Məhkəmə qərarları › İş №e-2-2(115)-686/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-686/2025

14.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-686/2025 14.08.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ”Bank Standard” Kommersiya Bankının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti ”Bank Standard” Kommersiya Bankının cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan olan Qapalı Səhmdar Cəmiyyəti ”Bank Standard” Kommersiya Bankı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 MTK və Cavabdeh1 müştərək qaydada xx.xx.2008-ci il tarixli KMHŞ ********** saylı kredit müqaviləsinin bitdiyi tarixdən xx.xx.2025-ci il tarixinə qədər əsas borca görə illik 5 faiz məbləğində hesablanan 72878,80 manat məbləğində yaranmış borcun, həmçinin 308,64 manat dövlət rüsümunun iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, QSC “Bank Standard” KB ilə Cavabdeh2 Mənzil Tikinti Kooperativi, onun icraçı direktoru Cavabdeh1 Aaydın oğlu arasında xx.xx.2008ci il tarixli KMHŞ ********** saylı kredit müqaviləsinə əsasən 125000 manat məbləğində 24 ay müddətinə illik 22% odəmək şərti ilə kredit verilmişdir. Kreditin təminatı olaraq xx.xx.2008-ci il tarixli MH № ******* saylı çıxarış əsasında Cavabdeh2 MTK-nın təsisçisi X1 şəxsi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.2824 ha torpaq sahəsi xx.xx.2008-ci il tarixli KMHŞ ********** saylı ipoteka müqaviləsi əsasında iddiaçıda yüklü edilmişdir və qeydə alınmışdır. Cavabdeh2 MTK kredit müqaviləsi əsasında üzərinə düşən öhdəlikləri vaxtında və lazımı qaydada yerinə yetirmədiyi üçün QSC “Bank Standard” KB iddia ərizəsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(044)-1999/2010 nömrəli qətnaməsi ilə QSC “Bank Standard” KB-nın iddia tələbi təmin edilərək 96206 manat əsas, 69014 manat faiz, 3527 manat cərimə olmaqla ümumilikdə 168747 manat məbləğində borcun Cavabdeh2 MTK-dan tutulması, tutmanın X1 şəxsi mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 0.2824 ha torpaq sahəsində yerləşən 368.9 kv m. ümumi, 318 kv.m əsas, 50.9 kv m. köməkçi sahədən ibarət olan əmlak kompleksinə yönəlməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına cavabdehin QSC “Bank Standard” KB olan borcuna yönəlməsi qət edilmişdir. Hal-hazırda hələ də Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(044)-1999/2010 nömrəli qətnaməsi üzrə olan borc məbləği ödənilməmiş və bunun nəticəsində cavabdehlərin kredit müqaviləsinin bitdiyi tarixdən xx.xx.2025-ci il tarixinə 96206 manat əsas borc üzrə gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu 72878,80 manat təşkil edir. Məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə3 iddia tələbinə uyğun izahat verərək göstərdi ki, cavabdeh tərəfindən borcun ödənilməsi ilə bağlı hər hansı sübut yoxdur. Borcun həmçinin Cavabdeh1 ona görə tutulmasını istəyirlər ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsi borcun hüquqi şəxsdən və Cavabdeh1 tutulmasını qət etmişdir. İpoteka predmeti olan əmlakın üzərinə qoyulmuş həbsin götürülməsinə dair məktub ona görə verilmişdir ki, İlahə xanımın əmlakı kreditin təminatı kimi girov qoyulmuşdu, daha sonra İlahə xanım banka yaxınlaşmış və əmlakının başqa adama satmaq istədiyini bildirmiş, onlar əmlakın ipoteka ilə yüklü qala-qala satılmasına icazə vermişlər. Beləcə əmlak Afdandil adlı şəxsə satılmışdır. Əvvəllər işləyən bank əməkdaşlarının sözünə görə İlahə xanım əmlakını satmaq istədiyinə görə icazə verilmiş, lakin əmlak üzərindən həbs götürülsün deyə belə bir addım atılmışdır. İcraatın dayandırlması barədə əvvəlki əməkdaşlardan soruşmuşdur, əllərində rəsmi yazılı sənəd yoxdur. Onların sorğusu əsasında da icra idarəsi onlara icra işi üzrə sənədləri verməmişdir. İcra mərhələsində xitamla bağlı qərar qəbul edilməmişdir. İcra sənədi üzrə icraat dayandırılması İlahə xanım əmlakı satdığı zaman olmuşdur, daha sonra icra hərəkətlərinin davam etdirilməsini xahiş etmişlər. İcraatın dayandırılması barədə məktub bank tərəfindən icraya göndərilmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 izahatında bildirmişdir ki, icradan icra işi ilə bağlı sənədləri istəsələr də hələ əldə edə bilməmişlər. Bank illik 5%-lə bağlı pulu tələb edir. Cavabdeh müqavilə bağlamış, kredit almış, üzərinə öhdəlik götürmüşdür, lakin öhdəliyini icra etməmişdir. Daha sonra məhkəməyə müraciət edilmiş və qətnamə qəbul edilmişdir. Qətnamənin olub-olmamasından asılı olmayaraq müqavilə müddəti bitdikdən sonra illik 5% məbləğ hesablanır. Əmlak İlahə xanımın olmuşdur. 2010-cu il tarixli qətnamə üzrə tutma əmlaka yönəldilmişdir, iş icrada olarkən Gəncə filialının müdüri ilə razılıq əldə edilmişdir ki, əmlak satılsın daha sonra banka pul ödənilsin. Əmlak girovda qalması ilə satılmasına razılaşdırılmış, 2013-cü ildə alqı-satqı olsa da pul banka ödənilməmişdir, əmlak başqa adamın adına keçmişdir. 2016-cı ildə 3-cü şəxslə ipoteka müqaviləsi bağlanmışdır. 2017-ci ildə "xxxx" MMC məhkəməyə müraciət edərək xahiş etmişdir ki, İlahə ilə Afdandil arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. İddia tələbi təmin edilsə də apellyasiya məhkəməsi qətnaməni ləğv etmişdir. Lakin apellyasiya şikayəti verənədək İlahə xanım əmlakı Qasım adlı şəxsə satmış, Qasım da həmin əmlakı "xxxx" MMC-də 80% paya sahib olan şəxsin arvadına satmışdır. 5%-lə bağlı tələb barədə iddia qaldırmamışdan qabaq Qasım müəllim də bankın rəhbərliyi ilə görüşə gəlib məsələni həll etməyə çalışsa da razılıq əldə edilməmişdir. İpoteka predmetinin başqasının adına keçməsinə ona görə razılıq verilmişdir ki, əmlak satılsın bankın borcu ödənilsin. Burada qətnaməni yubandırmaqdan söhbət getmir. Qasım müəllim banka gəlib bildirmişdir ki, borclarını Akkord ödəmişdir, rəhbərlik isə bildirmişdir ki, ödənişlə bağlı qəbzi gətirsin, ödəniş edilibsə borcunu silsinlər. Qasım müəllim şəxsən ona zəng etmişdir ki, bu borc ödənilmişdir, lakin o yenə pulu ödəməyə hazırdır, yetər ki, bank əmlakla bağlı iddianı geri götürsün. Səbəbini soruşduq da isə bildirib ki, əmlakı o əldə etmişdir. O da bildirmişdir ki, borcdan ödəniş edilsin, onlar da iddianı geri götürsünlər. Qarşı tərəf 20000-30000 manat pul təklif etsələr də rəhbərlik bu məbləğlə razılaşmamışdır. Başqa hər hansı səbəb bildirməmişdir. Təqdim edilən sənədlə əlaqədar bildirmişlər ki, həmin sənədlər Akkordun öz borcu ilə bağlı olmuşdur, Akkordun ödənişlərinin "xxxx" MMC-nin borcu ilə heç bir əlaqəsi yoxdur. O cümlədən bildirir ki, icra üzrə icraatın 5%-lə bağlı heç bir əlaqəsi yoxdur. Məhkəmənin əvvəlki iclasında iştirak edən cavbadeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, "xxxx" MMC əvvəllər Akkord şirkətinin nəzdində fəaliyyət göstərmişdir. Həmin vaxt Akkord onun nəzdində fəaliyyət göstərən şirkətlərin iddiaçı Banka olan borcunu ödəmişdir. Onda olan xx.xx.2013-ci il tarixli ərizəyə əsasən bank tutmanın yönəldilməsi nəzərdə tutulan əmlakın üzərinə qoyulmuş həbsin götürülməsinə və satılmasına etiraz etməmişdir. Bundan əlavə bank əvvəllər İlahə xanıma məxsus olmuş əmlakın alqı-satqı edilməsinə dair müqavilənin etibarsız hesab edilməsi və tutmanın həmin əmlaka yönəldilməsinə dair iddia qaldırmışdır. 2010-cu ilə qətnamə qəbul edilməsinə baxmayaraq iddiaçı qətnamənin icrası ilə maraqlanmamışdır, 2013-cü ildə isə əmlakın ipotekdan azad edilməsinə dair ərizə vermişlər. Əlbəttə ki, bunun səbəbi borcun ödənilməsi olmuşdur. Qasım müəllim ona bildirib ki, banka getmiş, rəhbərliklə görüşmüşdür, Qasım müəllimdən əlavə ödəniş tələb etmişlər. Qasım müəllim isə bildirib ki, əgər əlavə ödəniş edəcəksə niyə bu sənədləri banka təqdim edir. Təqdim edilən sənədlərdən görünür ki, 2010-cu ilin icra vərəqəsi üzrə 2024-cü ildə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. 10 ildən uzun müddət ərzində icra məmuru niyə onlardan pulu istəmirdi. Onlarda olan məlumata əsasən icra mərhələsində Akkord tərəfindən onların borcları ödənilmişdir. Ona görə də bank məktub yazaraq icra üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Onlar bankla razılaşmışlar. Ona görə də pulu qanunsuz olaraq saxlamamışlar, 5%-lə tələb olunan məbləği ödəməli deyillər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 izahatında bildirdi ki, icra sənədinin geri qaytarılması ilə bağlı məlumatı olmamışdır. Geri qaytarma qərarı rəsmi olaraq onlara təqdim edilməmişdir. İddialarının mahiyyəti ondan ibarətdir ki, cavabdehlər məhkəmə qətnaməsi əsasında onlara olan borclarını ödəməkdən yayındıqları üçün illik 5% həcmində faiz borcu tələb edirlər. Bir də əlavə olaraq qeyd edir ki, cavabdeh tərəf əmlakın girovdan azad olması ilə bağlı 2017-ci ildə iddia qaldırmışdır. Bügünki gündə girovda olan əmlak "xxxx" MMC-nin təsisçinin həyat yoldaşının mülkiyyətindədir, yəni faktiki olaraq təsisçinin sahibliyindədir. 2016, 2017-ci illərdə də danışıq olmuşdur ki, borc ödənilcək, lakin bundan yayınmışlar, daha sonra iddia ilə məhkəməyə müraciət edərək borcun ödənilməsindən yayınıblar. 2017-ci il qərarından məlumatları olandan sonra həmin qətnamədən onlar şikayət vermişlər. Həmin ərəfədə də icra şöbəsindən marqlanmışlar, ordan bildiriblər ki, icra vərəqəsi geri qaytarılmışdır. Həmin qərarın da ancaq onlara surəti verilmişdir. Rəsmi olaraq onlara verməyiblər. Daha sonra qətnamənin yenidən icraya yönəldilməsi ilə bağlı məhkəməyə müraciət etmişlər. Onlar məhkəməyə bildirmişlər ki, həmin geri qaytarma qərarı əsassız olduğu üçün ləğv olunmalıdır. Onların cavabdehin iddiasından 2022-ci ildə xəbərləri olmuşdur, ondan sonra apellyasiya şikayəti vermişlər. Cavabdehlərə isə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Cavbadeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan QSC “Bank Standart” KB ilə "xxxx" MTK arasında bağlanmış xx.xx.2008-ci il tarixli KMHŞ ********** saylı kredit müqaviləsindən görünür ki, borcalana illik faiz dərəcəsi 22% оlmaqla 24 ay müddətinə 125000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan ********** saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh2 MTK-ya ödənişlərin tarixləri, ödənişlərin məbləğləri göstərilməklə ödəniş cədvəli təqdim olunmuşdur. İş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 22 dekabr 2010-cu il tarixli 2(044)-1999/2010 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və "xxxx" MTK ilə QSC “Bank Standart” KB arasında bağlanmış 15 fevral 2008-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsindən irəli gələn ödənilməmiş 96206 manat məbləğində əsas borc, 69014 manat məbləğində faiz borcu, 3527 manat məbləğində cərimənin, ümumilikdə 168747 manat məbləğində borcun və 20 manat dövlət rüsumunun cavabdehlərdən tutulması, tutulacaq məbləğin kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş X3 tam müliyyət hüququ əsasında məxsus olan Gəncə şəhəri Nizami rayonu Mikayıl Müşviq küçəsi 13 ünvanında istifadədə olan 0.28248 ha torpaq sahəsində yerləşən 368,9 kv.m ümumi, 318 kv.m əsas, 50.9 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, bankın tələbləri ödənildikdən sonra qalan məbləğin cavabdehlərə qaytarılması, iddianın qalan hissəsinin rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnamə üzrə verilmiş icra vərəqəsindən görünür ki, icra vərəqəsi xx.xx.2011-ci il tarixdə icraya göndərilmişdir. İş materiallarında olan Gəncə şəhər Nizami rayon İcra şöbəsinin 334 nömrəli məktubundan və xx.xx.2011-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(044)-1999/2010 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Gəncə şəhər Nizami rayon İcra şöbəsinin xx.xx.2011-ci il tarixli icra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında qərardan görünür ki, həmin tarixə cavabdehlər və tələbkar QSC “Bank Standart” KB qarşılıqlı razılığa gəldiklərindən icra sənədi məhkəməyə geri qaytarılmışdır. İş materiallarında olan ləğv prosesində olan olan QSC ”Bank Standard” KB-nin Gəncə Şəhər Məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli icra sənədinin icraya yönəldilməsi ilə bağlı ərizəsindən görünür ki, ərizəçi Gəncə şəhər Nizami rayon İcra şöbəsinin xx.xx.2011-ci il tarixli qərarının ləğv edilməsi və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsinə uyğun verilmiş icra vərəqəsinin Gəncə şəhəri üzrə İcra idarəsinə göndərilməsini məhkəmdən xahiş etmişdir. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubu ilə tələbkarın xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi icra edilməsi üçün Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. İş materiallarında olan Gəncə şəhəri üzrə İcra İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan və icraata başlamaq haqqında qərarından görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(044)-1999/2010 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Gəncə şəhəri üzrə İcra İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, icraatda olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(044)-1999/2010 saylı icra sənədi Gəncə Şəhər Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixdə yenidən icra olunması üçün Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(044)-1999/2010 saylı icra sənədi bundan öncəki tarixlərdə göndərdiyi icra vərəqəsi və icra sənədində olan sənədlər Gəncə şəhəri üzrə İcra İdarəsinin arxivində aşkar edilməmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(104)- 384/2024 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 MMC cavabdehlər X3, X4 və DƏDRX-nin 3 saylı ərazi idarəsinə qarşı iddia tələbi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək cavabdeh X6 tərəfindən ünvan 3 ünvanda yerləşən 0.2824 ha torpaq sahəsinin cavabdeh X4 özgəninkiləşdirilməsinin qanunsuz hesab edilərək etibarsız sayılması, torpaq sahəsində dair X2 adına verilmiş dövlət reyestrindən ******* nömrəli çıxarışın ləğv edilməsini xahiş etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 14 iyul 2017-ci il tarixli 2(044)-2974/2017 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsi ilə qətnamədən maraqlı şəxs ləğv prosesində olan olan QSC ”Bank Standard” KB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 14 iyul 2017-ci il tarixli 2(044)-2974/2017 saylı qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(104)-1061/2025 saylı qətnaməsindən görünür ki, ləğv prosesində olan olan QSC ”Bank Standard” KB cavabdehlər Hüseynova Hicran Sətdar qızına, X5 və X3 qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək cavabdehlər X6 ilə X7 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış AN-1 ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, xx.xx.2019-cu il atrixli çıxarışın ləğv edilməsi, X7 ilə Hüseynova Hicran Sətdar qızı arasında xx.xx.2020-ci il tarixdə bağlanmış AN-1 ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və xx.xx.2020ci il tarixli çıxarışın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(125)-929/2025 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(125)-929/2025 saylı qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilmişdir. İş materiallarında olan xəbardarlıq məktubunun surətindən görünür ki, borclulara yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquq bağlılığı davam edir və MM-in 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Kredit müddəti ilə bağlı isə nəzərə alınmalıdır ki, bu müddət müvafiq öhdəliyin əmələ gəlməsi, zərurət olduqda ona xitam verilməsi və öhdəliyin icrasının gecikdirilməsi baxımından əhəmiyyət kəsb edir. Kredit müqaviləsi üzrə tərəflər arasında hüquq və vəzifələrin müəyyən bir anda əmələ gəlməsinə dair əldə olunan razılaşma borc alanın və borc verənin hansı andan etibarən, yaxud hansı ana qədər müəyyən hərəkətləri etməli olmaları, yaxud edə bilmələri ilə bağlıdır. Konstitusiya Məhkəməsinin Plenumunun mövqeyinə görə MM-in 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasmın Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında qeyd edir ki, beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Məhkəmə yuxarıda istinad olunan MM-in normalarının və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərini qarşılıqlı təhlil edərək belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə pul öhdəliyi tam icra olunanadək, yəni həmin öhdəlik üzrə müəyyən edilmiş pul vəsaiti (borc və faizləri) tam həcmdə kreditora qaytarılanadək və ya ipoteka predmeti kreditora təhvil verilənədək borclu kreditor qarşısında məsuliyyət daşıyır və kreditor hər hansı əlavə sübut təqdim etmədən həmin dövr üzrə MM-in 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə borcluya qarşı tələb irəli sürə bilər. Məhkəmə qeyd edir ki, QSC “Bank Standart” KB ilə "xxxx" MTK arasında xx.xx.2008-ci il tarixli bağlanmış kredit müqaviləsinə əsasən borcalana illik faiz dərəcəsi 22% оlmaqla 24 ay müddətinə 125000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 22 dekabr 2010-cu il tarixli 2(044)-1999/2010 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və "xxxx" MTK ilə QSC “Bank Standart” KB arasında bağlanmış 15 fevral 2008-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsindən irəli gələn ödənilməmiş 96206 manat əsas borc, 69014 manat faiz borcu, 3527 manat cərimə olmaqla ümumilikdə 168747 manat məbləğində borc və 20 manat dövlət rüsumunun cavabdehlərdən tutulması, tutulacaq məbləğin kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş X3 məxsus olan Gəncə şəhəri Nizami rayonu Mikayıl Müşviq küçəsi 13 ünvanında istifadədə olan 0.28248 ha torpaq sahəsində yerləşən əmlak kompleksinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, bankın tələbləri ödənildikdən sonra qalan məbləğin cavabadehlərə qaytarılması, iddianın qalan hissəsinin rədd edilməsi qət edilmişdir. İddiaçı müqavilənin müddətinin bitdiyi tarixdən xx.xx.2025-ci tarixədək qanuni qüvvəsini almış qətnamə ilə tutulmuş 96206 manat əsas kredit borcunun ödənilməsinin gecikdirilməsi nəticəsində əldən çıxmış fayda olaraq 72878,80 manat pulun cavabdehlərdən tutulub iddiaçıya ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi xx.xx.2008-ci il tarixli olmaqla 24 ay müddətinə bağlanmış və xx.xx.2010-cu ildə müddəti bitmişdir. Əsas borcun tutulmasına dair qətnamə üzrə icra vərəqəsi xx.xx.2011-ci il tarixdə icraya göndərilmiş, xx.xx.2011-ci il tarixdə icraata başlanılmışdır. İcra məmuru tərəfindən xx.xx.2011-ci il tarixdə həmin tarixə cavabdehlər və tələbkar qarşılıqlı razılığa gəldiklərindən icra sənədi məhkəməyə geri qaytarılmışdır. Yenidən tələbkarın xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən qətnamə icra edilməsi üçün Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərilmiş, xx.xx.2024-cü il tarixdə yenidən icraata başlanılmışdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müaviləsinin müddəti bitdiyi xx.xx.2010-cu il tarixdən icra sənədini geri qaytarıldığı xx.xx.2011-ci il tarixə 429 gün və yenidən icra sənədinin icraya yönəldildiyi xx.xx.2024-cü il tarixdən iddiaçının iddia tələbində göstərdiyi xx.xx.2025-ci il tarixə 170 gün, cəmi 599 gün üçün bir gün 13,36 manat olmaqla əsas borcun ödənilməsinin gecikdirilməsi nəticəsində illik 5%-lə hesablanmış əldən çıxmış fayda olaraq faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. xx.xx.2011-ci il tarixdən xx.xx.2024-cü il tarixədək isə əsas borcun ödənilməsinin gecikdirilməsi nəticəsində illik 5%-lə hesablanmış əldən çıxmış fayda olaraq faiz borcunun tutulmasını məhkəmə qanuni və əsaslı hesab etmir. Çünki icra vərəqəsinin məhkəməyə qaytarılması məhz tələbkar bankla borcluların razılıq əldə etməsi səbəbindən icra edilmişdir. Həmçinin iddiaçının nümayəndəsi də məhkəmə iclasında icra sənədi üzrə icraatın tələbkarın ərizəsi əsasında dayandırıldığını qeyd etmişdir. Keçən bu müddət ərzində tələbkar bank qətnamənin icrası ilə bağlı hər hansı hərəkət etməmiş, qətnamənin icrasını tələb etməmişdir. Məhkəmə, eyni zamanda digər Cavabdeh1 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, o kredit müqaviləsini hüquqi şəxsin icra orqanının rəhbəri kimi, hüquqi şəxsin səlahiyyətli nümayəndəsi qismində imzalamışdır. Cavabdeh1 ilə bank arasında mülki məsuliyyəti müəyyən edən hər hansı sənəd yoxdur. İddiaçı hüquqi şəxsin icra orqanının rəhbərinin hüquqi şəxsin borcları üçün məsuliyyət daşımasına dair məhkəməyə hər hansı sənəd təqdim etməmişdir. Ona görə də QSC ”Bank Standard” KB ilə Cavabdeh2 MTK arasında bağlanmış 15 fevral 2008-ci il tarixli KMHŞ ********** saylı kredit müqaviləsi üzrə 96206 manatın ödənilməsinin gecikdirilməsi nəticəsində 15 fevral 2010-cu il tarixdən 26 aprel 2011-ci il tarixdək və 02 avqust 2024-cü il tarixdən 22 yanvar 2025-ci il tarixədək illik 5%-lə hesablanmış əldən çıxmış fayda olaraq 612 manat 36 qəpik faiz borcu və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh2 MMC-dən tutularaq ləğv prosesində olan QSC ”Bank Standard” KB-na ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 308,64 manat dövlət rüsumu ödənilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 30 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. Qapalı Səhmdar Cəmiyyəti ”Bank Standard” Kommersiya Bankı ilə Cavabdeh2 Mənzil Tikinti Kooperativi arasında bağlanmış 15 fevral 2008-ci il tarixli KMHŞ ********** saylı kredit müqaviləsi üzrə 96206 manatın ödənilməsinin gecikdirilməsi nəticəsində 15 fevral 2010-cu il tarixdən 26 aprel 2011-ci il tarixdək və 02 avqust 2024-cü il tarixdən 22 yanvar 2025-ci il tarixədək illik 5%-lə hesablanmış əldən çıxmış fayda olaraq 612 (altı yüz on iki) manat 36 (otuz altı) qəpik faiz borcu və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh2ndən tutularaq ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti ”Bank Standard” Kommersiya Bankına ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar