Məhkəmə qərarları › İş №e-2-2(115)-78/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-78/2025

06.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-78/2025 06.08.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İlk iddia üzrə Cavabdeh3 iştirakı ilə. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair ilk iddiası, iddiaçı Cavabdeh1 cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyətinə qarşı kredit razılaşmasına əlavələrin etibarsız hesab edilməsi, faizlərin və cərimələrin ləğv edilməsi, ödənilən məbləğin borca silinməsi tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə mürаciət edərək, cavabdеhlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada iddiaçının хеyrinə 030R********** saylı krеdit razılaşması üzrə 10999,95 manat krеdit bоrcu, 3040,45 manat faiz bоrcu və 768,46 manat cərimə borcu olmaqla ümumilikdə 14908,87 manat borcun, 134,73 manat dövlət rüsumunun, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 manat rüsumun və 36 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh1 mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən 0.0105 ha torpaq sahəsi və üzərində yerləşən 82.9 m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən borcun Bankın xeyrinə ödənilməsi, hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarasınını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 030L**********41 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 250000 manat məbləğində krеdit хətti açılmışdır. Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 030R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 35000 manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli 030R**********S saylı, xx.xx.2020-ci il tarixli 030R**********SA saylı və xx.xx.2022-ci il tarixli 030R**********SB saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2023-cü il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü krеdit bоrcundan 24000,05 manat ödəmiş, onun 10999,95 manat məbləğində kredit borcu qalmışdır. Kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 396 gün üçün hesablanmış faiz borcu 3040,45 manat, hеsablanmış cərimə borcu 768,46 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh3 və Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 030M**********01 saylı ipoteka müqaviləsi əsasında ünvan 1 ünvanında yerləşən 0.0105 ha torpaq sahəsi və üzərində yerləşən 82.9 m ümumisahədən ibarət fərdi yaşayış evi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC ilə arasında bağlanmış xx.xx.2019-cu il tarixli 030R********** saylı kredit razılaşmasına edilmiş xx.xx.2020-ci il tarixli 030R**********9S saylı, xx.xx.2019-cu il tarixli 030R**********SA saylı və xx.xx.2022-ci il tarixli 030R**********SB saylı əlavələrin etibarsız hesab edilməsi, forsmajor baş verdiyi xx.xx.2019-cu il tarixdən sonra hesablanmış (müqavilənin müddəti bitənədək və eləcə də bitdikdən sonra) bütün faizlərin və cərimələrin ləğv edilməsi, ödənilmiş pul məbləğlərinin xx.xx.2019-cu il tarixli 030R********** saylı razılaşması üzrə əsas borca və fors-majorun baş verdiyi xx.xx.2019-cu il tarixədək hesablanmış faizlərə aid edilərək silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, ilk iddia üzrə iddiaçı iddia ərizəsində göstərmişdir ki, götürülmüş kredit üzrə ümumilikdə 24000,05 manat ödəniş edilmiş, 10999,93 manat borc qalmışdır. Bundan əlavə faiz borcu gecikdirilmiş 396 günə görə hesablanmaqla 3040,45 manat təşkil edir. Daha sonra iddiaçı zaminlik və ipoteka müqavilələrinin müvafiq bəndlərinə istinad edərək tələbini əsaslandırmağa çalışmışdır. İddia ərizəsində istinad etdiyi halların heç bir hüquqi və faktiki əsası yoxdur. Çünki bank ədalətsiz yanaşma sərgiləməklə yanaşı, ondan şişirdilmiş borc məbləği tələb etmiş, fors-majorla (qarşısıalınmaz qüvvə) bağlı hallara heç bir əhəmiyyət verməmiş, faizlərin hesablanmasını dayandırmamış, əksinə mövcud krediti restrukturizasiya etməklə ondan daha da artıq faizlər tələb etmiş, bununla da qanunvericiliyin və müqavilənin müvafiq şərtlərini pozmuşdur. Belə ki, kredit xx.xx.2019-cu il tarixli uzunmüddətli kredit müqaviləsinin əsasında verilmişdir. xx.xx.2019-cu il tarixli müqavilə, eləcə də onun əlavələri isə həmin müqavilənin tərkib hissəsi hesab olunur. Çünki bütün zaminlik və girov müqavilələri onu aldatmaqla məhz 120 ay müddətinə bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə şamil edilir. Həmin uzunmüddətli kredit müqaviləsi bağlanarkən eyni zamanda kredit razılaşması da bağlamış, həmin razılaşmaya əsasən 15000 manat məbləğində kredit götürmüşdür. Həmin kredit tam şəkildə ödənildiyi üçün iddiaçı iddiada heç bir məlumat qeyd etməmişdir. xx.xx.2019-cu il tarixli kredit razılaşmasına əsasən götürdüyü 35000 manat kredit üzrə tərəfindən ümumilikdə 39763,94 manat ödəniş olunduğuna baxmayaraq bank ərizəsinə əsasən hələ də 10999,95 manat əsas, 3040,45 manat faiz borcu qalmaqdadır. Tələb olunan məbləğləri də ödəyərsə o zaman 35000 manat kreditə görə banka 53804,34 manat ödəməli olacaqdır ki, bu nə ədalətli, nə də qanunidir. Qarşılıqlı iddia üzrə cavabdehin qeyd etdiyi kimi ödədiyi 39763,94 manat puldan 24000,05 manat əsas borca silinsə də qalan 15763,89 manat isə faiz borcuna silinmişdir. Bu yetmədiyi kimi cavabdeh ondan yenə də 3040,05 manat tələb edir. Qeyd edilənlərdən əlavə olaraq iddia tələbinin qanunsuz və əsassız olmasının başqa bir dəlili xx.xx.2019-cu il tarixdə kredit götürdükdən cəmi 4 ay sonra xx.xx.2019-cu ildə fors major baş verməsinə baxmayaraq, bank tərəfindən həmin dövrlər üzrə faiz hesablanmasının dayandırılmaması və krediti ödəmək öhdəliyindən azad edilməməyindən ibarətdir. Əksinə iddia ərizəsində də qeyd edildiyi kimi 3 dəfə ödəniş qrafikinə dəyişiklik edilməklə əsas borcun ödənişinə möhlət verilmişdir ki, bununla da əsas borcun ödənişi təxirə salındığı üçün əsas borca görə daha çox faiz hesablanmışdır. Belə ki, iddiaçının da bildirdiyi kimi sahibkarlıq fəaliyyəti göstərmişdir və fəaliyyəti əsasən elektrik malları satışından ibarət olmuşdur. Bir neçə il əvvəl baş vermiş yanğın olaylarında adı hallanan “Euro Home” ticarət mərkəzində yerləşən 79 saylı ticarət obyekti ona məxsus olmuş və həmin mağazada "Uğur Elektrik’' adı ilə yanğın baş verənədək fəaliyyət göstərmişdir. "Euro Home” ticarət mərkəzində 10 dekabr 2019-cu il tarixdə baş vermiş dəhşətli yanğın bir çox sahibkar kimi onu da həm mənəvi, həm maddi cəhətdən sarsıtmış, bütün maddi aktivlərini, qazancını illərlə işləyib topladığı və mal-materiallara verdiyi pulunu kül eləməklə yanaşı, ümidlərini də puç etmişdir. Hadisə baş verdikdən sonra FHN-nin Əməliyyat İstintaq idarəsi tərəfindən xeyli müddət istintaq aparılmış, “Euro Home” mərkəzinin bir neçə əməkdaşı həbs olunaraq barələrində cinayət hökmü çıxarılmışdır. Təbii ki, bunlar bütün sahibkarların və eləcə də onun zərərinin ödənilməsinə heç bir xeyri olmamışdır. Hadisə baş verdikdən sonra xeyli müddət bu hadisənin şokunu yaşamış və bunun ağır nəticələrini sonradan hiss etmişdir. AR FHN-nin Əməliyyat İstintaq İdarəsi tərəfindən xx.xx.2019-cu it tarixdə ona arayış təqdim edilmişdir və arayışda qeyd edilmişdir ki, “...arayış Cavabdeh1 ona görə verilir ki, həqiqətən də xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi İ ünvanında yerləşən “Euro Home” ticarət mərkəzində vermiş yanğın nəticəsində ona məxsus olan 79 nömrəli "Uğur Elektrik” adlı mağaza içərisindəki mallarla birlikdə yanaraq məhv olmuşdur. Arayış “Access Bank”-ın Binəqədi rayon filialına təqdim edilmək üçün verilir...” Göründüyü kimi yanğın FHN-nin Əməliyyat İstintaq İdarəsinin verdiyi arayışda 2 fakt öz təsdiqini tapmışdır: "Euro-Home” ticarət mərkəzində yanğının baş verməsi faktı. Həmin yanğın hadisəsi zamanı “Euro-Home” ticarət mərkəzində yerləşən "Uğur Elektrik” adlı 79 saylı mağazanının içərisində mallarla birlikdə yanması faktı. İş materiallarına əlavə etdiyi arayışdan görünür ki, həqiqətən yanğın hadisəsi baş vermişdir. Baş vermiş hadisə və həmin hadisədə onun mağazasındakı malların yanması barədə səlahiyyətli dövlət orqanının rəsmi mövqeyi var. Belə ağır məşəqqətli bir ərəfədə bəs bank nə etmişdir? Bank isə bütün məsələləri, hadisələri, hadisə barədə onlara verdiyi arayışı görməzdən gələrək, fors majorla bağlı nə qanunvericiliyin, nə də işgüzar praktikanın tələblərinə əməl etməmiş, xx.xx.2020-ci il tarixli əlavədə (030R**********S saylı dəyişiklik) əsas borcun ödənişinə 5 ay möhlət verməklə, həmin ərəfədə yalnız faizlərin ödənişini nəzərdə tutan ödəniş planı təsdiq edilmişdir. Bununla da 5 ay ərzində əsas borc dəyişməz olaraq qalmaqla daha çox faiz hesablanmışdır. Yəni əgər əsas borcun ödənişi aybay azalsa idi o zaman azalan əsas borca görə daha az faiz ödəməli olacaqdır. Bank əməkdaşları isə guya özünü humanist kimi göstərərək ona yardım etmiş və əslində isə onu maddi cəhətdən daha ağır və daha əlverişsiz vəziyyətə salmışdır. Bundan əlavə bank onun gecikən faizlərini əsas borcunun qalığı ilə toplamaqla 32224,33 manat restrukturizasiya məbləği müəyyən etmiş və həmin məbləğə xx.xx.2020-ci il tarixədək aylıq 0,8333 faiz hesablamışdır. Sonrakı iki dəyişikliklər də (xx.xx.2020-ci il tarixli 030R**********SA saylı və xx.xx.2022-ci il tarixli 030R**********SB saylı əlavələr) yalnız bankın mənafeyinə xidmət etmişdir. Belə ki, xx.xx.2020-ci il tarixli dəyişiklikdə həmin tarixdə gecikmədə olan faizlər əsas borcun qalığı ilə toplanmaqla 30700,67 manat məbləğində restrukturizasiya məbləği müəyyən edilmiş və həmin məbləğə aylıq 1,75 faiz dərrəcəsi (illik 21 faiz) ilə xx.xx.2022-ci il tarixədək faiz hesablamışdır. Daha sonra xx.xx.2022-ci il dəyişikliyə əsasən həmin kredit üzrə faizləri əsas borcun qalığı ilə toplamaqla krediti restrukturizasiya etmiş, 16017,81 manat məbləğ müəyyən edərək aylıq 1,75 faiz (illik 21 faiz) ilə məhkəməyə müraciət edildiyi tarixədək faiz hesablanmışdır. Belə ki, bank ilk restrukturizasiyada əsas borcun ödənişinə 5 ay möhlət verməklə və gecikən faizləri əsas borcun qalığı ilə toplamaqla, sonrakı restrukturizasiyalarda isə gecikən faizi əsas borcun qalığı ilə toplayaraq həmin məbləğdə faizlər hesablamaqla, onu əlverişsiz ağır vəziyyətə salmışdır. Onun hüquqi və iqtisadi savadının olmamasından, həmin ərəfədə krediti götürdüyü tarixdən (xx.xx.2019-cu il) təxminən dörd ay sonra baş vermiş yanğın (xx.xx.2019-cu il) səbəbindən bütün idarəetməni itirməyindən istifadə edərək onu açıq-açığına soymuş və bu əməli hələ də davam etdirmək niyyətindədir. Baş vermiş yanğın hadisəsi qarşısı alınmaz qüvvənin nəticəsində baş vermiş hadisə hesab edilməklə, onun nəticələrini aradan qaldırılmasınadək borclunu öhdəliklərin icrasından azad edir. Mülki Məcəllədə konkret olaraq fors-majorla bağlı tənzimləmə olmasa da ayrı-ayrı normativ aktlarda bununla bağlı analoji hesab edilən normalar vardır. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 zaminliyə xitam verilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək "xxxx" QSC-nin xx.xx.2019-cu il tarixli 030R********** saylı kredit razılaşması üzrə 10999,95 manat kredit borcu, 3040,45 manat faiz borcu və 768,46 manat cərimə borcu omaqla, cəmi 14908,87 manat borcun, 134,73 manat dövlət rüsumunun, ipoteka predmeti olan əmlaka tutma yönəldilmsəi üçün ödənilmiş 15 manat rüsumun və 36 manat xidmət haqqının onlardan tutulması hissəsində iddiaya müddət təbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, onlar iş üzrə zamindir və xx.xx.2022-ci il tarixdə zaminlik müqaviləsi bağlamışlar. Hazırda iş məhkəmənin icraatında olduğu dövrdə ona məlum olmuşdur ki, borcalanla bank kredit razılaşmasına xx.xx.2020-ci il tarixdə (030R**********S saylı dəyişiklik) edərək əsas borcun 5 ay möhlət verməklə, həmin ərəfədə yalnız faizlərin ödənişini nəzərdə tutan ödəniş planı təsdiq etmişdir. Bununla da 5 ay ərzində əsas borc dəyişməz olaraq qalmaqla yanaşı daha çox faiz hesablamış, onları əlverişsiz vəziyyətə salaraq, vəziyyətlərini ağırlaşdırmışdır. Başqa sözlə əsas borca möhlət verilməsə, ödənilən ödənişlər əsas borcdan silinər və həmin ödənilmiş əsas borcun hissəsi faiz hesablamazdı. Bank tərəfindən isə ədalətsiz şəkildə addım atılmaqla onsuz da ödənişdə çətinliyin olduğu kreditin əsas borcuna möhlət verməklə bağlı qrafik təsdiq etmiş, bununla da onlardan artıq faiz almışdır. Bundan sonra Bank xx.xx.2020-ci il tarixdə (030R**********SA saylı dəyişiklik) həmçinin xx.xx.2022-ci il tarixdə etdiyi dəyişikliyə əsasən gecikmədə olan faizləri əsas borcun qalığı ilə toplamış, 30700,67 manat məbləğində restrukturizasıya məbləği müəyyən edilmiş, bu məbləği əsas məbləğ kimi göstərməklə, həmin məbləğə görə növbəti dəyişikliyin edildiyi tarixədək aylıq 1,75 faiz dərəcəsi ilə faiz hesablamışdır. Növbəti dəyişikliyin edildiyi, xx.xx.2022-ci il tarixdə yenə də kredit üzrə faizləri əsas borcun qalığı ilə toplamaqla, onu restrukturizasiya etmiş, borcun qalığını süni şəkildə şişirtməklə 16017,81 manat məbləğ müəyyən etmiş, bu məbləğə aylıq 1,75 faiz ilə məhkəməyə müraciət edildiyi tarixədək faiz hesablamışdır. Buna görə də iddiaçı birinci dəyişiklik zamanı əsas borcun ödənişinə 5 ay möhlət verməklə, eləcə də əsas borcun qalığı ilə gecikən faizləri toplamaqla, sonrakı restrukturizasiya isə gecikən, faizi əsas borcun qalığı ilə toplayaraq həmin məbləğdə faizlər hesablamaqla, onları ağır və əlverişsiz vəziyyətə salmışdır. Bütün bunlar borcalanın hüquqi və iqtisadi savadının olmamasından, həmin ərəfədə baş vermiş yanğın səbəbindən borcalanın psixoloji vəziyyətinin pis olması ilə əlaqədar Bankın sui-istifadə etməsi ilə bağlı olmuşdur. Zamin olaraq bu dəyişikliklər onun üçün əlverişsiz vəziyyət yaratdığına, vəziyyətlərini ağırlaşdırdığına görə hər ikisinin 26 sentyabr 2022-ci il tarixli zaminlik müqaviləsinə xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə Cavabdeh3 məhkəmə iclasında qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və ilk iddianın rədd edilməsini və qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. İddiaçıya və digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, iddiaçının nümayəndəsi elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.4-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ilk iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. İş materiallarından olan Cavabdeh1 ilə "xxxx" QSC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 030L**********41 saylı uzunmüddətli kredit müqaviləsindən görünür ki, illik faiz dərəcəsi 28% olmaqla 120 ay müddətinə, xx.xx.2029-cu il tarixədək 250000 manat məbləğində krеdit хətti açılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh3 və Cavabdeh2 uzunmüddətli kredit müqaviləsinə əsasən borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 030M**********01 saylı ipoteka müqaviləsindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0.0105 ha torpaq sahəsi və üzərində yerləşən 82.9 m ümumi sahədən ibarət fərdi yaşayış evi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir və tərəflərin razılığına əsasən ipoteka predmetinin dəyəri-ilkin satış qiyməti 37600 manat müəyyən edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0.0105 ha torpaq sahəsi və üzərində yerləşən 82.9 m ümumi sahədən ibarət fərdi yaşayış evi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 ilə "xxxx" QSC ilə arasında bağlanmış xx.xx.2019-cu il tarixli 030R********** saylı krеdit razılaşmasından görünür ki, borcalana 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 35000 manat məbləğində krеdit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 030R**********S saylı sazişdən və ödəniş planından görünür ki, bank ilə kredit alan arasında 11 mart 2019-cu il tarixli uzunmüddətli kredit müqaviləsi üzrə 29 iyul 2019-cu il tarixdə bağlanmış kredit razılaşması üzrə kredit alan kreditin qalığını, hesablanmış faizləri 14 yanvar 2020-ci il tarixli ödəniş planına uyğun olaraq, restrukturizasiya məbləği 32224,33 manat aylıq faiz dərəcəsi 0.8333% olaraq banka ödəməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 030R**********SA saylı sazişdən və ödəniş planından görünür ki, bank ilə kredit alan arasında 11 mart 2019-cu il tarixli uzunmüddətli kredit müqaviləsi üzrə 29 iyul 2019-cu il tarixdə bağlanmış kredit razılaşması üzrə kredit alan kreditin qalığını, hesablanmış faizləri 25 noyabr 2020-ci il tarixli ödəniş planına uyğun olaraq, restrukturizasiya məbləği 30700,67 manat aylıq faiz dərəcəsi 1.75% olaraq banka ödəməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 030R**********SB saylı sazişdən və ödəniş planından görünür ki, bank ilə kredit alan arasında 11 mart 2019-cu il tarixli uzunmüddətli kredit müqaviləsi üzrə 29 iyul 2019-cu il tarixdə bağlanmış kredit razılaşması üzrə kredit alan kreditin qalığını, hesablanmış faizləri 25 avqust 2022-ci il tarixli ödəniş planına uyğun olaraq, restrukturizasiya məbləği 16017,81 manat aylıq faiz dərəcəsi 1.75% olaraq banka ödəməlidir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/9632 nömrəli rəyindən görünür ki, xx.xx.2019-cu il tarixli 030R********** saylı kredit razılaşması üzrə xx.xx.2023-cü il tarixə əsas borc üzrə 11423,86 manat, faiz borcu üzrə 1006,25 manat təşkil edir. Xidmətin qiyməti 100 manat müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin qiymətləndirmə rəyindən görünür ki, ünvan 1 ünvanında istifadədə olan 0.0105 ha torpaq sahəsində yerləşən Cavabdeh1 mülkiyyətində olan 82.9 m ümumi sahədən ibarət fərdi yaşayış evinin bazar qiyməti 80000 manat, likvid qiyməti 70000 manat təşkil edir. Xidmət haqqı ümumilidə 350 manat qeyd edilmişdir. İş materiallarında olan xəbərdarlıq məktublarının surətlərindən görünür ki, borclulara yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin xx.xx.2023-cü il tarixədək qüvvədə olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin xx.xx.2023-cü il tarixədək qüvvədə olan 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə ilk iddia ilə bağlı qeyd edir ki, Cavabdeh1 ilə İddiaçı QSC arasında xx.xx.2019-cu il tarixdə bağlanmış uzunmüddətli kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 28% olmaqla 120 ay müddətinə, xx.xx.2029-cu il tarixədək 250000 manat məbləğində kredit xətti açılmış, tərəflər arasında xx.xx.2019-cu il tarixdə bağlanmış krеdit razılaşması əsasında borcalan 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 35000 manat məbləğində krеdit verilməsi nəzərdə tutulmuş, tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli və xx.xx.2022-ci il tarixli sazişlərlə restrukturizasiya məbləği və faiz məbləği razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. İddiaçı kredit razılaşması üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, kredit məbləğini cavabdehə vermiş, cavabdeh isə kredit razılaşması üzrə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəllərini pozmuşdur. Qeyd edilənlərə əsasən cavabdehin xx.xx.2019-cu il tarixli krеdit razılaşması üzrə 10999 manat 95 qəpik krеdit borcu vardır. İddiaçı verdiyi kredit məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Mötəbərliyi şübhə doğurmayan məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2025-ci il tarixli 9/9632 nömrəli rəyinə əsasən kredit razılaşması üzrə xx.xx.2023-cü il tarixə faiz borcu üzrə 1006,25 manat məbləğində müəyyən olunduğundan, iddia tələbinin faiz borcuna dair qalan hissəsi təmin edilməməlidir. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, xx.xx.2019-cu il tarixli krеdit razılaşması üzrə cərimə azaldılaraq 400 manat müəyyən edilməlidir. Məhkəmə eyni zamanda digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, onlar uzunmüddətli kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən kredit məbləğini və həmin məbləğə hesablanmış faiz və cərimə borcunun ödənilməsi üçün məsuliyyət daşıyırlar. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit razılaşmaları üzrə iddiaçıya olan borcunu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh1 zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən Cavabdeh3 və Cavabdeh2 iddiaçı qarşısında onunla birlikdə məsuliyyət daşıyır. Zaminliyə xitam verilməsi üçün isə işdə hər hansı əsas yoxdur. Belə ki, zaminlər bankla uzunmüddətli kredit müqaviləsi çərçivəsində, məbləğ, faiz dərəcəsi və müddətlə bağlı razılaşmış və borclunun həmin uzunmüddətli kredit müqaviləsi üzrə götürəcəyi kreditlərin ödənilməsinə görə kredit alanla birlikdə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. Kredit razılaşması və ona əlavələr də həmin uzunmüddətli kredit müqaviləsi əsasında və həmin çərçivədə bağlanmışdır. Beləliklə, krеdit razılaşması üzrə 10999 manat 95 qəpik krеdit bоrcu, 1006 manat 25 qəpik faiz bоrcu və 400 manat cərimə borcu olmaqla ümumilikdə 12406 manat 20 qəpik məbləğində borc müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1 maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. İş materiallarında olan bildiriş məktubundan görünür ki, iddiaçı cavabdehə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan fərdi yaşayış evinə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, tələb üzrə tutma ünvan 1 ünvanında istifadədə olan 0.0105 ha torpaq sahəsində yerləşən Cavabdeh1 mülkiyyətində olan 82.9 m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməli, həmin fərdi yaşayış evi açıq hərracdan satılmalı, fərdi yaşayış evinin ilkin satış qiyməti 70000 manat həddində müəyyən edilməli, açıq hərrac keçirildikdən və əmlak satıldıqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği iddiaçıya ödənilməli, fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği cavabdеhlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməli, bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh1 qaytarılmalıdır. Həmçinin iddiaçı Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyəti ilə arasında bağlanmış xx.xx.2019-cu il tarixli 030R********** saylı kredit razılaşmasına edilmiş xx.xx.2020-ci il tarixli 030R**********9S saylı, xx.xx.2019-cu il tarixli 030R**********SA saylı və xx.xx.2022-ci il tarixli 030R**********SB saylı əlavələrin etibarsız hesab edilməsi, fors-major baş verdiyi xx.xx.2019-cu il tarixdən sonra hesablanmış (müqavilənin müddəti bitənədək və eləcə də bitdikdən sonra) bütün faizlərin və cərimələrin ləğv edilməsi, ödənilmiş pul məbləğlərinin xx.xx.2019-cu il tarixli 030R********** saylı razılaşması üzrə əsas borca və fors-majorun baş verdiyi xx.xx.2019-cu il tarixədək hesablanmış faizlərə aid edilərək silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarından göründüyü kimi, qarşılıqlı iddia üzrə iddiaçı iddia tələblərinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutlar təqdim etməmişlər. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Əqdi mübahisələndirən şəxsin iradə ifadəsini digər tərəfə bildirməsi baxımından qanunda hər hansı məcburi forma nəzərdə tutulmadığına görə, əqdin mübahisələndirilməsi bununla bağlı iradə ifadəsinin istənilən formada digər tərəfə bildirilməsi yolu ilə həyata keçirilə bilər. Mübahisə edilən əqdlər baxımından yalnız əlaqədar şəxsin (subyektin) onu mübahisləndirməsi hallarında etibarsızlığın nəticələri əmələ gəlir və Mülki Məcəlləyə görə əqdi mübahisələndirməyə hüququ olan şəxs bununla bağlı iradəsini digər tərəfə bildirdiyi anda həmin əqd mübahisələndirilmiş hesab olunur. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Qanunvericilikdə bütün əqdlər üçün tələb olunan etibarlılıq şərtləri ilə yanaşı, yalnız müəyyən növ əqdlər baxımından tələb olunan xüsusi etibarlılıq şərtləri də nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004cü il 12 aprel tarixli Qərar). Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında ifadə olunmuş hüquqi mövqelərə əsasən, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). Belə ki, tərəflər arasında bağlanmış uzunmüddətli kredit müqaviləsi, kredit razılaşması və kredit razılaşmalarına bağlanmış əlavələr qanunvericiliyin tələblərinə uyğun şəkildə, tərəflərin iradəsi əsasında bağlanıb və həmin əqdlərin etibarsız hesab edilməsini şərtləndirən hallar mövcud deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331-336-cı maddələrinə əsasən, müqavilənin etibarsız hesab edilməsi üçün müqavilənin məcburi qaydada bağlanması, aldatma, zor tətbiqi, hüquqi şəxsin və ya vətəndaşın iradə azadlığının pozulması, yaxud qanunla qadağan edilmiş məqsədlər üçün bağlanması kimi hallar olmalıdır. İş materiallarından və tərəflərin izahatlarından belə nəticəyə gəlinir ki, qarşılıqlı iddia üzrə iddiaçının irəli sürdüyü arqumentlər bu hallardan heç birinə əsaslanmır və müqavilənin etibarsızlığı üçün hüquqi əsas yaratmır. Nəticə etibarilə, iddianın təmin edilməməsi və müqavilənin qüvvədə saxlanması mülki dövriyyənin sabitliyi, müqavilə azadlığı və hüquqi münasibətlərin qorunması prinsiplərinə tam uyğun hesab olunur. Beləliklə, məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 4-cü və 6-cı maddələrində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından təmin edilməməlidir. Bu qənaətə gələrkən Məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi də özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; X2rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) ifadə etmişdir ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən norma sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Qanunvericiliyə əsasən iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 2007ci il 26 iyul tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probatio (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (Makhmudov v. Russia, № 35082/04, § 68, 26 iyul 2007-ci il). Qeyd edilən prinsip universal olaraq hazırkı iş üzrə araşdırma qaydasına tətbiq olunmalıdır. Bundan başqa tərəflər arasında bağlanmış uzunmüddətli kredit müqaviləsində və ya kredit razılaşmasında fors-major halları ilə bağlı müddəa nəzərdə tutulmamışdır. Qarşılıqlı iddiaçı əmlakının yanğın nəticəsində məhv olduğunu, bu halın bank tərəfindən fors-major halı kimi qiymətləndirilməli olması, ona güzəşt olunmasını qeyd etsə də cavabdehin əmlakında yanğının baş verməsi nəticəsində əmlakın məhv olması götürülmüş kreditin və ya faizlərin ödənilməməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 134 manat 73 qəpik dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən ipoteka predmeti olan əmlaka tutma yönəldilməsinə dair bildirişlərin qeydə alınması üçün ödənilmiş 15 manat rüsum və 36 manat xidmət haqqı ödəmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 127 manat 22 qəpik dövlət rüsumu, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş ipoteka predmeti olan əmlaka tutma yönəldilməsinə dair bildirişlərin qeydə alınması üçün ödənilmiş 15 manat rüsum və 36 manat xidmət haqqı da müştərək qaydada cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı 100 manat ekspertiza xərci Məhkəmə Ekspertiza Mərkəzinin, qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 350 manat ekspertiza xərci "xxxx" MMC-nin hesabına cavabdehlərdən müştərək qaydada tutularaq ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İlk iddia tələbi qismən təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 29 iyul 2019-cu il tarixli 030R********** saylı krеdit razılaşması üzrə 10999 manat 95 qəpik krеdit bоrcu, 1006 manat 25 qəpik faiz bоrcu və 400 manat cərimə borcu olmaqla ümumilikdə 12406 (on iki min dörd yüz altı) manat 20 (iyirmi) qəpik borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 127 (bir yüz iyirmi yeddi) manat 22 (iyirmi iki) qəpik dövlət rüsumu, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsinə dair bildirişlərin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat rüsum və 36 (otuz altı) manat xidmət haqqı müştərək qaydada cavabdеhlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Tələb üzrə tutma ünvan 1 ünvanında istifadədə olan 0.0105 ha torpaq sahəsində yerləşən Cavabdeh1 mülkiyyətində olan 82.9 m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilsin. Həmin fərdi yaşayış evi açıq hərracdan satılsın və fərdi yaşayış evinin ilkin satış qiyməti 70000 (yetmiş min) manat həddində müəyyən edilsin. Açıq hərrac keçirildikdən və əmlak satıldıqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği cavabdеhlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh1 qaytarılsın. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı 100 (bir yüz) manat ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X1, kodu:210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN:**********, hesab AZ34CTRE********************) ödənilsin. İş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 350 (üç yüz əlli) manat ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına (M/h:AZ03NABZ013501**********2944, "xxxx" ASC-nin Abşeron filialı, Kod:805539, VÖEN: **********, S.W.İ.F.T.BİC:İBAZAZ2X, H/h: AZ52İBAZ********************) ödənilsin. İlk iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar