Məhkəmə qərarları › İş №e-2-2(115)-71/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-71/2024

27.02.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-71/2024 27.02.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Vəkil və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi X3 və X4 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı borcun silinməsi tələbinə ilkin və iddiaçı Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borc tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə əsassız hesablanmış 475807 manat 14 qəpik borcun silinməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC tərəfindən Samux rayonu, İstixana kəndində olan kənd təsərrüfatı fəaliyyəti ilə bağlı istehlakçı kimi Cavabdeh İB ilə abonent müqaviləsi bağlanılmışdır (abonent kodu: **********00068). Hazırda cavabdeh tərəfindən istehlakçı "xxxx" ASC-yə aidiyyəti olmayan, habelə mötəbərliliyi əsaslı şübhə doğuran sənədlər, o cümlədən rəy və aktlar əsasında qanunsuz olaraq borc hesablanmışdır. İstehlakçıya borcun hesablanması qanunsuz və əsassız olduğu üçün hesablanmış borc cavabdeh tərəfindən silinməlidir. İddiaçı "Azəriqaz" İB qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh Samux rayonu, İstixana qəsəbəsində yerləşən İddiaçı ASC-nin Cavabdeh İB-nə qarşı iddia tələbinin rədd edilməsi, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB-nin İddiaçı ASC-nə qarşı 475807,64 manat borcun qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC-dən tutularaq Cavabdeh İB-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh İB ilə Samux rayonu İstixana qəsəbəsində yerləşən İddiaçı ASC arasında xx.xx.2019-cu il tarixli AMX-4957/19 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanılmışdır. Müqavilə əsasında İddiaçı ASC-nə məxsus istixanaya Elster G-1600 TRZ EK-230 markalı, Elster G16 RVG EK220 markalı sayğaclar quraşdırılmış və istixana təbii qazla təchiz edilmişdir. İddiaçı ASC-nə məxsus istixanada istehlak edilmiş qazın dəyəri vaxtında tam ödənilməmişdir. Nəticədə Elster G-1600 TRZ EK- 230 markalı sayğac üzrə 340865,41 manat, Elster G16 RVG EK220 markalı sağac üzrə 3259,16 manat olmaqla, ümumilkdə 344124,57 manat məbləğində debitor borcu yaranmışdır. Bundan əlavə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC-nə məxsus istixananın qaz xətti üzərində quraşdırılmış Elster G-1600 markalı ********** nömrəli turbin tipli “İTRON” qaz sayğacına Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında baxış keçirilmiş və ilkin baxış zamanı sayğacın daxilinin çirkli olduğu müəyyən edilmiş, implus ötürücü daxildədir, sayğaca 10 m3 hava vurulmuş, həm mexaniki həm də korrektor keçən sərfiyyatı qeyd edir, P=0.985 bar kimi əks olunmuşdur. Göstəricilər arasında fərq vardır. Həmiçinin sayğac yuyularaq, təmizlənib, hava vurulub, mexaniki hissəsi işləkdir qeyd edilmişdir. 01156 saylı qüsur aktına əsasən abonent tərəfindən xx.xx.2022-ci il tarixdə təqdim edilmiş təzyiq çevricisi korrektora quraşdırılaraq kalibrlənmişdir və audit məlumatlarında xx.xx.2022-ci il tarixində əks olunmuşdur. xx.xx.2022-xx.xx.2023-cü il tarixləri əhatə edən saatlıq arxivə əsasən maksimal mütləq təzyiq P=1.26 bar, korreksiya olunmuş maksimal qaz həcimi 1735 m3, korreksiya olunmamış qaz həcimi isə 1740 m3 qeydə alınmışdır. Son sərfiyyatın xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır. Pbaza=1.01325 bar, Tbaza=20o C, elekrton göstərici V mexaniki göstəricidən 470 m3 çoxdur. Korrektorun arxivlərinə əsasən temperatur və təzyiq çeviricilərinin nominal hədləri nizamsız vaxt aralığında (fasilələrlə) dəyişir. Təzyiq çevricisi təzyiq verilərək yoxlanılmış, korrektor təzyiqi düzgün qeyd etmir. Belə ki, korrektor P=20 bar əks etdirməli olduğu halda 2.36 bar əks etdirir. Bu proses bir neçə dəfə yoxlanılmış və korrektor 2.10 bar əks etdirməli olduğu halda 1.28 bar, korrektor 1.90 bar əks etdirməli olduğu halda 1.22 bar, korrektor 1.70 bar əks etdirməli olduğu halda 1.35 bar əks olunduğu, təzyiq çevricisinin nasazlığı səbəbindən elektron hissədə həcmlər düzgün korreksiya olunmadığı, nəticə etibarı ilə təzyiq temperatur çevriciləri və korrektorun nasaz olduğu aşkarlanmışdır. Həmiçinin İddiaçı ASC-nə məxsus istixananın qaz xətti üzərində quraşdırılmış Elster G-1600 markalı 10514898 nömrəli turbin tipli "İTRON" qaz sayğacına Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında baxış keçirilmiş və 31.01,2022-ci il tarixli MSK-29/1640-00045 saylı akta əsasən G-1600 markalt ********* saylı sayğaca hava vurulmuş, hesablayıcı mexanizmi ləng işləyir. Hesablama mexanizminə vurulan рlоmblаr sayğacların digər hissələrinə vurulan qurğuşun рlоmblаrdаn ffərqləndiyiimpuls ötürücüsü və hesablama mexanizminə vurulan 10015490 saylı xüsusi nömrəli plomba müdaxilə olunduğu aşkar edilmişdir, Sayğacların dахilinə baxış zamanı məlum olmuşdur ki, hesablama mexanizmini hərəkətə gətirən maqnit ötürücüsünün üzərində olan 37/45 nömrəli dişli çarxın kiçik dişli çarxının 37 ədəd dişindən 25 ədədinin kənar təsir nəticəsində kəsildiyi, bu səbəbdəndə sayğacın mexaniki hissəsindən keçən və elektron hissəsində hesablanan qazın həcminin düzgün qeydə alınmamışdır. Tərtib edilmiş aktlara əsasən hər iki sayğaca qanunsuz müdaxilə edildiyindən sayğac qüsurla işləmiş, nəticədə ********** saylı sayğac üzrə 1127787m3 həcmində 248113,14 manat məbləğində, 10514898 saylı sayğac hesabata alınmayan ******* m3 itirilmiş qazın bərpası üçün 227694,50 manat olmaqla, ümumilkdə ******* m3 hesabata alınmayan itirilmiş qazın bərpası üçün 475807,64 manat dəymiş ziyan müəyyən edilmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Vəkil ilkin iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, iddia ərizəsində silinməsini istədiyi borc məbləğini "Azəriqaz" İB-nin "xxxx" ASCyə borcun ödənilməsi ilə bağlı göndərdiyi bildirişlər əsasında hesablamışlar. Hər iki akt, 31 mart 2022-ci il tarixli ******* nömrəli akt və 28 fevral 2023-cü il tarixli ******* nömrəli akt üzrə hesablanmış cərimə məbləğlərini əsassız hesab edir və həmin aktlar əsasında hesablanmış borcun silinməsini xahiş edir. Məhkəmə baxış iclasında iştirak edən iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Vəkil izahatında göstərdi ki, ilkin iddia ərizəsinə bir kod yazılmışdır, ancaq məhkəmə iclasında da aydınlaşdırıldı ki, onlar 475807 manat borcun silinməsini nəzərdə tutmuşlar və məhkəmə araşdırması da hər iki aktla bağlı hesablanmış borcun silinməsi tələbi üzrə aparılmışdır. Məhkəmənin hazırlıq iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "Azəriqaz" İB-nin nümayəndəsi X7 izahatında göstərdi ki, həmin ərazidə 3 ədəd sayğac vardır və hər birinin abonent kodu ayrıdır. Sayğaclar müəssisənin yaxınlığında yerləşir, abonentin öz nəzarətindədir. Sayğacların işlək vəziyyətdə saxlanılması abonentin vəzifəsidir. Qaz idarəsi tərəfindən qurğuların yerləşdirilməsi zamanı layihə və istismar qaydaların "xxxx" ASC-yə təqdim edilib-edilməməsi barədə məlumatı yoxdur. xx.xx.2023-cü il tarixli akta əsasən həmin tarixdə 248113,14 manat və əvvəlki 31 mart 2022-ci il tarixli akta əsasən həmin tarixdə 227694,50 manat borc hesablanmışdır. Hər iki akt tərtib edilərkən bütün hərəkətlər video görüntüyə alınmışdır. 1-ci aktda blombun fərqli olduğu qeyd edilmişdir. Qeyd edilən sayğaca giriş hissədə olan blombda dəyişiklik olmuşdur. Sayğacda 2 ədəd blomb olur. Abonent blombu dəyişərək başqa blomb vura bilər. Təqdim etdikləri video qeydiyyat dişləri əksik olan sayğacın labarotoriyada sayğac açılan zaman aparılmışdır. Sayğaca baxış keçirilən zamanı qarşı tərəfin nümayəndəsi iştirak etmişdir. Təqdim etdikləri video çəkilişdə də bu aydın görünür. Həmçinin laboratoriyada sayğacın çarxının 37 ədəd dişindən 25-nin kənar təsir nəticəsində kəsildiyi aydın olmuşdur. Dişləri əksik olan sayğac yeni sayğac idi, qeyd edilən yoxlama dişləri əksik olan sayğacın birinci yoxlaması olmuşdur. 2-ci akt üzrə bildirir ki, qazdan istifadə edilmişdir, lakin sayğac düzgün hesablama aparmamışdır. Səlahiyyətli əməkdaşlar tərəfindən xx.xx.2023-cü il tarixli aktı tərtib edilmişdir. Sayğac isə laboratoriyada yoxlanılmış və rəy vermişdir. Qarşı tərəfin istifadə etdiyi qazın dəyəri təxminən 344124 manatdır. Onlar sırf aktlar əsasında hesablanmış cəriməni, yəni dəymiş ziyanı tələb edirlər. Qarşı tərəf istifadə edilmiş qazın dəyəri ilə əlaqədar borc məbləğini ödəyəcəyi barədə vəd vermişdir. Dəymiş ziyanla əlaqədar məhkəmədə iddia qaldırıldığı üçün onlar da qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişlər. Yoxlamaların aparılmasına dair reyesterdən 1 ədəd çıxarış təqdim edilmişdir, başqa təqdim edəcəkləri çıxarış yoxdur. Yoxlamının nəyə görə yanvar ayının 10-12 tarixlərində aparılmaması barədə məlumatı yoxdur. Məhkəmənin iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "Azəriqaz" İB-nin nümayəndəsi X7 izahatında göstərdi ki, iddia ərizəsində **********00068 nömrəli kod qeyd edilmişdir və borcun silinməsi xahiş edilmişdir. Saldolardan da görünür ki **********00068 nömrəli kod üzrə borcun silinməsi ilə əlaqədar məhkəməyə müraciət edilmişdir. Qarşı tərəfin bu kod üzrə heç bir borcu yoxdur. ilkin iddiaya əsasən 475807 manat pulun tutulması ilə əlaqədar qarşılıqlı iddia vermişlər, hazırda isə həmin saldo üzrə ilkin iddiaçının borcu yoxdur. "Azəriqaz" İB tərəfindən təqdim etdikləri 2 akt üzrə "xxxx" ASC-nin borcu var, lakin həmin borc başqa məhkəmə mübahisəsinin predmetidir. İddia ərizəsində **********00068 nömrəli kod üzrə borcun silinməsi ilə əlaqədar müraciət edilmişdir, lakin hazırda həmin kod üzrə qarşı tərəfin borcu qalmamışdır. Məhkəmənin iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi X9 izahatında göstərdi ki, abonent bir kod üzrə mübahisələndirmişdir, lakin abonentin 3 kodu vardır, iddia ərizəsində hansı kod üzrə mübahisə olduğunu qeyd etmişdir. İlkin iddia üzrə iddiaçı iddia ərizəsində **********00068 nömrəli kod üzrə yazılmış 475807 manat borcun silinməsini xahiş etmişdir. Abonentin onlara bügünki günə heç bir borcu yoxdur, onların abonentə 0.24 manat borcu vardır və abonent borcunu ödəmişdir. Ödənilmiş borcun mübahisələndirilməsi və silinməsi nə dərəcə düzgün ola bilərki? Abonentin mübahisələndirdiyi **********00068 nömrəli kod üzrə 1535127.50 manatlıq akt olmuşdur. Təxmini olaraq 600000 manatını mübahisələndirmişlər və həmin borc məbləği silinmişdir. Yenidən eyni akt üzrə qalan borcu mübahisələndirmişlər. Onlar isə 475807 manatı ona görə mübahisələndirmişlər ki, mediasiya prosesinə gecikmişlər. Belə ki, qarşı tərəf artıq arayış əldə etmişdi, ona görə də onlar ilkin iddia ərizəsində göstərilən məbləğdə qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişlər, lakin borc daha çox idi. Odur ki, iddia predmeti mövcud olmadığına görə iddia tələbinin rədd edilməsini xahiş edir. Buna oxşar iddialar üzrə başqa məhkəmələrdə işlər olmuşdur, qanuni qüvvəyə minmiş qətnamələr vardır, olmayan borcun silinməsi absurddur, belə iddialar təmin edilməmişdir. Faktiki olaraq mübahisləndərilən kod üzrə borc olmadığına görə iddia tələbi təmin edilməməlidir. Qarşı tərəfin onlara borcu olmadığına görə onların da "xxxx" ASC-yə qarşı iddiası yoxdur. Vaxt verilsə qarşılıqlı iddia tələblərindən imtina ilə bağlı ərizəni elektron məhkəmə informasiya sisteminə daxil edə bilərlər. Qarşı tərəfin qeyd edilən kod üzrə onlara borcu yoxdur, qarşılıqlı iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ilkin iddia təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Məhkəmə iclasına mütəxəssis qismində dəvət olunmuş Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X5 filialının baş müfəttişi X8 izahatında göstərdi ki, ona təqdim edilən iş materiallarından müəyyən etmişdir ki, "xxxx" ASC-nin qaz sərfiyyatını ölçmək məqsədi ilə quraşdırılan 2 ədəd sayğacla əlaqədar tərtib edilmiş akta əsasən hər iki sayğac xəta ilə işləmişdir. Sayğacın birində mexaniki hissə ilə elektron hissədə fərq yaranmış, digərində isə sayğacın qulaqcıqları, yəni hesablayıcı dişlərindən müəyyən sayda əksikliklər olması səbəbindən sayğac xəta ilə işləyirmiş. "Azəriqaz" İB yoxlama ilə əlaqədar Ədliyyə Nazirliyindən çıxarış almış, lakin çıxarışda göstərilən müddətdə hər hansı akt tərtib edilməmişdir. Həmçinin o, sayğacın dövlət yoxlamasında tərtib edilən aktlarda "xxxx" ASCnin nümayəndəsinin iştirakının təmin edilib-edilməməsini müəyyən edə bilməmişdir. Çünki bu yoxlama "xxxx" ASC-nin nümayəndəsinin iştirakı ilə həyata keçirilməli idi. Nümayəndə iştirak etmədiyi təqdirdə müvafiq qeyd aparılmalı və ya yoxlama başqa vaxt keçirilməli idi. Yoxlama barədə "xxxx" ASC-nin nümayəndəsinə məlumatın verilib-verilməməsi barədə də hər hansı məlumat əldə edə bilməmişdir. X1 sədrlik edənin və tərəflərin nümayəndələrinin suallarına cavab olaraq bildirdi ki, 2023-cü ildə tərtib edilmiş aktla bağlı mexaniki göstərici ilə elektron göstərici arasında uyğunsuzluq çox olduğu zaman nəzarətçi çilingər sayğacın xəta ilə işlədiyini müəyyən edə bilər. İstehlakçı sayğacın xəta ilə işləməsini bilə bilməzdi və istehlakçı bununla əlaqədar məsuliyyət daşımır. Sayğac 3 ildən bir növbəti dövlət yoxlamasına göndərilir, əgər bu yoxlama növbədən kənar baş verirsə istehlakçıya hüquq əsas göstərilməlidir, bu əsas isə aktda qeyd edilməli idi. Sayğacın içində elektron korrektor vardır, sayğacın içində təzyiq davamlı olmayanda, təzyiq düşəndə, impuls xətti yerindən tərpənəndə bu barədə sayğaca qeydlər düşür. İstehlakçının əslində nə qədər qaz sərf etdiyi müəyyən edilir. Sayğacın beyninin oxunması ilə əlaqədar sadəcə rəy mövcuddur. Lakin istehlakçı bu halla əlaqədar məsuliyyət daşımır. Ədliyyə Nazirliyinin çıxarışında adları sadalanan şəxslərin səlahiyyəti olub-olmamasını onun vəzifə təlimatı əsasında müəyyən etmək olar. 2022-ci ildə tərtib edilmiş aktla bağlı sayğacın dövlət yoxlaması zamanı müəyyən edilmişdir ki, sayğacların üzərində olan blomblar fərqlidir, sayğacların birində də dişlərin 37 ədədindən 25-nin kəsildiyi müəyyən edilmişdir. Sayğacın dişlərinin azaldılması onun sərf edilən qazı az qeyd etməsinə səbəb olur. İstehlakçı marağı olduğu təqdirdə sayğacın üzərindəki blombu dəyişdirə bilər. Dişləri kəsilən sayğacın neçənci dəfə yoxlanılması barədə məlumatı yoxdur. Sayğacın yerində yoxlanması zamanı hal şahidinin iştirakı vacib deyildir. Ancaq sayğacın yerindən sökülməsi zamanı istehlakçının orada iştirak etməsi vacibdir. İstehlakçının iştirak etmədiyi halda isə bu barədə imtina aktı tərtib edilməli və video qeydiyyat aparılmalıdır. Ona Ədliyyə Nazirliyinin 1 ədəd çıxarışı təqdim edilmişdir. Ancaq çıxarışda qeyd edilən tarixdə yoxlama aparılıb-aparılmaması barədə onda məlumat yoxdur. İş materiallarında olan 04 oktyabr 2018-ci il tarixli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli aktdan görünür ki, turbin tipli G1600 markalı 10514898 nömrəli sayğac xəttən açıldı, yoxlandı, yerində xidmət göstərildi və yenidən yerinə quraşdırılıb təhvil verildi. İş materiallarında olan 18 avqust 2020-ci il tarixli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli aktdan görünür ki,turbin tipli, G1600 markalı 10514898 nömrəli sayğac D/y aparıldı. Qaz bərpa olunmadı, alarm var, plasmas qoruyucu əriyibdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Cavabdeh İB təkrar dövlət yoxlamasına gətirilmiş qaz sayğacının təhvil-qəbul aktından görünür ki, turbin tipli, G1600 markalı 10514898 nömrəli sayğacın daxili çirklidir, ekranda “A” işrəsi var. Sayğacın giriş hissəsində olan qoruyucu plasmas pərin bir hissəsi ərimişdir və yarasızdır. İş materiallarında olan 16 oktyabr 2020-ci il tarixli Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında aktdan görünür ki, Cavabdeh İB-nin xx.xx.2020-ci il tarixli telefonoqramına əsasən Dövlət yoxlamasına aparılmış Samux rayon xidmət sahəsinin İddiaçı ASC-nin qaz xətti üzərində quraşdırılmış G1600 markalı, 10514898 nömrəli turbin tipli “Elster” qaz sayğacı xx.xx.2020-ci il tarixdə xətdən çıxarılmış, xx.xx.2020-ci il tarixdə Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında texniki baxış keçirilmişdir. İlkin baxış zamanı sayğacın daxili çirkli olduğu müəyyən edilmişdir. Pbaza=1.01325, Tbaza=293.15 K, CO2=1.29%. Qaz analizi=0.64. Ekranda “A” işarəsi var. Sayğacın giriş hissəsində olan qoruyucu plasmass hava tənzimləyicisinin bir hissəsi ərimişdir və yarasızdır. İş materiallarında olan Cavabdeh İB Metrologiya Departamentinin sayğacın istismara yararlılığı haqqında 08 dekabr 2020-ci il tarixli arayışdan görünür ki, G1600 markalı, 10514898 nömrəli turbin tipli sayğac yoxlamanın nəticəsi olaraq yararlı olduğu qeyd edilmişdir. İş materiallarında olan 22 dekabr 2020-ci il tarixli ******* nömrəli aktdan görünür ki, müvəqqəti quraşdırılmış G1600 10519515 saylı sayğacın əvəzinə G1600 10514898 saylı sayğac quraşdırıldığı qeyd edilmişdir. İş materiallarında olan 06 yanvar 2022-ci il tarixli ******* nömrəli aktdan görünür ki, turbin tipli, G1600 markalı, 10514898 nömrəli sayğac çıxarılmış və əvəzinə G1600 markalı, 10518714 nömrəli sayğac quraşdırıldığı qeyd edilmişdir. İş materiallarında olan 31 yanvar 2022-ci il tarixli Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında aktdan görünür ki, Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli telefonoqramına əsasən Dövlət yoxlamasına aparılmış Samux rayon xidmət sahəsinin İddiaçı ASC-nin qaz xətti üzərində quraşdırılmış G1600 markalı, 10514898 nömrəli, turbin ttipli “Elster” qaz sayğacı xx.xx.2022-ci il tarixdə xətdən çıxarılmış, xx.xx.2022-ci il tarixdə Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında sayğacın yoxlanması haqqında akt tərtib edilmişdir. İlkin baxış zamanı sayğacın daxilinin çirkli olduğu müəyyən edilmişdir. Sayğaca hava vuruldu, hesablayıcı mexanizmi ləng işləyir. Hesablama mexanizminə vurulan qurğuşun plomblar sayğacın digər hissələrinə vurulan qurğuşun plomblardan fərqlidir. Belə ki, hesablayıcı mexanizmə vurulan qurğuşun plombların üzərindəki informasiya digərlərindən fərqlidir. İmplus ölçüsü və hesablama mexanizminə vurulan xüsusi nömrəli plomba müdaxilə olunduğu qeyd edilmişdir. İş materiallarında olan 31 mart 2022-ci il tarixli ******* nömrəli aktdan görünür ki, G1600 markalı, 10514898 nömrəli sayğaca baxış keçirilən zaman SS№2911640-00045 nömrəli rəyə əsasən implus ötürücüsü və hesablama mexanizminə vurulan 10015490 saylı xüsusi nömrəli plomba müdaxilə olunduğu (plombdan əlavə dəliklər açılmış və məftil yeri açılmış dəlikdən keçirilmişdir) aşkarlandı. Sayğacın daxilinə baxış zamanı məlum oldu ki, hesabat mexanizmini hərəkətə gətirən maqnit ötürücünün üzərində olan 37/45 nömrəli dişli çarxın kiçik dişli çarxıın 37 ədəd dişindən 25 ədədinin kənar təsir nəticəsində kəsildiyi aşkar olunmuşdur. İş materiallarında olan 31 mart 2022-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2022-ci il tarixli akta əsasən aşkar edilmiş nöqsan üzrə itirilmiş təbii qazın həcmi olaraq cəmi ******* m3 itirilmiş qazın hesablandığı qeyd edilmişdir. İş materiallarında olan 24 fevral 2023-cü il tarixli Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında aktdan görünür ki, Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli telefonoqramına əsasən Dövlət yoxlamasına aparılmış Samux rayon xidmət sahəsinin İddiaçı ASC-nin qaz xətti üzərində quraşdırılmış G1600 markalı ********** nömrəli turbin tipli “İTRON” qaz sayğacı xx.xx.2023-cü il tarixində xətdən çıxarılmış xx.xx.2023-cü il tarixdə Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında sayğacın yoxlanması haqqında akt tərtib edilmişdir. Akta əsasən ilkin baxış zamanı sayğacın daxilinin çirkli olduğu müəyyən edilmiş, implus ötürücü daxildədir, sayğaca 10 m3 hava vurulmuş, həm mexaniki həm də korrektor keçən sərfiyyatı qeyd edir, P=0.985 bar kimi əks olunur. Göstəricilər arasında fərq vardır. Həmiçinin sayğac yuyularaq, təmizlənib, hava vurulub, mexaniki hissəsi işləkdir qeyd edilmişdir. 01156 saylı qüsur aktına əsasən abonent tərəfindən xx.xx.2022-ci il tarixdə təqdim edilmiş təzyiq çevricisi korrektora quraşdırılaraq kalibrlənmişdir və audit məlumatlarında xx.xx.2022-ci il tarixində əks olunmuşdur. xx.xx.2022-xx.xx.2023-cü il tarixləri əhatə edən saatlıq arxivə əsasən maksimal mütləq təzyiq P=1.26 bar, korreksiya olunmuş maksimal qaz həcimi 1735 m3, korreksiya olunmamış qaz həcimi isə 1740 m3 qeydə alınmışdır. Son sərfiyyatın xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır. Pbaza=1.01325 bar, Tbaza=20o C. Bateriyanın istismar müddətinin sonuna 1730 gün qalıb. Elekrton göstərici V mexaniki göstəricidən 470 m3 çoxdur. Korrektorun arxivlərinə əsasən temperatur və təzyiq çeviricilərinin nominal hədləri nizamsız vaxt aralığında (fasilələrlə) dəyişir. Təzyiq çevricisi təzyiq verilərək yoxlanılmış, korrektor təzyiqi düzgün qeyd etmir. Belə ki, korrektor P=20 bar əks etdirməli olduğu halda 2.36 bar əks etdirir. Bu proses bir neçə dəfə yoxlanılmış və korrektor 2.10 bar əks etdirməli olduğu halda 1.28 bar, korrektor 1.90 bar əks etdirməli olduğu halda 1.22 bar, korrektor 1.70 bar əks etdirməli olduğu halda 1.35 bar əks olunduğu, təzyiq çevricisinin nasazlığı səbəbindən elektron hissədə həcmlər düzgün korreksiya olunmadığı, nəticə etibarı ilə təzyiq temperatur çevriciləri və korrektorun nasaz olduğu aşkarlanmışdır. İş materiallarında olan Azrus-Dostluq" ASC-yə məxsus abonent kodu **********00000 olan saldodan görünür ki, 03/2022-ci il tarixə 227694,50 manat borc hesablanmışdır. İş materiallarında olan 28 fevral 2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, markası G1600, zavod nömrəsi ********** olan sayğaca baxış keçirilmiş və hal-hazırda qaz xətti üzərində olan G1600 markalı, 10517361 nömrəli sayğacın arxiv yaddaşına əsasən orta əmsal Corta=2.015 nəzərə alınmaqla yenidən hesablandı. Hesabat: 1185790x2.015=2389366, 2389***-******* (hesabat verilmiş sərfiyyat)=1127787 m3- itirilmiş qaz həcmi. Nəticə olaraq dəymiş ziyanın hesablanması, dəyərinin ödənilməsinin təmin edilməsi qeyd edilmişdir. İş materiallarında olan 28 fevral 2023-cü il tarixli uçotu aparılmayan təbii qazın həcminin hesablanmasına dair tələbnamədən görünür ki, xx.xx.2023-cü il tarixli ******* nömrəli akta əsasən aşkar edilmiş nöqsan üzrə uçotu aparılmayan təbii qazın həcmi olaraq cəmi ******* m3 itirilmiş qazın hesablandığı qeyd edilmişdir. İş materiallarında olan Azrus-Dostluq" ASC-yə məxsus abonent kodu **********00068 olan saldodan görünür ki, 02/2023-cü il tarixə akt əsasında 248113,14 manat borc qeyd edilmişdir. İş materiallarında olan 31 yanvar 2022-ci il tarixli diskdəki video görüntüdən görünür ki, G-1600 10514898 nömrəli sayğaca baxış keçirən şəxs həmin sayğac haqqında ancaq ümumi məlumatları qeyd edir, sayğaca baxış və nöqsanlar barədə isə heç bir görüntü yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qaz təchizatı ilə bağlı münasibətləri tənzimləyən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsində göstərilən anlayışlara əsasən, qaz paylayıcısı - alqısatqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxsdir. İstehlakçı – alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. Həmin Qanunun 5-ci maddəsində göstərilmişdir ki, sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata kеçirilir. Həmin Qanunun 5-1-ci maddəsində göstərilmişdir ki, qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. Həmin Qanunun 5-2-ci maddəsində göstərilmişdir ki, qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qaz paylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra–qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. Həmin Qanunun 8-ci maddəsində deyilir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafıq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qaz sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsinə görə sahibkarlıq sahəsində aparılan yoxlama yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. (“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1 və 3.2-ci maddələri) Həmin Qanunun 4.2.1-ci maddəsinə görə yoxlamalar qanunçuluq, ədalətlilik, obyektivlik, aşkarlıq və hesabatlılıq kimi prinsiplərlə aparılmalıdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 12-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, ilkin iddia üzrə iddiaçı "xxxx" ASC əsassız hesablanmış 475807 manat 14 qəpik borcun silinməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə keçirilən hazırlıq iclasında ilkin iddia üzrə iddiaçının nümayəndəsi Vəkil iddia ərizəsində silinməsini istədikləri məbləğin necə və nəyə əsasən hesablandığını soruşmuş, sonuncu "Azəriqaz" İB tərəfindən "xxxx" ASC-yə bildiriş göndərildiyini, həmin bildirişdə cəmiyyətdən 475807 manat 14 qəpik borcun ödənilməsinin tələb edildiyini bildirmişdir. "Azəriqaz" İB-nin nümayəndəsi X7 "xxxx" ASC-yə hesablanmış 475807 manat 14 qəpik borcun 31 mart 2022-ci il tarixli ******* nömrəli və 28 fevral 2023-cü il tarixli ******* nömrəli aktlara əsasən hesablandığını və həmin akların tərəflərindən məhkəməyə təqdim edildiyini bildirmişdir. "xxxx" ASC-nin nümayəndəsi Vəkil iddia tələbini dəqiqləşdirərək hər iki akt, 31 mart 2022-ci il tarixli ******* nömrəli və 28 fevral 2023-cü il tarixli ******* nömrəli aktlar əsasında hesablanmış borcu əsassız hesab etdiyini bildirmiş və həmin aktlar əsasında "xxxx" ASC-yə əsassız hesablanmış 475807 manat 14 qəpik borcun silinməsini məhkəmədən xahiş etmişdir (bax. xx.xx.2023-cü il tarixli protokol). Həmçinin "Azəriqaz" İB məhkəməyə qarşılıqlı iddia tələbi ilə müraciət etmiş, iddia tələbində ********** saylı sayğac üzrə ******* m3 həcmində, 248113,14 manat məbləğində, 10514898 saylı sayğac üzrə ******* m3 həcmində itirilmiş qazın bərpası üçün 227694,50 manat, ümumilikdə ******* m3 hesabata alınmayan itirilmiş qazın bərpası üçün 475807,64 manat dəymiş ziyanın müəyyən edildiyi qeyd edilmiş, 475807,64 borcun "xxxx" ASC-dən tutularaq "Azəriqaz" İB-nə ödənilməsini xahiş etmişdir. Məhkəmə də "xxxx" ASC-yə 31 mart 2022-ci il tarixli ******* nömrəli və 28 fevral 2023cü il tarixli ******* nömrəli aktlara əsasən hesablanmış borcun silinməsi ilə bağlı ilkin iddia və borcun ödənilməsi ilə bağlı qarşılıqlı iddia tələbləri üzrə kommersiya mübahisəsinə baxmışdır. İş materiallarından görünür ki, "xxxx" ASC barəsində iki ədəd akt tərtib edilmiş və həmin aktlar əsasında tələbnaməyə əsasən borc hesablanmışdır. Hər bir akt üzrə hesablanmış borcla bağlı məhkəmə ayrı-ayrılıqda münasibət bildirməyi məqsədəuyğun hesab edir. İlk öncə məhkəmə "Azəriqaz" İB tərəfindən tərtib edilmiş 31 mart 2022-ci il tarixli ******* nömrəli akt və akt əsasında hesablanmış borc məbləğinə münasibət bildirirək qeyd edir ki, həmin akt məhz “Azrus-Dostluq" ASC-də quraşdırılmış G-1600 10514898 nömrəli sayğacla bağlıdır. Aktda qeyd edilmişdir ki, sayğaca baxış keçirilən zaman SS№2911640-00045 nömrəli rəyə əsasən implus ötürücüsü və hesablama mexanizminə vurulan 10015490 saylı xüsusi nömrəli plomba müdaxilə olunduğu (plombdan əlavə dəliklər açılmış və məftil yeri açılmış dəlikdən keçirilmişdir) aşkarlandı. Sayğacın daxilinə baxış zamanı məlum oldu ki, hesabat mexanizmini hərəkətə gətirən maqnit ötürücünün üzərində olan 37/45 nömrəli dişli çarxın kiçik dişli çarxıın 37 ədəd dişindən 25 ədədinin kənar təsir nəticəsində kəsildiyi aşkar olunmuşdur. “Azəriqaz" İB tərəfindən məhkəməyə həmin, yəni G-1600 10514898 nömrəli sayğacla bağlı təqdim edilmiş aktlardan görünür ki, xx.xx.2018-ci il tarixdə həmin sayğac xəttən açılmış, yerində xidmət göstərilmiş və yerinə quraşdırılmışdır. xx.xx.2020-ci il tarixdə sayğac dövlət yoxlamasına aparılmış, xx.xx.2020-ci il tarixdə yararsız olması ilə bağlı akt tərtib edilmişdir. xx.xx.2020-ci il tarixdə akt tərtib edilmiş, sayğacın giriş hissəsində olan qoruyucu plasmas hava tənzimləyicisinin bir hissəsinin əriməsi və yarasız vəziyyətdə olması ilə bağı akt tərtib edilmişdir. Həmin sayğac barəsində xx.xx.2020-ci il tarixdə akt tərtib olunmuş, sayğacın yararlı olduğu qeyd edilmişdir. xx.xx.2020-ci il tarixdə akt tərtib edilərək G-1600 10514898 nömrəli sayğac yerinə quraşdırılmışdır. Həmin sayğac yenidən xx.xx.2022-ci il tarixdə çıxarılmış, əvəzinə başqa sayğac quraşdırılmışdır. xx.xx.2022-ci il tarixdə akt tərtib olunmuş, aktda sayğaca müdaxilə olunduğu, xüsusilə hesabat mexanizmini hərəkətə gətirən maqnit ötürcüsünün üzərində olan 37/45 nömrəli dişli çarxın 37 ədəd dişindən 25 ədədinin kənar təsir nəticəsində kəsildiyinin aşkar olunması qeyd edilmişdir. Nəticədə 31 mart 2022-ci il tarixli akt tərtib edilmiş, həmin tarixli tələbnamə ilə ******* m3 qaz sərfinə görə “Azrus- Dostluq" ASC-yə 227694,50 manat borc hesablanmışdır. Məhkəmə məhz “Azəriqaz" İB tərəfindən təqdim edilən sənədlərə əsasən bildirir ki, “Azəriqaz" İB tərəfindən “Azrus-Dostluq" ASC-yə quraşdırılmış G-1600 10514898 nömrəli sayğac nöqsanlarla işləmiş, bir neçə dəfə yoxlanılması məqsədilə çıxarılmış və xx.xx.2022-ci il tarixdə tərtib edilmiş aktda qeyd edilən nöqsanların “Azrus-Dostluq" ASC-nin təqsiri üzündən edilməsi öz təsdiqini tapmamışdır. Halbuki “Azəriqaz" İB-nin nümayəndəsi həmin sayğacın təzə olmasını, birinci dəfə yoxlanıldığını qeyd etmişdir. Bundan başqa qeyd edilən sayğac Metrologiya Departamentində müayinə zamanı tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktda baxışın video və foto çəkişlə aparıldığı qeyd edilsə də, “Azəriqaz" İB-nin nümayəndəsi X7 tərəfindən təqdim edilmiş və xx.xx.2022-ci il tarixdə çəkildiyi iddia edilən video görüntü tədqiq edilmişdir. Video görüntüdə yalnız sayğacla ümumi tanışlıq qeyd edilmişdir. Sayağaca baxış keçirildiyi, baxış nəticəsində nöqsan aşkarlandığı, nöqsanların nədən ibarət olması isə yoxdur. Ona görə də məhkəmə qeyd edir ki, 31 mart 2022-ci il tarixdə “Azəriqaz" İB tərəfindən “Azrus-Dostluq" ASC barəsində akt tərtib edilərkən sonunsunun təqsirli olması, təqsirin nə ilə sübut olması müəyyən edilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, “Azəriqaz" İB tərəfindən “Azrus-Dostluq" ASC-yə quraşdırılmış G-1600 10514898 nömrəli sayğacla bağlı yoxlama, baxış zamanı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmamış, yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməli olduğu halda yoxlamalar vahid məlumat reyestrində qeydə alınmadan aparılmışdır. Məhkəmə 28 fevral 2023-cü il tarixli ******* nömrəli akt əsasında “Azrus-Dostluq" ASCyə hesablanmış borcla bağlı bildirir ki, həmin akt “Azəriqaz" İB tərəfindən “Azrus-Dostluq" ASC-yə quraşdırılmış G-1600 ********** sayğacla bağlı olmuşdur. Həmin aktda qeyd edilmişdir ki, sayğaca baxış keçirilmiş və hal-hazırda qaz xətti üzərində olan G1600 markalı, 10517361 nömrəli sayğacın arxiv yaddaşına əsasən uçotu aparılmayan təbbi qazın həcmi orta əmsalla yenidən hesablanmış, həmin tarixli tələbnamə ilə itirilmiş qaz həcmi ******* m3 müəyyən olunmuş və “Azrus-Dostluq" ASC-yə 248113,14 manat məbləğində borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, yoxlama aparılmağına, sayğaca baxış keçirilməyinə və akt tərtib edilməyinə baxmayaraq sayğacın hansı səbəbdən sərf edilən qazın həcmini düzgün hesablamaması müəyyən edilməmiş, sayğacın sərf edilən qazın həcmini düzgün hesablamamasının məhz “Azrus-Dostluq" ASC-nin təqsiri üzündən yaranması sübut edilməmişdir. “Azrus-Dostluq" ASC-nin təqsiri müəyyən edilmədən istehlakçı tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması qənaətinə gəlinmiş və sonuncuya borc hesablanmışdır. Bundan başqa “Azəriqaz" İB tərəfindən “Azrus-Dostluq" ASC-yə quraşdırılmış G1600 markalı G-1600 ********** sayğacla bağlı yoxlama, baxış zamanı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmamış, yoxlama vahid məlumat reyestrində qeydə alındığı xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə deyil, məhz xx.xx.2023-cü il tarixdə aparılmışdır. Beləliklə də “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri “Azəriqaz" İB tərəfindən pozulmuşdur. Məhkəmə bir daha qeyd edir ki, istər 31 mart 2022-ci il tarixli ******* nömrəli akt tərtib edilərkən, istərsə də 28 fevral 2023-cü il tarixli ******* nömrəli akt tərtib edilərkən “Azrus- Dostluq" ASC-nin qazdan istifadə qaydalarını pozması, onun təqsirli olması müəyyən edilməmiş, sübuta yetirilməmiş, aparılan yoxlamalar yuxarıda sadalanan qanunların tələblərinə ziddi olmuşdur. Ona görə də aparılmış yoxlamalar hər hansı hüquqi nəticə yaratmamışdır. Məhkəmə bir məsələni də qeyd etməyi vacib hesab edir ki, məhkəmə baxış iclasında iştirak edən “Azəriqaz" İB-nin nümayəndələri izahatlarında bildirmişlər ki, ilkin iddiaçı tərəfindən iddia ərizəsində abonent kodu **********00068 olması qeyd edilmiş və abonentin həmin kodla bağlı borcu qalmamışdır. İlkin iddiaçı həmin kodla bağlı borcu mübahisələndirmişdir. Qarşılıqlı iddiaçı da həmin kodla bağlı borcun tutulmasını nəzərdə tutduğundan borc olmadığı üçün qarşılıqlı iddianın təmin edilməməsini xahiş etmişlər. Həmin məsələ ilə bağlı məhkəmə əvvəla qeyd edir ki, ilkin iddiaçı iddia tələbinin təsviri hissəsində abonent kodu kimi **********00068 nömrəsini göstərmişdir. Bu da təsadüfü deyildir. Belə ki, “Azəriqaz" İB tərəfindən tərtib edilmiş 28 fevral 2023-cü il tarixli ******* nömrəli aktda “Azrus-Dostluq" ASC-nin abonent kodu **********00068 olaraq, yəni iddia tələbində göstərilən kodla eyni qeyd edilmişdir. Həmin akt əsasında 28 fevral 2023-cü il tarixdə tələbnamə də tərtib edilərkən tələbnamədə “Azrus-Dostluq" ASC-nin abonent kodu **********00068 olaraq qeyd edilmişdir. Həmin tələbnaməyə əsasən də “Azrus-Dostluq" ASCyə ******* m3 itirilmiş qaz həcmi, yəni 248113,14 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, abonent kodu **********00068 olan “Azrus-Dostluq" ASC-yə 02/2023-cü il tarixində akt əsasında 248113,14 manat borc qeyd edilmişdir. İlkin iddiaçının nümayəndəsi də hazırlıq iclasında həm 28 fevral 2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 248113,14 manat məbləğində borcun, 31 mart 2022-ci il tarixli ******* nömrəli akt əsasında “Azrus-Dostluq" ASC-yə hesablanmış ******* m3 qaz sərfinə görə 227694,50 manat borc məbləğini əsassız hesab etmiş və ümumilikdə 475807 manat 14 qəpik məbləğində borcun silinməsini məhkəmədən xahiş etmişdir. 31 mart 2022-ci il tarixli ******* nömrəli akt və həmin akt əsasında verilmiş tələbnamədə “Azrus- Dostluq" ASC-nin abonent kodu **********00000 kimi göstərilmiş, həmin kod üzrə abonentin saldosunda isə 03/2022-ci il tarixə “Azrus-Dostluq" ASC-yə 227694,50 manat borc qeyd edilmişdir. İlkin iddia tələbinin təsviri hissəsində bir kodun göstərilib, digər kodun göstərilməməsi, ilkin iddiaçının hər iki akt əsasında borcun silinməsini tələb edə bilməməsi kimi qiymətləndirilə bilməz. Bundan başqa məhkəmə baxış iclasında “Azəriqaz" İB-nin nümayəndəsi X9 **********00068 nömrəli kod üzrə abonentin borcunun olmadığını göstərmiş, digər nümayəndə X7 isə iki akt əsasında borcun olduğunu qeyd etmişdir. Həmçinin nümayəndə X9 abonentin mübahisələndirdiyi **********00068 nömrəli kod üzrə 1535127.50 manatlıq akt olduğunu, həmin akt əsasında əvvəllər borcun mübahisələndirildiyini və həmin borc məbləğinin silindiyini bildirsə də iş materialalrında “Azəriqaz" İB tərəfindən abonent kodu **********00068 olaraq qeyd edilmiş 28 fevral 2023-cü il tarixli ******* nömrəli akt və həmin tarixli tələbnamə əsasında hesablanmış borcun əvvəllər mübahisələndirilməsi ilə bağlı işdə hər hansı sübut yoxdur. Məhkəmə bir daha qeyd edir ki, "xxxx" ASC-yə 31 mart 2022-ci il tarixli ******* nömrəli və 28 fevral 2023-cü il tarixli ******* nömrəli aktlara əsasən hesablanmış borcun silinməsi ilə bağlı ilkin iddia və borcun ödənilməsi ilə bağlı qarşılıqlı iddia tələbləri üzrə kommersiya mübahisəsinə baxmışdır. Ona görə də məhkəmə hesab edir ki, ilkin iddia təmin edilməli, 31 mart 2022-ci il tarixli ******* nömrəli və 28 fevral 2023-cü il tarixli ******* nömrəli aktlara əsasən "xxxx" ASC-yə hesablanmış 475807 manat 14 qəpik məbləğində borc "xxxx" ASC-nin abonent hesabından silinməlidir. Bundan başqa məhkəmə qarşılıqlı iddia tələbinə də münasibət bildirərək qeyd edir ki, ilkin iddia təmin edildiyindən, 31 mart 2022-ci il tarixli ******* nömrəli və 28 fevral 2023-cü il tarixli ******* nömrəli aktlara əsasən ilkin iddia üzrə iddiaçıya əsassız hesablanmış borc məbləğinin "xxxx" ASC-nin abonent hesabından silinməli olması qənaətinə gəlindiyindən “Azəriqaz" İB tərəfindən 31 mart 2022-ci il tarixli ******* nömrəli və 28 fevral 2023-cü il tarixli ******* nömrəli aktlara əsasən hesablanmış 475807,64 manat borcun "xxxx" ASC tutulması tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İlkin iddia təmin edilsin. 31 mart 2022-ci il tarixli ******* nömrəli və 28 fevral 2023-cü il tarixli ******* nömrəli aktlara əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə hesablanmış 475807 (dörd yüz yetmiş beş min səkkiz yüz yeddi) manat 14 (on dörd) qəpik məbləğində borc "xxxx" Açıq Səhmdar Cəmiyyətinin abonent hesabından silinsin. Qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar