Məhkəmə qərarları › İş №e-2-2(115)-730/2021

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-730/2021

21.09.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-730/2021 21.09.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X6, Cavabdeh X3 iştirakları ilə İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X13 X1 cavabdeh X5 qarşı “Tərtərçay” yatağında faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dövlətə dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair kommersiya işinə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X13 X2" X16 cavabdeh X5 qarşı “Tərtərçay” yatağında faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dövlətə dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 “Tərtərçay” yatağından faydalı qazıntıların qanunsuz hasilatı nəticəsində 10269 manat məbləğdə dövlətə vurulmuş maddi ziyanın alınıb, Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondunun hesabına ödənilməsi və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X13 X2 (iddiaçı) tərəfindən yataqlara baxış keçirilən zaman “Tərtərçay” qum-çınqıl yatağında 29 avqust 2019 cu il tarixli 01213 nömrəli “Dağ-mədən ayırması” aktı (DMAA) ilə X9 (cavabdeh) tərəfindən ona ayrılmış 1.4 ha yer təki sahəsindən kənarda qum-çınqıl qarışığı hasil edildiyi aşkar edilmişdir. Baxış zamanı xüsusi texnikanın işləməsi və çıxarılmış faydalı qazıntıların ərazidən daşınması müşahidə edilmişdir. Bu barədə qanunvericiliyə uyğun olaraq baxış aktı tərtib edilmişdir, fotoşəkillər çəkilmişdir. Baxış zamanı Agentliyin əməkdaşları tərəfindən ərazidə topoqrafik və topogeodezik ölçmə işləri aparılmış, əldə edilmiş məlumatlar baxış aktında qeyd edilmiş və kameral şəraitə “X17” proqram təminatı vasitəsi ilə keçirilən araşdırma və müqayisəli təhlil zamanı sahibkar tərəfindən ona ayrılmış sahədən kənarda 2934 m həcmdə qum-çınqıl çıxarıldığı müəyyən edilmişdir. Eyni zamanda sahədə aparılmış ölçmə işləri nəticəsində ərazidə orta istismar dərinliyi 4-8 metr müəyyən edilmişdir. 10 sentyabr 2020-ci il tarixdə keçirilmiş monitorinqin nəticələrinə uyğun olaraq X10 011/20 nömrəli 9 dekabr 2020-ci il tarixli Qərarı ilə cavabdehin fəaliyyəti 3 ay müddətinə dayandırılmışdır. Eyni zamanda aparılmış qanunsuz hasilat nəticəsində dövlətə vurulmuş maddi ziyanın pretenziya qaydasında ödənilməsi tələb edilmiş, lakin bu günə qədər cavabdeh tərəfindən ziyanın ödənilməsi ilə bağlı heç bir tədbir görülməmişdir. Cavabdeh tərəfindən yer təkindən istifadə hüququn dayandırılmasına əsas olan halların aradan qaldırılmadığından və dövlətə dəymiş maddi ziyan ödənilmədiyindən “Yerin təki haqqında” Qanunun 19-cu maddəsinin 6-cı bəndinə və “Lisenziyalar və icazələr haqqında” Qanunun 26.1.7-ci maddəsinə əsasən yerin təkindən istifadə hüququ (Dağ-mədən ayırması aktı) X10 27 may 2021-ci il tarixli 41 nömrəli qərarı ilə ləğv edilmişdir. Qanunsuz hasilat nəticəsində vurulmuş maddi ziyanın məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 mart tarixli 119 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə Normativlər”ə uyğun olaraq aşağıdakı qaydada hesablanmışdır: 2934 m qum-çınqıl qarışığı* 5 manat *0.7 = 10269 manat ümumilikdə 10269 manat məbləğdə ziyan müəyyən edilmişdir. İddiaçının nümayəndəsi X11 məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən ona ayrılmış 1.4 ha yer təki sahəsindən kənarda qum-çınqıl qarışığı hasil edildiyi 10.09.2020-ci il tarixli aktla təsdiq edilir. Həmin akt cavabdeh tərəfindən imzalanmışdır. Aktda ayrılmış sahədən kənarda hasilat işlərinin məhz cavabdeh tərəfindən aparıldığı birbaşa qeyd edilməsə də, qanunsuz hasilat işləri cavabdehə ayrılmış sahəyə yaxın olduğundan, hesab edir ki, cavabdehdən başqa heç kim orada hasilat apara bilməzdi. Ona görə də, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh X8 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, ona ayrılmış torpaq sahəsindən kənarda heç bir qazıntı işləri aparmamışdır. Ötən ilin sentyabr ayında ekologiya nazirliyinin işçiləri ona aid sahəyə baxış keçirərək, ölçmə işlərini aparıb akt tərtib etmişlər. Bu zaman ona heç bir irad və ya nöqsan bildirilməmişdir. Baxış zamanı özü agentliyin işçilərinə bildirmişdir ki, ona ayrılmış sahədən kənarda kimsə qazıntı aparmışdır. İddiaçının istinad etdiyi 10 sentyabr 2020-ci il tarixli aktda ayrılmış sahədən kənarda onun tərəfindən qazıntı aparıldığı qeyd edilməmişdir. Ona görə də, aktı imzalamışdır. O, nəinki kənarda, ümumiyyətlə öz sahəsində belə neçə illərdir ki, qazıntı işləri ilə məşğul olmur. İddiaçının istinad etdiyi qazıntı işləri onun tərəfindən aparılmadığından və ziyan vurmadığından, hesab edir ki, iddiaçının ona qarşı qaldırdığı iddia əsassızdır. Ona görə də, iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin 29.08.2019-cu il tarixli 1213 nömrəli dağ-mədən ayırması aktınn surətindən görünür ki, fiziki şəxs Sənan Məmmədova “Tərtərçay” qum-çınqıl yatağında qum-çınqıl hasilatı məqsədi ilə 1.4 hektar torpaq sahəsi istifadəyə verilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X13 X1 63316 nömrəli, 10 sentyabr 2020-ci il tarixli aktının surətindən görünür ki, 10 sentyabr 2020-ci il tarixdə Bərdə-Tərtər yolunda yerləşən fiziki şəxs Sənan Məmmədova ayrılmış əraziyə mütəxəssislərin iştirakı ilə baxış keçirilərkən mərz nişanlarının düzgün yerdə quraşdırılmaması, markşeyder planında ayrılmış sahənin hüduları daxilində müxtəlif ölçülü çalalar şəklində 1-2 m orta istismar işlərinin aparılması, 1.4 ha istismar sahəsinin xaricində orta istismar dərinliyi 4-8 m olan istismar işlərinin aparılması, sahənin cənub hissəsinin şəhər ətrafı yolundan və qaz xətti borusundan 50-55 m məsafədə, körpüdən 1 km məsafədə yerləşməsi qeyd edilmişdir. X13 X1 İdarə Heyətinin 109 dekabr 2020-ci il tarixli qərarı ilə 29.08.2019-cu il tarixli 1213 nömrəli dağ-mədən ayırması aktı ilə X7 verilmiş yerin təkindən istifadə hüququ 1 ay müddətinə dayandırılmışdır. X13 X1 İdarə Heyətinin 27 may 2021-ci il tarixli qərarı ilə 29.08.2019-cu il tarixli 1213 nömrəli dağ-mədən ayırması aktı ilə X7 verilmiş yerin təkindən istifadə hüququ ləğv edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21.1ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı cavabdeh tərəfindən faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dövlətə ziyan vurulduğunu iddia edərkən, tələbinin əsası kimi X13 X1 63316 nömrəli 10 sentyabr 2020-ci il tarixli aktına istinad etmişdir. Həmin aktın məzmunundan göründüyü kimi, cavabdehin qanuni istifadəsində olan torpaq sahəsindən kənarda qanunsuz hasilat işlərinin aparıldığı təsdiq edilsə də, bu işlərin məhz cavabdeh tərəfindən aparıldığı təsdiq olunmur. Belə olan halda məhkəmə hesab edir ki, vurulmuş ziyanın cavabdehin təqsirli, hüquqa zidd əməli nəticəsində baş verdiyi sübuta yetirilmədiyindən, iddiaçının tələbi təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X13 X1 cavabdeh X5 qarşı “Tərtərçay” yatağında faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dövlətə dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X13 X1 cavabdeh X5 qarşı “Tərtərçay” yatağında faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dövlətə dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar