Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-744/2025 11.06.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, müqavilədən imtina, iradə ifadəsinin üsulları, dəbbə pulu) Hakim Məmmədli Əbülfəz Namiq oğlunun sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra mətndə İddiaçı ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İ. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC cavabdehlər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 7329,39 AZN əsas borc, 771,62 AZN faiz borcu, 198,94 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 8299,95 AZN borcun və 103 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh1 İddiaçı ASC-nin “Xalqlar” filialından 120 ay müddətinə 50000 manat məbləğində kredit limiti ayrılmışdır. Cavabdeh1 xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 24 faizlə 18 ay müddətinə 15000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. 2024-cü il dekabrın 16-dək Cavabdeh1 banka xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 7329,39 AZN əsas borcu, 771,62 AZN faiz borcu, 397,88 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 8498,89 AZN borcu vardır. Cavabdeh1 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 397,88 AZN təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 198,94 AZN məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır.
II. Tərəflərin mövqeyi
3. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
4. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək və iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
II. Sübutların tədqiqi
5. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 04 sentyabr 2023-cü il tarixli 11- MCR-1-836-23 saylı kredit limitinin ayrılmasına dair razılaşmadan görünür ki, bank tərəfindən Cavabdeh1 120 ay müddətinə, aylıq faiz dərəcəsi 2,50% olmaqla 50.000 manat məbləğində kredit limiti açılmışdır.
6. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 04 sentyabr 2023-cü il tarixli 11- MCR-1-836-23/1 saylı kredit verilməsinə dair razılaşmadan görünür ki, bank tərəfindən Cavabdeh1 əsas vəsaitlərin artırılması məqsədilə 18 ay müddətinə, faktiki aylıq faiz dərəcəsi 2% olmaqla, 15000 manat məbləğində kredit verilmişdir. Müqavilənin 12-ci bəndində əsasən bu Razılaşma 04 sentyabr 2023-cü il tarixli 11-MCR-1-836-23 saylı kredit limitinin ayrılması üzrə Razılaşma əsasında rəsmiləşdirilir və onun ayrılmaz tərkib hissəsi hesab olunur.
7. 04 sentyabr 2023-cü il tarixli kartın təhvil-təslim aktından görünür ki, 4308xxxxxxxx5063 nömrəli plastik kart bank tərəfindən Cavabdeh1 təhvil verilmişdir.
8. 04 sentyabr 2023-cü il tarixli kassa məxaric qəbzindən görünür ki, 14773 manat məbləğində pul Cavabdeh1 tərəfindən bankın kassasından təhvil alınmışdır.
9. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 04 sentyabr 2023-cü il tarixli 11- MCR-1-836-23/1 saylı kredit verilməsinə dair razılaşmaya əlavə olan ödəniş cədvəlindən görünür ki, ilk ödəniş xx.xx.2023-cü il, son ödəniş tarixi isə xx.xx.2025-ci il olmaqla 15000 manat kredit məbləği və 3009,58 manat faiz məbləğinin iddiaçıya hissələrlə ödənilməsi razılaşdırılmışdır.
10. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 04 sentyabr 2023-cü il tarixli Z/14788/23 saylı zaminlik müqaviləsindən görünür ki, bu müqavilənin predmeti 04 sentyabr 2023-cü il tarixli 11-MCR-1-836-23 saylı kredit limitinin ayrılmasına dair müqavilə bankdan kredit götürmüş Borcalan tərəfindən Kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminin öz üzərinə götürməsidir (1.1). Zaminliklə təmin edilmiş kreditləşmənin mənbəyi İddiaçı ASC tərəfindən ayırıldığı vəsaitdir (1.2). Bu Müqavilə ilə aşağıdakı öhdəliklər təmin edilir: 50000 AZN (və ya müvafiq valyuta ekvivalentində) təşkil edən kredit limiti məbləği (qeyd edilən məbləğ Müqavilənin 1.1-ci bəndində qeyd edilmiş Kredit limitinin ayrılmasına dair müqavilə və onun əsasında bağlanan razılaşmalara əsasən Borcalanın Kreditordan aldığı kredit məbləğindən ibarətdir) (2.1.1); 120 (bir yüz iyirmi) ay təşkil edən kredit limitini qaytarılma müddəti (2.1.2); Kredit limiti üzrə aylıq 2.50 (iki tam yüzdə əlli) faizdən çox olmamaqla hesablanacaq məbləğ (2.1.3); Kredit limiti üzrə ödənişlər gecikdirildiyi halda gündəlik 0.20 (sıfır tam yüzdə iyirmi) faizdən çox olmayan gecikdirilmiş ödənişin borc məbləğinə cərimə kimi hesablanacaq məbləğ (2.1.4).
11. 16 dekabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə banka 7329,39 manat əsas, 771,62 manat faiz, 397,88 manat cərimə borcu olmaqla, cəmi 8498,89 manat borcu vardır.
12. 16 dekabr 2024-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, borclulara yaranmış borcun 5 gün müddətində tam ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.
III. Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 739. Borc müqaviləsi (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada) 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Maddə 743. Borcun dərhal qaytarılmasını tələb etmək hüququ (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada)
743. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 447. İkitərəfli müqavilələrdə öhdəliklərin icra edilməməsi 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 447.2. Aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 471. Zaminlik müqaviləsinin forması Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Maddə 472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
14. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli Qərarı
Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. Göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
15. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018ci il tarixli Qərarı
... tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır... Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur
IV. Məhkəmənin mövqeyi
a) Kredit müqaviləsi üzrə əsas borcun və faiz borcunun tutulması tələbi ilə bağlı
16. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
17. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
18. Göründüyü kimi Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.
19. İş materiallarından görünür ki, iddiaçı kredit müqaviləsi üzrə verilmiş qalıq borc məbləğinin (bütünlükdə) geri tələb edilməsini ilk dəfə pretenziya məktubunda ifadə etmiş və həmin məktub Cavabdeh1 16 dekabr 2024-cü il tarixdə göndərilmişdir.
20. Məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək bildirir ki, kredit müqaviləsinin ləğvi və ya kredit müqaviləsindən imtina zamanı tərəfin iradə ifadəsinin təfsiri zamanı həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Mülki hüquqda daxili iradənin ifadə üsulları üç qrupa bölünür: düzünə iradə ifadəsi (şifahi və ya yazılı qaydada); dolayı iradə ifadəsi (konklyudent hərəkətlər) və susmaq nəticəsində iradə ifadəsi. Göründüyü kimi, iradə yalnız verbal nitqlə və ya yazılı qaydada deyil, həmçinin konklyudent hərəkətlərdə də ifadə oluna bilir. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 329.3cü maddəsində təsbit edilmişdir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Bu isə onu göstərir ki, kredit münasibətlərində borc verənin kredit müqaviləsi üzrə bütün əsas borc məbləğinin ödənilməsi tələbi barədə iddia ilə məhkəməyə müraciət etməsi müvafiq hallar olduqda (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması) özü-özlüyündə konklyudent hərəkətdə ifadə olunan, borc verənin müqavilənin ləğvinə yönəlik iradə ifadəsidir (şifahi əqd). Belə olan halda, iddiaçının 16 dekabr 2024-cü il tarixdə Cavabdeh1 pretenziya məktubu yollayaraq kredit müqaviləsi üzrə hesablanmış bütün borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəlmişdir və məktubun Cavabdeh1 tərəfindən qəbul edildiyi tarixdən müqavilə xitam edilmiş hesab edilməlidir. İddiaçı həmin tarixədək gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər. Hazırda iddiaçı 16 dekabr 2024-cü il tarixə olan borc məbləğini tələb edir.
21. Məhkəmə iddiaçının tələbini təşkil edən annuitet ödənişlərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
22. Məhkəməyə təqdim edilən Cavabdeh1 məxsus bank hesabından xx.xx.2023xx.xx.2025-ci il tarixlərini əhatə edən çıxarışdan görünür ki, cavabdeh tərəfindən müxtəlif vaxtlarda ödənişlər edilmiş, lakin xx.xx.2024-cü il tarixdən sonra (iddia irəli sürülərkən istinad olunan maliyyə arayışının tarixi) ödənişlər olmamışdır.
23. 16 dekabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə banka 7329,39 manat əsas, 771,62 manat faiz, 397,88 manat cərimə borcu olmaqla, cəmi 8498,89 manat borcu vardır.
24. İddiaçı kredit razılaşması üzrə əsas və faiz borcunun ödənilməsi ilə bağlı iradə ifadəsini xx.xx.2024-cü il tarixli bildirişdə ifadə etmiş və 04 sentyabr 2023-cü il tarixli razılaşma üzrə əsas borcun 7329,39 manat, faiz borcunun isə 771,62 manat təşkil etməsi qeyd edilmişdir. Tərəflər arasında olan müqavilə xx.xx.2024-cü il tarixdən xitam edilmiş hesab edildiyi üçün iddiaçı məhz həmin tarixədək hesablanmış əsas və faiz borclarını tələb edə bilər.
25. Belə olan halda məhkəmə hesab edir ki, 04 sentyabr 2023-cü il tarixli 11-MCR- 1-836-23/1 saylı kredit verilməsinə dair razılaşma üzrə tutulmalı əsas borc 7329,39 manat, faiz borcu isə 771,62 manat müəyyən edilməlidir.
26. Məhkəmə zaminə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, o, kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən kredit məbləğinin və həmin məbləğə hesablanmış faiz və cərimə borcunun ödənilməsi üçün məsuliyyət daşıyırlar.
27. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, 04 sentyabr 2023-cü il tarixli kredit müqaviləsi üzrə 7329,39 manat əsas borc və 771,62 manat faiz borcu cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
b) Kredit müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı
28. İddia ərizəsində iddiaçı 198,94 manat cərimənin də cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir.
29. Məhkəmə hesab edir ki, 198,94 manat məbləğində dəbbə pulu (penya) ağlabatan və ədalətlidir və buna görə də cərimə olaraq 198,94 manat məbləğində pul (əsas borcun 2,71% həddində) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
c) Məhkəmə xərcləri ilə bağlı
30. İddiaçı eləcə də 103 manat dövlət rüsumunun cavabdehlərdən tutulmasını xahiş etmişdir.
31. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 103 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
32. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
33. Həmin Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
34. İddia tələbi təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 103 manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
V. Məhkəmənin gəldiyi nəticə
35. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 04 sentyabr 2023-cü il tarixli 11-MCR-1-836-23/1 saylı kredit müqaviləsi üzrə 7329,39 manat əsas borc, 771,62 manat faiz borcu və 198,94 manat cərimə borcu olmaqla, ümumilikdə 8299,95 manat borc cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
36. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233 və 360-cı maddələrinə əsasən
QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 04 sentyabr 2023-cü il tarixli 11-MCR-1-836-23/1 saylı kredit müqaviləsi üzrə 7329,39 manat əsas borc, 771,62 manat faiz borcu və 198,94 manat cərimə borcu olmaqla, ümumilikdə 8299,95 (səkkiz min iki yüz doxsan doqquz manat doxsan beş qəpik) manat borc cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 103 (bir yüz üç) manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Əbülfəz Məmmədli