Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-67/2024 08.02.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında, baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19 fevral 2018-ci il tarixli, 2604 nömrəli icarə müqaviləsi üzrə ödənilməli olan 4234,34 manat icarə haqqı borcu, 611,97 manat cərimə borcu olmaqla, cəmi 4846,31 manat, 01 avqust 2022-ci il tarixli, 530 nömrəli subicarə müqaviləsi üzrə ödənilməli olan 1502 manat icarə haqqı borcu, 32,82 manat cərimə borcu olmaqla, cəmi 1534,82 manat məbləğində pulun, ödənilmiş 70 manat mediasiya xərcinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə əlaqədar icarəyə verən "xxxx" MMC ilə icarəçi Cavabdeh arasında 19 fevral 2018-ci il tarixli, 2604 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən icarəyə verən Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzində yerləşən, sahəsi 34 kv.metr ölçüsündə olan 2604 nömrəli qeyri-yaşayış sahəsini (mağaza) icarəyə verməyi, icarəçi isə icarəyə verənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi, habelə bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərə sözsüz əməl etməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış müvafiq müqaviləyə 05 yanvar 2022-ci il tarixli 01 nömrəli əlavə razılaşmaya əsasən, qeyd edilən qeyri-yaşayış sahəsinə görə 01 yanvar 2022-ci il tarixdən 01 mart 2022-ci il tarixədək aylıq icarə haqqının 154 manat məbləğində müəyyən olunması razılaşdırılmışdır. Tərəflər arasında imzalanmış 19 fevral 2018-ci il tarixli, 2604 nömrəli icarə müqaviləsinə icarəyə verən tərəfindən 29 iyul 2022-ci il tarixli sazişlə icarəçinin müraciəti əsasında borc öhdəlikləri istisna olmaqla, digər öhdəliklərə xitam verilmişdir. Eyni zamanda, qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə əlaqədar icarəyə verən "xxxx" MMC ilə icarəçi Cavabdeh arasında 01 avqust 2022-ci il tarixli, 530 nömrəli subicarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən icarəyə verən Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarə Mərkəzinin 2-ci mərtəbəsində yerləşən, sahəsi 68 kv.metr ölçüsündə olan 2507-2606 nömrəli qeyri-yaşayış sahəsini (kişi geyimi mağazası) icarəyə verməyi, icarəçi isə icarəyə verənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi, habelə bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərə sözsüz əməl etməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış müvafiq müqaviləyə 13 fevral 2023-cü il tarixli 01 nömrəli əlavəyə əsasən, qeyd edilən qeyri-yaşayış sahəsinə görə 01 fevral 2023-cü il tarixdən 01 aprel 2023-cü il tarixədək aylıq icarə haqqının 250 manat məbləğində müəyyən olunması razılaşdırılmışdır. Tərəflər arasında imzalanmış 01 avqust 2022-ci il tarixli, 530 nömrəli subicarə müqaviləsinə icarəyə verən tərəfindən 31 may 2023-cü il tarixli sazişlə icarəçinin müraciəti əsasında borc öhdəlikləri istisna olmaqla, digər öhdəliklərə xitam verilmişdir. İcarəçi qeyd edilən müqavilələr üzrə ödənişlə bağlı üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, bununla da təqdim edilmiş 28 iyul 2023-cü il tarixli 02-07/411/1 nömrəli maliyyə arayışından görünür ki, 19 fevral 2018-ci il tarixli, 2604 nömrəli icarə müqaviləsi üzrə 29 iyul 2022-ci il tarixə icarəçi Cavabdeh icarə haqqı borcu 4234,34 manat, ona hesablanmış cərimə borcu 611,97 manat olmaqla, cəmi borc 4846,31 manat məbləğində, 28 iyul 2023-cü il tarixli, 02-07/411 nömrəli maliyyə arayışından görünür ki, 01 avqust 2022-ci il tarixli, 530 nömrəli subicarə müqaviləsi üzrə 31 may 2023-cü il tarixə icarəçi Cavabdeh icarə haqqı borcu 1502 manat, ona hesablanmış cərimə borcu 32,82 manat olmaqla, cəmi borc 1534,82 manat məbləğindədir. Borcun ödənilməsi ilə əlaqədar icarəyə verən tərəfindən icarəçinin ünvanına məktub (pretenziya) göndərilmiş, sonuncu tərəfindən borc ödənilməmiş, pretenziyaya rəsmi münasibət bildirilməmişdir. Göründüyü kimi, Cavabdeh icarə müqavilələrinə əsasən ödənişlə bağlı üzərinə götürdüyü öhdəlikləri icra etmir və həmin öhdəliklərin icrasından yayınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək həmin məzmunda izahat verdi, əlavə olaraq bildirdi ki, "X3" MMC avtovağzalı icarəyə götürmüşdür. Əvvəlki rəhbərliyin dövründə avtovağzalda təmir işləri aparılmış, təmirin müddəti 13 ay çəkmişdir. Avtovağzalın 34 qapısından 1-i təmirə bağlanmışdır, Düzdür, ola bilər ki, 20- 25 faiz insanların gediş-gəlişi azalmışdır, ancaq 1 qapının bağlı olması gediş-gəlişə tamamilə maneyə olmamışdır. Cavabdehlə iddiaçı arasında bağlanmış19 fevral 2018-ci il tarixli icarə və 01 avqust 2022-ci il tarixli subicarə müqaviləsinə xitam verilmişdir. Hər iki müqavilə üzrə hesablanmış borclar ödənilməmişdir. Sonradan cavabdehlə yenidən 01 iyun 2023-cü il tarixdə 639 saylı icarə müqaviləsi bağlanılmışdır. Cavabdeh tərəfindən təqdim olunmuş 15 noyabr 2023-cü il tarixli müqaviləyə əlavə də sonradan bağlanan müqaviləyə aiddir. Həmin əlavənin iddia tələbində qeyd edilən icarə və subicarə müqaviləsinə aidiyyəti yoxdur. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, icarəyə götürülmüş mağazaya əsas giriş qapısı bağlanaraq təmir işləri aparılmışdır. Hansı ki, həmin qapıdan Sumqayıt şəhərindən gələn avtobuslar və sərnişinlər istifadə etmiş, əhalinin ən çox istifadə etdiyi işlək qapı olmuşdur. Həmin qapı təmirlə bağlı bağlandığı üçün müştərilər icarəyə götürdüyü mağazanın qarşısından keçməmiş və o mağazanı işlədə bilməmişdir. Mağaza həmin müddətdə və pandemiya ilə əlaqədar bağlı olmuşdur. Digər qapılar açıq olsa da digər qapılardan keçən şəxslər onun icarəyə götürdüyü mağazanın qarşısından keçməmiş, onlardan al-ver etməsi üçün isə başqa qapıdan gəlib onlardan nəsə almamışdır. Sonradan iddiaçı ilə icarə müqaviləsi bağlamışdır. Qeyd etdiklərinin nəzərə alınaraq ədalətli qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 19 fevral 2018-ci il tarixli 2604 nömrəli İcarə müqaviləsindən görünür ki, icarəyə verən icarə obyekti olan Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında yerləşən, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin mərtəbəsində yerləşən, sahəsi 34 kv.metr ölçüsündə olan 2604 nömrəli qeyri-yaşayış sahəsini (mağaza) icarəçiyə icarəyə verməyi, icarəçi isə icarə obyektini istifadəsinə qəbul edib əvəzində icarəyə verənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.1-ci bəndinə əsasən müqavilənin qüvvədə olduğu müddət ərzində icarəyə verənə hər ay kommunal və sair xərclər daxil olmamaqla 220 manat (ƏDV daxil) həcmində icarə haqqı ödənilməsi müəyyən edilmişdir. İş materiallarında olan 19 fevral 2018-ci il tarixli 2604 saylı İcarə müqaviləsinə 05 yanvar 2022-ci il tarixli 01 nömrəli əlavə razılaşmadan görünür ki, tərəflər hazırki əlavə razılaşma ilə 19 fevral 2018-ci il tarixli 2604 saylı İcarə müqaviləsinə əsasən icarəyə verilmiş, Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında yerləşən, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin 2-ci mərtəbəsində yerləşən, sahəsi 34 kv.metr ölçüsündə olan 2604 nömrəli qeyri-yaşayış sahəsinə görə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək aylıq icarə haqqının 154 manat müəyyən olunması və müqavilənin qalan şərtlərinin dəyişdirilmədən saxlanılması barədə razılığa gəlmişlər. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 01 avqust 2022-ci il tarixli 530 nömrəli subicarə müqaviləsindən görünür ki, icarəyə verən Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında yerləşən, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin 2-ci mərtəbəsində yerləşən, sahəsi 68 kv.metr ölçüsündə olan 2507-2606 nömrəli qeyri-yaşayış sahəsini kişi geyimi mağaza sahəsi kimi icarəçinin istifadəsinə verməyi, icarəçi isə icarə obyektini istifadəsi üzrə müəyyən edilmiş icarə haqqını və qanunvericiliklə müəyyən edilmiş qaydada yaranan digər ödənişləri icarəyə verənə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 01 avqust 2022-ci il tarixli icarə müqaviləsinin bağlanılması üçün aktdan görünür ki, 2022-ci ilin avqust ayı üçün icarə haqqının ödənilməməsi, 2022-ci ilin sentyabr ayından 2022-ci ilin dekabr ayıda daxil olmaqla icarə haqqı 308 manat, sonrakı aylar isə 440 manat məbləğində ödəniləcəyi müəyyənləşdirilmişdir. İş materiallarında olan 29 iyul 2022-ci il tarixli icarə müqaviləsinə xitam verilməsi barədə sazişdən görünür ki, tərəflər arasında bağlanmış 19 fevral 2018-ci il tarixli 2604 nömrəli icarə müqaviləsinə tərəflərin razılığı ilə xitam verilmiş, həmiçinin icarəçinin hazırki müqaviləyə əsasən icarəyə verənə 4384,34 manat məbləğində icarə haqqı borcu olması qeyd edilmişdir. İş materiallarında olan 29 iyul 2022-ci il tarixli icarə müqaviləsinə xitam verilməsi barədə aktdan görünür ki, icarəçinin icarəyə verənə icarə müqaviləsi üzrə 4384,34 manat məbləğində borcunun olduğu qeyd edilmişdir. İş materiallarında olan 01 avqust 2022-ci il tarixli 530 nömrəli subicarə müqaviləsinə 13 fevral 2023-cü il tarixli 01 nömrəli əlavədən görünür ki, icarəçinin istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında yerləşən, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin 2-ci mərtəbəsində yerləşən, sahəsi 68 kv.metr ölçüsündə olan 2507-2606 nömrəli qeyri-yaşayış sahəsinə görə müqavilənin 3.1-ci bəndinə əsasən müəyyən olunmuş aylıq icarə haqqı dəyişdirilərək 250 manat məbləğində müəyyənləşdirilmiş, həmiçinin qeyd edilən məbləğ xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək qüvvədə olması qeyd edilmişdir. İş materiallarında olan 31 may 2023-cü il tarixli subicarə müqaviləsinə xitam verilməsi barədə sazişdən görünür ki, 01 avqust 2022-ci il tarixli 530 saylı subicarə müqaviləsinə tərəflərin razılığı ilə xitam verilmiş və subicarə müqaviləsi üzrə icarəçinin icarəyə verənə 1502 manat məbləğində borcu olması qeyd edilmişdir. İş materiallarında olan 31 may 2023-cü il tarixli İcarə obyektinin (qaytarılması) təhviltəslim aktından görünür ki, icarəçinin icarəyə verənə 01 avqust 2022-ci il tarixli subicarə müqaviləsi üzrə 1502 manat, müqavilənin 3.7-ci bəndinə əsasən 19 fevral 2018-ci il tarixli icarə müqaviləsi üzrə isə 4234,34 manat məbləğində icarə borcunun olması qeyd edilmişdir. İş materiallarında olan obyektin əməliyyat tarixçəsi haqqında hesabdan çıxarışdan görünür ki, icarəçi Cavabdeh 19 fevral 2018-ci il tarixli icarə müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixinədək ödənilməmiş icarə haqqı olaraq cəmi 1430 manat borc hesablanmışdır. İş materiallarında olan obyektin əməliyyat tarixçəsi haqqında hesabdan çıxarışdan görünür ki, icarəçi Cavabdeh 01 avqust 2022-ci il tarixli subicarə müqaviləsi üzrə yaranmış 3052 manat məbləğində borcundan 1550 manat ödəniş etmiş, nəticədə onun subicarə müqaviləsi üzrə icarəyə verənə 1502 manat məbləğində icarə borcu qalmışdır. İş materiallarında olan 28 iyul 2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2018-ci il tarixli icarə müqaviləsi üzrə icarəçi icarəyə verənə ümumilikdə 4177 manat məbləğində icarə haqqı ödəmiş, xx.xx.2022-ci il tarixə icarəçinin icarə haqqı üzrə əsas borcu 4234,34 manat, ona hesablanmış cərimə borcu isə 611,97 manat olmaqla, cəmi borcu 4846,31 manat təşkil edir. İş materiallarında olan 28 iyul 2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli icarə müqaviləsi üzrə icarəçi icarəyə verənə ümumilikdə 1550 manat məbləğində icarə haqqı ödəmiş, xx.xx.2023-cü il tarixə icarəçinin icarə haqqı üzrə əsas borcu 1502 manat, ona hesablanmış cərimə borcu isə 32,82 manat olmaqla, cəmi borcu 1534,82 manat təşkil edir. İş materiallarında olan 15 noyabr 2023-cü il tarixli 01 iyun 2023-cü il tarixli 639 nömrəli subicarə müqaviləsinə 01 nömrəli əlavə sazişdən görünür ki, icarəçinin istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında yerləşən, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin 2-ci mərtəbəsində olan və sahəsi 68 kv.metr ölçüsündə olan 2507-2606 nömrəli qeyri-yaşayış sahəsinə (1001 xırdavat mağazası) görə müqavilənin 3.1-ci bəndinə əsasən müəyyən olunmuş aylıq icarə haqqı dəyişdirilərək ƏDV daxil 250 manat müəyyənləşdirilmiş, bu əlavəni imzalamaqla icarəçi onunla 01 iyun 2023-cü il tarixində bağlanmış 639 nömrəli subicarə müqaviləsi üzrə 15 noyabr 2023-cü il tarixinə olan 325 manat məbləğində qalıq icarə haqqı borcunun olduğunu təsdiq edir. İş materiallarında olan 16 noyabr 2023-cü il tarixli arayışdan görünür ki, 01 aprel 2018-ci il tarixdən 01 may 2019-cu il tarixədək "xxxx" MMC-nin Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanındakı Bakı Beynəlxalq Avtovağzal Kompleksinin nəqliyyat qovuşağının ərazisində təmir-tikinti işləri getdiyindən ərazinin qapıları bağlanmışdı. Təmirtikinti işlərinin getdiyi 13 ay ərzində yaranmış problemlə bağlı "xxxx" MMC-nin rəhbərliyinə müraciət edən bir çox icarəçiyə güzəştlər tətbiq olunmuşdur. Cəmiyyətin xx.xx.2018-ci il tarixli 09 nömrəli əmrinə əsasən, Cavabdeh da 01 oktyabr 2018-ci il tarixdən 01 yanvar 2019-cu il tarixədək 3 ay müddətində güzəşt tətbiq edilərək onun ödəməli olduğu icarə haqqı yarıbayarı azaldılmışdır. İş materiallarında olan 21 noyabr 2023-cü il tarixli arayışdan görünür ki, Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin uzunmüddətli əsaslı təmirə bağlanması vaxtı, yəni 01 may 2018-ci il tarixdən 31 may 2019-cu il tarixədək olan müddət ərzində kompleks ərazinin yalnız təmir aparılan hissəsinə aid olan giriş qapısı bağlanılmış, kompleksin digər 33 qapısı açıq olmaqla icarəçi sahibkarlar öz ticarət fəaliyyətini davam etdirmişlər. Epidemoloji virusun yayılması nəticəsində elan edilən pandemiya səbəbindən obyektlərin bağlanması ilə bağlı xüsusatlar əsas götürülərək, həmin dövr ərzində icarəyə verən tərəfindən icarəçi qismində fəaliyyət göstərən sahibkarların heç birindən qeyd edilən aylıq icarə haqları və digər xərclər tələb edilməmiş və hesablanmamışdır. İş materiallarında olan 31 iyul 2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 676.0.1-ci maddəsinə əsasən kirayəyə verilən əşya kirayəçinin istifadəsi üçün yararlı vəziyyətdə olmalıdır. Həmin Məcəllənin 676.0.2-ci maddəsinə əsasən kirayəyə verilmiş əşya əmlak kirayəsi müqaviləsi ilə qarantiya verilmiş xassələrə malik olmalıdır. Həmin Məcəllənin 676.0.3-cü maddəsinə əsasən üçüncü şəxslərin hər hansı hüquqları və ya iddiaları kirayəyə verilmiş əşyanın müqavilədə nəzərdə tutulan istifadəsinə mane olmamalı və ya bu istifadəni istisna etməməlidir. Həmin Məcəllənin 677.1.1-ci maddəsinə əsasən əgər müqaviləyə uyğunsuzluğu nəticəsində əşya məhv olarsa və ya onun müqavilə üzrə müəyyənləşdirilmiş istifadəyə yararlığı azalarsa, əşyanın yararlığının itdiyi müddət üçün kirayəçi kirayə haqqını ödəməkdən azad edilir, onun yararlığının azaldığı müddət üçün isə yalnız kirayə haqqının bir hissəsini ödəməyə borclu olur. Yararlığın əhəmiyyətsiz dərəcədə azalması hesaba alınmır. Yaşayış otağının kirayəsi müqaviləsində kirayəçinin ziyanına olaraq bundan kənaraçıxmaların qüvvəsi yoxdur. Həmin Məcəllənin 677.3-cü maddəsinə əsasən kirayəçi kirayə müddəti ərzində aşkar etdiyi müqaviləyə hər hansı uyğunsuzluqlar barəsində və ya əşyanı və ya onun istifadəçilərini gözlənilməz təhlükədən qorumaq üçün tədbirlər görülməsi zərurəti barəsində kirayəyə verənə dərhal bildiriş verməlidir. Bu, əşya barəsində üçüncü şəxslərin hüquqlarının bəyan edildiyi hallarda da qüvvədədir. Əgər kirayəçi bildiriş vermirsə, bunun nəticəsində əmələ gələn zərərin əvəzini ödəməyə borcludur; kirayəyə verən kirayəçinin bildiriş verməməsi üzündən hər hansı qüsuru aradan qaldıra bilmədikdə, kirayəçinin bu Məcəllənin 677.1-ci maddəsində müəyyənləşdirilmiş hüquqları həyata keçirmək hüququ yoxdur. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq sahəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Məhkəmə qeyd edir ki, "xxxx" MMC ilə Cavabdeh arasında 19 fevral 2018-ci il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən icarəyə verən icarə obyekti olan Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında yerləşən, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin 2-ci mərtəbəsində yerləşən, sahəsi 34 kv.metr ölçüsündə olan 2604 nömrəli qeyri-yaşayış sahəsini (mağaza) icarəçiyə icarəyə verməyi, icarəçi isə icarə obyektini istifadəsinə qəbul edib əvəzində icarəyə verənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən 2604 nömrəli qeyri-yaşayış sahəsi Cavabdeh istifadəsinə verilmiş, sonuncu tərəfindən icarə haqqı olaraq icarəyə verənə ümumilikdə 4177 manat icarə haqqı ödənilmişdir. Bundan başqa xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək COVİD-19 pandemiyası ilə əlaqədar icarə haqqı hesablanmamışdır. Həmçinin iş materialları ilə müəyyən edilir ki, yəni 01 may 2018-ci il tarixdən 31 may 2019-cu il tarixədək olan müddət ərzində Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin nəqliyyat qovşağının ərazisi uzunmüddətli əsaslı təmirə bağlanmış, təmir vaxtı kompleksin təmir aparılan hissəsinə aid olan giriş qapısı bağlanılmışdır. İcarəçinin müraciəti əsasında 2018-ci ilin oktyabr, noyabr və dekabr ayları təmirlə bağlı manelərə görə icarə haqqı yarıya endirilmişdir. Tərəflər arasında 29 iyul 2022-ci il tarixdə saziş bağlanaraq icarə müqaviləsinə xitam verilmiş və icarəçiyə 4384,34 manat ödənilməmiş icarə haqqı hesablanmışdır. Məhkəmə bildirir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin 2.2-ci bəndinə əsasən icarə obyektini icarəçiyə yararlı, yangın və texniki təhlükəsizlik qaydalarına və tikinti normalarına uyğun vəziyyətdə vermək, müqavilə üzrə üzərinə götürdüyü bütün öhdəlikləri vaxtında və lazımı qaydada həyata keçirmək icarəyə verənin vəzifələrinə aid edilmişdir. Həmin müqavilənin 2.3.2-ci bəndinə əsasən icarəçinin bu müqavilənin qüvvədə olduğu müddət ərzində obyektdən, onun təyinatına uyğun olaraq fasiləsiz və manesiz istifadə etmək hüququ vardır. Yuxarıda qeyd edildiyi kimi 01 may 2018-ci il tarixdən 31 may 2019-cu il tarixədək olan müddət ərzində Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin nəqliyyat qovşağının ərazisi uzunmüddətli əsaslı təmirə bağlanmış, təmir vaxtı kompleksin təmir aparılan hissəsinə aid olan giriş qapısı bağlanılmışdır. Bu da icarəçinin icarəyə götürdüyü icra obyektindən istifadəsinə maneə yaratmışdır. Lakin icarəçi yaranan maneə səbəbindən obyektdən istifadə edə bilməməsi ilə bağlı məlumatı 2018-ci ilin may ayında deyil, oktyabr ayında icarəçiyə bildirmiş, həmin ilin 3 ayı, yəni oktyabr, noyabr və dekabr ayları icarə haqqı yarıya endirilmişdir. Təmir işləri 31 may 2019-cu il tarixədək olan müddətdə davam etsə də icarəçiyə icarə haqqı hesablanmışdır. Məhkəmə hesab edir ki, icarəçinin icarə obyektindən istifadəsinə yaranan maneə barədə icarəyə verənə məlumat verdiyi 2018-ci ilin oktyabr ayından təmirlə bağlı maneənin aradan qaldırıldığı tarixə, 31 may 2019-cu il tarixədək olan müddət ərzində icarəçi icarə haqqını ödəməkdən azad edilməlidir. Həmin müddətə isə icarəçi tərəfindən icarə haqqı olaraq 1430 manat hesablanmışdır ki, həmin məbləğ icarəçiyə hesablanmış qalıq borc məbləği olan 4234,34 manatdan çıxılmaqla, müqavilə üzrə hesablanmış digər vaxtlar üçün icra haqqı üzrə borc 2804 manat 34 qəpik məbləğində müəyyən edilməli və həmin məbləğ cavabehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin icarəyə verən tərəfindən təmirlə bağlı yaratdığı maneənin icarəçinin icarəyə götürdüyü icarə obyektindən istifadəyə hansı dərəcədə təsir göstərməsi, yəni icarə obyektindən istifadə edə bilməməsi və ya qismən istifadə edilə bilməsi ilə bağlı bildiriir ki, cavabdeh təmir getdiyi müddətdə ümumiyyətlə qeyri-yaşayış sahəsini işlədə bilmədiyini bildirmiş, iddiaçının nümayəndəsi isə ümumilikdə bir qapının bağlı olması, digər qapıların isə açıq olmasını izahatında qeyd etmişdir. Məhkəmə də cavabdehin bununla bağlı izahatını inandırıcı hesab edir. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması icarəyə verənin əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, icarəyə verən icarə obyektini icarəyə verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 19 fevral 2018-ci il tarixli icarə müqaviləsi üzrə 611 manat 97 qəpik məbləğində, dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, cərimə azaldılaraq 150 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, "xxxx" MMC ilə Cavabdeh arasında 01 avqust 2022-ci il tarixdə subicarə müqaviləsi bağlanmış, müqaviləyə əsasən icarəyə verən Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında yerləşən, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin 2-ci mərtəbəsində yerləşən, sahəsi 68 kv.metr ölçüsündə olan 2507-2606 nömrəli qeyri-yaşayış sahəsini icarəçinin istifadəsinə verməyi, icarəçi isə icarə obyektini istifadəsi üzrə müəyyən edilmiş icarə haqqını və qanunvericiliklə müəyyən edilmiş qaydada yaranan digər ödənişləri icarəyə verənə ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən qeyri-yaşayış sahəsi Cavabdeh istifadəsinə verilmişdir. Həmin subicarə müqaviləsinə 31 may 2023-cü il tarixdə sazişlə xitam verilmişdir. Müqavilə üzrə icarəçiyə 3052 manat məbləğində icarə haqqı hesablanmış, sonuncu tərəfindən icarə haqqı olaraq icarəyə verənə ümumilikdə 1550 manat icarə haqqı ödənilmişdir. Nəticədə icarəçinin icarəyə verənə 1502 manat əsas borcu, 32,82 manat cərimə borcu vardır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı subicarə müqaviləsi üzrə əsas borcu və həmin borca hesablanmış cəriməni cavabdehdən tələb etməkdə haqlıdır. Odur ki, tərəflər arasında bağlanmış 19 fevral 2018-ci il tarixli icarə müqaviləsi üzrə yaranmış 2804 manat 34 qəpik əsas borc və 150 manat cərimə borcu olmaqla, cəmi 2954 manat 34 qəpik məbləğində pul, 01 avqust 2022-ci il tarixli subicarə müqaviləsi üzrə isə 1502 manat əsas borc və 32 manat 82 qəpik cərimə borcu olmaqla, cəmi 1534 manat 82 qəpik məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan Gəncə 1 saylı mediasiya təşkilatı tərəfindən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmiş, iddiaçı tərəfindən 70 manat məbləğində mediasiya xərci ödənildiyi qeyd edilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 70 manat mediasiya xərci də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı mediasiyaya dair xərci ödədiyindən dövlət rüsumu ödəməkdən azad edilmiş, ona görə də iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 64 manat 89 qəpik məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 19 fevral 2018ci il tarixli 2604 saylı icarə müqaviləsinə əsasən 2804 manat 34 qəpik əsas borc, 150 manat cərimə borcu olmaqla cəmi 2954 (iki min doqquz yüz əlli dörd) manat 34 (otuz dörd) qəpik pul, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 01 avqust 2022-ci il tarixli 530 saylı subicarə müqaviləsinə əsasən 1502 əsas borc, 32 manat 82 qəpik cərimə borcu olmaqla cəmi 1534 (bir min beş yüz otuz dörd) manat 82 (səksən iki) qəpik pul və 70 (yetmiş) manat mediasiya xərci Cavabdeh tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Cavabdeh 64 (altmış dörd) manat 89 (səksən doqquz) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-67/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-67/2024
08.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver