Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-690/2023 06.07.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Orucova Vüsalə İsməli qızının katibliyi, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 , Cavabdeh1 iştirakları ilə İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 ilə bağlanmış xx.xx.2021-ci il tarixli 003R********** saylı krеdit razılaşmasının və Cavabdeh2 ilə bağlanmış xx.xx.2021-ci il tarixli 003R**********S saylı sazişin ləğv edilməsi, cavabdеhlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 003R********** saylı krеdit razılaşması üzrə 7126,65 manat krеdit bоrcu, 739,76 manat faiz bоrcu və 1464,08 manat cərimə borcu olmaqla, cəmi 9330,49 manat məbləğində bоrcun, ödənilmiş 100 manat mediasiya xərcinin və 13,30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş aidiyyəti üzrə baxılması üçün Ağdam Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 mübahisənin aidiyyəti ilə bağlı qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 mübahisənin aidiyyəti ilə bağlı qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə digər Cavabdeh2 məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə digər Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan “Accessbank" QSC-nin Sumqayıt filialı ilə X3 (VÖEN:**********) arasında bağlanmış 28 fevral 2018-ci il tarixli 003L**********24 saylı uzunmüddətli kredit müqaviləsindən görünür ki, 120 ay müddətinə 300000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan "xxxx" QSC-nin Sumqayıt filialı ilə X3 arasında 28 fevral 2018-ci il tarixli 003L**********24 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən bağlanmış 07 aprel 2021-ci il tarixli 003R********** saylı kredit razılaşmasından görünür ki, kreditverən fərdi mikro kredit məqsədi ilə 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1,8333% olmaqla 10000 manat məbləğində pul vəsaitini kreditalana verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2018-ci il tarixli 003S**********01 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 tərəflər arasında bağlanmış uzunmüddətli kredit müqaviləsi üzrə borclunun öhdəliklərin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 05 oktyabr 2021-ci il tarixli 003R**********S saylı kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişdən görünür ki, bank ilə X3 arasında 28 fevral 2018-ci il tarixli uzunmüddətli kredit müqaviləsi üzrə 07 aprel 2021-ci il tarixdə bağlanmış kredit razılaşması bu sazişə əlavə olunan 05 oktyabr 2021-ci il tarixli ödəniş planına (yeni ödəniş planı) uyğun olaraq dəyişdirilmiş, həmiçinin vərəsə Cavabdeh2 qeyd olunan 28 fevral 2018-ci il tarixli uzunmüddətli kredit müqaviləsi üzrə 07 aprel 2021-ci il tarixdə bağlanmış kredit razılaşması üzrə götürülmüş kreditin qalığını və hesablanmış faizləri bu razılaşmaya əlavə olunan 05 oktyabr 2021-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 05 oktyabr 2021-ci il tarixli 003S**********03 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 tərəflər arasında bağlanmış uzunmüddətli kredit müqaviləsi üzrə borclunun öhdəliklərin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2021-ci il tarixdə ölmüş və xx.xx.2021-ci il tarixli 174375 nömrəli şəhadətnamə verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri Heydər Əliyev prospekti ev 136A, 136B, 154A, 154B, 181 saylı mənzil xx.xx.2022-ci il tarixdə X1 adına qeydiyyatdan keçmişdir. Sumqayıt şəhər 3 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 4Ə-292 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə, Sumqayıt şəhər 3 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 3M-1116 reyestr nömrəli miras payın bağışlanması müqaviləsinə əsasən Cavabdeh2 adına özgəninkiləşdirilmişdir. İş materiallarında olan vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatdan görünür ki, Cavabdeh1 və Cavabdeh2 vergi orqanında qeydiyyatdan keçməmişlər. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 rəsmi qeydə alındığı yer Ağdam rayonu Ağdam şəhəri 20 Yanvar küçəsi ev 25-dir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 rəsmi qeydə alındığı yer Sumqayıt şəhəri 10-cu mikrorayon ev 21 mənzil 57-dir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı qərarın 11-ci bəndində göstərilmişdir ki, o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Həmin qərarın 12-ci bəndində göstərilmişdir ki, bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olubolmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndində qeyd edilir ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır, birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar. Məhkəmə qeyd edir ki, mübahisənin məhkəmə aidiyyəti, yəni ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aid olması müəyyən edilərkən üç meyar - işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əsas götürülür. Bu zaman kommersiya mübahisəsinin subyekti qismində hüquqi şəxslər, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər çıxış edə bilər. Hüquq münasibətlərinin xarakteri baxımından isə kommersiya mübahisəsi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmalıdır. Subyekt tərkibindən asılı olmayaraq tələb (və ya birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə münahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud tərəflərin onların bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldikdə işə kommersiya məhkəmələri baxır. İş materiallarından görünür ki, “Accessbank" QSC-nin Sumqayıt filialı ilə fərdi sahibkar statusuna malik olan X3 arasında 28 fevral 2018-ci il tarixli uzunmüddətli kredit müqaviləsi bağlanmış, həmin uzunmüddətli kredit müqaviləsinə əsasən tərəflər arasında 07 aprel 2021-ci il tarixli kredit razılaşması bağlanmış, razılaşmaya əsasən ona fərdi mikro kredit məqsədi ilə kredit verilmişdir. X3 məhkəmədə iddia qaldırılmazdan əvvəl vəfat etmiş, iddiaçı sonuncunun hüquqi varisi olaraq Cavabdeh2 və zamin Cavabdeh1 qarşı məhkəmədə iddia qaldırmışdır. Qeyd edilən cavabdehlər isə fərdi sahibkar statusuna malik deyillər, onlar vergi ödəyicisi kimi qeydiyyata alınmamışlar. Mübahisəyə kommersiya məhkəməsində baxılması üçün müəyyən edilmiş üç meyardan biri, işdə iştirak edən şəxslərin subyektiv tərkibinə dair şərtlər olmadığından hazırkı mübahisəyə kommersiya məhkəməsində deyil, ümumi məhkəmədə baxılmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, məhkəmənin qərardadından şikayət verildiyi təqdirdə şikayətə vəkilin orderi əlavə edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 407.4-cü maddəsinə əsasən şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. Yuxarıda qeyd edilən Plenum qərarının 9-cu bəndinə əsasən digər qərardadlardan fərqli olaraq Azərbaycan Respublikası MPM-nin 403-1.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 269-cu maddəsi əsasında şikayətə baxarkən öz qərardadının ləğv edilməməsi barədə qənaətə gəldikdən sonrakı 7 gün ərzində şikayəti xəbərnaməli bildirişlə işdə iştirak edən şəxslərə göndərməli, habelə hər birinə şikayəti aldıqdan sonra 5 gün müddətində kassasiya instansiyası məhkəməsinə etiraz və yaxud izahatlarını göndərmək hüquqlarını izah etməlidir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə müvafiq izah elektron qaydada işdə iştirak edən şəxslərə təqdim olunmalıdır. Yalnız bundan sonra iş kassasiya instansiyası məhkəməsinə göndərilməlidir ki, sonuncunun işə məhkəmə iclası keçirmədən qısaldılmış 10 günlük müddətdə baxma imkanı olsun. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24-26, 32, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iş aidiyyəti üzrə baxılması üçün Ağdam Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-690/2023
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-690/2023
06.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver