Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-696/2023 27.04.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Məmmədov Rəşad Seylan oğlu İddiaçı MMC-nin cavabdeh Çin Xalq Respublikasının “OUKE MACHİNERY CO., LTD” şirkətinə qarşı müqaviləyə xitam verilməsi və pul vəsaitinin geri qaytarılması tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı MMC cavabdeh Çin Xalq Respublikasının “OUKE MACHİNERY CO., LTD” şirkətinə qarşı müqaviləyə xitam verilməsi və pul vəsaitinin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Çin Xalq Respublikasının ”OUKE MACHİNERY CO.,LTD” şirkətindən 57500 ABŞ dolları məbləğində pul vəsaitinin və 10000 ABŞ dolları həcmində əldən çıxmış fayda olmaqla, ümumilikdə 67500 ABŞ dolları məbləğində pul vəsaitinin və 410 manat ödənilmş dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi məhkəmə tərəfindən icraata götürülərək baxıla bilməz və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Mülki Prosessual Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Mülki Prosessual Məcəllənin 36.1-ci maddəsinə əsasən yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. Mülki Prosessual Məcəllənin 36.11-ci maddəsinə əsasən icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Məhkəmə qeyd edir ki, xarici şəxslərin iştirakı ilə icraatı tənzimləyən mülkiprosessual qanunvericilik əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququnu təsbit etmişdir (Maddə 439.1). Mülki Prosessual Məcəllənin 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. Mülki Prosessual Məcəllənin 443.0 və 443.0.7-ci maddələrinə əsasən Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan işlərə baxmağa haqlıdır ki, iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəlmiş olsun. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, cavabdeh “OUKE MACHİNERY CO., LTD” şirkətinin ünvanı Çin Xalq Respublikasında yerləşir, şirkətin Azərbaycan Respublikasında olduğu yer və yaxud adətən gəldiyi yer mövcud deyil, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin ikinci bəndində yükləmə limanı Şanxay, təyinat limanı isə Bəndər Abbas qeyd olunmuşdur. Həmin müqavilənin icra edildiyi və ya mübahisənin həll edildiyi yer kimi Azərbaycan Respublikasının ərazisi qeyd edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.3-cü maddələrinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən hesab edirəm ki, İddiaçı MMC-nin cavabdeh Çin Xalq Respublikasının “OUKE MACHİNERY CO., LTD” şirkətinə qarşı müqaviləyə xitam verilməsi və pul vəsaitinin geri qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı MMC-nin cavabdeh Çin Xalq Respublikasının “OUKE MACHİNERY CO., LTD” şirkətinə qarşı müqaviləyə xitam verilməsi və pul vəsaitinin geri qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-696/2023
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-696/2023
27.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver