Məhkəmə qərarları › İş №e-2-2(115)-783/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-783/2023

20.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-783/2023 20.10.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə xx.xx.2014-cü il tarixli 456-14B saylı kredit müqaviləsinə əsasən 9799,78 manat əsas borc, 1632.88 manat faiz borcu, 6643 manat dəbbə pulu olmaqla, cəmi 18075,66 manat borcun və ödənilmiş 210 manat mediasiya xərcinin tutulması, tələbin Cavabdeh məxsus olan Bərdə rayonu, Hacallı kəndində yerləşən 0.34 ha torpaq sahəsində yerləşən, 95.6 kv.m yaşayış, 65.4 kv.m köməkçi sahədən ibarət olmaqla ümumilikdə 161 kv.m, 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin dəyərinin 18000 manat qiymətlə hərraca çıxarılması, açıq hərracda satılmaqla borcun ödənilməsinə yönldilməsi, Cavabdeh fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməklə evdən çıxarılması və fərdi yaşayış evinin məcburi boşaldılaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə əvvəlki "xxxx" ASC (indiki İddiaçı BOKT ASC) arasında xx.xx.2014-cü il tarixli 456-14B saylı kredit müqaviləsi imzalanmışdır. Kredit müqaviləsi üzrə 36 ay müddətinə, 6 faizlə, 18 ay güzəşt müddəti olmaqla 12000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi xx.xx.2014-cü il tarixli 456- 14B nömrəli sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh özünə məxsus olan Bərdə rayonu, Hacallı kəndində yerləşən 0.34 ha torpaq sahəsində yerləşən, 95.6 kv.m yaşayış, 65.4 kv.m köməkçi sahədən ibarət olmaqla ümumilikdə 161 kv.m, 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinə əsasən Cavabdeh 9799,78 manat əsas borc, 1632.88 manat faiz borcu, 6643 manat dəbbə pulu olmaqla, cəmi 18075,66 manat borcu vardır. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq borcunu ödəməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya və cavabdehə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdeh isə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 10 oktyabr 2014cü tarixli 456-14B saylı kredit müqaviləsindən görünür ki, Borcalana 18 ay güzəşt müddəti olmaqla 36 ay müddətinə 6% dərəcəsi ilə heyvandarlığın inkişafı üçün 12000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 10 oktyabr 2014-cü tarixli 456-14B saylı sonrakı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə mülkiyyətində olan Bərdə rayonu, Hacallı kəndində yerləşən 0,34 ha torpaq sahəsində yerləşən, 95.6 kv.m yaşayış, 65.4 kv.m köməkçi sahədən ibarət olmaqla ümumilikdə 161 kv.m, 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evini ipoteka ilə yüklü etdirmişdir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən tərəflərin qarşılıqlı razılığı ilə ipoteka predmetinin dəyəri 18000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarından görünür ki, Bərdə rayonu, Hacallı kəndində yerləşən fərdi yaşayış evinə Cavabdeh mülkiyyət hüququ qeydiyyata alınmış, həmçinin fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan xəbərdarlıq məktublarının surətlərindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə 9799,78 manat əsas, 1632,88 manat faiz, 6643 manat cərimə borcu olmaqla, ümumilikdə 18075,66 manat bоrcu vardır. İş materiallarında olan "xxxx" MMC-nin 21 avqust 2023-cü il tarixli 02-125/23 nömrəli rəyindən görünür ki, Cavabdeh mülkiyyətində olan Bərdə rayonu, Hacallı kəndində yerləşən 0,34 ha torpaq sahəsində yerləşən, 95.6 kv.m yaşayış, 65.4 kv.m köməkçi sahədən ibarət olmaqla ümumilikdə 161 kv.m, 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin bazar dəyəri 25000 manat, likvid dəyəri 20000 manat təşkil edir. Tədqiqatın dəyəri 300 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin borc vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına borc vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 10 oktyabr 2014cü tarixli kredit müqaviləsinə əsasən ona 18 ay güzəşt müddəti olmaqla 36 ay müddətinə 6% dərəcəsi ilə heyvandarlığın inkişafı üçün 12000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. Kredit müqaviləsinin təminatı kimi Cavabdeh mülkiyyətində olan Bərdə rayonu, Hacallı kəndində yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İddiaçı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, cavabdeh isə kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçıya 9799 manat 78 qəpik əsas kredit borcu, 1632 manat 88 qəpik faiz borcu vardır. İddiaçı da əsas borc məbləğini və hesablanmış faiz borcunu cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 6643 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, cəriməl azaldılaraq 200 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1 maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. İş materiallarında olan bildiriş məktubundan görünür ki, iddiaçı cavabdehə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan fərdi yaşayış evinə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, tələb üzrə tutma Cavabdeh mülkiyyətində olan Bərdə rayonu, Hacallı kəndində yerləşən 0,34 ha torpaq sahəsində yerləşən, 95.6 kv.m yaşayış, 65.4 kv.m köməkçi sahədən ibarət olmaqla ümumilikdə 161 kv.m, 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinə yönəldilməli, həmin fərdi yaşayış evi açıq hərracdan satılmalı, fərdi yaşayış evinin ilkin satış qiyməti 20000 manat həddində müəyyən edilməli, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği iddiaçıya ödənilməli, bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh qaytarılmalı, açıq hərrac keçirildikdən 1 ay sonra Cavabdeh fərdi yaşayış evindən çıxarılmalı və fərdi yaşayış evi boşaldılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan Gəncə 2 saylı Mediasiya təşkilatı tərəfindən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmiş, iddiaçının nümayəndəsi tərəfindən 210 manat məbləğində mediasiya xərci ödənildiyi qeyd edilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 210 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı mediasiyaya dair xərci ödədiyindən dövlət rüsumu ödəməkdən azad edilmiş, ona görə də iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 124 manat 90 qəpik dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 300 manat ekspertiza xərci cavabdehdən tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 10 oktyabr 2014-cü il tarixli 456-14B saylı kredit müqaviləsi üzrə yaranmış 9799 manat 78 qəpik kredit borcu, 1632 manat 88 qəpik faiz borcu, 200 manat cərimə borcu olmaqla cəmi 11632 (on bir min altı yüz otuz iki) manat 66 (altmış altı) qəpik pul vəsaiti, ödənilmiş 210 (iki yüz on) manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətin ödənilsin. Tələb üzrə tutma Cavabdeh məxsus olan Cavabdeh mülkiyyətində olan Bərdə rayonu, Hacallı kəndində yerləşən 0,34 ha torpaq sahəsində yerləşən, 95.6 kv.m yaşayış, 65.4 kv.m köməkçi sahədən ibarət olmaqla ümumilikdə 161 kv.m, 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinə yönəldilsin. Həmin fərdi yaşayış evi açıq hərracdan satılsın və fərdi yaşayış evinin ilkin satış qiyməti 20000 (iyirmi min) manat həddində müəyyən edilsin. Açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh qaytarılsın. Açıq hərrac keçirildikdən 1 ay sonra Cavabdeh fərdi yaşayış evindən çıxarılsın və fərdi yaşayış evi boşaldılsın. İş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 300 (üç yüz) manat ekspertiza xərci Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına ("xxxx" ASC-nin Qara Qarayev filialı, kod: 200145, VÖEN: **********, SWİFT kod:AİİBAZ2X, M/h: AZ37NABZ********************, VÖEN: **********, hesab: AZ90AİİB**********08********) ödənilsin. Cavabdeh 124 (yüz iyirmi dörd) manat 90 (doxsan dörd) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar