Məhkəmə qərarları › İş №e-2-2(115)-72/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-72/2025

15.01.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-72/2025 15.01.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi İddiaçı X3 nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı X3 Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında, baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4000 manat, hüquqi yardıma görə vəkilə ödənilən 320 manat və ödənilmiş 60 manat dövlət rüsumu olmaqla, cəmi 4385 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, təxminən 2021-ci ilin oktyabr ayının axırlarında cavabdehlə söhbət etdiyi zaman cavabdeh özlərinin kənddə 11 hektar torpaq sahəsinin olduğunu, həmin bağda meyvə ağaclarının olduğunu, uşaqları meyvələri Rusiya Federasiyasına aparıb satmalı olduqlarını bildirmiş və ondan 2000 manat pul istəmişdir. Həmçinin cavabdeh ona bildirmişdir ki, malı aparıb satandan sonra qazancdan ona artıqlaması ilə pul qaytaracaq. O da cavabdehə inanıb 2000 manat pul vermişdir. Pulu verəndən bir neçə gün sonra cavabdeh ona bildirmişdir ki, mal yığılıb gömrükdədir, orda təcili pul lazımdır, 2000 manat da versin, bir neçə aya həm götürdüyü pulu, həm də qazancını ona qaytaracaq. Onun evdə pulu olduğundan cavabdehə inanıb 2000 manat da vermişdir. Cavabdeh də öz şəxsiyyət vəsiqəsinin surətində öz xətti ilə ondan 4000 manat borc aldığını və 3-4 aya pulu qaytaracağını qeyd etmişdir. Pulu verdiyi vaxtdan 4 ay keçdikdən sonra cavabdehdən pulu istəmişdir. Cavabdeh isə ziyan etdiklərindən bir müddət gözləməsini istəmişdir. Lakin bu günədək cavabdeh ona bir manat da olsun pul qaytarmamışdır. Cavabdehin ünvanına məktub yazmışdır ki, onun pulunu qaytarsın. Cavabdeh isə teleqramla ona cavab verərək 4000 manat borcu qalmadığını, onun qarşısında heç bir öhdəliyinin olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X3 nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib həmin məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, iddiaçı tərəfindən ona 2021-ci ilin fevral ayında 8 faizlə 4000 manat borc pul verilmişdir. Həmin puldan hər ay 320 manat olmaqla 10 ay müddətində ödəniş etmişdir. İki ay 320 manatı ödəyə bilməmişdir. Pulu torpaq sahəsi almaq üçün götürmüşdür. Banka borcları olduğu üçün evləri hərraca çıxarılmış, o da fikirləşmişdir ki, torpaq alıb ev tikdirsin. Sonradan, yəni 13 ay sonra iddiaçının verdiyi 4000 manat əsas pulu şahidlərin yanında çayxanada özünə qaytarmışdır. İddiaçıdan pulu təxminən 2021-ci ilin oktyabr və ya noyabr ayında götürmüş, 12 aydan sonra pulu noyabr və ya dekabr ayında iddiaçıya qaytarmışdır. Hər ay ödədiyi 320 manatla bağlı iddiaçıdan qəbz almamışdır. İddiaçı tərəfindən ona pul verilən zaman iddiaçıya qəbz versə də, iddiaçı ona qalan iki ayın faiz pulunu ödədikdən sonra pulun ödənilməsi barədə müvafiq qəbz verəcəyini bildirmişdir. Cavabdeh daha sonra izahatında göstərdi ki, ilk növbədə iddiaçı 4000 manatı Şahid1 təklif etmiş, Şahid1 da həmin pul barədə ona məlumat vermişdir. O da pulu götürmüşdür. Pulu al-ver etmək məqsədi ilə götürmüşdür. Əsas borcundan əlavə hər ayın tamamında aybaay iddiaçıya 320 manat pul vermişdir. Sonra isə iddiaçı özünün pula ehtiyacı olduğunu bildirmiş, pulun tam qaytarılmasını istəmişdir. Pulun 3 aylıq faizini ödəməmiş, ancaq 4000 manatı bir dəfəyə qaytarmışdır. Cəmi pulu təxminən dekabr ayında qaytarmış, ancaq həmin ayın aylıq faiz borcunu verməmişdir. O 4000 manat pulu əvvəlcədən sayıb gətirmiş, cəm şəkildə iddiaçıya Şahmat çayçısında saatı dəqiq yadında qalmasa da axsam tərəfi qaytarmışdır. Pulu qaytaranda onların masasının ətrafında onlardan başqa Arif, Fərhad və Emin olmuşdur. Pulu iddiaçıya təqdim etmişdir ki, sayıb götürsün. 4000 manat pulu qaytaranda iddiaçı pulu sayıb götürmüş, iddiaçıya verdiyi qəbzi ona qaytarmasını xahiş etsə də, iddiaçı ondan 3 ayın faiz borcunu istəmiş, həmin faiz borcunu qaytaranda ona qəbzi verəcəyini bildirmişdir. Onun iddiaçıya 2 ayın faiz borcu, yəni 640 manat borcu qalmış, həmin pulu iddiaçıya verməmişdir. Cavabdeh həmçinin izahatında göstərdi ki, Şahid3la onun arasında hazırda pul məsələsi yoxdur, onların arasında pul məsələsi əvvəllər olmuşdur. O iddiaçıdan aldığı pulu Şahid3 vermişdir, yəni Şahid3 verdiyi pul iddiaçıdan aldığı pul olmuşdur. Şahid3 pulu iş görmək məqsədi ilə borc kimi vermişdir. Şahid3 hər dəfə 320 manat olmaqla hissə-hissə ona pul vermiş, o da həmin pulu iddiaçıya vermişdir. Şahid3 ona olan borcunu qaytarmışdır. Şahid3 ona əlavə borcu vardır. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 ifadəsində göstərdi ki, Cavabdehla o yaxın olmuşdur, 45-50 ildir ki, bir-birilərini tanıyır. Məmmədəli Vəliyevi isə o çayçıdan tanıyır. Məmmədəli Vəliyev ona 4000 manat pulu olduğunu bildirmiş, daha sonra həmin pulu Cavabdeh işlətmək üçün vermişdir. 1 il sonra Töhfəddin X4 borcunu onunla birlikdə qaytarmaq istədiyini söyləmiş, onlar çayçıda görüşmüşlər. Belə ki, o həmin vaxt dostları ilə çayçıda oturmuşdur, onlardan biri də Vüqar olmuşdur, deyəsən Fərhad da orda olmuşdur. Ona Cavabdeh bildirmişdir ki, Məmmədəli Vəliyevə 4000 manat pul verməlidir. Ancaq Cavabdeh onun yanında pulu saymamışdır. Cavabdeh onu çağırmış və pulu qaytarmaq istədiyini bildirmişdir. Çayçıda otaqlar çox olduğundan onlar başqa bir otaqda oturmuş, otaqda yalnız üç nəfər olmuşlar. Oturduqdan 3-5 dəqiqə sonra Cavabdeh pulu Məmmədəli Vəliyevə qaytarmışdır. Məmmədəli Vəliyevin pulu sayıb-saymadığı yadında qalmamışdır. Məmmədəli Vəliyev isə Cavabdeh onun borcu qaldığını bildirmişdir. O isə nə pul olduğunu soruşmamışdır. Həmin otaqda oturandan sonra əmisi oğlu Şahid3 yanlarına gəlmişdir. Başqa otağa keçəndə Şahid3 orada olmamış, Şahid3 yanlarına Cavabdeh pulu verəndən sonra gəlmişdir. Şahid3 da Cavabdeh çağırmışdır. Pulu verəndən sonra o az oturmuş, durub başqa masaya getmiş, onlar üçü isə həmin otaqda qalmışlar. O, durub gedənə kimi Fərhad onların oturduğu stola gəlməmişdir. Cavabdeh pulu verəndə Məmmədəli Vəliyev bildirmişdir ki, onun borcu qalmışdır, ona görə sənədi qaytarmır. Cavabdeh Məmmədəli Vəliyevə nə qədər borcu qaldığını bilməmişdir. X10 Məmmədovla dostluq münasibəti olmamışdır. Hər ikisini o tanış etmişdir. Şahid3 Cavabdeh borcunun olub-olmadığını isə bilmir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid3 ifadəsində göstərdi ki, 4000 manatdan o da istifadə etmişdir. Belə ki, X7 Cəfərova 4000 manat pul vermiş, o da bunu bilmiş, Cavabdeh da həmin pulu qış ayında ona vermişdir. O da həmin pul ilə al-ver etmiş və həmin pulu Cavabdeh qaytarmışdır. Pulu faizlə götürdüyü üçün aylıq nə qədər ödədiyi yadında qalmasa da pulu faizlə qaytarmışdır. Daha sonra isə Cavabdeh həmin pulu Məmmədəli Vəliyevə qaytarmışdır. Cavabdeh 4000 manatı aldıqdan təxminən 3 aydan sonra üstündən çox keçməmiş 3 ayın faizi ilə birlikdə pulu Cavabdeh qaytarmışdır. Cavabdeh da sabahı pulu Vəliyev Məmmədəliyə vermişdir. Çayçıda yanında Arif, Vüqar, Fərhad olmuş, Məmmədəli Vəliyev də onlarla olmuşdur. Cavabdeh sonradan çayçıya gəlmiş, Məmmədəli Vəliyevin pulunu qaytarmışdır. Məmmədəli Vəliyevin pulunu verdiyini ona Cavabdeh soruşanda o özü bildirmişdir. O Cavabdeh 4000 manat pul verdiyindən hesab edir ki, Cavabdeh da Vəliyev Məmmədəliyə 4000 manat pul vermişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid4 ifadəsində göstərdi ki, onun iddiaçı və cavbadehlə münasibəti vardır, onları tanıyır. Belə ki, onlar daima onun obyektinə gəlirlər. Çayxananın yanında obyekti icarəyə götürüb işlədir, lakin oturacaq yerləri eynidir. X7 Cəfərova pul verəndə və ya Cavabdeh Məmmədəli Vəliyevə pul qaytaranda görməmişdir. Ancaq onların arasında pul söhbəti olmasını, Cavabdeh Məmmədəli Vəliyevdən pul alaraq Şahid3 verdiyini bilmişdir. Bu məsələ ilə bağlı tərəflərin də həmişə mübahisəsi olmuşdur. Cavabdeh də həmişə bildirir ki, pulu o Şahid3 vermiş, Şahid3 qaytarandan sonra pulu qaytaracaq. X8 müqavilə bağlamağı və borcunu aybaay qaytarmağı təklif etmişdir. Şahid3 Cavabdeh pul qaytardığını görməmişdir. Sonuncu dəfə bugün Cavabdehla söhbət etmişlər. Cavabdeh ona bildirmişdir ki, Şahid3la olan məsələ onların öz arasında olan məsələdir. Cavabdeh ona hər hansı məbləğ deməsə də Məmmədəli Vəliyevə qalan borcunu aybabay ödəyə biləcəyini söyləmişdir. Cavabdeh Məmmədəli Vəliyevə hər hansı aylıq faiz ödədiyini eşitməmişdir. İş materiallarında olan Cavabdeh məxsus şəxsiyyət vəsiqəsinin surətinin arxa tərəfinə qeyd edilmiş yazıdan görünür ki, Cavabdeh X1 4000 manat pul aldığını və həmin pulu 3-4 ay qaytaracağını qeyd etmiş və öz imzası ilə təsdiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, Cavabdeh X1 4000 manat borc pul almış, tərəflərin niyyəti həmin pulun istifadəsindən qazanc əldə etmək olmuşdur. Cavabdehin iddiaçıdan 4000 manat borc pul alması özünün izahatı və işdə olan digər sübutlarla təsdiq edilir. Həmçinin cavabdeh izahatında iddiaçıdan borc aldığı 4000 manat pulu qaytardığını, habelə həmin pul vəsaitindən əlavə pul məbləği ödədiyini bildirsə də cavabdeh bunu sübuta yetirə bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehə vermiş olduğu borc məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Odur ki, 4000 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı iddia ərizəsini məhkəməyə verilməsi üçün 60 manat dövlət rüsumu ödənmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 60 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində cavabdehdən 320 manat vəkil xidmət haqqının tutularaq ona ödənilməsini tələb etsə də, bununla bağlı məhkəməyə har hansı sübut təqdim etməmişdir. Ona görə də iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 4000 (dörd min) manat pul, ödənilmiş 60 (altmış) manat dövlət rüsumu alınaraq iddiaçı X2 verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar