Məhkəmə qərarları › İş №e-2-2(115)-739/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-739/2025

14.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-739/2025 14.05.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit razılaşması üzrə pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11343,24 manat əsas kredit borcu, 1607,53 manat faiz borcu, 171,22 manat penya olmaqla, cəmi 13121,99 manatın, həmçinin iddia qaldırılması üçün ödənilmiş 129,37 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1dan, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2022-ciil tarixli razılaşmaya əsasən Cavabdeh1 36 ay müddətinə illik 22% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 15000 manat məbləğində kredit verilmişdir. Razılaşmanın 2-ci bəndinə görə kredit, borcalanın ərizəsi əsasında kreditverən tərəfindən borcalanın cari hesabına köçürməklə veriləcəkdir. Kreditin alınma tarixi kreditin borcalanın cari hesabına köçürüldüyü tarix hesab edilir və kredit üzrə faizlər həmin tarixdən etibarən hesablanacaqdır. Həmin tarix ilə bu razılaşmanın bağlanması tarixi arasında fərq olarsa, bu zaman, kreditin geri qaytarılmalı olduğu sonuncu tarix bu razılaşmaya əlavə edilmiş ödəniş cədvəlində qeyd edilmiş son ödəniş tarixi ilə müəyyən ediləcəkdir. xx.xx.2023-cü il tarixində cavabdehə verilmiş 15000 manat kreditin həmin günə qalıq 12114,39 manat əsas borcu restruktruzasiya edilmiş, illik faiz dərəcəsi 22% və kreditin son icra müddəti xx.xx.2026-cı il müəyyən edilmişdir. Kredit üzrə öhdəliklərin icrasının təmini kimi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə xx.xx.2023-cü il tarixli 28FİZAM123390402 və 28FİZAM106377705 saylı zaminlik müqavilələri üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşdürlər. Lakin, razılaşma üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh1 xx.xx.2024cü il tarixə iddiaçıya 11343,24 manat əsas kredit borcu, 1607,53 manat faiz borcu, 171,22 manat penya olmaqla, cəmi 13121,99 manat borcu qalmaqdadır. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə digər cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kreditin verilməsinə dair razılaşmadan görünür ki, ona dövriyyə vəsaitlərinin artırılması və cari xərclər məqsədilə illik faiz dərəcəsi 22% olmaqla, xx.xx.2025-ci il tarixədək qaytarmaq şərti ilə 15000 manat məbləğində krеdit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli restrukturizasiya razılaşmasından görünür ki, razılaşma tarixinə 12114,39 manat əsas borc mövcuddur. Faiz dərəcəsi 22%, kreditin son icra müddəti xx.xx.2026-cı il müəyyən edilir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh2 və Cavabdeh3 borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdələrinə götürmüşlər. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixə banka 11343,24 manat əsas, 1607,53 manat faiz və 171,22 manat cərimə borcu olmaqla, ümumilikdə 13121,99 manat bоrcu vardır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, borclulara yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin xx.xx.2023-cü il tarixədək qüvvədə olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin xx.xx.2023-cü il tarixədək qüvvədə olan 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli kreditin verilməsinə dair razılaşma bağlanmış, razılaşmaya əsasən ona dövriyyə vəsaitlərinin artırılması və cari xərclər məqsədilə illik faiz dərəcəsi 22% olmaqla, xx.xx.2025-ci il tarixədək qaytarmaq şərti ilə 15000 manat məbləğində krеdit verilməsi nəzərdə tutulmuşdur. Sonradan tərəflər arasında xx.xx.2023-cü il tarixdə restrukturizasiya razılaşması bağlanmış, kreditin məbləği 12114,39 manat, faiz dərəcəsi 22%, son icra müddəti xx.xx.2026-cı il müəyyən edilmişdir. İddiaçı kredit razılaşması ilə üzərinə götürdüyü öhdəliyi icra etmiş, kredit məbləğini cavabdehə vermiş, cavabdeh isə kredit razılaşması ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçıya 11343 manat 24 qəpik əsas borc, 1607 manat 53 qəpik faiz borcu və 171 manat 22 qəpik cərimə borcu vardır. Məhkəmə eyni zamanda digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 mülki məsuliyyətlərini araşdıraraq hesab edir ki, onlar kredit razılaşması üzrə alınmış kreditə görə zamin olduqlarından, qeyd edilən kredit məbləğinin, həmin məbləğə hesablanmış faiz və cərimə borcunun ödənilməsi üçün məsuliyyət daşıyırlar. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit razılaşması üzrə iddiaçıya olan borcunu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh1 zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən Cavabdeh2 və Cavabdeh3 onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. Odur ki, tərəflər arasında bağlanmış kredit razılaşması üzrə 11343 manat 24 qəpik əsas borc, 1607 manat 53 qəpik faiz borcu və 171 manat 22 qəpik cərimə borcu olmaqla, cəmi 13121 manat 99 qəpik məbləğində borc cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 129,37 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 129 manat 37 qəpik məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 26 dekabr 2022-ci il tarixli kredit verilməsinə dair razılaşma üzrə yaranmış 11343 manat 24 qəpik əsas borc, 1607 manat 53 qəpik faiz borcu və 171 manat 22 qəpik cərimə borcu olmaqla, cəmi 13121 (on üç min yüz iyirmi bir) manat 99 (doxsan doqquz) qəpik pul və 129 (bir yüz iyirmi doqquz) manat 37 (otuz yeddi) qəpik dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar