Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-756/2025 03.06.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 37100 manat borcun və 205 manat ödənilən dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddia ərizəsi ilə Gəncə Komersiya Məhkəməsinə müraciət etmiş, Cavabdeh MMC-dən 47100 manat borcun, 232 manat dövlət rüsumu, 6900 manat faiz borcunun tutularaq ona ödənilməsini xahiş etmişdir. Daha sonra Cavabdeh MMC məhkəmədən kənar saziş imzalamaqla ona olan borcunu hissə-hissə qaytaracağını bildirmiş və o məhkəməyə verdiyi ərizəni geri götürmüşdür. 15 avqust 2024-cü ildə Cavabdeh MMC ilə aralarında borcun hissə-hissə ödənilməsi ilə bağlı saziş imzalanmışdır. Sazişin imzalandığı tarixdə Cavabdeh MMC 29 noyabr 2019-cu il tarixli və 01 iyun 2022-ci il tarixli xidmət müqavilələri üzrə qalıq borcu ümumilikdə 42100 manat təşkil etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardad ilə ərizə baxılmamış saxlanılmışdır. Saziş imzalandıqdan sonra 42100 manat borcdan cəmi 5000 manat bir ay pul ödənilmişdir. Bu günədək razılaşmada olan öhtəliyi icra etməmişdir. Belə olan halda məhkəməyə müraciyət etməli olmuşdur. Borcun etirafı ilə bağlı saziş var. Hesab edir ki, cavabdeh məhkəmə iclasında borcunu etiraf edəcək, əlavə sübutlara lüzum görməmişdir. Odur ki, 37100 manat borcun və ödənilmiş 205 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsini xahiş edir. İddiaçı iddia tələbinin artırılması ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən 42100 manat borcun və 218 manat ödənilən dövlət rüsumunun tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, o iddia ərizəsi ilə Gəncə Komersiya Məhkəməsinə müraciət etmiş, ümumilikdə 37100 manat borcun və ödənilmiş 205 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsini məhkəmədən xahiş etmişdir. Hazırda həmin iddia tələbinin dəqiqləşməsinə ehtiyac vardır. Belə ki, Cavabdeh MMC ilə aralarında olan məbləğ əvvəlcə 47100 manat olmuşdur, daha sonra 5000 ödəndikdən sonra aralarında olan borc məbləği 42100 təşkil etmişdir. Bundan əlavə iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında göstərdi ki, əvvəl iddia tələbi ilə məhkəməyə müraciət etmiş, cavabdehdən iki xidmət müqaviləsinə əsasən əsas borc olaraq 47100 manat pul istəmişdir. Cavabdehlə aralarında barışıq olduğundan iddia ərizəsini geri götürmüşdür. Cavabdeh 47100 manat borcdan 5000 manat ödəniş etmişdir. Cavabdehin nümayəndəsi daha sonra isə 5000 manat yenə ödəyəcəklərini bildirsə də ikinci dəfə ona 5000 manat ödənilməmişdir. Ümumi borc məbləği 47100 manat olmuş, 5000 manat ödədiklərinə görə 42100 manat borcları qalmışdır. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh MMC-yə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaya dair hər hansı bir münasibət bildirməmişdir. Məhkəmə işə Cavabdeh MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan 15 avqust 2024-cü il tarixli borcun hissə-hissə ödənilməsi barədə sazişdən görünür ki, sazişin predmeti 29 noyabr 2019-cu il tarixli QSZX293/1219 saylı və 01 iyun 2022-ci il tarixli QSZX 82/0722 saylı xidmət müqavilələri üzrə Sifarişçinin İcraçıya 15 avqust 2024-cü il tarixə mövcud borcunun hissə-hissə ödənilməsi ilə əlaqədar mübahisənin məhkəmədənkənar qaydada həll edilməsindən ibarətdir. Tərəflər razılaşır/təsdiq edir ki, sazişin imzalandığı tarixə Sifarişçinin İcraçıya 29 noyabr 2019-cu il tarixli QSZX293/1219 saylı və 01 iyun 2022-ci il tarixli QSZX 82/0722 saylı xidmət müqavilələri üzrə qalıq borcu ümumilikdə 42100 manat təşkil edir. 2024-cü ilin sentyabr ayından başlayaraq 2025-ci ilin aprel ayının sonunadək hər ay 5000 manat, qalan 2100 manat isə 2025-ci ilin may ayının sonunadək hissə-hissə olmaqla Sifarişçi tərəfindən İcraçıya ödəniləcək. İş materiallarında olan Gəncə Kommersiya Məhkəməsinin 22 avqust 2024-cü il tarixli e- 2-2(115)-910/2024 saylı qərardadından görünür ki, İddiaçı iddia ərizə ilə məhkəməyə mürаciət edərək, 47100 manat əsas borc, bank uçot dərəcəsinə əsasən hesablanmış 6903 manat faiz borcun və ödənilmiş 232,40 manat dövlət rüsumu olmaqla, cəmi 54235,40 manat pulun cavabdeh "X1 Zavodu" MMC-dən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, cavabdehlə aralarında olan mübahisənin məhkəmədən kənar qaydada həll olunduğunu, buna dair onunla cavabdeh arasında borcun hissə-hissə ödənilməsinə dair xx.xx.2024-cü il tarixli saziş imzalandığını və cavabdeh tərəfindən borcun 2025-ci ilin may ayının sonunadək ödənilməsinə dair öhdəlik götürüldüyünü bildirmiş və qeyd olunanlara əsasən "X1 Zavodu" MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsinin qaytarılması və iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Həmin qərardadla iddia ərizəsi baxılmamış saxlanılmışdır. İş materiallarında olan pretenziya məktubundan görünür ki, borcluya borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, tərəflər arasında borcun hissə-hissə ödənilməsi ilə bağlı saziş bağlanmış, sazişə əsasən Cavabdeh MMC İddiaçı 29 noyabr 2019-cu il tarixli QSZX293/1219 saylı və 01 iyun 2022-ci il tarixli QSZX 82/0722 saylı xidmət müqavilələri üzrə 15 avqust 2024-cü il tarixinə 42100 manat borcu olduğunu qeyd etmiş, 2024-cü ilin sentyabr ayından başlayaraq 2025-ci ilin aprel ayının sonunadək hər ay 5000 manat, qalan 2100 manat isə 2025-ci ilin may ayının sonunadək hissə-hissə olmaqla ödəyəcəyi barədə öhdəlik götürmüşdür. İddiaçı cavabdeh tərəfindən ona 5000 manat pul ödənildiyini, həmin 5000 manat pulun sazişə əsasən 42100 manat borcdan deyil, cavabdehin hər iki müqavilə üzrə ona ümumilikdə 47100 manat olan borcundan ödənildiyini, həmin ödənilən 5000 manat çıxıldıqdan sonra cavabdehin ona 42100 manat borcu qaldığını, həmin borcdan ödəniş etmədiyini bildirmiş, cavabdeh isə iddiaya dair hər hansı etiraz təqdim etməmiş, borcun ödənilməsi ilə bağlı sənəd təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı 42100 manat məbləğində borcu cavabdehdən tələb etməkdə haqlıdır. İddia təmin edilməli, 42100 manat pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ********** nömrəli və ********** nömrəli qəbzlərdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 205 manat və 13 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 218 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X1 Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətindən 42100 (qırx iki min yüz) manat pul, ödənilmiş 218 (iki yüz on səkkiz) manat dövlət rüsumu tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-756/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-756/2025
03.06.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver