Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-68/2021 24.12.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı X6-adil oğlunun cavabdeh X1 qarşı “əmtəə(xidmət) nişanının reklam lövhələrindən çıxarılması, əmtəələrin istifadə edilməsinin qadağan edilməsi və ondan qanunsuz istifadəyə görə dəymiş ziyanın ödənilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı X6-adil oğlu cavabdeh X1 qarşı tələb irəli sürərək “Aybəniz” əmtəə (xidmət) nişanını reklam lövhələrindən çıxarılması, həmin əmtəədən istifadənin qadağan edilməsi, “Aybəniz” əmtəə nişanından qanunsuz istifadə nəticəsində dəymiş ziyana görə 5000 manat məbləğində kompensasiyanın ödənilməsi, həmçinin, ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasını barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 20 ildən artıqdır ki, ünvan 1 ünvanında tort və digər şirniyyat məmulatlarının istehsalı və satışı həyata keçirilməklə bağlı 28.12.2015-ci il tarixdə “Aybəniz” adı ilə əmtəə nişanı şəhadətnaməsi almışdır, lakin ünvan 2 ünvanda “Aybəniz M-qızı” şirniyyat aləmi adı ilə eyni məhsullarının satışını həyata keçirən mağaza keyfiyyətsiz məhsul satışını həyata keçirməklə bir çox daimi müştərilərinin narazılığına səbəb olmuşdur. İddiaçının vəkili və nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbinin təmin olunmasını xahiş etmişdir. 31 mart 2021-ci il tarixli məhkəmə iclasında izahat verən X2 bildirmişdir ki, o, 1976-cı il tarixdən şirniyyat bişirir, hazırda Gəncə şəhəri, Yeni bazarda icarəyə obyekt götürüb orada şirniyyat və tortlar hazırlayır, adların qarışdırılması qeyri-mümkündür, çünki hamı şirniyyat evlərini yerləşdiyi yerə görə tanıyır. Cavabdeh X1 hazırkı məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi əsassızdır. İş üzrə təyin edilmiş məhkəmə ekspertizasının nəticəsi kimi təqdim edilən ekspert rəyində qeyd edilmişdir, təqdim edilmiş 2015 1810 qeydiyyat nömrə ilə qeydiyyata alınmış “X5” əmtəə nişanında və “Aybəniz M-qızı” şirniyyat aləmi yazısı olan lövhədə olan “AYBƏNİZ ŞİRNİYYAT” sözünün mənası eynilik təşkil edir, digər sözlər fərqlənirlər, yazı olan lövhələrin ümumi kompozisiyası oxşarlıq təşkil etmir, tədqiq olunan əmtəə nişanında olan “X5” yazını və lövhədə olan “Aybəniz M-qızı Şirniyyat aləmi” yazını təşkil edən şriftlər quruluşuna görə öz aralarında fərqlidirlər, qeydiyyata alınmış “X5” əmtəə nişanında olan yazı ilə “Aybəniz M-qızı” şirniyyat aləmi yazısı olan lövhədə olan yazılar və qrafik təsvirlər qarışdırılacaq dərəcədə oxşar deyildir. Məhkəmə hesab edir ki, tərəflərə məxsus “AYBƏNİZ” və “ŞİRNİYYAT” sözləri eyni olsa da, cavabdehə aid lövhədə əlavə olaraq “M-qızı” sözü də yazılmışdır ki, bu, onları biri-birindən kifayət qədər fərqli edir. Bundan əlavə “ev” və “aləm” sözləri də onları fərqləndirir. Bundan başqa, yazı olan lövhələrin ümumi kompozisiyası, şriftlər quruluşu və qrafik təsvirlər barədə oxşarlıq hallarının olub olmamasına xüsusi biliyə malik məsələ kimi ekspert rəyi ilə də aydınlıq gətirilmişdir. Son nəticə olaraq müəyyən edilmişdir ki, iddiaçıya məxsus əmtəə nişanı ilə cavabdehə aid ad arasında istehlakçıların aldadılmasına səbəb olacaq qədər və qarıdırılacaq dərəcədə oxşarlıq mövcud deyildir. Ona görə də bu məsələ iddiaçının əmtəə nişanı üzərində müstəsna hüququnun pozulması halı kimi qiymətləndirilmir. Belə olan halda məhkəmə eksper rəyini mötəbər sübut hesab edir. Sübut hüququnun prinsiplərinə görə iş üzrə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanunvericiliyə əsasən öz üzərinə düşən vəzifədən irəli gələrək iddiaçı iddia tələbini əsaslandıran bütün faktiki hallar barədə sübutları məhkəməyə təqdim etməyə borcludur. İddiaçı tərəfindən sübut etmə vəzifəsinin yerinə yetirilməməsi iddia tələbinin rədd edilməsinə səbəb olur. Məhkəmə qeyd edir ki, zərərin ödənilməsi ilə bağlı tələb əsas tələbə münasibətdə əlavə tələbdir. Oxşarlıq halı sübuta yetdiyi halda halda zərərin əvəzinin ödənilməsi əsaslı sayıla bilər.Çünki zərərin yaranmasının əsasında bir şəxsin başqasının mülkiyyət hüquqlarının pozulmasına yönələn təqsirli hərəkəti və ya hərəkətsizliyi dayandığı halda, təqsiri olan şəxs həmin zərərin əvəzini ödəmək öhdəliyini daşıyır. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinə əsasən əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır.Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir. Yuxarıda qeyd edilən maddi normanın məzmunundan göründüyü kimi, əmtəə nişanları eyni işarə əmtəə nişanları ilə istifadə olunduqda qarışdırma ehtimalı olur. Hazırki iş üzrə əmtəə nişanları istər dizayn cəhətdən, istərsə də məzmunca oxşarlıq təşkil etmir. Azərbaycan Respunlikası Mülki Prosessual Məcəllənin: 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 124.2-cü maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddiaçı X6-adil oğlunun cavabdeh X1 qarşı cavabdehin “Aybəniz” əmtəə (xidmət) nişanını reklam lövhələrindən çıxarılması, həmin əmtəədən istifadənin qadağan edilməsi, “Aybəniz” əmtəə nişanından qanunsuz istifadəyə görə iddiaaçıya dəymiş ziyana görə 5000 manat məbləğində kompensasiya ödənilməsinə, həmçinin, ödənilmiş 30 manat dövlət rüsumunun tutulması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə 73 (yetmiş üç) manat ekspertiza xərci X6-adil oğlundan tutlaraq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 saylı hesaba ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-68/2021
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-68/2021
24.12.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver