Məhkəmə qərarları › İş №e-2-2(115)-761/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-761/2023

23.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-761/2023 23.08.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borcun tutulması tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 006A********** saylı kredit müqaviləsinin və xx.xx.2021-ci il tarixli 006A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, xx.xx.2021-ci il tarixli 006A********** saylı kredit müqaviləsi üzrə 754,34 manat kredit bоrcu, 82,80 manat faiz bоrcu və 22,49 manat cərimə olmaqla, cəmi 859,63 manat bоrcun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, xx.xx.2021-ci il tarixli 006A********** saylı kredit müqaviləsi üzrə 5450,53 manat kredit bоrcu, 598,69 manat faiz bоrcu və 168,95 manat cərimə olmaqla, cəmi 6218,17 manat bоrcun cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi və ödənilmiş 100 manat mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2021-ci il tarixdə bağladığı 006A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2.0833% оlmaqla 24 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1000 manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Kredit bоrcundan 245,66 manat ödəniş etmiş və оnun iddiaçıya 754,34 manat kredit bоrcu qalmışdır. O, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 149 gün üçün hesablanmış faiz borcu 82,80 manat cərimə borcu isə 22,49 manat təşkil edir. Bundan başqa Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2021-ci il tarixdə bağladığı 006A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2.1667% оlmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 7000 manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 1549,47 manat ödəniş etmiş və оnun iddiaçıya 5450,53 manat kredit bоrcu qalmışdır. O, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 155 gün üçün hesablanmış faiz borcu 598.69 manat, cərimə borcu isə 168,95 manat təşkil edir. Yuxarıda göstərilən kredit müqavilələri üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İddiaçının nümayəndəsi isə məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Cavabdeh1 ilə "xxxx" QSC-nin Gəncə filialı arasında bağlanmış 07 may 2021-ci il tarixli 006A********** saylı krеdit müqaviləsindən görünür ki, ona fərdi mikro kredit məqsədilə 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2,1667% olmaqla, 7000 manat məbləğində krеdit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 07 may 2021-ci il tarixli 006G**********02 saylı və 006G**********01 saylı zaminlik müqavilələrindən görünür ki, Cavabdeh3 və Cavabdeh4 borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdələrinə götürmüşlər. İş materiallarında olan Cavabdeh1 ilə "xxxx" QSC-nin Gəncə filialı arasında bağlanmış 21 sentyabr 2021-ci il tarixli 006A********** saylı krеdit müqaviləsindən görünür ki, ona fərdi mikro kredit məqsədilə 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2,0833 % olmaqla, 10000 manat məbləğində krеdit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 21 sentyabr 2021-ci il tarixli 006G**********01 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü ol tarixli 2736 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 07 may 2021-ci il tarixli 006A********** saylı kredit müqaviləsi üzrə xx.xx.2022ci il tarixə banka 5450,53 manat əsas, 598,69 manat faiz və 168,95 manat cərimə borcu olmaqla, ümumilikdə 6218,17 manat borcu vardır. İş materiallarında olan xx.xx.2023-cü ol tarixli 2737 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 21 sentyabr 2021-ci il tarixli 006A********** saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə banka 754,34 manat əsas, 82,8 manat faiz və 22,49 manat cərimə borcu olmaqla, ümumilikdə 859,63 manat borcu vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktublarının surətlərindən görünür ki, borclulara yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin borc vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına borc vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, Cavabdeh1 ilə "xxxx" QSC arasında bağlanmış 07 may 2021-ci il tarixli krеdit müqaviləsinə əsasən ona fərdi mikro kredit məqsədilə 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2,1667% olmaqla, 7000 manat məbləğində krеdit verilməsi, 21 sentyabr 2021-ci il tarixli 006A********** saylı krеdit müqaviləsinə əsasən isə ona fərdi mikro kredit məqsədilə 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2,0833 % olmaqla, 10000 manat məbləğində krеdit verilməsi nəzərdə tutulmuşdur. İddiaçı kredit müqavilələri ilə üzərinə götürdüyü öhdəlikləri icra etmiş, kredit məbləğlərini cavabdehə vermiş, cavabdeh isə kredit müqavilələri ilə üzərinə götürdüyü öhdəlikləri lazimi qaydada icra etməmiş, onun iddiaçıya 07 may 2021-ci il tarixli 006A********** saylı kredit müqaviləsi üzrə 5450,53 manat əsas, 598,69 manat faiz və 168,95 manat cərimə borcu və 21 sentyabr 2021-ci il tarixli 006A********** saylı kredit müqaviləsi üzrə 754,34 manat əsas, 82,8 manat faiz və 22,49 manat cərimə borcu vardır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kredit məbləğini, kreditə hesablanmış faizi və cəriməni cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda digər cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, onlar kredit müqavilələri üzrə alınmış kreditə görə zamin olduqlarından, qeyd edilən kredit məbləğlərinin və həmin məbləğlərə hesablanmış faiz və cərimə borcunun ödənilməsi üçün məsuliyyət daşıyırlar. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqavilələrı üzrə iddiaçıya olan borcunu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh1 zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. Odur ki, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqavilələri ləğv edilməli, 07 may 2021-ci il tarixli kredit müqaviləsi üzrə 5450,53 manat əsas, 598,69 manat faiz və 168,95 manat cərimə borcu olmaqla, ümumilikdə 6218,17 manat pulun cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 və 21 sentyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə 754,34 manat əsas, 82,8 manat faiz və 22,49 manat cərimə borcu olmaqla, ümumilikdə 859,63 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan Tovuz 1 saylı mediasiya təşkilatı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmiş, iddiaçı tərəfindən 100 manat məbləğində mediasiya xərci ödənildiyi qeyd edilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 25 manat mediasiya xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 75 manat mediasiya xərci cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı mediasiyaya dair xərci ödədiyindən dövlət rüsumunu ödəməkdən azad edilmiş, ona görə də iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 30 manat dövlət rüsumu, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 82,18 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 21 sentyabr 2021-ci il tarixli 006A********** saylı kredit müqaviləsi və 07 may 2021-ci il tarixli 006A********** saylı kredit müqaviləsi ləğv edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 21 sentyabr 2021-ci il tarixli 006A********** saylı kredit müqaviləsi üzrə yaranmış 754 manat 34 qəpik kredit borcu, 82 manat 80 qəpik faiz borcu, 22 manat 49 qəpik cərimə borcu olmaqla, cəmi 859 (səkkiz yüz əlli doqquz) manat 63 (altmış üç) qəpik məbləğində pul və ödənilmiş 25 (iyirmi beş) manat mediasiya xərci müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 07 may 2021ci il tarixli 006A********** saylı kredit müqaviləsi üzrə yaranmış 5450 manat 53 qəpik kredit borcu, 598 manat 69 qəpik faiz borcu, 168 manat 95 qəpik cərimə borcu olmaqla, cəmi 6218 (altı min iki yüz on səkkiz) manat 17 (on yeddi) qəpik məbləğində pul və ödənilmiş 75 (yetmiş beş) manat mediasiya xərci müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 82 (səksən iki) manat 18 (on səkkiz) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar