Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-752/2023 20.06.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Əmiraslanova Nigar Çingiz qızının katibliyi ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 025A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSCnin xeyrinə 3985 manat 81 qəpik məbləğində kredit bоrcu, 437 manat 32 qəpik məbləğində faiz bоrcu və 0 manat 79 məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 4423 manat 92 qəpik məbləğində bоrcun, tərəflərindən ödənilmiş 60 manat mediasiya xərcinin və 4 manat 93 qəpik məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2021-ci il tarixdə bağladığı 025A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2.0833% оlmaqla 18 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4000 (dörd min) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2022-ci il tarixli 025A**********S saylısazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 14 manat 19 qəpik ödəniş etmiş və оnun iddiaçıya 3985 manat 81 qəpik məbləğində kredit bоrcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirik ki, o, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2022-cü il tarixə 128 gün üçün hesablanmış faiz borcu 437 manat 32 qəpik təşkil edir. Hazırki mübahisə kommersiya mübahisəsi olduğundan məhkəməyə müraciət etməmişdən əvvəl mediasiyaya müraciət edilmişdir. İlkin mediasiya sessiyasında iddiaçı tərəf iştirak etmiş, lakin cavabdehlər iştirak etməmişdir. Bu barədə xx.xx.2023-cü il tarixli arayış verilmişdir. Mediasiya xərcləri olaraq İddiaçı QSC tərəfindən 60 manat haqq ödənilmişdir. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının Qanunun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəfçəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Cavabdeh1 məhkəmə hazırlıq iclasında iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, krediti heyvandarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə götürmüşdür. 8 ay ərzində borcundan ödəniş etmişdir. Daha sonra oğurluq mühərrik aldığı üçün 2 il müddətinə həbs olunmuşdur. Buna görə də həmin vaxt ödənişi edə bilməmişdir. Məhkum olunma tarixini dəqiq xatırlamır, lakin 07 oktyabr 2022-ci il tarixində məhkumluğu bitmişdir. Əsas borcunu qəbul edir, faiz borcunun aşağı salınmasında, köməklik göstərilməsini xahiş edir. Borcunu hər ay 100 manat ödəniş etməklə hissə-hissə ödəyə bilər. Ailədə 6 nəfərdilər, yalnız o işləyir. Cavabdeh2 məhkəmə hazırlıq iclasında iddia tələbini qəbul edərək izahatında bildirmişdir ki, Cavabdeh1 həyat yoldaşının qardaşıdır. Kredit müqaviləsi üzrə ona zamin dayanmışdır. Onun da 5000 manat kredit borcu vardır. Buna görə də sözügedən borcu ödəyə bilmir. İddiaçı QSC-yə və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər, İddiaçı QSC-nin nümayəndəsi isə məhkəməyə ərizə göndərərək məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasının iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehlərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli 025A********** saylı kredit müqaviləsindən görünür ki, ”AccessBank” QSC tərəfindən Cavabdeh1 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4000 manat məbləğində krеdit verilmişdir. İş materiallarında olan tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli 025A**********S saylı sazişdən görünür ki, müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixli 025A********** saylı krеdit müqaviləsi üzrə banka 3985 manat 81 qəpik məbləğində kredit bоrcu, 437 manat 32 qəpik məbləğində faiz bоrcu və 0 manat 79 məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 4423 manat 92 qəpik məbləğində bоrcnun olması göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Mülki Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Mülki Məcəllənin 424.2-ci maddəsinə əsasən, müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh1 iddiaçıdan kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. xx.xx.2021-ci il tarixli, 025G**********02 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 10 fevral 2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan göründüyü kimi Cavabdeh1, Cavabdeh2 ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı QSC-nin nümayəndəsi X1 ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat mediasiya xərcini ödəmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat mediasiya xərcini ödədiyi üçün dövlət rüsumunun ödənilməsində həmin hissədə azad edildiyinə görə və 4 manat 93 qəpik məbləğində dövlət rüsumu ödədiyindən iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq ödənilməli olan 59 manat 31 qəpik məbləğində dövlət rüsumu cavabdehlərdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit razılaşması ləğv edilməli, 3985 manat 81 qəpik əsas borc, 437 manat 32 qəpik faiz borcu, 79 qəpik cərimə borcu olmaqla, cəmi 4423 manat 92 qəpik məbləğində borc və ödənilmiş 60 manat mediasiya xərci, həmçinin 4 manat 93 qəpik dövlət rüsumu müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı QSC-yə ödənilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 59 manat 31 qəpik məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit razılaşması ləğv edilsin. 3985 manat 81 qəpik əsas borc, 437 manat 32 qəpik faiz borcu, 79 qəpik cərimə borcu olmaqla, cəmi 4423 manat 92 qəpik məbləğində borc və ödənilmiş 60 manat mediasiya xərci, həmçinin 4 manat 93 qəpik dövlət rüsumu müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı QSC-yə ödənilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 59 manat 31 qəpik məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-752/2023
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-752/2023
20.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver