Məhkəmə qərarları › İş №e-2-2(115)-782/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-782/2023

16.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-782/2023 16.10.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh3 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 və Cavabdeh2 3480,6 manat əsas borc və 800,72 manat faiz borcu olmaqla, cəmi 4281,32 manat məbləğində borcun, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 120 manat xidmət haqqı olmaqla, cəmi 135 manat xərcin və 65 manat mediasiya xərcinin, əlavə olaraq məhkəməyə ödənilmiş 3,30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətində olan Bərdə şəhəri, X4 küçəsi 58 A ünvanında yerləşən, ümumi sahəsi 0.006 ha torpaq sahəsi (ümumi sahə 50.7 kv.m) və həmin torpaq sahəsində yerləşən qeyri yaşayış binasına yönəldilməsi, ipoteka predmetlərin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti hərracda satıldıqda Cavabdeh1 Bərdə şəhəri, X4 küçəsi 58 A ünvanında yerləşən, ümumi sahəsi 0.006 ha torpaq sahəsindən və üzərində yerləşən qeyri yaşayış binasından çıxarılması və həmin əmlakın boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh3 arasında bağlanmış 07 may 2021 il tariхli, 900875-140127/2 nömrəli müqaviləyə əsasən borcluya 18 ay müddətinə, illik 20% dərəcəsi ilə 14000 manat məbləğində krеdit verilmişdir. Еyni zamanda, bank və digər Cavabdeh2 arasında 07 may 2021 il tariхli 900875-140127/2 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan Bərdə şəhəri, X4 küçəsi 58 A ünvanında yerləşən, ümumi sahəsi 0.006 ha torpaq sahəsi, 50.7 kv.m və həmin torpaq sahəsində yerləşən qeyri yaşayış binası 29 aprel 2021-ci il tariхli GA. 140127.1 nömrəli ipotеka müqaviləsinə əsasən banka ipotеka qoyulmuşdur. Borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bununla əlaqədar dəfələrlə yazılı formada xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh bundan heç bir nəticə çıxarmamışdır. Daha sonra iddiaçı ərizə verərək Cavabdeh3 və Cavabdeh2 07 may 2021-ci il tarixli kredit müqaviləsi üzrə 3480,6 manat əsas borc və 800,72 manat faiz borcu olmaqla, cəmi 4281,32 manat məbləğində borcun, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 120 manat xidmət haqqı olmaqla, cəmi 135 manat xərcin və 65 manat mediasiya xərcinin, əlavə olaraq məhkəməyə ödənilmiş 3,30 manat məbləğində dövlət rüsumunun və “Məhkəmə Ekspertiza Xidmətləri MMC-yə ödənilmiş 250 manat ekspertiza xərcinin tutularaq iddiaçıya ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətində olan Bərdə şəhəri, X4 küçəsi 58 A ünvanında yerləşən, ümumi sahəsi 0.006 ha torpaq sahəsi (ümumi sahə 50.7 kv.m) və həmin torpaq sahəsində yerləşən qeyri yaşayış binasına yönəldilməsi, ipoteka predmetlərin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsini xahuiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilən məzmunda izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahatında göstərdi ki, kredit müqaviləsi bağlayaraq sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün kredit götürmüşdür. İşləri ilə əlaqədar yaranan çətinliklərə görə borcunu vaxtında ödəyə bilməmişdir. İddia ərizəsindəki borc məbləği ilə razıdır və tez bir zamanda borcunu ödəyəcəkdir. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Cavabdeh3 ilə İddiaçı ASC arasında bağlanmış 29 aprel 2021-ci il tarixli GA.140127.1 nömrəli kredit limitinin ayrılması haqqında baş sazişdən görünür ki, Bank Borcalana 84 ay müddətinə illik 30 faiz dərəcəsi ilə 120000 manat kredit limiti ayırmışdır. İş materiallarında olan Cavabdeh3 ilə İddiaçı ASC arasında bağlanan 07 may 2021-ci il tarixli 900875-140127/2 saylı kredit müqaviləsinə əsasən ona 18 ay müddətinə illik faiz dərəcəsi 20% olmaqla 14000 manat məbləğində krеdit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 29 aprel 2021-ci il tarixli GA.140127.1 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 29 aprel 2021-ci il tarixli GA.140127.1 saylı ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə kreditor qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh1 mülkiyyətində olan Bərdə şəhəri, X4 küçəsi 58A ünvanında yerləşən 0.006 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binasını banka ipotekaya qoymuşdur. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən sonrakı ipoteka predmetinin satış (likvid) qiyməti 29991 manat müəyyən edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bərdə şəhəri, X4 küçəsi 58A ünvanında yerləşən 0.006 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş MA seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bərdə şəhəri, X4 küçəsi 58A ünvanında yerləşən 0.006 ha torpaq sahəsində olan qeyri-yaşayış binası tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsusdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 900/900*0251/2022 saylı bildirişin surətindən görünür ki, borclulara yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 07 may 2021-ci il tarixli kredit müqaviləsi üzrə 07 aprel 2023-cü il tarixinə banka 3480,6 manat əsas, 800,72 manat faiz bоrcu olmaqla, ümumilikdə 4281,32 manat bоrcu vardır. İş materiallarında olan "xxxx" MMC-nin 01 sentyabr 2023-cü il tarixli 02-124/23 saylı rəyindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Bərdə şəhəri, X4 küçəsi 58A ünvanında yerləşən 0.006 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının bazar dəyəri 50000 manat, likvid dəyəri 42000 manat təşkil edir, xidmət haqqı 300 manat qeyd edilmişdir. İş materiallarında olan 22 sentyabr 2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən 250 manat "xxxx" MMC-nin hesabına bank vasitəsilə köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin borc vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına borc vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, Cavabdeh3 ilə İddiaçı ASC arasında bağlanmış 29 aprel 2021-ci il tarixli baş sazişlə Borcalana 84 ay müddətinə illik 30% dərəcəsi olmaqla 120000 manat kredit limiti ayırmışdır. Tərəflər arasında bağlanan 07 may 2021-ci il tarixli kredit müqaviləsinə əsasən ona 18 ay müddətinə illik faiz dərəcəsi 20% olmaqla 14000 manat məbləğində krеdit verilməsi nəzərdə tutulmuşdur. Kredit limiti müqaviləsinin təminatı olaraq Bankla Cavabdeh2 arasında zaminlik, Cavabdeh1 arasında ipoteka müqavilələri bağlanmışdır. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etmiş, kredit məbləğini borcluya vermiş, borclu isə kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh3 iddiaçıya 3480 manat 60 qəpik əsas borcu, 800 manat 72 qəpik faiz borcu vardır. İddiaçı verdiyi kredit məbləğini və ona hesablanmış faziləri cavabdehdən tələb etməkdə haqlıdır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Məhkəmə eyni zamanda digər Cavabdeh2 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, o, kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən kredit məbləğinin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh3 kredit müqaviləsi üzrə iddiaçıya olan borcunu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh3 zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən Cavabdeh2 birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. Odur ki, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə 3480 manat 60 qəpik əsas borcu, 800 manat 72 qəpik faiz borcu olmaqla, cəmi 4281 manat 32 qəpik borc cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1 maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. İş materiallarında olan bildiriş məktublarından görünür ki, iddiaçı cavabdehlərə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan fərdi yaşayış evinə və qeyri-yaşayış binalarına yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, tələb üzrə tutma Cavabdeh1 mülkiyyətində olan Bərdə şəhəri, X4 küçəsi 58A ünvanında yerləşən 0.006 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına yönəldilməli, həmin qeyri-yaşayış binası açıq hərracdan satılmalı, qeyri-yaşayış binasının ilkin satış qiyməti 42000 manat həddində müəyyən edilməli, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği iddiaçıya ödənilməli, əmlakın satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli, bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh1 qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan Gəncə şəhəri 1 saylı Mediasiya Təşkilatı tərəfindən cavabdehlərin ilkin mediasiya sessiyasında iştirak etmədikləri, iddiaçının nümayəndəsinin ilkin mediasiya sessiyasında iştirak etməsi və onun tərəfindən 65 manat məbləğində mediasiyaya dair ödəniş edildiyi barədə arayış verilmişdir. İş materiallarında olan qəbzlərdən görünür ki iddiaçı ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 15 manat dövlət rüsumu, 120 manat xidmət haqqı, məhkəmədə iddia qaldırılması üçün 3 manat 30 qəpik dövlət rüsumu, iş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 250 manat xidmət haqqını ödəmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 65 manat mediasiya xərci, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu, 120 manat xidmət haqqı, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 3 manat 30 qəpik dövlət rüsumu, iş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı ödənilmiş 250 manat xidmət haqqı cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 300 manat xidmət haqqının 250 manatı iddiaçı tərəfindən ödənilmiş, 50 manatı ödənilməmişdir. Ona görə də 50 manat ekspertiza xərci cavabdehlərdən müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı mediasiyaya dair xərci ödədiyindən dövlət rüsumu tam olaraq ödəməkdən azad edilmiş, ona görə də iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilməyən 59 manat 51 qəpik dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 07 may 2021-ci il tarixli 900875-140127/2 saylı kredit müqaviləsi üzrə 3480 manat 60 qəpik əsas borcu, 800 manat 72 qəpik faiz borcu olmaqla, cəmi 4281 (dörd min iki yüz səksən bir) manat 32 (otuz iki) qəpik kredit borcu, 65 (altmış beş) manat ödənilmiş mediasiya xərci, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumu və 120 (bir yüz iyirmi) manat xidmət haqqı, 3 (üç) manat 30 (otuz) qəpik dövlət rüsumu, 250 (iki yüz əlli) manat ekspertiza xərci müştərək qaydada cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tələb üzrə tutma Cavabdeh1 mülkiyyətində olan Bərdə şəhəri, X4 küçəsi 58A ünvanında yerləşən 0.006 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən qeyriyaşayış binasına yönəldilsin. Həmin qeyri-yaşayış binası açıq hərracdan satılsın, qeyri-yaşayış binasının ilkin satış qiyməti 42000 (qırx iki min) manat həddində müəyyən edilsin. Açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Mənzilin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği müştərək qaydada cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh1 qaytarılsın. İş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 50 (əlli) manat ekspertiza xərci Cavabdeh3 və Cavabdeh2 tutularaq "xxxx" MMC-nin hesabına ("xxxx" ASC-nin Qara Qarayev filialı, kod: 200145, VÖEN: **********, SWİFT kod:AİİBAZ2X, M/h: AZ37NABZ********************, VÖEN: **********, hesab: AZ90AİİB********************) ödənilsin. Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 59 (əlli doqquz) manat 51 (əlli bir) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar