Məhkəmə qərarları › İş №e-2-2(115)-744/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-744/2023

12.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-744/2023 12.06.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Məmmədov Rəşad Seylan oğlu İddiaçı ASC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 09 avqust 2022-ci il tarixli 341934-CNS-37848 saylı kredit müqaviləsinə əsas xx.xx.2023-cü il tarixə banka borclu olduğu 5017 manat 61 qəpik məbləğində əsas borc, 441 manat 74 qəpik məbləğində faiz borcu, 1062 manat 50 qəpik məbləğində cərimə borcu olmaqla, ümumilikdə isə 6521 manat 85 qəpik məbləğində pulun və mediasiya prosesi ilə bağlı ödənilmiş 100 manat məbləğində xərcin əvəzinin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə Bank və ya iddiaçı) ilə sahibkar olan fiziki şəxs (VÖEN **********) Cavabdeh (bundan sonra mətndə Cavabdeh və ya cavabdeh) arasında bağlanmış 09 avqust 2022-ci il tarixli 341934-CNS-37848 saylı kredit müqaviləsinə əsasən Cavabdeh dövriyyə vəsaitlərinin artırılması məqsədi üçün illik 24 (iyirmi dörd) faiz hesablanması şərti ilə 12 (on iki) ay müddətinə 6.000 manat məbləğində kredit verilərək cari hesabına köçürülmüşdür. Lakin borclu Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2022-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka 5017 manat 61 qəpik məbləğində əsas borc, 441 manat 74 qəpik məbləğində faiz borcu, 1062 manat 50 qəpik məbləğində cərimə borcu, ümumilikdə isə 6521 manat 85 qəpik məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək, pozulmasına yol verməmək “kredit alan”ın vəzifəsidir. İddiaçı tərəfindən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, həmin tələbə riayət edilməsi məqsədi ilə Mediasiya Şurasına müraciət edilmiş, mediator təyin edilmiş, mediator tərəfindən ilkin mediasiya sessiyası təşkil edilərək keçirilmiş və müvafiq arayış verilmişdir. Bakı 12 saylı Mediasiya təşkilatının “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” 17 mart 2023-cü il tarixli № MŞB/12/2023-00176 arayışından müəyyən olunur ki, Cavabdeh kommersiya mübahisəsi üzrə ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə əvvəlcədən məlumatlandırılmasına baxmayaraq, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçının nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 100 (bir yüz) manat məbləğində mediasiya xərcini ödəmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə qiymətləndirilən (cəmi 6521 manat 85 qəpik kredit borcu) iddia ərizəsinin verilməsinə görə ödənilməli dövlət rüsumunun məbləği 85 manat 22 qəpik təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh 11 may 2023-cü il tarixli, e-2-2(115)-744/2023 nömrəli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair etiraz və mülahizə məhkəməyə daxil olmamışdır. İş materiallarında olan sənədləri araşdıraraq hesab edirəm ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 09 avqust 2022-ci il tarixli 341934-CNS-37848 saylı krеdit müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən sahibkar olan fiziki şəxs (VÖEN **********) Cavabdeh dövriyyə vəsaitlərinin artırılması məqsədi ilə 24 faizlə, 12 ay müddətinə 6000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixinə 09 avqust 2022-ci il tarixli 341934-CNS-37848 saylı kredit müqaviləsi üzrə banka 5017 manat 61 qəpik məbləğində əsas borc, 441 manat 74 qəpik məbləğində faiz borcu, 1062 manat 50 qəpik məbləğində cərimə borcu olmaqla, ümumilikdə isə 6521 manat 85 qəpik məbləğində bоrcunun olduğu göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh iddiaçıdan kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan göründüyü kimi Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ASC-nin nümayəndəsi X1 ilkin mediasiya sessiyasında iştirak etmiş ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 100 manat mediasiya xərcini İddiaçı ASC-nin nümayəndəsi ödəmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 100 manat mediasiya xərcini ödədiyi üçün dövlət rüsumunun ödənilməsindən azad edildiyinə görə iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq ödənilməli olan 75 manat 60 qəpik manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 09 avqust 2022-ci il tarixli 341934-CNS- 37848 saylı kredit müqaviləsi üzrə 5017 manat 61 qəpik məbləğində əsas borc, 441 manat 74 qəpik məbləğində faiz borcu, 100 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə isə 5559 manat 35 qəpik məbləğində borc və 100 manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməli, Cavabdeh 75 manat 60 qəpik məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 100 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, iddiaçının həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 09 avqust 2022-ci il tarixli 341934-CNS-37848 saylı kredit müqaviləsi üzrə 5017 manat 61 qəpik məbləğində əsas borc, 441 manat 74 qəpik məbləğində faiz borcu, 100 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə isə 5559 manat 35 qəpik məbləğində borc və 100 manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. Cavabdeh 75 manat 60 qəpik məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar