olan halda onun kifayət qədər əlində malı olduğu üçün o, məcbur olub onlarla razılaşmışdır. Beləliklə, o, həmin ərəfədə 7000 (yeddi min) manat kredit götürmüş və həmin hissəni təmir etdirmişdir. Sonra xx.xx.2023-cü il tarixdə 23/11-9 saylı subicarə müqaviləsi bağlayaraq 90 m2-lik 1-ci mərtəbədə yer götürərək fəaliyyətini davam etdirməyə başlamışdır. İcarə müqaviləsində aylıq 180 manat rəsmi icarə haqqı verəcəyi göstərilsə də, ayda 1800-2000 manat aralığıda icarə haqqı ödəmişdir. Bir neçə ay işlədikdən sonra, ona bildirmişlər ki, aşağı mərtəbənin hamısını, təxmini 520 m2-lik bir ərazini götürməlidir, ya da ki, malını yığışdırıb çıxmalıdır. O, onlara bildirmişdir ki, icarə müqaviləsinin müddəti bitəndə çıxacaq. Lakin cavabdeh tərəf ona bildirdi ki, 1 gün müddətində çıxmalıdır. Belə olan halda o, onlara bildirdi ki, ona təxmini 10 gün müddət versinlər, yer tapsın və mallarını çıxarsın. Beləliklə, o, aprel ayının 4-də başqa yer tapmış və cavabdeh tərəfə bildirmişdir ki, yer tapmışdır, bir neçə günlük orda iş var, oranı düzəldərək mallarını çıxardacaqdır. 1 gün sonra, yəni aprel ayının 5-də ona bildirmişlər ki, ya malını çıxartmalısan, ya da mallarını çölə tökəcəklər. Onların icarə müqaviləsi olduğundan və cavabdeh tərəfindən ona hər hansı bildiriş verilmədiyindən arxayın olaraq, tapdığı yeni ərazini təmir edərək, vitirinləri düzəldərək 2 günə çıxacağını planlaşdırmış və bu barədə qarşı tərəfə məlumat vermişdir. Sonra o, yeni tapdığı dükanda düzəliş işləri (virinin yığılması) ilə məşğul olmağa başlamış və işləyən zaman yıxılmış və başından xəsarət almışdır. Onu Bakı Neyrocərrahiyyə xəstəxanasına aparmışlar. Ona görə o, həmin gün gedib mallarını çıxarda bilməmişdir. Bir neçə gündən sonra qardaşı onun mağazasına getmiş, gedən zaman mağazanın sökülməsini, mallarının isə yığılaraq bir küncə tökülməsini görmüşdür. Beləliklə, cavabdeh tərəf icarə müqaviləsini pozmadan və onun iştirakı olmadan onun mağazasını sökmüş və mallarını çölə tökmüşlər. Beləliklə, cavabdeh ona bu etdiyi qanunsuz əməlləri nəticəsində təxmini 30000 manat civarında ziyan vurmuşdur. O cavabdehə ona vurduğu zərərrin əvəzinin ödənilməsi üçün müraciət etsə də o, onun müraciətinə əhəmiyyət verməmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-1594/2024 saylı qərardadı ilə İddiaçı cavabdeh X3 qarşı pul tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması, dövlət büdcəsinə ödənilmiş 181 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan İddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 22 avqust 2024-cü il tarixli e-2-2(115)-1594/2024 nömrəli qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin 16 avqust 2024-cü il tarixli, e-2- 2(115)-1594/2024 saylı qərardadından iş üzrə iddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin xx.xx.2024-cü il tarixli e-2-2(102)- 571/2024 nömrəli qərardadı ilə İddiaçı şikayəti təmin edilmiş, Gəncə Kommersiya Məhkəməsinin 2024-cü il 16 avqust tarixli e-2-2(115)- 1594/2024 nömrəli qərardadı ləğv edilmiş və iş növbəti prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Gəncə Kommersiya Məhkəməsinə qaytarılmışdır. Daha sonra iddiaçı məhkəməyə cavabdehin əsl cavabdehlə əvəz olunması barədə ərizə təqdim edərək, vurulmuş zərərin əvəzinin ödənilməsi "xxxx" MMC-nin direktoru X4 tərəfindən yox, zərərin əvəzinin ödənilməsini "VENERA İR” MMC-dən tələb etdiyini bildirmişdir. Bundan başqa iddiaçı iddia tələbinin dəqiqləşmə ərizəsi məhkəməyə təqdim edərək bildirmişdir ki, ona vurulmuş olan 30000 manat zərərin 3000 (üç min) manatı iddia ərizəsində qeyd eldiyi kimi yuxarı yer üçün çəkdiyi xərc, 11000 (on bir min) manatı yuxarı yer üçün 60 manata icarə haqqı bağladığı halda hər ay 500-750 əlli manat ödənişlər elədiyindən əmələ gəlmişdir. 7000 (yeddi min) manat aşağı yerin düzəldilməsi üçün çəkdiyini xərcdir, 6650 (altı min altı yüz əlli) manatı aşağı yer üçün 180 manata icarə haqqı bağladığı, halda 4 ay müddətində artıq ödədiyi məbləğdir. 1350 (min üç yüz əlli) manatı onun icarəyə götürdüyü mağazanı öz başına dağıdaraq mallarını ortalığa tökmüşlər ki, mallarımdan təxmini bu qədər əksilik gəlmişdir. 1000 (min) manat isə ona vurulan mənəvi ziyandır. Ona görə də ümumilikdə cavabdehdən vurduğu maddi və mənəvi zərərin əvəzi olaraq 30000 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, 2023-cü ilin aprelindən ödəniş etsə də, ona ödəniş qəbzləri verilməmişdir. Əlavə olaraq kommunal xərcləri də ödəmişdir. Belə olan halda kifayət qədər əlində mal olduğu üçün məcbur olub onlarla razılaşmışdır. Obyektlərin təmirinə 2 dəfə xərc çəkmişdir. O, heç bir hesaba pul köçürməmişdir. Hər ayda icarə haqqını ödəmişdir və ona ödəniş qəbzi təqdim edilmişdir. 1-ci ay 1000 manat, 2-ci ay 1800 manat, 3-cü ay 2050 manat, 4-cü ay 1800 manat icarə haqqı ödəmişdir. Bundan başqa işıq sisteminə 2000 manat xərc çəkmişdir.Odur ki, iddianın tam şəkildə təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, obyektlər boş vəziyyətdə İddiaçı icarəyə verilmişdir. İddiaçı orada təmir-tikinti, quraşdırma işləri aparmışdır. İcarə müqaviləsinin müddəti bitməmiş ona deyiblər ki, həmin yeri başqa şəxsə verəcələr, oranı tərk eləsin. İddiaçı da işi ilə əlaqədar məcbur olub, 1-ci mərtəbədə yer icarəyə götürmüş və orada da təmir işləri aparmışdır. Odur ki, iddianın tam şəkildə təmin edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, müqavilədəki şərtlərdəki kimi, qarşı tərəf orada asılqanları yerləşdirir, xidmət göstərilməsi üçün bəzi işləri görür. Bu isə təmir hesab olunmur. Çünki həmin obyekt əsaslı təmir olunub. Malların mağazadan kənara atılması da doğru deyil, əgər belə bir hal baş versəydi, qarşı tərəf polis orqanlarına məlumat verərdi. Bundan başqa qarşı tərəf 2023-cü ilin aprel ayından etibarən ödəniş etmir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: icarə müqaviləsi, subicarə müqaviləsi, elektron qaimələr və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 697.4. Kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “B.Mürsəlovun şikayəti üzrə” qəbul etdiyi 12 mart 2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur... Kəsici müddətlər hüququn özünün xitamı ilə nəticələnir... Kəsici müddət məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır... Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. İş materiallarında olan xx.xx.2022-ci il tarixli,23/11-10 nömrəli subicarə müqaviləsinə əsasən icarəyə verən "xxxx" MMC ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 30 m2 olan obyekti icarəçi İddiaçı icarəsinə verməyi, icarəçi isə müqavilə ilə müəyyən edilmiş icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli,23/11-9 nömrəli subicarə müqaviləsinə əsasən icarəyə verən "xxxx" MMC ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 90 m2 olan obyekti icarəçi İddiaçı icarəsinə verməyi, icarəçi isə müqavilə ilə müəyyən edilmiş icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə ilk növbədə iddia tələbinin xx.xx.2022-ci il tarixli, 23/11-10 nömrəli subicarə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən Gəncə Qalası Ticarət Mərkəzinin 2-ci mərtəbəsində icarə götürdüyü 30 m2-lik obyektin təmirinə çəkmiş olduğu 3000 manat məbləğində xərcin və müqaviləyə əsasən aylıq 60 manat ödəməli olduğu halda aylıq 500-750 manat icarə haqqının ödənilməsi nəticəsində artıq ödənilmiş 11000 məbləğində pulun cavabdehdən tutulması ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi kəsici müddət tətbiq edilməklə həmin hissələrdə rədd edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən, iddiaçının və onun nümayəndəsinin izahatlardan göründüyü kimi tərəflər arasında xx.xx.2022-ci il tarixli subicarə müqaviləsi bağlanılmış və müqavilənin müddəti xx.xx.2023-cü il tarixədək müəyyən olunmuşdur. Müqavilənin müddəti xx.xx.2023-cü il tarixində bitdiyindən tərəflər arasında icarə hüquq münasibətlərinə xitam verilmişdir. Bundan sonra tərəflər arasında xx.xx.2023-cü il tarixli, 23/11-9 nömrəli yeni subicarə müqaviləsi bağlanılmış və iddiaçı ticarət mərkəzinin birinci mərtəbəsində yerləşən ümumi sahəsi 90 m2 olan obyekti icarəyə götürmüşdür. Mülki Məcəllənin 697.4-cü maddəsinin tələblərinə əsasən kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. İddiaçının xx.xx.2022-ci il tarixli subicarə müqaviləsi əsasında cavabdeh tərəfindən onun istifadəsinə verilmiş icarə obyektinə görə çəkdiyi xərc və icarə haqqının artıq ödənilməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsinə dair iddiası üçün kəsici müddətin başlanğıc anı tərəflər arasında kirayə hüquq münasibətlərinə xitam verildiyi andan, yəni xx.xx.2023-cü il tarixdən başlamışdır. Lakin iddiaçı cavabdehlə icarə hüquq münasibətlərinə xitam verildikdən təxminən 8 ay keçdikdən sonra, xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən kəsici müddəti ötürmüş iddiaçının hüququ artıq mövcud deyil. Qeyd edilənlərdən də göründüyü kimi, hazırkı iş üzrə iddiaçı tərəfindən kəsici müddət ötürülməklə cavabdehə qarşı tələb irəli sürülmüş, bununla da iddiaçının hüququ xitam olunmuşdur. Ona görə də iddia tələbi həmin hissələrdə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin xx.xx.2023-cü il tarixli, 23/11-9 nömrəli subicarə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən Gəncə Qalası Ticarət Mərkəzinin 1-ci mərtəbəsində icarə götürdüyü 90 m2-lik obyektin təmirinə çəkmiş olduğu 7000 manat məbləğində xərcin, müqaviləyə əsasən aylıq 180 manat ödəməli olduğu halda 4 ay müddətinə icarə haqqının ödənilməsi nəticəsində artıq ödənilmiş 6650 manat məbləğində pulun və icarə götürdüyü obyektdən qanunsuz çıxarılması zamanı orada olan malların əksik gəlməsi nəticəsində vurulmuş 1350 manat məbləğində ziyanın ödənilməsi ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissələrdə də rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən norma sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Qanunvericiliyə əsasən iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 2007-ci il 26 iyul tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probatio (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (Makhmudov v. Russia, № 35082/04, § 68, 26 iyul 2007-ci il). Qeyd edilən prinsip universal olaraq hazırkı iş üzrə araşdırma qaydasına tətbiq olunmalıdır. İddiaçı xx.xx.2023-cü il tarixli, 23/11-9 nömrəli subicarə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən Gəncə Qalası Ticarət Mərkəzinin 1-ci mərtəbəsində icarə götürdüyü 90 m2-lik obyektin təmirinə 7000 manat məbləğində xərcin çəkilməsi ilə bağlı faktı sübuta yetirə bilməmiş və bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bu halları təsdiq edən konkret mötəbər dəlil gətirməmiş, bunu təsdiq edən hər hansı mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. İddiaçı müqaviləyə əsasən aylıq 180 manat ödəməli olduğu halda 4 ay müddətinə icarə haqqının ödənilməsi nəticəsində artıq ödənilmiş 6650 manat məbləğində pulun cavabdehdən tutularaq ödənilməsini məhkəmədən xahiş etsə də, icarə haqqının artıq ödənilməsi ilə bağlı hər hansı sübutları məhkəməyə təqdim edə bilməmiş və qeyd etdiyi halı sübuta yetirə bilməmişdir. Belə ki, iddiaçı öz izahatında bildirmişdir ki, müqavilədə icarə haqqı 180 manat göstərilsə də, əslində o cavabdehə aylıq 1800-2000 manat məbləğində icarə haqqı ödəmişdir. Lakin iddiaçı bununla bağlı hər hansı sübutları məhkəməyə təqdim edə bilmədiyindən iddia tələbi həmin hissədə də təmin edilə bilməz. Eyni zamanda iddiaçı icarə götürdüyü obyektdən qanunsuz çıxarılması zamanı orada olan malların əksik gəlməsi nəticəsində vurulmuş 1350 manat məbləğində ziyanın ödənilməsini məhkəmədən xahiş etsə də, malların əksik gəlməsi ilə bağlı hər hansı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iddiaçı iddia ərizəsində cavabdeh tərəfindən mağazanın söküldüyünü, eyni zamanda ona məxsus malların yığılaraq çölə töküldüyünü və nəticədə həmin malların əksik gəlməsi nəticəsində ona maddi ziyan vurulduğunu bildirmişdir. Lakin qanunvericiliyin tələbinə əsasən həmin halı sübuteemə yükü iddiçının üzərinə düşməsinə baxmayaraq həmin halı sübuta yetirə bilməmişdir. Həmçinin məhkəmə iddia tələbinin cavabdeh tərəfindən iddiaçıya vurulmuş 1000 manat məbləğində mənəvi ziyanın ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə də əsassız olduğundan rədd edilməlidir «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarının 2-ci bəndində isə qeyd edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Hazırki iş üzrə iddiaçı mənəvi ziyan tələbini cavabdehin ona qarşı törətdiyi qanunsuz hərəkətlərdən gərginlik və sarsıntı keçirməsi ilə əsaslandırsa da, iddiasının hüquqi əsasını təşkil edən, yəni məhz cavabdehin hərəkəti nəticəsində sağlamlığının pozulmasını və fiziki əzab çəkməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi qiymət verilən hissədə də rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdehna qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar