Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-765/2025 17.09.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, müqavilədən imtina, iradə ifadəsinin üsulları, dəbbə pulu, ipoteka) Hakim Məmmədli Əbülfəz Namiq oğlunun sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra mətndə İddiaçı ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İ. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutlması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 106662,01 manat əsas borc, 6067,98 manat faiz borcu və 42,22 manat cərimə borcu olmaqla, cəmi 112772,21 manat borcun, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 38134,85 manat əsas borc, 1735,14 manat faiz borcu və 10,97 manat cərimə borcu olmaqla, cəmi 38280,96 manat borcun və 441,05 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının tutulması, tutulmalı olan məbləğin İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmiş və Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 208.3 m2, yaşayış sahəsi 116.3 m2, yardımçı sahəsi 92 m2 olan və yaşayış otaqlarının sayı 5 olan və 0.1164 ha torpaq sahəsi ilə birgə fərdi yaşayış evinin açıq hərrac vasitəsilə satılması və borcun həmin əmlakların hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-nə yönəldilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli Kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh2 120 ay müddətinə 300000 manat kredit limiti ayrılmışdır. Borcun təminatı olaraq, Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 208.3 m2, yaşayış sahəsi 116.3 m2, yardımçı sahəsi 92 m2 olan və yaşayış otaqlarının sayı 5 olan fərdi yaşayış evi, 0.1164 ha torpaq sahəsi ilə birgə xx.xx.2023-cü il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Borcun təminatı olaraq xx.xx.2023-cü il tarixində Cavabdeh1ilə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 14 % olmaqla 36 ay müddətinə 175000 manat məbləğində kredit götürmüşdür. Həmin müqavilənin 3-cü bəndində qeyd olunan Xüsusi şərtlərə görə-175000 manat məbləğində kredit iki tranşlabirinci tranş 36 ay müddətinə 125000 manat xx.xx.2023-cü il tarixdə, ikinci tranş isə 36 ay müddətinə 50000 manat xx.xx.2023-cü il tarixdə verilmişdir. Lakin borclu müqavilələrin şərtlərini pozaraq, borc öhdəliklərini icra etməkdən boyun qaçırır. 2025-ci il yanvarın 13dək Cavabdeh2 bankaxx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 106662.01 manat əsas borc, 6067.98 manat faiz borcu və 422.22 manat cərimə olmaqla cəmi 113152.21 manat borcu vardır. Cavabdeh2 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 422.22 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 10 %-i miqdarında olmaqla, yəni 42.22 manat məbləğində tələb olunur. 2025-ci il yanvarın 13-dək Cavabdeh2 bankaxx.xx.2023-cü il tarixli Kredit müqaviləsi üzrə 38134.85 manat əsas borc, 1735.14 manat faiz, 43.86 manat cərimə borcu olmaqla cəmi 39913.85 manat borcu vardır. Cavabdeh2 banka xx.xx.2023-cü il tarixli Kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 43.86 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği xx.xx.2023-cü il tarixli Kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25 %-i miqdarında olmaqla, yəni 10.97 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır.
3. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə İddiaçı ASC məhkəməyə iddia tələbinin dəqiqləşdilməsi barədə ərizə təqdim edərək Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2023-ci il tarixli kredit müqaviləsi üzrə 106662,01 manat əsas borc, 14978,24 manat faiz borcu və 1900,55 manat cərimə borcu, 13 yanvar 2025-ci il tarixindən 08 sentyabr 2025-ci il tarixinədək əsas borca illik 5 faizlə hesablanmış 3481,33 manat məbləğində pul olmaqla, cəmi 127022,13 manat borcun, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 38134,85 manat əsas borc, 4920,95 manat faiz borcu və 437,76 manat cərimə borcu, 13 yanvar 2025-ci il tarixindən 08 sentyabr 2025-ci il tarixinədək əsas borca illik 5 faizlə hesablanmış 1244,68 manat məbləğində pul olmaqla, cəmi 44738,24 manat borcun və 441,05 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının tutulması, tutulmalı olan məbləğin İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmiş və Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 208.3 m2, yaşayış sahəsi 116.3 m2, yardımçı sahəsi 92 m2 olan və yaşayış otaqlarının sayı 5 olan və 0.1164 ha torpaq sahəsi ilə birgə fərdi yaşayış evinin açıq hərrac vasitəsilə satılması və borcun həmin əmlakların hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASCnə yönəldilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeyi
4. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
5. İddiaçının nümayəndəsi X3 iddia ərizəsinə uyğun izahat verərək və iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
II. Sübutların tədqiqi
6. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 15 noyabr 2023-cü il tarixli 12- SME-1-1182-23 saylı kredit limitinin ayrılmasına dair razılaşmadan görünür ki, bank tərəfindən Cavabdeh2 120 ay müddətinə, illik faiz dərəcəsi 29% olmaqla 300.000 manat məbləğində kredit limiti açılmışdır.
7. Yelo Bank” ASC ilə Cavabdeh2 arasında bağlanmış 15 noyabr 2023-cü il tarixli 12-SME-1-1182-23/1 saylı kredit verilməsinə dair razılaşmadan görünür ki, bank tərəfindən Cavabdeh2 dövriyyə vəsaitlərin artırılması məqsədilə 36 ay müddətinə, faktiki illik faiz dərəcəsi 14% olmaqla, 175000 manat məbləğində kredit verilmişdir. Müqavilənin 12-ci bəndində əsasən bu müqavilə 15 noyabr 2023-cü il tarixli 12-SME-1-1182-23 saylı kredit limitinin ayrılması üzrə Razılaşma əsasında rəsmiləşdirilir və onun ayrılmaz tərkib hissəsi hesab olunur.
8. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 15 noyabr 2023-cü il tarixli 12- SME-1-1182-23/1 saylı kredit verilməsinə dair razılaşmaya əlavə olan ödəniş cədvəlindən (1-ci tranş üzrə) görünür ki, ilk ödəniş xx.xx.2023-cü il, son ödəniş tarixi isə xx.xx.2026-cı il olmaqla 125000 manat kredit məbləği və 28799,36 manat faiz məbləğinin iddiaçıya hissələrlə ödənilməsi razılaşdırılmışdır.
9. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 15 noyabr 2023-cü il tarixli 12- SME-1-1182-23/1 saylı kredit verilməsinə dair razılaşmaya əlavə olan ödəniş cədvəlindən (2-ci tranş üzrə) görünür ki, ilk ödəniş xx.xx.2023-cü il, son ödəniş tarixi isə xx.xx.2026-cı il olmaqla 50000 manat kredit məbləği və 11519,09 manat faiz məbləğinin iddiaçıya hissələrlə ödənilməsi razılaşdırılmışdır.
10. 15 noyabr 2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, 124000 manat məbləğində pul bank tərəfindən Cavabdeh2 hesabına köçürülmüşdür.
11. 17 noyabr 2023-cü il tarixli kassa məxaric qəbzindən görünür ki, 15000 manat məbləğində pul Cavabdeh2 tərəfindən bankın kassasından təhvil alınmışdır.
12. 01 dekabr 2023-cü il tarixli kassa məxaric qəbzindən görünür ki, 15000 manat məbləğində pul Cavabdeh2 tərəfindən bankın kassasından təhvil alınmışdır.
13. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2025-ci il tarixli Z/18934/23 №-li zaminlik müqaviləsinə əsasən zamin 15 noyabr 2023-cü il tarixli 12-SME-1-1182-23/1 saylı kredit verilməsinə dair razılaşma üzrə borclu qismində çıxış edən Cavabdeh2 tərəfindən kredit müqaviləsi üzrə olan öhdəliklərini yerinə yetirməməsi və ya lazımı qaydada yerinə yetirməməsinə görə cavabdeh olacağını və kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyət daşıyacağını öz öhdəsinə götürür.
14. 18 avqust 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə banka 106662,01 manat əsas, 14978,24 manat faiz, 1900,55 manat cərimə borcu olmaqla, cəmi 123540,80 manat borcu vardır.
15. 18 avqust 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə banka 38134,85 manat əsas, 4920,95 manat faiz, 437,76 manat cərimə borcu olmaqla, cəmi 43493,56 manat borcu vardır.
16. 05 sentyabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə banka illik 5 faizlə hesablanmış 3481,33 manat və xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə banka illik 5 faizlə hesablanmış 1244,68 manat faiz borcu vardır.
17. 13 yanvar 2025-ci il tarixli xəbərdarlıq məktub surətindən görünür ki, borclulara xx.xx.2023-cü il tarixli, 12-SME-1-1182-23/1 saylı kredit müqaviləsi üzrə yaranmış borcun 5 gün müddətində tam ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.
18. 13 yanvar 2025-ci il tarixli xəbərdarlıq məktub surətindən görünür ki, borclulara xx.xx.2023-cü il tarixli,12-SME-1-1182-23/1 saylı kredit müqaviləsi üzrə yaranmış borcun 5 gün müddətində tam ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.
19. xx.xx.2017-ci il tarixli, RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən, fərdi yaşayış evi və 0.1164 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 60 nömrəli reyestr kitabının 68 nömrəli vərəqində qeydiyyata alınmışdır.
20. 16 noyabr 2023-cü il tarixli, DA/01588/23 saylı ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan Cavabdeh1 mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 2.1-ci bəndində qeyd edilən əmlakın 15 noyabr 2023-cü il tarixli 12-SME-1-1182-23 saylı kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən yaranmış öhdəliyin təminatı kimi ipoteka saxlayana ipotekaya verir. (1.1). İpoteka predmeti haqqında məlumat: ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 208.3 m2, yaşayış sahəsi 116.3 m2, yardımçı sahəsi 92 m2 olan və yaşayış otaqlarının sayı 5 olan və 0.1164 ha torpaq sahəsi. İpoteka qoyan bu müqaviləyə əsasən ipoteka ilə yüklü edilmiş əmlak üzərində mülkiyyət hüququ Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydliyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2017-ci il tarixli **********62- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışla təsdiq edilir (2.1).
21. 17.11.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 fərdi yaşayış evi və 0.1164 ha torpaq sahəsi İddiaçı ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli 12- SME-1-1182-23 saylı kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən yaranmış öhdəliyin təminatı kimi ipoteka ilə yüklü edilməsi barədə daşınmaz əmlakın dövlət reyestrində 60 nömrəli reyestr kitabının 68 nömrəli vərəqində qeydiyyata alınmışdır.
22. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyun 2025-ci il tarixli 9/2968 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixli 12-SME-1-1182-23/1 saylı krеdit müqaviləsi üzrə xx.xx.2025-ci tarixə (1-ci tranş, 125000 manat üzrə) əsas borc üzrə 106662,11 manat, faiz borcu üzrə 6004,45 manat olmaqla ümumilikdə 112666,56 manat. Borcalan tərəfindən sonuncu ödəniş xx.xx.2024-cü il tarixdə aparılmışdır. xx.xx.2023-cü il tarixli 12- SME-1-1182-23/1 saylı krеdit müqaviləsi üzrə xx.xx.2025-ci tarixə (2-ci tranş, 50000 manat üzrə) əsas borc üzrə 38134,85 manat, faiz borcu üzrə 1669,16 manat olmaqla ümumilikdə 39804 manat təşkil edir. Borcalan tərəfindən sonuncu ödəniş xx.xx.2024-cü il tarixdə aparılmışdır.
23. Mərkəzi Ekspertiza Bürosunun xx.xx.2025-ci il tarixli MEB-135-0525 nömrəli rəyindən görünür ki, ünvan 1 fərdi yaşayış evinin 0.1164 ha torpaq sahəsi ilə birlikdə bazar dəyəri 171,600 manat, likvid dəyəri isə 154,500 manat təşkil edir.
III. Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 743. Kredit müqaviləsinin anlayışı (hazırda qüvvədə olan redaksiyada) 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Maddə 745. Kredit müqaviləsinin xüsusiyyətləri (hazırda qüvvədə olan redaksiyada) 745.5. Kredit müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa (daha yuxarı məbləğin müəyyənləşdirilməsi istisna olmaqla), kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) kredit müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanır. Bu maddədə müəyyən edilən həddə gecikdirilmə faizləri tətbiq edildikdə, əlavə dəbbə pulu (cərimə, penya) və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz. Maddə 746. İstehlak krediti müqaviləsinin anlayışı (hazırda qüvvədə olan redaksiyada) 746.1. İstehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. 746.3. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə istehlak krediti müqaviləsinə bu Məcəllənin borc müqaviləsi və kredit müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 746-5.2. İstehlak krediti müqaviləsində ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) nəzərdə tutulduqda, həmin faizlərin məbləği istehlak krediti müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə beş faiz bəndi əlavə edilməklə hesablanan məbləğdən çox ola bilməz. Bu halda əlavə dəbbə pulu (cərimə, penya), komissiya və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz. Gecikdirilmə faizlərinin hesablanması 180 gündən çox davam edə bilməz. Əgər borcverənə dəyən zərər gecikdirilmə faizlərinin məbləğindən çoxdursa, borcverən istehlakçıdan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Maddə 742. Borcun qaytarılması (hazırda qüvvədə olan redaksiyada) 742.5. Qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər: 742.5.1. borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi (o cümlədən müqavilə bağlanılmazdan əvvəl baş vermiş və müqavilə bağlanılan anadək aradan qaldırılmamış pisləşmə borcverənə sonradan məlum olduqda) və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağını güman etməyə əsaslar olduqda; 742.5.2. borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla). Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada). Maddə 447. İkitərəfli müqavilələrdə öhdəliklərin icra edilməməsi 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 447.2. Aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 269. Girov və ipoteka hüququ anlayışı 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə 279. Girovla təmin edilən tələb Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərçləri və tutma xərcləri daxildir. Maddə 295. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi əsasları Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Maddə 296. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi qaydası 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Maddə 319. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələri 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti acıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.
17. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu
1.0.1. İpoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 1.0.6. İpoteka hüququ - borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 1.0.9. İpoteka predmetinin ilkin satış qiyməti – bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. 26.1. İpoteka saxlayanın aşağıdakı hüquqları vardır: 26.1.1. ipoteka predmetinin mövcudluğunu, vəziyyətini və saxlanma şəraitini sənədlər üzrə və faktik surətdə yoxlamaq; 26.1.2. ipoteka qoyandan ipoteka predmetinin lazımi vəziyyətdə saxlanılması üçün zəruri tədbirlər görməyi tələb etmək; 26.1.3. ipoteka qoyanın öz vəzifələrini icra edə bilmədiyi aşkar olarsa, məhkəmə qaydasında ipoteka predmetinin ona verilməsini tələb etmək; 26.1.4. ipoteka predmetinin salamatlığına ziyan vuran və ya pisləşməsinə səbəb olan hərəkətlərə son qoyulmasını həmin hərəkətlərə yol verən şəxslərdən tələb etmək; 26.1.5. əsas öhdəlik üzrə tələbi başqa şəxsə güzəşt etmək və ya satmaq; 26.1.6. ipoteka hüququnu girov qoymaq.
33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
20. İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı Əlavə Protokol
Maddə 1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
25. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli Qərarı
Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. Göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
26. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018ci il tarixli Qərarı
... tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır... Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur.
27. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 iyul 2021-ci il tarixli Qərarı
Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Plenumunun Qərarı
Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
IV. Məhkəmənin mövqeyi
a) Kredit müqaviləsi üzrə əsas borcun və faiz borcunun tutulması tələbi ilə bağlı
29. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
30. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
31. Göründüyü kimi Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.
32. İş materiallarından görünür ki, iddiaçı kredit müqaviləsi üzrə verilmiş qalıq borc məbləğinin (bütünlükdə) geri tələb edilməsini ilk dəfə pretenziya məktubunda ifadə etmiş və həmin məktub Cavabdeh2 13 yanvar 2025-ci il tarixdə göndərilmişdir.
33. Məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək bildirir ki, kredit müqaviləsinin ləğvi və ya kredit müqaviləsindən imtina zamanı tərəfin iradə ifadəsinin təfsiri zamanı həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Mülki hüquqda daxili iradənin ifadə üsulları üç qrupa bölünür: düzünə iradə ifadəsi (şifahi və ya yazılı qaydada); dolayı iradə ifadəsi (konklyudent hərəkətlər) və susmaq nəticəsində iradə ifadəsi. Göründüyü kimi, iradə yalnız verbal nitqlə və ya yazılı qaydada deyil, həmçinin konklyudent hərəkətlərdə də ifadə oluna bilir. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 329.3cü maddəsində təsbit edilmişdir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Bu isə onu göstərir ki, kredit münasibətlərində borc verənin kredit müqaviləsi üzrə bütün əsas borc məbləğinin ödənilməsi tələbi barədə iddia ilə məhkəməyə müraciət etməsi müvafiq hallar olduqda (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması) özü-özlüyündə konklyudent hərəkətdə ifadə olunan, borc verənin müqavilənin ləğvinə yönəlik iradə ifadəsidir (şifahi əqd). Belə olan halda, iddiaçının 13 yanvar 2025-ci il tarixdə Cavabdeh2 pretenziya məktubu yollayaraq kredit müqaviləsi üzrə hesablanmış bütün borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəlmişdir və məktubun qəbul edildiyi gündən 5 gün sonra müqavilə xitam edilmiş hesab edilməlidir. İddiaçı həmin tarixədək gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər. Hazırda iddiaçı 18 avqust 2025-ci il tarixə olan borc məbləğini tələb edir.
34. Məhkəmə iddiaçının tələbini təşkil edən annuitet ödənişlərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
35. 18 avqust 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə banka 106662,01 manat əsas, 14978,24 manat faiz, 1900,55 manat cərimə borcu olmaqla, cəmi 123540,80 manat borcu vardır.
36. 18 avqust 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə banka 38134,85 manat əsas, 4920,95 manat faiz, 437,76 manat cərimə borcu olmaqla, cəmi 43493,56 manat borcu vardır.
37. 05 sentyabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə banka illik 5 faizlə hesablanmış 3481,33 manat və xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə banka illik 5 faizlə hesablanmış 1244,68 manat faiz borcu vardır.
38. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyun 2025-ci il tarixli 9/2968 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixli 12-SME-1-1182-23/1 saylı krеdit müqaviləsi üzrə xx.xx.2025-ci tarixə (1-ci tranş, 125000 manat üzrə) əsas borc üzrə 106662,11 manat, faiz borcu üzrə 6004,45 manat olmaqla ümumilikdə 112666,56 manat. Borcalan tərəfindən sonuncu ödəniş xx.xx.2024-cü il tarixdə aparılmışdır. xx.xx.2023-cü il tarixli 12- SME-1-1182-23/1 saylı krеdit müqaviləsi üzrə xx.xx.2025-ci tarixə (2-ci tranş, 50000 manat üzrə) əsas borc üzrə 38134,85 manat, faiz borcu üzrə 1669,16 manat olmaqla ümumilikdə 39804 manat təşkil edir. Borcalan tərəfindən sonuncu ödəniş xx.xx.2024-cü il tarixdə aparılmışdır.
39. İş materiallarında olan ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, ekspertiza tədqiqatı bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatları və kredit müqaviləsinin şərtləri əsasında keçirilmiş, alınmış rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. O cümlədən cavabdeh borcun düzgün hesablanmaması ilə bağlı işin faktiki hallarını araşdıran məhkəməyə hər hansı sübutu (ekspert tərəfindən əsassız olaraq silinmə ilə bağlı maliyyə sənədləri, alternativ ekspert rəyi və s.) təqdim etməmişdir.
40. Məhkəmə izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
41. Belə olan halda məhkəmə hesab edir ki, 15 noyabr 2023-cü il tarixli 12-SME-1- 1182-23/1 saylı kredit müqaviləsi üzrə (1-ci tranş üzrə) əsas borc 106662,01 manat, faiz borcu 6004,45 manat və xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək əsas borca illik 5%-lə hesablanmış faiz borcu 3481,33 manat, 15 noyabr 2023-cü il tarixli 12-SME-1-1182- 23/1 saylı kredit müqaviləsi üzrə (2-ci tranş üzrə) əsas borc 38134,85 manat, faiz borcu 1669,16 manat və xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək əsas borca illik 5%-lə hesablanmış faiz borcu 1244,68 manat müəyyən edilməlidir.
42. 13 yanvar 2025-ci il tarixli bildirişlərdən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 borcun ipoteka predmetinə yönəldilməsi barədə lazımi qaydada xəbərdarlıq edilmiş, adı çəkilən bildirişlər qeydə alınması üçün xx.xx.2025-xi il tarixli ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlər Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə göndərilmiş bildirişlər qeydə alınmışdır.
43. Kredit müqaviləsi üzrə Cavabdeh2 üzərinə düşən öhdəliklərin icrasının təmini məqsədilə Cavabdeh1 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən, fərdi yaşayış evi və 0.1164 ha torpaq sahəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Tutmanın ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinə və torpaq sahəsinə yönəldilməsi barədə tələb Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317 və 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğundur.
44. Məhkəmə qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin qanunun 1.0.9-cu maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti – bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.
45. Məhkəmə hesab edir ki, qanunda birbaşa imperativ tələb kimi nəzərdə tutulduğu üçün iddia tələbində bu barədə tələb olmasa belə, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir.
46. Mərkəzi Ekspertiza Bürosunun 24..07.2025-ci il tarixli MEB/135-0525/25 nömrəli rəyindən görünür ki, ünvan 1 fərdi yaşayış evinin 0.1164 ha torpaq sahəsi ilə birlikdə bazar dəyəri 171,600 manat, likvid dəyəri isə 154,500 manat təşkil edir.
47. Məhkəmə, iddiaçının satışdan əldə olunacaq vəsaitin iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin ümumi qaydada cavabdehlərdən tutulması barədə iddiası ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə qeyri-müəyyən olduğundan təmin oluna bilməz.
48. Məhkəmə zaminə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, o, kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən kredit məbləğinin və həmin məbləğə hesablanmış faiz və cərimə borcunun ödənilməsi üçün əsas borclu ilə birlikdə məsuliyyət daşıyır.
b) Kredit müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı
49. İddia ərizəsində iddiaçı xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 1-ci tranş üzrə 1900,55 manat, 2-ci tranş üzrə isə 437,76 manat cərimənin də cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir.
50. Məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 1-ci tranş üzrə 1900,55 manat, 2-ci tranş üzrə isə 437,76 manat məbləğində dəbbə pulu (penya) ağlabatan və ədalətlidir və buna görə də cərimə olaraq xx.xx.2023-cü il tarixli kredit müqaviləsi 1-ci tranş üzrə 1900.55 manat (əsas borcun 1,78 % həddində), 2-ci tranş üzrə isə 437,76 manat (əsas borcun 1,15 % həddində) məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
c) Məhkəmə xərcləri ilə bağlı
51. İddiaçı eləcə də 441,05 manat dövlət rüsumunun cavabdehlərdən tutulmasını xahiş etmişdir.
52. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 442,65 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
53. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
54. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
55. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilmədiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 441,05 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 15 manat və 36 manat xidmət haqqı olmaqla, cəmi 492,05 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-nə, 8,50 manat məbləğində pul isə müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir.
56. Bundan başqa iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 iyun 2025-ci il tarixli 9/2968 saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı olan tədqiqatın dəyəri 200 manat təşkil edir.
57. Odur ki, məhkəmə hesab edir ki, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi üçün çəkilmiş 200 manat xərc cavabdehdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.
V. Məhkəmənin gəldiyi nəticə
58. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 15 noyabr 2023-cü il tarixli 12-SME-1-1182-23/1 saylı kredit müqaviləsi üzrə (1-ci tranş üzrə) 106662,01 manat əsas borc, 6004,45 manat faiz borcu, 1900,55 manat cərimə borcu və xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək əsas borca illik 5%-lə hesablanmış 3481,33 manat faiz borcu olmaqla, cəmi 118048,34 manat və 15 noyabr 2023-cü il tarixli 12-SME-1-1182-23/1 saylı kredit müqaviləsi üzrə (2ci tranş üzrə) 38134,85 manat əsas borc, 1669,16 manat faiz borcu, 437,76 manat cərimə borcu və xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək əsas borca illik 5%-lə hesablanmış 1244,68 manat faiz borcu olmaqla, cəmi 41486,45 manat, ümumilikdə isə 159534,79 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı “Yelo BankASC-nə ödənilməli, tələb Cavabdeh1 mülkiyyətindəki ünvan 1, ümumi sahəsi 208.3 kv.m, yaşayış sahəsi 116.3 kv.m, yardımçı sahəsi 92 kv.m olan və yaşayış otaqlarının sayı 5 olan fərdi yaşayış evinə 0.1164 ha torpaq sahəsi ilə birgə yönəldilməli, ünvan 1, ümumi sahəsi 208.3 kv.m, yaşayış sahəsi 116.3 kv.m, yardımçı sahəsi 92 kv.m olan və yaşayış otaqlarının sayı 5 olan fərdi yaşayış evinin 0.1164 ha torpaq sahəsi ilə birgə ilkin satış qiyməti 154500 manat müəyyən edilməli, ipotekaya qoyulmuş əmlak açıq hərrac vasitəsi ilə satılmalı və satışdan əldə olunan məbləğdən 159534,79 manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə ödənilməli, qalan məbləğ Cavabdeh1 qaytarılmalı, iddia qalan hissədə rədd edilməlidir.
59. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233 və 360-cı maddələrinə əsasən
QƏT ETDİ:
İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 15 noyabr 2023cü il tarixli 12-SME-1-1182-23/1 saylı kredit müqaviləsi üzrə (1-ci tranş üzrə) 106662,01 manat əsas borc, 6004,45 manat faiz borcu, 1900,55 manat cərimə borcu və xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək əsas borca illik 5%-lə hesablanmış 3481,33 manat faiz borcu olmaqla, cəmi 118048,34 (bir yüz on səkkiz min qırx səkkiz manat otuz dörd qəpik) manat və 15 noyabr 2023-cü il tarixli 12-SME-1-1182-23/1 saylı kredit müqaviləsi üzrə (2ci tranş üzrə) 38134,85 manat əsas borc, 1669,16 manat faiz borcu, 437,76 manat cərimə borcu və xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək əsas borca illik 5%-lə hesablanmış 1244,68 manat faiz borcu olmaqla, cəmi 41486,45 (qırx bir min dörd yüz səksən altı manat qırx beş qəpik) manat, ümumilikdə isə 159534,79 (bir yüz əlli doqquz min beş yüz otuz dörd manat yetmiş doqquz qəpik) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tələb Cavabdeh1 mülkiyyətindəki ünvan 1, ümumi sahəsi 208.3 kv.m, yaşayış sahəsi 116.3 kv.m, yardımçı sahəsi 92 kv.m olan və yaşayış otaqlarının sayı 5 olan fərdi yaşayış evinə 0.1164 ha torpaq sahəsi ilə birgə yönəldilsin. ünvan 1, ümumi sahəsi 208.3 kv.m, yaşayış sahəsi 116.3 kv.m, yardımçı sahəsi 92 kv.m olan və yaşayış otaqlarının sayı 5 olan fərdi yaşayış evinin 0.1164 ha torpaq sahəsi ilə birgə ilkin satış qiyməti 154500 (bir yüz əlli dörd min beş yüz) manat müəyyən edilsin. İpotekaya qoyulmuş əmlak açıq hərrac vasitəsi ilə satılsın və satışdan əldə olunan məbləğdən 159534,79 (bir yüz əlli doqquz min beş yüz otuz dörd manat yetmiş doqquz qəpik) manat məbləğində pul İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin, qalan məbləğ Cavabdeh1 qaytarılsın. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 441,05 (dörd yüz qırx bir manat beş qəpik) manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 15 (on beş) manat və 36 (otuz altı) manat xidmət haqqı olmaqla, cəmi 492,05 (dörd yüz doxsan iki manat beş qəpik) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 8,50 (səkkiz manat əlli qəpik) manat məbləğində pul müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı 200 (iki yüz) manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X1, kodu:210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN:**********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Əbülfəz Məmmədli