Məhkəmə qərarları › İş №e-2-2(115)-754/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-754/2024

24.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-754/2024 24.06.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 19326,31 manat əsas borc, 2701,54 manat faiz borcu və 316,76 manat cərimə borcu olmaqla, cəmi 22344,61 manat pul, xx.xx.2022-ci il tarixli onlayn kredit verilməsi ilə bağlı məktub üzrə 4228,85 manat əsas borc, 499,2 manat faiz borcu və 136,88 manat cərimə borcu olmaqla, cəmi 4864.93 manat məbləğində borcun və 210 manat ödənilmiş dövlət rüsumunun (mediasiya ödənişinin) cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh2 120 ay müddətinə 200000 manat kredit limiti ayrılmışdır. Borcun təminatı olaraq xx.xx.2022-ci il tarixində Cavabdeh3 və Cavabdeh1 ilə zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh2 xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 21 % olmaqla 30 ay müddətinə 30000 manat məbləğində kredit götürmüşdür. Lakin borclu müqavilələrin şərtlərini pozaraq, borc öhdəliklərini icra etməkdən yayınmışdır. xx.xx.2022-ci il tarixli onlayn kredit verilməsi ilə bağlı məktuba əsasən Cavabdeh2 İddiaçı ASC-dən illik 21%-lə 18 ay müddətinə 6000 manat məbləğində kredit götürmüşdür. 2023-cü il dekabrın 22-dək Cavabdeh2 banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 19326,31 manat əsas borc, 2701,54 manat faiz borcu və 1267,05 manat cərimə olmaqla cəmi 23294,9 manat borcu vardır. Cavabdeh2 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 1267,05 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25 %-i miqdarında olmaqla, yəni 316.76 manat məbləğində tələb olunur. 2023-cü il dekabrın 22-dək Cavabdeh2 banka xx.xx.2022-ci il tarixli onlayn kredit verilməsi ilə bağlı məktub üzrə 4228,85 manat əsas borc, 499,2 manat faiz, 273,75 manat cərimə borcu olmaqla cəmi 5001,8 manat borcu vardır. Cavabdeh2 banka xx.xx.2022-ci il tarixli onlayn kredit verilməsi ilə bağlı məktub üzrə banka ümumi cərimə borcu 273,75 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği onlayn kredit verilməsi ilə bağlı məktubda nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 136,88 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən yayınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh2 izahatında göstərdi ki, iddiaçı ilə kredit müqaviləsi bağlayaraq sahibkarlıq fəaliyyəti ilə bağlı kredit götürmüşdür. 2023-cü ilin mart ayınadək ödənişləri həyata keçirmişdir. 41000 manat başqa-başqa şəxslərdə alacağı vardır, həmin pulu ala bilsə borcunu ödəyəcəkdir. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehlərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 18 mart 2022-ci il tarixli kredit limitinin ayrılmasına dair razılaşmadan görünür ki, ona 120 ay müddətinə, aylıq faiz dərəcəsi 2.50% olmaqla 200000 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 18 mart 2022-ci il tarixli 22-MCR-1-237 saylı kredit verilməsinə dair razılaşmadan görünür ki, ona biznes məqsədilə 30 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75% olmaqla 30000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 13 sentyabr 2023-cü il tarixli "xxxx" MMC-nin məktubundan görünür ki, Cavabdeh2 29 noyabr 2022-ci il tarixdə biznes məqsədi ilə faiz dərəcəsi 21% olmaqla, 18 ay müddətinə 6000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 18 mart 2022-ci il tarixli Z/04271/22 və Z/04272/22 saylı zaminlik müqavilələrindən görünür ki, Cavabdeh1 və Cavabdeh3 borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdələrinə götürmüşlər. İş materiallarında olan maliyyə arayışlarında qeyd edilmişdir ki, Cavabdeh2 18 mart 2022-ci il tarixli kredit razılaşması üzrə xx.xx.2023-cü il tarixə banka 19326,31 manat əsas, 2701,54 manat faiz, 1267,05 manat cərimə borcu olmaqla, cəmi 23294,90 manat, 29 noyabr 2022-ci il tarixli onlayn kredit verilməsi ilə bağlı məktub üzrə isə xx.xx.2023-cü il tarixə banka 4228,85 manat əsas, 499,20 manat faiz, 273,75 manat cərimə borcu olmaqla, cəmi 5001,80 manat borcu vardır. İş materiallarında olan xəbərdarlıq məktubunun surətindən görünür ki, borclulara yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin borc vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına borc vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında 18 mart 2022-ci il tarixli kredit limitinin ayrılmasına dair razılaşma bağlanmış, razılaşmaya əsasən ona 120 ay müddətinə, aylıq faiz dərəcəsi 2.50% olmaqla 200000 manat məbləğində kredit xətti açılmışdır. Daha sonra İddiaçı ASC ilə Cavabdeh2 arasında 18 mart 2022-ci il tarixdə bağlanmış kredit verilməsinə dair razılaşmaya əsasən ona biznes məqsədilə 30 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75% olmaqla 30000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. Həmiçinin 13 sentyabr 2023-cü il tarixli "xxxx" MMC-nin məktubuna əsasən Cavabdeh2 29 noyabr 2022-ci il tarixdə biznes məqsədi ilə faiz dərəcəsi 21% olmaqla, 18 ay müddətinə 6000 manat məbləğində kredit verilmişdir. İddiaçı kredit razılaşmaları ilə üzərinə götürdüyü öhdəliyi icra etmiş, kredit məbləğini cavabdehə vermiş, cavabdeh isə kredit razılaşmaları ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmişdir. Onun iddiaçıya 18 mart 2022-ci il tarixli kredit verilməsinə dair razılaşma üzrə 19326 manat 31 qəpik kredit borcu, 2701 manat 54 qəpik faiz borcu, 316 manat 76 qəpik cərimə borcu, xx.xx.2022-ci il tarixli onlayn kredit verilməsi ilə bağlı məktub üzrə isə 4228 manat 85 qəpik kredit borcu, 499 manat 20 qəpik faiz borcu, 136 manat 88 qəpik cərimə borcu vardır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kredit məbləğlərini, kreditə hesablanmış faiziləri və cərimələri cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, onlar kredit limitinin ayrılmasına dair razılaşma üzrə alınmış kreditlərə görə zamin olduqlarından, qeyd edilən kredit məbləğlərinin, həmin məblələrğə hesablanmış faiz və cərimə borcunun ödənilməsi üçün məsuliyyət daşıyırlar. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 kredit razılaşmaları üzrə iddiaçıya olan borcunu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh2 zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən Cavabdeh1 və Cavabdeh3 onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. Odur ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 19326 manat 31 qəpik əsas borc, 2701 manat 54 qəpik faiz borcu, 316 manat 76 qəpik cərimə borcu olmaqla, cəmi 22344 manat qəpik pul, xx.xx.2022-ci il tarixli onlayn kredit verilməsi ilə bağlı məktub üzrə yaranmış 4228 manat 85 qəpik əsas borc, 499 manat 20 qəpik faiz borcu, 136 manat 88 qəpik cərimə borcu olmaqla cəmi 4864 manat 93 qəpik pul cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan Gəncə 1 saylı mediasiya təşkilatı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmiş, iddiaçının nümayəndəsi tərəfindən 210 manat məbləğində mediasiya xərci ödənildiyi qeyd edilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 210 manat mediasiya xərci cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı mediasiyaya dair xərci ödədiyindən dövlət rüsumu ödəməkdən azad edilmiş, ona görə də 171 manat 63 qəpik dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 19326 manat 31 qəpik əsas borc, 2701 manat 54 qəpik faiz borcu, 316 manat 76 qəpik cərimə borcu olmaqla cəmi 22344 (iyirmi iki min üç yüz qırx dörd) manat 61 (altmış bir) qəpik borc, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli onlayn kredit verilməsi ilə bağlı məktub üzrə yaranmış 4228 manat 85 qəpik əsas borc, 499 manat 20 qəpik faiz borcu, 136 manat 88 qəpik cərimə borcu olmaqla cəmi 4864 (dörd min səkkiz yüz altmış dörd) manat 93 (doxsan üç) qəpik borc və ödənilmiş 210 (iki yüz on) manat mediasiya xərci cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 171 (bir yüz yetmiş bir) manat 63 (altmış üç) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar