Məhkəmə qərarları › İş №e-2-2(115)-727/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-727/2022

19.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-727/2022 19.10.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə xx.xx.2018-ci il tarixli, SHNİP-0298/201saylı kredit müqaviləsi üzrə kreditə görə 59999,48 manat, faiz borcuna görə 6705,6 manat, cərimə borcuna görə 1325,94 manat, cəmi 68031,02 manat, xx.xx.2020-ci il tarixli, SHNİAP-033 saylı kredit müqaviləsi üzrə kreditə görə 11740,58 manat, faiz borcuna görə 2041,53 manat, cərimə borcuna görə 365,4 manat, cəmi 14147,51 manat, Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX-nin Şəmkir Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş cəmi 80 manat xidmət haqqı və rüsumun, mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 400 manat məbləğində xərcin, yənicəmi 82658,53 manat pulun tutulması, tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və üzərindəki 213,9 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi, onun açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1n ı n hər iki kredit müqaviləsi üzrə cəmi 82178,53 manat borcunun, xidmət haqqı, dövlət rüsumu və mediasiya xərci kimi ödənilmiş cəmi 480 manat məbləğində pulun İddiaçı ASC-nə ödənilməsi, ipoteka predmeti olan tam mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və üzərindəki 213,9 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evinə tələb yönəldikdən, həmin əmlak hərracdan satıldıqdan və ya tələbkar tərəfindən əldə edildikdən sonra ən geci 1 ay ərzində boşaldılması, keçmiş mülkiyyətçi və onun ailə üzvlərinin həmin əmlakdan əşyaları ilə birlikdə çıxarılması, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan kredit müqavilələri üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ümumi qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Şəmkir” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, SHNİP-0298/201 saylı kredit müqaviləsinə əsasən illik 7 % faiz dərəcəsi olmaqla 36 ay müddətinə 60000 manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 2.1., 2.2. və 2.3. maddələri). Bundan başqa İddiaçı ASC-nin “Şəmkir” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, SHNİAP-033 saylı kredit müqaviləsinə əsasən illik 18 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 20000 manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 2.1., 2.2. və 2.3. maddələri). xx.xx.2018-ci il tarixli, SHNİP-0298/201 saylı və xx.xx.2020-ci il tarixli, SHNİAP-033 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh1 müqavilə üzrə öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Təqdim olunmuş maliyyə arayışlarına əsasən Cavabdeh1 xx.xx.2018-ci il tarixli, SHNİP-0298/201saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 59999,48 manat, faiz borcuna görə 6705,6 manat, cərimə borcuna görə 1325,94 manat, borcun cəmi məbləği 68031,02 manat, xx.xx.2020-ci il tarixli, SHNİAP-033 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 11740,58 manat, faiz borcuna görə 2041,53 manat, cərimə borcuna görə 365,4 manat, borcun cəmi məbləği 14147,51 manat təşkil edir. xx.xx.2018-ci il tarixli, SHNİP-0298/201saylı və xx.xx.2020-ci il tarixli, SHNİAP-033 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh3 ilə İddiaçı ASC arasında zaminlik müqavilələri bağlanmışdır. Həmin zaminlik müqavilələrin şərtlərinə görə zamin və borclu kredit müqavilələri üzrə öhdəliklərin icrasına görə birgə məsuliyyət daşıyırlar və borc tam ödənilməyənə qədər zaminlik müqavilələrinə xitam verilə bilməz. Bundan başqa xx.xx.2018-ci il tarixli, SHNİP-0298/201saylı və xx.xx.2020-ci il tarixli, SHNİAP-033 saylı kredit müqavilələrindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi tam mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və üzərindəki 213,9 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evi xx.xx.2018-ci il tarixli, SHNİP-0298/201 saylı İpoteka müqaviləsi və xx.xx.2020-ci il tarixli, SHNİAP-033 saylı Sonrakı İpoteka müqaviləsi ilə yüklü edilmişdir. Müqavilələr notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Həmçinin ipoteka qoyanın ailə üzvləri də ipoteka müqaviləsinin bağlanmasına öz yazılı razılıqlarını vermiş və həmin ərizələr də notarial qaydada təsdiq edilmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, tələb qismən təmin edilməlidir. İş materiallarında olan: xx.xx.2018-ci il tarixli, SHNİP-0298/201 saylı kredit müqaviləsindən görünür ki, borcverən – İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən borcalan Cavabdeh1 60 000 manat məbləğində illik 7 faiz ödəmək şərti ilə kredit verməyi, borcalan – Cavabdeh1 isə 36 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdələrinə götürmüşdür. xx.xx.2020-ci il tarixli, SHNİAP-033 saylı kredit müqaviləsindən görünür ki, borcverən – İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən borcalan Cavabdeh1 20 000 manat məbləğində illik 18 faiz ödəmək şərti ilə kredit verməyi, borcalan – Cavabdeh1 isə 24 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdələrinə götürmüşdür. xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, xx.xx.2018-ci il tarixli, SHNİP- 0298/201 saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh3 məxsus ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və üzərindəki 213,9 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evi ipoteka predmeti kimi yüklü edilmişdir. xx.xx.2020-ci il tarixli sonrakı ipoteka müqaviləsindən görünür ki, xx.xx.2020-ci il tarixli, SHNİAP-033 saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh3 məxsus ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və üzərindəki 213,9 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evi ipoteka predmeti kimi yüklü edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və üzərindəki 213,9 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evi "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir. Bildirişlərdən görünür ki, borc məbləğinin ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışlarının surətindən görünür ki, xx.xx.2018-ci il tarixli, SHNİP-0298/201 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 əsas borc üzrə 59999,48 manat, faiz borcuna görə 6705,6 manat, cərimə borcuna görə 1325,94 manat, olmaqla, cəmi borc 68031,02 manat, xx.xx.2020-ci il tarixli, SHNİAP-033 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 11740,58 manat, faiz borcuna görə 2041,53 manat, cərimə borcuna görə 365,4 manat olmaqla, cəmi borc 14147,51 manat təşkil edir. Şəmkir rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 758 nömrəli arayışından görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində Cavabdeh1, X2 və Cavabdeh2 qeydiyyatdadırlar. Zaminlik müqavilələrindən görünür ki, xx.xx.2018-ci il tarixli, SHNİP-0298/201 saylı və xx.xx.2020-ci il tarixli, SHNİAP-033 saylı kredit müqavilələrin təminatı kimi "xxxx" ASC ilə Cavabdeh3 arasında zaminlik müqavilələri bağlanmışdır. İş üzrə təyin edilmiş əmlakın qiymətləndirilməsinə dair xx.xx.2022-ci il tarixli, 02-96/22 nömrəli ekpertiza rəyində "xxxx" MMC tərəfindən ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və üzərindəki 213,9 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evinin bazar dəyəri 138 000 manat, likvid dəyəri isə 124 000 manat qeyd edilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli, SHNİP-0298/201 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 60 000 manat məbləğində, xx.xx.2020-ci il tarixli, SHNİAP-033 saylı kredit müqaviləsinin şərtlərinə görə 20 000 manat məbləğində kredit verilmişdir, borcun təminatı olaraq Cavabdeh3 ilə zaminlik müqavilələri bağlanmışdır. Cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıqlar göndərilsə də, cavabdeh tərəfindən borc məbləği ödənilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddiaçı borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. İddia tələbinin penya – yəni dəbbə pulu məbləğinə dair hissəsini müzakirə edən məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 463-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Yuxarıda sadalanan maddələrin məzmunundan göründüyü kimi, dəbbə pulu borclunun kredit müqaviləsi üzrə kreditor qarşısında üzərinə götürdüyü öhdəliklərin təmini üsullarından biri olmaqla kreditorun mümkün zərərdən qorunmasına təminat verir və dəbbə pulu borclunun icra etməli olduğu öhdəliyi icra etmədikdə alınır. Həmçinin qanunverici imperativ qaydada müəyyən etmişdir ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləği olduğundan bu barədə razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Əks təqdirdə həmin razılaşma etibarsız sayılır. Ona görə də tərəflər dəbbə pulunun miqdarını müəyyənləşdirməkdə sərbəstdirlər. Lakin qanunvericilik mülki hüquq məsuliyyətinin həcmini nəzərə alaraq bununla bağlı da konkret nizamlayıcı normalar müəyyən etmişdir. Mülki qanunvericiliyə görə mülki hüquq məsuliyyətinin iki növü vardır: zərərin əvəzinin ödənilməsi və dəbbə pulu. Zərərin əvəzinin ödənilməsi ümumi (universal), dəbbə pulu isə xüsusi təbiətə malik məsuliyyət tədbiridir. Borclu öhdəliyi icra etməməklə hüquq pozuntusuna yol verdikdə, o, zərərin əvəzinin ödənilməsi formasında məsuliyyət daşıyır. Lakin, qanunda və ya müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda dəbbə pulu (borclunun kreditora ödəməli olduğu pul məbləği) alınması da nəzərdə tutula bilər. Belə halda məsuliyyətin həcmi dəbbə pulunun zərərin əvəzinin ödənilməsi kimi universal məsuliyyət formasına uyğunlaşdırılması imkanından asılı olaraq müəyyən ediləcəkdir. Məhz bu uyğunlaşdırma formasından asılı olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 466-cı maddəsi dəbbə pulunun dörd növünü fərqləndirir: Birincisi, əvəzləşdirmə qaydasında ödənilən dəbbə pulu. Bu, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzinin ödənilməsini nəzərdə tutur. İkincisi, alternativ ödənilən dəbbə pulu, yəni borclu kreditorun istəyindən asılı olaraq ya dəbbə pulunu, ya da zərərin əvəzini ödəyir. Üçüncüsü, müstəsna dəbbə pulu, yəni borclu zərərin əvəzini ödəmir, o, təkcə dəbbə pulunu verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.3-cü maddəsi dəbbə pulunun məhz bu növünün tətbiqi zamanı dəbbə pulunun miqdarının mümkün zərərdən çox ola bilməsini müəyyən etmişdir. Dördüncüsü, cərimə dəbbə pulu. Bu zaman borclu öhdəliyin pozulmasına görə kreditora həm dəbbə pulunu, həm də zərərin əvəzini ödəyir. Hazırki iş üzrə dəbbə pulunun məhz bu növü tətbiq edilmişdir. Lakin, yuxarıda qeyd edildiyi kimi hesablanmış dəbbə pulu (cərimə) dəyən zərərin - faiz borcunun - həddini aşmışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.1-ci maddəsinin mənasına görə əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Yəni, hazırki iş üzrə iddiaçı cavabdehdən dəbbə pulunu (cəriməni) zərərin (hazırki iş üzrə hesablanmış faizlərin) minimum məbləği kimi tələb edə bilər. Başqa sözlə desək, dəbbə pulu (cərimə) mümkün zərərin minimum məbləğindən çox ola bilməz. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi məhkəmələrə işin konkret hallarını nəzərə almaqla tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Maddənin tələbinə görə tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Maddənin məzmunundan da göründüyü kimi dəbbə pulunun azaldılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq, maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, iddia tələbinin cərimə (dəbbə pulu) ilə bağlı hissəsi qismən təmin edilməli, tərəflər arasında bağlanmış müqavilələrdə dəbbə pulu miqdarı müəyyən edildiyindən və razılaşdırıldığından, lakin həmin müqavilə üzrə hesablanmış dəbbə pulu mümkün zərərdən tənasübsüz şəkildə çox olduğundan dəbbə pulu azaldılmaqla, xx.xx.2018-ci il tarixli, SHNİP- 0298/201 saylı kredit müqaviləsi üzrə 325.94 manat məbləğində, xx.xx.2020-ci il tarixli, SHNİAP-033 saylı kredit müqaviləsi üzrə isə 65.4 manat məbləğində tutulmalıdır. Məhkəmə iddia tələbinin ipoteka predmetinin satışından əldə olunan vəsait X1 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi hissəsinə münasibət olaraq qeyd edir ki, cavabdehdən ümumilikdə nə qədər pulun tutulmalı olması iddia tələbində və qətnamədə göstərilibdir. Odur ki, tələbin həmin hissəsi əsaslı sayılmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər (AR MM-in 449.1-ci maddəsi). Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər (AR MM-in 449.3-cü maddəsi). Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (AR MM-in 465.2-ci maddəsi). Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud, onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana tələbin ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki:

1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya

2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 və Cavabdeh3 iddiaçı „Rabitəbank“ ASC-nin xeyrinə xx.xx.2018-ci il tarixli, SNİP-0298/201 saylı kredit müqaviləsi üzə 59999.48(əlli doqquz min doqquz yüz doxsan manat qırx səkkiz qəpik) manat əsas borc, 6705.6(altı min yeddi yüz beş manat altı qəpik) manat faiz borcu, 325.94(üç yüz iyirmi beş manat doxsan dörd qəpik) manat cərimə borcu olmaqla cəmi 67031.02(altmış yeddi min otuz bir manat iki qəpik) manat borc, xx.xx.2020-ci il tarixli SHNİAP-033 saylı kredit müqaviləsi üzrə 11740.58(on bir min yeddi yüz qırx manat əlli səkkiz qəpik) manat əsas borc, 2041.53(iki min qırx bir manat əlli üç qəpik) manat faiz borcu, 65.4(altmış beş manat dörd qəpik) manat cərimə borcu olmaqla cəmi 13847.51(on üç min səkkiz yüz qırx yeddi manat əlli bir qəpik) manat borc və 400(dörd yüz) manat ödənilmiş mediasiya xərci tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Borc tələbi likvid dəyəri 138 000 manat olan Cavabdeh3 məxsus ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və üzərindəki 213.9 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinə yönəldilməli, həmin fərdi yaşayış evi və torpaq sahəsi açıq hərrac yolu ilə satılmalı və satışdan əldə olunan vəsait kredit borcuna yönəldilməlidir. İpoteka qoyulmuş fərdi yaşayış evinə və torpaq sahəsinə tutma yönəldikdən və satıldıqdan sonra cavabdeh çıxarılmaqla fərdi yaşayış evi və torpaq sahəsi boşaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,

q ə t e t d i:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh3 iddiaçı „Rabitəbank“ ASC-nin xeyrinə xx.xx.2018-ci il tarixli, SNİP-0298/201 saylı kredit müqaviləsi üzə 59999.48(əlli doqquz min doqquz yüz doxsan manat qırx səkkiz qəpik) manat əsas borc, 6705.6(altı min yeddi yüz beş manat altı qəpik) manat faiz borcu, 325.94(üç yüz iyirmi beş manat doxsan dörd qəpik) manat cərimə borcu olmaqla cəmi 67031.02(altmış yeddi min otuz bir manat iki qəpik) manat borc, xx.xx.2020-ci il tarixli SHNİAP-033 saylı kredit müqaviləsi üzrə 11740.58(on bir min yeddi yüz qırx manat əlli səkkiz qəpik) manat əsas borc, 2041.53(iki min qırx bir manat əlli üç qəpik) manat faiz borcu, 65.4(altmış beş manat dörd qəpik) manat cərimə borcu olmaqla cəmi 13847.51(on üç min səkkiz yüz qırx yeddi manat əlli bir qəpik) manat borc və 400(dörd yüz) manat ödənilmiş mediasiya xərci tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Borc tələbi likvid dəyəri 138 000 manat olan Cavabdeh3 məxsus ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və üzərindəki 213.9 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinə yönəldilsin, həmin fərdi yaşayış evi və torpaq sahəsi açıq hərrac yolu ilə satılsın və satışdan əldə olunan vəsait kredit borcuna yönəldilsin. İpoteka qoyulmuş fərdi yaşayış evinə və torpaq sahəsinə tutma yönəldikdən və satıldıqdan sonra cavabdehlər çıxarılmaqla fərdi yaşayış evi və torpaq sahəsi boşaldılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər.

Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar