Məhkəmə qərarları › İş №e-2-2(115)-764/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-764/2024

12.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-764/2024 12.06.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi ilə. İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə. İddiaçı Nümayəndə1 Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Nümayəndə1 Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, icarə haqqı və digər ödənişlərin gecikdirilməsi nəticəsində cəmiyyətə dəymiş 2941,59 manat maddi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə təmsil etdiyi qurum arasında xx.xx.2022-ci il tarixdə icarə müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin şərtlərinə əsasən, Cəmiyyət mülkiyyətində olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi, ev 1 Yeni qaydalarla : AZ 1089 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Gənclik küçəsi, 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsini (ümumi sahəsi: 273,50 kvadratmetr) onun müddətli istifadəsinə vermişdir. Müqaviləyə görə, icarə haqqı, vergi və xidmət haqqı daxil olmaqla, ümumilikdə hər ay 3418,75 manat ödəniş edilməli idi. Sonradan cavabdehin ödəmə qabiliyyətində çətinliklər yarandığından onun müraciəti əsasında xx.xx.2023-cü il tarixdə Müqaviləyə düzəlişə dair müqavilə imzalanmış və icarəyə götürülmüş sahə 90 kvadratmetr azaldılaraq 183,50 kvadratmetr təşkil etmişdir. Bu dəfə onun ödəyəcəyi aylıq məbləğ 2293,75 manat təşkil edirdi. Cavabdeh müqavilə üzrə öhdəliyini layiqincə icra etmədiyinə görə hüquqi tədbirlərə başlamışlar. İlk öncə Tovuz 1 saylı Mediasiya Təşkilatına müraciət etsələrdə də mediasiya vasitəsilə məsələnin həllinə nail ola bilməmişlər. Belə ki, cavabdeh borclu qaldığı məbləği tam olaraq ödəməmiş və borcu etiraf etməmişdir. Belə ki, onun müqaviləyə görə, 2941,59 manat (o cümlədən elektrik enerjisindən istifadəyə görə 267,21 manat) icra edilməmiş borc öhdəliyi mövcuddur. Qeyri-yaşayış sahəsinin müvafiq hissəsi (icarə obyekti) keçən ilin sonlarında ondan təhvil alınmış və qalıq borcun ödənilməsi tələb olunmuşdur. Həmin obyekt fitnes zalı kimi fəaliyyət göstərirdi. Ona ödənişin icrası ilə bağlı xəbərdarlıq edilsə də bu günə kimi müraciətlərinə məhəl qoyulmamış, habelə yaranmış borcu ödənilməmişdir. Təəssüf ki, cavabdeh icarə müqaviləsinin, o cümlədən icarə ödənişlərinin ödənilməsi qaydası və şərtləri ilə bağlı əhəmiyyətli pozuntulara yol vermişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia ərizəsinə uyğun olaraq izahat verdi və əlavə olaraq bildirmişdir ki, məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: icarə müqaviləsi, müqaviləyə düzəlişə dair müqavilə, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 424.2-ci maddəsinə əsasən, müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Belə ki, iş materiallarına əlavə edilmiş Nümayəndə1 ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən cəmiyyət mülkiyyətində olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi, ev 1 (yeni qaydalarla : AZ 1089 ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini (ümumi sahəsi: 273,50 kvadratmetr) icarəçinin müddətli istifadəsinə verməyi, icarəçi isə həmin obyektin icarəsinə görə bu müqavilə ilə müəyyən edilmiş məbləğdə və qaydada icarəyə verənə icarə haqqı, əmlakın saxlanılması üçün sahənin hər kvadmetri üçün xərcləri çəkməyi, habelə müqaviləyə xitam verildikdə obyekti icarəyə verərənə qaytarmağı öz öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən göstərilən obyekt 273.50 kvadratmetr təşkil edir. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən obyektdən istifadə üçün icarə haqqı hazırki bu müqavilə imzalandıqdan 60 gün sonra hesablanaraq aylıq hər kvadratmetr üçün ədv və kommunal xidmət haqqı daxil 12,50 manat təşkil edir. Həmin Müqavilənin 5.0.19-cu bəndinə əsasən obyektin istismarı ilə bağlı elektrik enerjisi, su, rabitə, habelə məişət və istehsalat tullantılarının daşınması xidmətləri haqqını ödəmək icarəçinin vəzifəsidir. Nümayəndə1 ilə Cavabdeh arasında bağlanılmış 15 may 2023-cü il tarixli müqaviləyə düzəlişə dair müqavilədən görünür ki, 1.2-ci bəndinə əsasən göstərilən obyekt 183.50 kvadratmetr təşkil etmişdir. İş materiallarına əlavə olunmuş 21 may 2024-cü il tarixli, 11-6-8/2-749/2024 nömrəli maliyyə arayışından və icarə müqaviləsi üzrə maliyyə əməliyyat dövriyyəsi cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən icarə və kommunal və elektrik enerjisi sərfiyyatı üzrə 2941,59 manat məbləğində borcu vardır. İşin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı icarə müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirərək icarə obyektini cavabdehin istifadəsinə vermişdir. Cavabdehin üzərinə isə icarə müqaviləsi ilə müəyyən edilmiş icarə, kommunal və elektrik enerjisi haqqlarını ödəmək vəzifəsi qoyulduğundan və o, icarə, kommunal və elektrik enerjisi haqqları üzrə ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirmədiyindən xx.xx.2022-ci il tarixli icarə müqaviləsi üzrə 2941,59 manat məbləğində əsas borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddiaçı büdcə təşkilatı olaraq dövlət rüsumunu ödəməkdən azad edildiyinə görə iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq ödənilməli olan 49,42 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2941,59 manat tutularaq iddiaçı Nümayəndə1nə ödənilməli, Cavabdeh 49,42 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2941,59 manat məbləğində pul tutularaq iddiaçı Nümayəndə1nə ödənilsin. Cavabdeh 49,42 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar