Məhkəmə qərarları › İş №e-2-2(115)-683/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-683/2023

15.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-683/2023 15.12.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit razılaşmasının, sazişlərin ləğv edilməsi və pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh3 ilə bağlanmış xx.xx.2019-cu il tarixli 017R********** saylı krеdit razılaşmasının, xx.xx.2020-ci il tarixli 017R**********S saylı, xx.xx.2020-ci il tarixli 017R**********SA saylı və xx.xx.2021-ci il tarixli 017R**********SB saylı sazişlərin ləğv edilməsi, cavabdеhlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 müştərək qaydada iddiaçının хеyrinə 017R********** saylı krеdit razılaşması üzrə 12485,43 manat krеdit bоrcu, 1393,73 manat faiz bоrcu və 2677,29 manat cərimə borcu olmaqla, cəmi 16556,45 manat bоrcun, ödənilmiş 200 manat mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 İddiaçı QSC ilə bağladığı xx.xx.2017-ci il tarixli 017L**********10 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 300000 ABŞ dolları məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh3 İddiaçı QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 017R********** saylı krеdit razılaşması əsasında 30 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli 017R**********S saylı, xx.xx.2020ci il tarixli 017R**********SA saylı, xx.xx.2021-ci il tarixli 017R**********SB saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh3 krеdit razılaşmasının tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2022-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh3 götürdüyü krеdit bоrcundan 7514,57 manat ödəmiş, onun 12485,43 manat kredit borcu qalmışdır. Kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 216 gün üçün hesablanmış faiz borcu 1393.73 manat, hеsablanmış cərimə 2677.29 manat təşkil edir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh3 izahat verərək göstərdi ki, iddiaçı ilə kredit müqaviləsi bağlayaraq bankdan sahibkarlıq fəaliyyəti ilə əlaqədar 20000 manat kredit götürmüşdür. Daha sonra saziş bağlayaraq yeni qrafik əldə etmişdir. Belə ki, mağazası yandığı üçün bankın əməkdaşları gəlib baxmış, sonra yeni qrafik tərtib etmişlər. Yeni qrafik üzrə müəyyən məbləğdə ödəniş etmişdir. Həmiçinin bank ona 5000 manat ödəniş etməyini və zaminlərdən birini çıxardıb, yeni qrafik veriləcəyini bildirmişdir. Ancaq ödəniş etsə də Cavabdeh1 zaminlikdən çıxarmamışlar. İddia tələbində qeyd edilən faiz borcu ilə razı deyil, çünki, pandemiya vaxtı faiz borcu hesablanmamalı idi. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh1 izahat verərək göstərdi ki, zaminlik müqaviləsi bağlamamışdan qabaq bankın nümayəndəsi olan Elvin müəllim ilə danışmışdır. Həmin vaxt onun öz adına krediti olmuşdur. Elvin müəllim ona zəng edərək zaminlik müqaviləsini formal olaraq bağlayacağını, zaminlik müqaviləsi bağlandıqdan 6 aydan sonra zaminlikdən çıxarılacağını, kredit müqaviləsi bağlanması üçün girov qoyulan əmlakın olmasını və başqa bir nəfərin də zamin olduğunu bildirmişdir. Zaminlik müqaviləsini və kreditin müddətinin uzadılması barədə sazişlərin yalnız birini özü imzalamışdır. Digər iki sazişdə onun razılığı alınmamışdır. Belə ki, əgər müqavilənin müddətinin uzadılması barədə saziş bağlanılırsa burada bütün zaminlərin də razılığı olmalıdır. O ancaq sonuncu sazişdə öz razılığmı bildirmişdir. İmzanı da iddiaçının Xırdalan filialında çəkmişdir. Ona görə də iki sazişə imza çəkmədiyi üçün onun zaminliyinə xitam verilməsini xahiş edir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh3 ilə "xxxx" QSC arasında bağlanmış 25 sentyabr 2017-ci il tarixli 017L**********10 saylı uzunmüddətli kredit müqaviləsindən görünür ki, ona 120 ay müddətinə, 25 sentyabr 2027-ci il tarixə 300000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan Cavabdeh3 ilə "xxxx" QSC arasında bağlanmış 29 dekabr 2019cu il tarixli 017R********** saylı krеdit razılaşmasından görünür ki, ona fərdi mikro kredit məqsədilə 30 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 20000 manat məbləğində krеdit verilmişdir. İş materiallarında olan 21 may 2020-ci il tarixli 017R**********S, 30 iyul 2020-ci il tarixli 017R**********SA və 27 yanvar 2021-ci il tarixli 017R**********SB saylı kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişlərdən görünür ki, 29 dekabr 2019-cu il tarixli 017R********** saylı krеdit razılaşmasının ödəniş planına dəyişiklər edilmişdir. Sonuncu 27 yanvar 2021-ci il tarixli 017R**********SB saylı kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişə əsasən 29 dekabr 2019-cu il tarixli krеdit razılaşmasının müddəti 04 sentyabr 2023-cü il tarixinədək uzadılmışdır . İş materiallarında olan 11 sentyabr 2020-ci il tarixli 017S**********01 və 017S**********02 saylı zaminlik müqavilələrindən görünür ki, Cavabdeh2 və Cavabdeh1 öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdələrinə götürmüşlər. İş materiallarında olan arayışından görünür ki, Cavabdeh3 kredit razılaşması üzrə xx.xx.2022-ci il tarixə banka 12485 manat 43 qəpik əsas borcu, 1393 manat 73 qəpik faiz borcu və 2677 manat 29 qəpik cərimə borcu olmaqla, ümumilikdə 16556 manat 45 qəpik bоrcu vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktublarının surətlərindən görünür ki, borclulara yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişlər. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 avqust 2023-cü il tarixli 9/4647 nömrəli ekspertiza rəyindən görünür ki, hazırki ekspertiza tədqiqatı zamanı, iş materiallarında olan hesabdan çıxarış məlumatları xx.xx.2017-ci il tarixli 017L**********10 saylı kredit xətti müqaviləsinin çərçivəsində imzalanmış xx.xx.2019-cu il tarixli 017R********** saylı kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alaraq Cavabdeh3 (sual üzrə tarixə) İddiaçı QSC-yə əsas borc üzrə 10650,55 manat, faiz borcu üzrə 2919,14 manat olmaqla, cəmi 13569,69 manat məbləğində borcunun olması müəyyən edilmişdir. Həmiçinin 29 dekabr 2019-cu il tarixli 017R********** saylı kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən Cavabdeh3 cərimə borcu hesablanmamışdır. Tədqiqatın dəyəri 100 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 oktyabr 2023-cü il tarixli 9/7298 saylı ekspertiza rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 29 dekabr 2019-cu il tarixli 017R********** saylı kredit razılaşmasında qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh3 İddiaçı QSC-nə borcu maliyyə arayışında qeyd edilən tarixə tarixə yəni xx.xx.2022-ci il tarixə əsas borcu 11197,02 manat, faiz borcu 2060,25 manat təşkil edir. Sualda qeyd edilən tarixə yəni xx.xx.2023-cü il tarixə əsas borcu 11197,02 manat, faiz borcu isə 3068,92 manat təşkil edir. Həmiçinin iş materiallarından göründüyü kimi Cavabdeh3 ilə İddiaçı QSC arasında bağlanmış 29 dekabr 2019-cu il tarixli 017R********** saylı kredit razılaşması üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank cərimə hesablamamışdır. Buna görə də hazırki tədqiqatla Cavabdeh3 cərimə hesablanmamışdır. Tədqiqatın dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin borc vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına borc vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, Cavabdeh3 ilə "xxxx" QSC arasında 25 sentyabr 2017-ci il tarixdə bağlanmış uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 300000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Cavabdeh3 ilə "xxxx" QSC arasında bağlanmış 29 dekabr 2019-cu il tarixli krеdit razılaşması üzrə isə ona fərdi mikro kredit məqsədilə 30 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 manat məbləğində krеdit verilmişdir. Daha sonra tərəflər arasında 21 may 2020-ci il tarixdə, 30 iyul 2020-ci il tarixdə və 27 yanvar 2021-ci il tarixdə bağlanılmış kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişlərə əsasən krеdit razılaşmasının ödəniş planına dəyişiklər edilmişdir. 27 yanvar 2021-ci il tarixli sazişə əsasən krеdit razılaşmasının müddəti 04 sentyabr 2023-cü il tarixinədək uzadılmışdır. İddiaçı kredit razılaşması üzrə üzərinə götürdüyü öhdəliyi icra etmiş, kredit məbləğini cavabdehə vermiş, cavabdeh isə kredit razılaşması üzrə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. İddiaçı iddia tələbində cavabdehdən 12485 manat 43 qəpik əsas borc və 1393 manat 73 qəpik faiz borcunun tutulmasını tələb etmişdir. 01 avqust 2023-cü il tarixli məhkəməmühasibatlıq ekspertizasının rəyi ilə kredit razılaşması üzrə Cavabdeh3 sualda göstərilən tarixə, yəni 27 aprel 2023-cü il tarixə banka 10650 manat 55 qəpik əsas borcu, 2919 manat 14 qəpik faiz borcunun olması müəyyən olunmuşdur. Həmiçinin 17 oktyabr 2023-cü il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə kredit razılaşması üzrə Cavabdeh3 maliyyə arayışında qeyd edilən tarixə yəni xx.xx.2022-ci il tarixə əsas borcu 11197,02 manat, faiz borcu 2060,25 manat, sualda qeyd edilən tarixə yəni xx.xx.2023-cü il tarixə isə əsas borcu 11197,02 manat, faiz borcu isə 3068,92 manat müəyyən olunmuşdur. Məhkəmə bildirir ki, Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. İş materiallarından görünür ki, iddiaçı müqavilənin və sazişlərin ləğv edilməsi, əsas borc məbləğinin, habelə faiz borcunun və cərimənin ödənilməsi ilə bağlı iradə ifadəsini iddia ərizəsini cavabdehlərə göndərdiyi vaxtdan, yəni 07 aprel 2023-cü il tarixdə bildirmişdir. Belə olan halda tərəflər arasında bağlanılmış kredit razılaşması və ona əlavə olaraq imzalanmış sazişlər məhkəmədən kənar həmin tarixdən ləğv edilmiş hesab edildiyindən məhkəmə qaydasında ləğv edilmə bilməz. Odur ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Bundan başqa məhkəmə 17 oktyabr 2023-cü il tarixli ekspertiza rəyi ilə müəyyən edilmiş məbləğdə əsas, kredit razılaşmasının və sazişlərin ləğv edildiyi 07 aprel 2023-cü il tarixə hesablanmış faiz borcunun cavabdehdən tutulmasını qanuni və əsaslı hesab edir. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə də qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 2677 manat 29 qəpik məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, cərimə azaldılaraq 300 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə eyni zamanda digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, onlar uzun müddətli kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən kredit məbləğinin və həmin məbləğə hesablanmış faiz və cərimə borcunun ödənilməsi üçün məsuliyyət daşıyırlar. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh3 kredit razılaşması üzrə iddiaçıya olan borcunu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh3 zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən Cavabdeh2 və Cavabdeh1 birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. Cavabdeh1 məhkəmə iclasında zaminlik müqaviləsini və kreditin müddətinin uzadılması barədə sazişlərin yalnız birini imzaladığını, digər iki sazişdə onun razılığının alınmadığını qeyd etmiş, zaminliyinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə bildirir ki, Cavabdeh1 borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımaqla bağlı razılaşmışlar. Zaminlik müqaviləsindən görünür ki, kredit müqaviləsinin məbləği 300000 ABŞ dolları, müddəti 120 ay, faiz dərəcəsinin yuxarı həddi 28% göstərilmişdir. Borcalan ilə bank arasında kredit razılaşmaları üzrə sazişlər bağlanılmış, həmin sazişlərlə kredit razılaşmasına dəyişiklik edilmiş, müddət uzadılmış, yeni qrafik tərtib edilmişdir. Hər üç saziş üzrə müddət, məbləğ və faiz dərəcəsi uzunmüddətli kredit müqaviləsində və zaminlik müqaviləsində göstərilən göstəricilərdən aşağı olmuşdur. Bundan başqa Cavabdeh1 kredit razılaşması üzrə bağlanmış ən son sazişlə razılaşaraq ödəniş qrafikini imzalamışdır. Odur ki, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış kredit razılaşması üzrə 11197 manat 02 qəpik kredit borcu, 1393 manat 73 qəpik məbləğində faiz borcu, 300 manat cərimə borcu olmaqla, cəmi 12890 manat 75 qəpik məbləğində borc cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan Tovuz 1 saylı mediasiya təşkilatı tərəfindən mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmiş, iddiaçının nümayəndəsi tərəfindən 200 manat məbləğində mediasiya xərci ödənildiyi qeyd edilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 200 manat mediasiya xərci cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı mediasiyaya dair xərci ödədiyindən dövlət rüsumunun müəyyən hissəsini ödəməkdən azad edilmiş, ona görə də iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 128 manat 67 qəpik dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı 200 manat ekspertiza xərcinin 100 manatı İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən, 100 manatı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 017R********** saylı kredit müqaviləsi üzrə yaranmış 11197 manat 02 qəpik kredit borcu, 1393 manat 73 qəpik faiz borcu və 300 manat cərimə olmaqla, ümumilikdə 12890 manat 75 qəpik məbləğində borc və 200 manat mediasiya xərci müştərək qaydada cavabdehlər Cavabdeh1 Cavabdeh2 və Cavabdeh3 tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 128 manat 67 qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı 200 manat ekspertiza xərcinin 100 (bir yüz) manatı İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən, 100 (bir yüz) manatı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X1, kodu:210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN:**********, hesab AZ34CTRE********************) ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar