Məhkəmə qərarları › İş №e-2-2(115)-74/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-74/2023

22.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-74/2023 22.05.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı “X10 Olmayan Kredit Təşkilatı” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X3, ilkin iddia üzrə üçüncü şəxs, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı “X10 Olmayan Kredit Təşkilatı” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair ilkin iddiası, iddiaçı Cavabdehlər “X10 Olmayan Kredit Təşkilatı” Qapalı Səhmdar Cəmiyyətinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı müqavilələrin ləğv edilməsi və pul tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı “X10 Olmayan Kredit Təşkilatı” Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, KM-GT-21/0001 nömrəli kredit müqaviləsi üzrə 45983 manat əsas borc, 3004,37 manat faiz borcu, 9408,52 manat cərimə borcu olmaqla, ümumilikdə 58395,89 manat borcun, ödənilmiş 400 manat məbləğində mediasiya xərcinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" QSC ilə fərdi sahibkar Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli KM-GT21/0001 nömrəli kredit müqaviləsinə əsasən borcluya təchizatçı "xxxx" QSC-dən aldığı mallara görə ödənişlərin həyata keçirilməsi üçün 12 ay müddətinə illik 7% dərəcəsi olmaqla 45983 manat məbləğində kredit verilmişdir. Kredit məbləği müqavilənin 1.4-cü bəndinə görə birbaşa olaraq "xxxx" QSC-nin bank hesabına köçürülmüşdür. Kredit məbləğinin illik 7% olmaqla faiz məbləği kredit müqaviləsinin 2.1-ci bəndinə müvafiq olaraq xx.xx.2021-ci il tarixədək "xxxx" QSC tərəfindən ödənilmişdir. Müqavilənin 2.2-ci bəndinə əsasən xx.xx.2021-ci il tarixdən etibarən hesablanmış faizlərin ödənilməsi və müqavilənin 2.3-cü bəndinə görə 12 aylıq müddət bitdikdən sonra birdəfəlik olaraq əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən həyata keçirilməli idi. Lakin borclu Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Cavabdehin 24 oktyabr 2022-ci il tarixli arayışa əsasən iddiaçıya 45983 manat əsas borcu, 3004,37 manat faiz borcu, 9408,52 manat cərimə borcu olmaqla, ümumilikdə 58395,89 manat borcu vardır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli KM-GT-21/0001 nömrəli, "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 21/001-AİSCO-KA-P.L nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsini, ilkin iddia tələbi təmin olunacağı təqdirdə həmin təmin olunacaq məbləğin cavabdeh "xxxx" QSC-dən tutularaq "xxxx" QSC-yə ödənilməsi, Cavabdeh tərəfindən ödənilmiş 3957 manat pulun cavabdeh "xxxx" QSC-dən tutularaq Cavabdeh geri qaytarılması, satıcı "xxxx" QSC qabaqcadan ödənilmiş əşyanı vermək vəzifəsini icra etmədiyinə görə 49940 manat pul vəsaitinin (qərar çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürüb hesablamaqla) faizini və 100 manat rüsumun cavabdeh "xxxx" QSC-dən tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilkin iddiaçının tələbi qeyri-dəqiqdir. Belə ki, müqavilə şərtlərindən görünür ki, 12 aylıq faizin bir hissəsini, yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixdək olan hissənin "xxxx" QSC tərəfindən ödənilməliidr. Lakin iddiaçı həmin faiz məbləğini də Cavabdeh tələb etmişdir. Həmçinin kredit təşkilatı müqavilə üzrə əsas və faiz borcunu tələb edir ki, bu hal da kredit müqaviləsinin ləğvi üçün əsasdır. Bundan başqa cərimə məbləği də çox şişirdilmiş və həddən artıq mütənasib olmayan həddə hesablanmışdır. Bundan əlavə "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsi də ləğv edilməlidir. Belə ki, cavabdeh müqavilədə göstərilən malları təqdim etməmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi malların təhvil-təslim aktı saxtadır və həmin aktlardakı imzalar Cavabdeh məxsus deyildir. Bundan başqa həmin saxta aktlarda göstərilmiş mallarla müqaviləyə əlavə edilmiş protokolda göstərilən malların miqdarında və sayında uyğunsuzluqlar vardır. Göründüyü kimi satıcı öz öhdəliyini icra etməməsi nəticəsində Cavabdeh tərəfindən kredit borcu ödənilməmişdir. Bu səbəbdən də həmin kredit borcunun üzərinə faiz və cərimə borcu hesablanmışdır ki, bu da cavabdehin təqsirli hərəkətlərinin nəticəsidir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli KM-GT-21/0001 nömrəli, "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 21/001-AİSCO-KA-P.L nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsini, xx.xx.2021-ci il tarixli KM-GT-21/0001 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh tələb edilən 45983 manat əsas, 3004,37 manat faiz, 9408,52 manat cərimə borcu olmaqla 58395,89 manat borcun, 400 manat mediasiya xərcinin cavabdeh "xxxx" QSC-dən tutularaq Cavabdeh ödənilməsi, Cavabdeh tərəfindən ödənilmiş 3957 manat pulun cavabdeh "xxxx" ASC-dən tutularaq Cavabdeh geri qaytarılması, satıcı "xxxx" QSC qabaqcadan ödənilmiş əşyanı vermək vəzifəsini icra etmədiyinə görə 49940 manat pul vəsaitinin faizi olan (xx.xx.2023-cü il tarixli bank uçot dərəcəsini əsas götürüb hesablanmaqla) 4369,75 manat pulun və ödənilmiş 100 manat rüsumun cavabdeh "xxxx" ASC-dən tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı "xxxx" QSC-nin nümayəndəsi X5 ilkin iddianı müdafiə edərək izahatında göstərdi ki, tərəflər arasında bağlanılmış kredit müqaviləsinə uyğun olaraq cavabdeh tərəfə aldığı malların əvəzini ödəməkdən ötrü "xxxx"xxxx"xxxx" ASC müstəqil bir şirkət olaraq aralarında əməkdaşlıq müqaviləsi imzalanmışdır. Həmin şirkət təchizatçı şirkətdir, əgər gübrə alan şəxslərin nəğd ödəmək imkanı yoxdursa onlar alıcı tərəfin əvəzinə həmin məbləği təchizat şirkətinə ödəyir. Cavabdehin əvəzinə də tərəflərindən 45983 manat pul "xxxx" ASC-yə köçürülmüşdür. Bu səbəbdən ayrılan kredit borcluya verilməmiş, birbaşa "xxxx" QSC-nin hesabına köçürülmüşdür ki, həmin vəsait müqavilədə nəzərdə tutulmuş məqsəd üçün istifadə edilsin, başqa məqsəd üçün istifadə edilməsin. Kredit müqaviləsinə əsasən 1 il ərzində ilk 6 ayın faizinin təchizatçı şirkət tərəfindən ödənilməsi, sifarişçi yerdə qalan 6 ay ərzində isə məbləğin tam ödənilməsini öz üzərinə öhdəlik kimi götürmüşdür. Lakin cavabdeh tərəfindən nə əsas məbləğ, nə faiz məbləği, nə də ki, cərimə məbləğləri ödənilməmişdir. Bununla əlaqədar cavabdehlə şifahi və yazılı qaydada dəfələrlə əlaqə saxlanılmışdır, lakin danışıqlar heç bir nəticə verməmişdir. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı "xxxx" QSC-nin nümayəndəsi X6 məhkəmə iclaslarında verilən izahatlara əlavəsinin olmadığını bildirdi və ilkin iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddianı müdafiə edərək izahatında göstərdi ki, onun iddiaçı şirkətlə tək bir işi olmamışdır, dəfələrlə onlarla işləmişdir. Ən böyük işləri lizinq qaydasında soyuducu anbarının tikilməsi olmuşdur. Soyuducu anbarı tikilib başa çatdıqdan sonra dövlət tərəfindən ona faizsiz kredit ödənilməli idi, lakin dövlət tərəfindən ona kredit verilməmiş, o da lizinq məbləğini ödəyə bilməmişdir, məcbur qalıb öhdəliyi başqa şəxsə keçirtmişdir. Həmin vaxtdan iddiaçı ilə aralarında mübahisə yaranmış, anbarı satmaq istəmiş, lakin sata bilməmişdir. Daha sonra iddiaçıdan texnika götürmüş, lakin məhkəmə qaydasında texnikanı ondan almışlar. 2021-ci ilin yanvar ayında "xxxx" QSC-nin rəhbəri tərəfindən ona gübrə və digər məhsullar təklif olunmuşdur. 25 yanvar 2021-ci il tarixdə ilkin müqavilə bağlamışlar. Daha sonra iddiaçı şirkət ona heç bir gübrə verməmiş ona görə müqavilə ləğv olunmuşdur. O daha sonra başqa yerdən 4000 manatlıq gübrə almış, fevral ayında ona iddiaçı şirkət yenidən məhsul satmağı təklif etmişdir. Köhnə tarixlə müqavilə hazırlayıb ona bildirmişlər ki, əvvəl ödədiyi 4000 manat da bu müqaviləyə daxil ediləcəkdir. Yəni 4000 manatın avas kimi ödənildiyi yazılacaqdır. O da həmin müqaviləni imzalamışdır. "xxxx"xxxx"xxxx" ASC eyni şəxsin şirkətləridir. O iddiaçı şirkətlə danışarkən ona bildirmişlər ki, gübrə verən şirkət də onların şirkətidir, sənədləşmələri özləri aparacaq, ona görə o da razılaşmışdır. "xxxx" ASC tərəfindən 45983 manat dəyərində ona heç bir məhsul göndərilməmişdir. Əvvəlcə müvafiq müqavilə bağlandıqdan sonra dəqiq məbləği yadında qalmasa da iddiaçı şirkət onun hesabına pul köçürmüş, sonra pulun "xxxx" ASC-yə köçürülməli olmasını bildirmişlər. O da iddiaçıya bildirmişdir ki, o, təchizat şirkətindən heç bir məhsul almamış, almaq da istəmir. Həmin günün sabahı hesabdakı pulu iddiaçı şirkətin özünə qaytarmışdır. Bundan başqa "xxxx" ASC-dən bir dəfə mal almış, həmin vaxt aldığı malın dəyərini nağd, yəni kartla ödəmişdir, yalnız bir akta qol çəkmiş və pulunu ödəyərək məhsul almışdır. Digər aktlardan xəbri olmamış və başqa akta da qol çəkməmişdir. Yəni ona ayrılmış kredit məbləğindən istifadə edərək "xxxx" ASC-dən heç bir məhsul almamışdır. Təhvil-təslim aktlarından yalnız biri, KS001507 nömrəli akt onda var, hansı ki, özü qəbul etdiyi mal olub, həmin malın da pulunu özü nağd olaraq verib, özü imzalamışdır. Ekspert tərəfindən ona məxsus olduğu bildirilən 001399 nömrəli təhvil-təslim aktındakı imza ona aid deyildir. Həmin sənəd əsl deyildir. O, imza çəkərkən əsl sənəd 4 list olmuşdur. Onlardan birini ona verdikdə qalan üçü onlarda qalmışdır. Buna görə də ola bilməz ki, həmin kserosurət olan sənədin əsli onlarda olmasın. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi Vəkil izahatında göstərdi ki, pul "xxxx"xxxx"xxxx" ASC tərəfindən Cavabdeh verilməmişdir. Əgər verilsəydi o bu malların pulunu ödəyərdi. Təhvil-təslim aktındakı mallar ilə müqavilədə göstərilən malların siyahısı eynilik təşkil etmir. Habelə təhvil-təslim aktlarındakı imza Cavabdeh aid deyildir. Malları təhvil almadığını Cavabdeh telefon vasitəsi ilə "xxxx" QSC-yə bildirmişdir. "xxxx" QSC isə ona hazırda mal olmadığını bildirmişlər, belə olan halda Cavabdeh da düşünmüşdür ki, pulu ondan tələb etməyəcəklər. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə üçüncü şəxs, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 qarşlıqlı iddiaya etiraz edərək izahatında göstərdi ki, Cavabdeh "xxxx" QSC ilə kredit müqaviləsi bağlayaraq pul götürmüşdür. Həmin kredit məbləği "xxxx" QSC tərəfindən onlara ödənilmişdir. Kredit məbləğinin ilkin 6 ayının faizini ödəməyi onlar öhdəsinə götürmüş və pulu "xxxx" QSC-yə ödəmişlər. Onlar da öz növbəsində Cavabdeh istehsal etdikləri məhsullardan göndərmiş, öz öhdəliklərini yerinə yetirmişlər. Bu faktı təsdiq edən sənədlər də mövcuddur. Onların ölkənin müxtəlif yerlərində, demək olar ki, hər rayonda anbarları mövcuddur. Sifariş verildiyi zaman məhsul ən yaxın anbardan şifariş verən şəxsə çatdırılır. Malın verilməsini təsdiq edən təhvil-təslim aktı tərtib olunur, təhvil-təslim aktında istehsalçı yazısının qabağında anbardarın, sürücü yazısının qabağında məhsulu aparan şəxsin, təhvil alan yazısının qabağında isə ya şifarişçinin, ya da onun nümayəndəsinin imzası olur. Əgər kim imza atıbsa deməli malı həmin şəxs qəbul etmişdir. Məhsul hansı anbardan çıxırsa imzanı həmin anbarın anbardarı atır. Təhvil-təslim aktında məhsulun qiyməti yazılmır, yalnız miqdarı qeyd edilir. 001399 nömrəli təhvil-təslim aktının əslini tapıb məhkəməyə təqdim edə bilməsələr də, həmin aktın kserosurəti və digər aktların əsilləri məhkəməyə təqdim edilmişdir. Təhvil-təslim aktlarları onu göstərir ki, Cavabdeh məhsullar təhvil verilmiş, lakin o, ilkin iddia üzrə iddiaçı qarşısında öz öhdəliyini yerinə yetirməmişdir. Təhvil-təslim aktı mal anbardan çıxarkən tərtib olunduğu üçün həmin aktda malı sifariş edən şəxsin adı malı təhvil alan şəxs kimi yazılır, malların təhvil alınması barədə imza çəkilir. O cümlədən elektron vergi hesab fakturaları təqdim olunmuş və onlar geri qaytarılmayaraq təsdiq olunmuşdur. Odur ki, vətəndaş malları təhvil almış, lakin götürdüyü krediti ödəməmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirdi ki, o "xxxx" ASC-nin işçisidir. Cavabdeh mal verilən zaman işə təzə girmişdir. Dəqiq tarixi yadında qalmasa da, Ağdaş anbarından mal aparmışdır. Ancaq malı hansı istiqamətə, hansı rayona, yəni hara apardığını və kimə verdiyini xatırlamır. Ancaq həmin şəxsi görsə bəlkə xatırlaya bilər. İş materiallarında olan "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 28 yanvar 2021-ci il tarixli KM-GT-21/0001 saylı kredit müqaviləsindən görünür ki, ona "xxxx" QSC-dən aldığı mallara görə ödənişlərin həyata keçirilməsi məqsədilə və aldığı malların təhvil-təslim aktlarını və ya qaimələrini BOKT-a təqdim etmək şərti ilə illik faiz dərəcəsi 7% olmaqla 12 ay müddətinə 45983 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən kreditorun razılığı ilə BOKT tərəfindən kredit məbləğini birbaşa "xxxx" QSC-nin bu müqavilənin 1.6-cı bəndində göstərilmiş bank hesabına köçürülməsi nəzərdə tululmuşdur. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən qalıq 45983 manat kredit məbləğini illik 7% olmaqla 1.5-ci bəndinə uyğun olaraq 31 avqust 2021-ci il tarixinə kimi "xxxx" QSC tərəfindən, 2.2-ci bəndinə əsasən isə qalıq 45983 manat kredit məbləğini illik 7% olmaqla 1.5-ci bəndinə uyğun olaraq 01 sentyabr 2021-ci il tarixdən etibarən Cavabdeh tərəfindən ödənilməsi müəyyən olunmuşdur. Həmçinin müqavilənin 2.3-cü bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun ödənilməsini 12 aylıq müddət bitdikdən sonra birdəfəlik olaraq həyata keçirməyi öhdəsinə götürmüş, borcun ödənilməsinin son tarixi 28 yanvar 2022-ci il tarix müəyyən olunmaqla əsas borc üzrə bu bəndin tələbləri pozulduğu gündən etibarən borcalan əsas borcun qalığına illik 36% olmaqla cərimə faizini ödəməsi və bu andan həmin məbləğə adi faizlərin hesablanmasının dayandırılması müəyyən olunmuşdur. İş materiallarında olan 24 oktyabr 2022-ci il tarixli PCM-22/0094-1 saylı maliyyə arayışından görünür ki, Cavabdeh 28 yanvar 2021-ci il tarixli KM-GT-21/0001 saylı kredit müqaviləsi üzrə "xxxx" QSC-yə 45983 manat əsas, 3004 manat 37 qəpik faiz və 9408 manat 52 qəpik cərimə borcu olmaqla, ümumilikdə 58395 manat 89 qəpik bоrcu vardır. Həmçinin maliyyə arayışının qeyd hissəsinə əsasən xx.xx.2021-ci il tarixli KM-GT-21/0001 saylı kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən xx.xx.2021-ci il tarixinə kimi hesablanmış 1904,26 manat faiz məbləğini "xxxx" QSC tərəfindən ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli PCV-22/008 saylı xəbərdarlıq məktubunun və xx.xx.2022-ci il tarixli PCP-22/0033 saylı pretenziya məktubunun surətlərindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 25 yanavar 2021-ci il tarixli 21/001-AİSCO-KA-P.L. saylı korporativ satış üzrə alqı-satqı müqaviləsindən görünür ki, satıcı müqavilənin qüvvədə olduğu müddətdə müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymət razılaşma protokollarında dəqiq adları, qiymətləri və digər göstəriciləri göstərilmiş malları alıcıya satmağı, alıcı isə həmin malları satıcı tərəfindən malla birlikdə təqdim olunan qaiməfakturaya əsasən qəbul edərək almağı və göstərilən məbləğdə dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.3.2-ci bəndinə əsasən alıcının əgər satıcı malları, müqavilə ilə nəzərdə tutulan vaxtdan gec verərəsə və ya verməkdən imtina edərsə, müqavilənin icrasından imtina etmək və ödənilən vəsaiti geri tələb etmək hüququ vardır. İş materiallarında olan "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 25 yanavar 2021-ci il tarixli 21/001-AİSCO-KA-P.L. saylı korporativ satış üzrə alqı-satqı müqaviləsinin ayrılmaz tərkib hissəsi olan qiymət razılaşma protokolundan görünür ki, 32 ton vahidinin qiyməti 810 manat, cəmi 25920 manat Ammofos/Evroxim (12:52NP) 50 kq istehsalçı Russia olan məhsulun, 32 ton vahidinin qiyməti 430 manat, cəmi 13760 manat Ammonium Sulfat/Rustavi (21:24 NC) 50 kq istehsalçı Gürcüstan olan məhsulun, 9 ton vahidinin qiyməti 480 manat, cəmi 4320 manat Karbamid marka B/SOCAR 40 kq istehsalçı Azərbaycan olan məhsulun və 3,6 ton vahidinin qiyməti 1650 manat, cəmi 5940 manat Kalium Nitrat/İCL Nova (13-0-46 N-K) 25 kq SOP 3 istehsalçı İsrael olan məhsulun, yəni 49940 manat məbləğində məhsulun xx.xx.2021-ci ilədək çatdırılması müəyyən edilmişdir. Həmin protokolun 1-5-ci bəndlərinə əsasən mallar cədvəldə göstərilən çatdırılma müddəti çərçivəsində müştərinin anbar təslimi Satıcı tərəfindən Alıcıya təhvil verilir. Alıcı öz vəsaiti hesabına malların vaqondan və ya tırdan boşaldılması və təhvil almasını həyata keçirir. Hazırkı qiymət razılaşma protokolundakı göstərilən malların 100% müqavilə məbləği qabaqcadan ödənilir. Alıcı AKİA tərəfindən təqdim edilən fermer kartı ilə 3957 manat avans şəklində 1 iş günü ərzində alıcıya ödəyir. Ödənişin digər hissəsi xx.xx.2021-ci il tarixədək "xxxx" QSC tərəfindən 45983 manat avans şəkilində Alıcının əvəzindən Satıcının bank hesabına ödənilməlidir. Həmçinin protokolun 5-ci bəndində "xxxx"xxxx"xxxx" QSC arasında bağlanan əməkdaşlıq müqaviləsinə əsasən alıcı ilə bağlanan xx.xx.2021-ci il tarixli qeyd edilən müqavilə “KTA-QM21/001” nömrəsinə şamil olunur. İş materiallarında olan KapitalBank tərəfindən verilmiş ödəniş kartı ürzə çıxarışdan görünür ki, Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə "xxxx" QSC-nin hesabına 10000 manat köçürülmüş, həmin məbləğin 6043 manatı Cavabdeh qaytarılmış, 3957 manat saxlanılmışdır. İş materiallarında olan "xxxx"xxxx"xxxx" QSC arasında bağlanmış 16 noyabr 2020-ci il tarixli KTA-QM21/001 saylı əməkdaşlıq müqaviləsindən görünür ki, "xxxx"xxxx"xxxx" QSC arasında əməkdaşlıq münasibətlərinin qurulması, "xxxx"xxxx"xxxx" QSC-nin həyata keçirdiyi satışlara maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 889822 nömrəli elektron qaiməyə əsasən 25920 manat, xx.xx.2021-ci il tarixli 909197 nömrəli elektron qaiməyə əsasən 5940 manat, xx.xx.2021-ci il tarixli 006630 saylı elektron qaiməyə əsasən 4320 manat, xx.xx.2021-ci il tarixli 026827 nömrəli elektron qaiməyə əsasən 13760 manat, xx.xx.2021-ci il tarixli 157886 nömrəli elektron qaiməyə əsasən isə 1620 manat dəyərində mallara dair qaimələr "xxxx" ASC tərəfindən Cavabdeh ötürülmüşdür. İş materiallarında olan "xxxx" ASC tərəfindən təqdim olunmuş 8 ədəd, xx.xx.2021-ci il tarixli KS 001399 nömrəli təhvil-təslim aktının kserosurətindən və xx.xx.2021-ci il tarixli KS 000001, xx.xx.2021-ci il tarixli KS 000002, xx.xx.2021-ci il tarixli KS 001397, xx.xx.2021-ci il tarixli KS 001398, xx.xx.2021-ci il tarixli KS 001507, xx.xx.2021-ci il tarixli KS 001396, xx.xx.2021-ci il tarixli KS 001394 nömrəli təhvil təslim aktlarının əsillərindən görünür ki, 200, 950, 2450, 4000, 9000, 16000, 16000 və 32000 kq olmaqla mal təhvil verilmişdir. “Təhvil aldı/anbardar” qrafasında malların təhvil verilməsi, təhvil alınması hər iki tərəfin imzası ilə təsdiq olunuşdur. Təhvil alan isə Cavabdeh göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 mart 2023-cü il tarixli 4/66 nömrəli məhkəmə-xəttşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, xx.xx.2021-ci il tarixli KS001399 nömrəli təhvil-təslim aktının kserosurətində “Təhvil aldı/anbardar” qrafasında əks olunmuş imza, xx.xx.2021-ci il tarixli KS001507 nömrəli təhvil-təslim aktında “Təhvil aldı/anbardar” qrafasındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur. Həmçinin ekspertizaya təqdim edilmiş xx.xx.2021-ci il tarixli KS000001 nömrəli, xx.xx.2021-ci tarixli KS000002 nömrəli, xx.xx.2021-ci il tarixli KS001397 nömrəli, xx.xx.2021-ci il tarixli KS001398 nömrəli, xx.xx.2021-ci il tarixli KS001396 nömrəli, xx.xx.2021-ci il tarixli KS001394 nömrəli təhvil-təslim aktlarında “Təhvil aldı/anbardar” qrafalarındakı imzalar Cavabdeh tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin borc vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına borc vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İlk öncə məhkəmə ilkin iddia ilə bağlı bildirir ki, "xxxx" QSC ilə (sonradan həmin hüquqi şəxs qapalı səhmdar cəmiyyətindən açıq səhmdar cəmiyyətinə çevrilmişdir) "xxxx" QSC arasında 16 noyabr 2020-ci il tarixdə əməkdaşlıq müqaviləsi bağlanmış, tərəflər arasında qurulmuş əməkdaşlıq münasibətləri çərçivəsində "xxxx" QSC-nin həyata keçirdiyi satışlara "xxxx" QSC tərəfindən maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulmuşdur. Həmçinin "xxxx" QSC ilə Cavabdeh arasında 28 yanvar 2021-ci il tarixdə kredit müqaviləsi bağlanmış, sonuncuya "xxxx" QSC-dən aldığı mallara görə ödənişlərin həyata keçirilməsi məqsədilə 45983 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuş, tərəflər kredit məbləğinin birbaşa "xxxx" QSC-nin hesabına köçürülməsi, kredit məbləğinin illik 7% olmaqla 31 avqust 2021-ci il tarixinə kimi "xxxx" QSC tərəfindən, 01 sentyabr 2021-ci il tarixdən etibarən Cavabdeh tərəfindən ödənilməsi, habelə borcalan tərəfindən kredit müqaviləsi üzrə əsas borcun ödənilməsinin 12 aylıq müddət bitdikdən sonra birdəfəlik olaraq həyata keçirməsi ilə bağlı razılaşmışlar. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etmiş, kredit məbləğini cavabdehin mal alması üçün "xxxx" QSC-yə köçürmüş, kredit məbləğinin illik 7% olmaqla faiz məbləği xx.xx.2021-ci il tarixədək "xxxx"xxxx"xxxx" QSC-yə ödənilmişdir. İlkin iddia üzrə Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, kredit müqaviləsinin müddəti bitdikdən sonra əsas məbləği və faiz məbləğini iddiaçıya ödəməmişdir. Onun iddiaçıya 45983 manat əsas, 3004 manat 37 qəpik faiz borcu vardır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçı verdiyi kredit məbləğini və kreditə hesablanmış faizləri ilkin iddia üzrə cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda ilkin iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, ilkin iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun ilkin iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 9408 manat 52 qəpik məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, cərimə azaldılaraq 500 manat məbləğində müəyyən edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edilməli, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə 45983 manat kredit borcu, 3004 manat 37 qəpik məbləğində faiz borcu, 500 manat cərimə borcu olmaqla, cəmi 49487 manat 37 qəpik məbləğində borc ilkin iddia üzrə Cavabdeh tutularaq ilkin iddia üzrə iddiaçı "xxxx" QSC-nə ödənilməlidir. Bundan başqa məhkəmə qarşılıqlı iddia tələbinə münasibət bildirərək qeyd edir ki, "xxxx" QSC ilə Cavabdeh arasında 25 yanavar 2021-ci il tarixdə korporativ satış üzrə alqı-satqı müqaviləsi bağlanmış, Satıcı müqavilənin qüvvədə olduğu müddətdə müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymət razılaşma protokollarında dəqiq adları, qiymətləri və digər göstəriciləri göstərilmiş malları Alıcıya satmağı, Alıcı isə həmin malları Satıcı tərəfindən malla birlikdə təqdim olunan qaimə-fakturaya əsasən qəbul edərək almağı və göstərilən məbləğdə dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymət razılaşma protokoluna əsasən ümumilikdə 4 adda 49940 manat məbləğində məhsulun xx.xx.2021-ci ilədək çatdırılması, malların 100% müqavilə məbləğinin qabaqcadan ödənilməsi, həmin məbləğin 3957 manat hissəsinin Alıcı tərəfindən Satıcıya ödənilməsi, ödənişin digər hissəsinin, yəni 45983 manatın "xxxx" QSC tərəfindən avans şəkilində Alıcının əvəzindən Satıcıya ödənilməsi ilə bağlı tərəflər razılaşmışlar. Alqı-satqı müqaviləsinə əsasən Cavabdeh tərəfindən 3957 manat, "xxxx" QSC tərəfindən 45983 manat, cəmi 49940 manat məbləğində vəsait "xxxx" QSC-nin hesabına köçürülmüşdür. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh "xxxx" ASC-yə köçürülmüş 49940 manat məbləğində vəsait hesabına heç bir məhsul almadığını, cavabdeh tərəfindən təqdim edilən təhvil-təslim aktlarından biri istisna olmaqla digərlərinə imza etmədiyini, imzaladığı təhvil-təslim aktına əsasən verilən məhsulun dəyərini nağd olaraq ödədiyini bildirmiş, ilkin iddiaçı tərəfindən tələb olunan məbləğin, habelə özü tərəfindən köçürülən məbləğin "xxxx" ASC-dən tutularaq ona ödənilməsini, sonuncunun qabaqcadan ödənilmiş əşyanı vermək vəzifəsini icra etmədiyinə görə 49940 manat pul vəsaitinin faizi olan 4369,75 manat pulun "xxxx" ASC-dən tutularaq Cavabdeh ödənilməsi, habelə həm kredit müqaviləsinin, həm də alqı-satqı müqaviləsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən təqdim edilmiş 8 ədəd təhviltəslim aktlarının biri kserosurət olmaqla digərlərinin əsilləri tədqiq edilmiş, həmin aklarda təhvil verilməsi nəzərdə tutulan məhsulu təhvil alan qismindən Cavabdeh qeyd edilmiş, sonuncu isə həmin akların yalnız birində, yəni xx.xx.2021-ci il tarixli KS001507 nömrəli aktda olan imzanın ona məxsus olması və həmin akta əsasən alınan məhsulun pulunu isə nağd olaraq ödədiyini bildirmişdir. Məhkəmə tərəfindən qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş 8 ədəd təhvil-təslim aktlarının biri kserosurət olmaqla digərlərinin əsilləri əsasında xətşünaslıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən ekspertizaya təqdim edilmiş, xx.xx.2021-ci il tarixli KS001399 nömrəli təhvil-təslim aktının kserosurətində “Təhvil aldı/anbardar” qrafasında əks olunmuş imza, xx.xx.2021-ci il tarixli KS001507 nömrəli təhvil-təslim aktında “Təhvil aldı/anbardar” qrafasındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur. Həmçinin ekspertizaya təqdim edilmiş xx.xx.2021-ci il tarixli KS000001 nömrəli, xx.xx.2021-ci tarixli KS000002 nömrəli, xx.xx.2021-ci il tarixli KS001397 nömrəli, xx.xx.2021-ci il tarixli KS001398 nömrəli, xx.xx.2021-ci il tarixli KS001396 nömrəli, xx.xx.2021-ci il tarixli KS001394 nömrəli təhvil-təslim aktlarında “Təhvil aldı/anbardar” qrafalarındakı imzalar Cavabdeh tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş məhsulların Cavabdeh verilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli KS000001 nömrəli, xx.xx.2021-ci tarixli KS000002 nömrəli, xx.xx.2021-ci il tarixli KS001397 nömrəli, xx.xx.2021-ci il tarixli KS001398 nömrəli, xx.xx.2021-ci il tarixli KS001396 nömrəli, xx.xx.2021-ci il tarixli KS001394 nömrəli təhvil-təslim aktları sübut kimi qiymətləndirilə və nəzərə alına bilməz. Bundan başqa xx.xx.2021-ci il tarixli KS001399 nömrəli təhvil-təslim aktının kserosurətindəki təhvil alan şəxsin Cavabdeh məxsus olması ekspert tərəfindən müəyyən edilsə də məhkəmə hesab edir ki, həmin akt da şübhələrdən kənar mötəbər sübut kimi qiymətləndirilə və nəzərə alına bilməz. Belə ki, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən həmin aktın əsli məhkəməyə təqdim edilə bilməmiş və həmin aktın kserosurəti isə oxunaqlı vəziyyətdə olmamaşdır, yəni həmin akta 32000 kq məhsulun təhvil verilməsi görünsə də hansı məhsul olması və hansı məbləğdə olması müəyyən edilmir. Həmçinin məhkəmə qeyd edir ki, xx.xx.2021-ci il tarixli KS001507 nömrəli təhvil-təslim aktında təhvil alan Cavabdeh olması iş materialları ilə təsdiq olunur. Həmin akta əsasən xx.xx.2021-ci il tarixdə "xxxx" QSC tərəfindən 225 ədəd, 9000 kq Karbamid marka B/SOCAR məhsulu (qiymət razılaşması protokoluna əsasən 9 ton miqdarda Karbamid marka B/SOCAR 40 kq istehsalçı Azərbaycan olan məhsulun vahidinin qiyməti 480 manat olmaqla 4320 manat təşkil etməsi müəyyən olunur) Cavabdeh təhvil verilmişdir. Cavabdeh həmin məhsulun dəyərini müqavilədən kənar nağd şəkildə ödənilməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir, iş materialları ilə də belə bir hal müəyyən olunmur. Həmçinin tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsinin 3.2-ci bəndinə əsasən Satıcı malın təhvil verilməsi ilə birlikdə qaimə-fakturanı və digər zəruri sənədləri Alıcıya təqdim etmək vəzifəsini daşımışdır. Məhsulun tam olaraq Alıcıya təhvil verilməsini təsdiq edən başqa hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, qarşılıqlı iddia üzrə cavabdeh məhkəmə iclasında Şahid1 şahid qismində dindirilməsini xahiş etmiş və məhkəmə də həmin şəxsi şahid qismində dindirmişdir. Lakin şahid ifadəsində "xxxx" ASC-nin əməkdaşı olduğunu, sonuncuya məxsus Ağdaş rayonunda yerləşən anbardan məhsul götürdüyünü, ancaq həmin məhsulu hara aradığını və kimə təhvil veridiyi xatırlamadığını bildirmişdir. Odur ki, həm Cavabdeh tərəfindən, həm də Prior Credit BOKT” QSC tərəfindən "xxxx" QSC-yə ümumilikdə köçürülmüş 49940 manat pul vəsaitindən təhvil verilmiş məhsulun dəyəri olan 4320 manat çıxılmaqla qalan məbləğ 45620 manat pul sonuncudan tutularaq Cavabdeh ödənilməlidir. Bundan başqa Cavabdeh qarşılıqlı iddia tələbində Satıcı tərəfindən əvvəlcədən ödənilmiş malı vermək vəzifəsini icra etmədiyinə görə köçürülən məbləğdən faizlər ödənilməsini məhkəmədən xahiş etsə də məhkəmə hesab edir ki, tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsində əvvəlcədən ödənilmiş malı vermək vəzifəsini icra etmədiyinə görə müqavilə məbləğindən fazilər hesablanaraq ödənilməsi ilə bağlı müddəa yer almamışdır. Ona görə də qarşılıqlı iddia tələbi həmin hissədə təmin eidlməməlidir. Bundan başqa məhkəmə qarşılıqlı iddianın həm kredit müqaviləsinin, həm də alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair dəlillərinə münasibət bildirərək qeyd edir ki, "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli KM-GT-21/0001 nömrəli kredit müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixində, "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 21/001-AİSCO-KA-P.L nömrəli korporativ satış üzrə alqı-satqı müqaviləsinin müddəti isə xx.xx.2022-ci il tarixində başa çatdıqlarına görə həmin müqavilələrin ləğvi ilə bağlı hissədə qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Həmçinin məhkəmə qeyd edir ki, qarşılıqlı iddia ərizəsində ilkin iddiaçının onlardan artıq məbləğdə faiz borcu tələb etdiyini bildirmişdir. Lakin ilkin iddiaçının nümayəndəsinin izahatı və işdə olan sənədlərdən görünür ki, ilkin iddia üzrə faiz məbləği yalnız kredit müqaviləsinin bitmə müddətinə deyil, kredit müqaviləsinin bitmə müddətinə və bitəndən sonra maliyyə arayışının tərtib edildiyi tarixədək hesablanmışdır. Odur ki, məhkəmə hesab edir ki, qarşılıqlı iddia qismən təmin edilməli, alqı-satqı müqaviləsi üzrə 45620 manat pul qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" ASC-dən tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan Gəncə 1 saylı mediasiya təşkilatı tərəfindən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmiş, ilkin iddia üzrə iddiaçının nümayəndəsi tərəfindən 400 manat məbləğində mediasiya xərci ödənildiyi qeyd edilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 400 manat mediasiya xərci də ilkin iddia üzrə Cavabdeh tutularaq ilkin iddia üzrə iddiaçı "xxxx" QSC-yə ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, ilkin iddia üzrə iddiaçı mediasiyaya dair xərci ödədiyindən dövlət rüsumu ödəməkdən azad edilmiş, ona görə də ilkin iddia üzrə iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 238 manat 46 qəpik dövlət rüsumu ilkin iddia üzrə Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa məhkəmə-xəttşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı 138 manat ekspertiza xərci qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" ASC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. “X10 Olmayan Kredit Təşkilatı” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 28 yanvar 2021-ci il tarixli KM-GT-21/0001 saylı kredit müqaviləsi üzrə yaranmış 45983 manat kredit borcu, 3004 manat 37 qəpik faiz borcu, 500 manat cərimə borcu olmaqla, cəmi 49487 (qırx doqquz min dörd yüz səksən yeddi) manat 37 (otuz yeddi) qəpik məbləğində borc və ödənilmiş 400 (dörd yüz) manat mediasiya xərci ilkin iddia üzrə Cavabdeh tutularaq ilkin iddia üzrə iddiaçı “X10 Olmayan Kredit Təşkilatı” Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış korporativ satış üzrə alqı-satqı müaviləsi üzrə 45620 manat (qırx beş min altı yüz iyirmi) manat pul qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilsin. İlkin iddia üzrə Cavabdeh 238 (iki yüz otuz səkkiz) manat 46 (qırx altı) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə məhkəmə-mühasibat ekspertizasının keçirilməsi ilə bağlı 138 (bir yüz otuz səkkiz) manat ekspertiza xərci qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X1, kodu:210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN:**********, hesab AZ34CTRE********************) ödənilsin. İlkin və qarşılıqlı iddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar