Məhkəmə qərarları › İş №e-2-2(115)-80/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-80/2023

22.02.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-80/2023 22.02.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh Abdullayev Ruslan İbrahim oğlunun iştirakları ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Abdullayev Ruslan İbrahim oğluna qarşı pul tələbinə dair kommersiya işinə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdeh Abdullayev Ruslan İbrahim oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Abdullayev Ruslan İbrahim oğlundan 7000 manat məbləğin, 100 manat mediasiya xərci məbləğinin ümumilikdə 7100 manat pul vəsaitinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sığortalı X1 razı olması və "xxxx" ASC tərəfindən ona BA539250 saylı xx.xx.2015-ci il tarixli sığorta şəhadətnaməsinin verilməsi yolu ilə icbari sığorta müqaviləsi bağlanılmışdır. Müqavilə şərtlərinə əsasən sığortalının sahibliyində olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka 13500 manat məbləğində yanğın və digər risklərdən sığorta təminatı verilmişdir. xx.xx.2016-cı il tarixdə ünvan 1 yerləşən X3 məxsus ticarət obyektində (sığorta predmetinin) yanğın hadisəsi baş vermişdir. Hadisə yerinə keçirilmiş baxışla, alınmış izahatlarla, ekspertiza rəyləri ilə və digər sənədlərlə müəyyən edilmişdir ki, Abdullayev Ruslan İbrahim oğlu icarə müqaviləsi əsasında istifadəsində olan Gəncə şəhəri, Nizami Gəncəvi prospektində yerləşən dönərxanada üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs kimi “Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi qaydalarəı”nın 1.4, 1.5-1.5.1, 1.5-15.3-cü bəndlərinin tələblərini pozaraq istifadəsində olan dönərxanada yanğın təhlükəsizliyini təmin etməmiş və elektrik qurğularının sazlığına nəzarət etməmişdir. Bu səbəbdən də xx.xx.2016-cı tarixdə, saat 03 radələrində dönərxananın elektrik naqillərində yaranmış elektrotexniki qəza halından yanğın baş vermiş, nəticədə dönərxana, qonşuluqda yerləşən “Eurolux” elektrik avadanlıqlarının satışı mağazası və qazet köşkü içərisindəki əşyalarla birlikdə tamamilə yanaraq yararsız hala düşmüş, qabqacaq satışı mağazası və içərisindəki bəzi əşyalar isə qismən yanğına məruz qalmışdır. Vurğulanır ki, hadisə nəticəsində sığorta predmetinə 7150 manat məbləğində zərər dəymişdir. BA539250 saylı sığorta müqaviləsinə (şəhadətnaməsinə) və aktı 1324/F/G/CFİ- 071/2016-2017 sayl sığorta aktına əsasən 150 manat azadolma məbləği çıxıldıqdan sonra 7000 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Sığortalı hesablanılmış zərər məbləği və sığorta ödənişi ilə razılaşdıqdan sonra sığorta aktını imzalamış və bununla da bütün iddia və tələblərini Qanuna əsasən "xxxx" ASC-yə sessiya etmişdir. İddiaçının nümayəndəsi X8 məhkəmə iclasında izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi. Eyni zamanda bildirdi ki, obyektin mülkiyyətçisi X3 7000 manat sığorta ödənişi edilmişdir. X7 ilə Abdullayev Ruslan İbrahim oğlu arasında icarə müqaviləsi olmuş və ona görədə hazırkı pul cavabdeh kimi Abdullayev Ruslan İbrahim oğlundan tələb edilir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh Abdullayev Ruslan İbrahim oğlu məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. Belə ki, həmin obyektdə işçi olmuşdur və sadəcə olaraq VÖEN onun adına açılmışdır. Həmin obyekti Rövşən adlı şəxs götürmüş sonra da Babək adlı şəxsə vermişdir. 2015-ci ilin noyabr ayından sonra orada işləməmişdir. Obyekt üzrə icarə müqaviləsi onun adına olmasına baxmayaraq, faktiki olaraq o həmin obyekti işlətməmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında şahid qismində ifadə verən X9 bildirmişdir ki, yanğın baş vermiş obyekt gecə saat 11-12 radələrində bağlanmışdır, yanğın isə saat 3- 4 radələrində baş vermişdir. Ona bu barədə məlumat verilmiş və o həmin əraziyə gəlmişdir. O, həmin gün gecə saat 10-11-ə kimi orada olmuşdur və obyekti işçi bağlayıb çıxmışdır. Həmin obyektdə olan elektrik cihazları və işıqlar söndürülmüşdür. O, icarədar olmuşdur və ayda həmin obyektə nəzarət edən Sahib adlı şəxsə 700 manat ödəmişdir. Abdullayev Ruslan İbrahim oğlu orada işçi olmuşdur, vergi ödənilməsi üçün VÖEN onun adına açılmışdır və hadisədən 7-8 ay əvvəl oradan çıxmışdır. İş materiallarında olan: xx.xx.2015-ci il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən-X7 mülkiyyətində olan ünvan 1 ilə T.Arani küçələrinin kəsişməsində yerləşən sahəsi 16.3 kv.m olan qeyriyaşayış sahəsini icarəçi Abdullayev Ruslan İbrahim oğlunun müvəqqəti istifadəsinə verməyi, icarəçi isə icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1.1-ci bəndinə əsasən icarəyə götürülmüş əmlakı istifadəyə yararlı vəziyyətdə icarəçiyə vermək icarəyə verənin vəzifəsidir. Həmin müqavilənin 2.2.1-ci bəndinə əsasən əmlakı saz vəziyyətdə saxlamaq, öz hesabına cari təmir etdirmək icarəçinin vəzifəsidir. Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən tərəflərin bu müqavilə ilə nəzərdə tutulmayan məsuliyyəti Azərbaycan Respublikasının mülki qanunvericiliyinin normalarına uyğun həll olunur. xx.xx.2015-ci il tarixli “daşınmaz əmlakın icbari tibbi sığortası şəhadətnamə”-dən görünür ki, "xxxx" ASC tərəfindən X3 BA539250 saylı sığorta şəhadətnaməsi verilmişdir. xx.xx.2016-cı il tarixli hadisə yerinə və zədələnmiş əmlaka baxış keçirilməsi barədə protokoldan görünür ki, ünvan 1 yerləşən obyektə baxış keçirilmişdir. Həmin protokola əlavədən görünür ki, xx.xx.2016-cı il tarixində ünvan 1ndə yerləşən “İstanbul” dönər evində yanğın hadisəsi baş vermişdir. Hadisə nəticəsində dönər evi tamamilə yanaraq sıradan çıxmışdır. Obyektə çöldən nəzər yetirdikdə obyektin eni 3.20, uzunluğu 9.20 metrdən ibarət olduğu müəyyən edilmişdir. xx.xx.2017-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda göstərilmişdir ki, hadisə yerinə keçirilmiş baxışla, alınmış izahatlarla və ekspert rəyləri ilə və digər sənədlərlə müəyyən edilmişdir ki, Abdullayev Ruslan İbrahim oğlu icarə müqaviləsi əsasında istifadəsində olan Gəncə şəhəri, Nizami Gəncəvi prospektində yerləşən dönərxanada üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs kimi “Ticarət və ictimai iaşə müəəsisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi qaydaları”nin 1.4, 1.5-1.5.1, 1.5-15.3-cü bəndlərinin tələblərini pozaraq istifadəsində olan dönərxanada yanğın təhlükəsizliyini təmin etməmiş və elektrik qurğularının sazlığına nəzarət etməmişdir. Həmin qərar ilə 17 oktyabr 2016-cı il tarixdə Gəncə şəhəri, Nizami Gəncəvi prospektində yerləşən X3 məxsus Abdullayev Ruslan İbrahim oğlunun icarəyə götürdüyü dönərxanada, X4 icarəyə götürdüyü “Eurolux” mağazasında, X5 icarəyə götürdüyü qabqacaq mağazasında və "xxxx" ASC 1 saylı Regional “Mətbuatyayımı İdarəsi” nə məxsus, X6 icarəyə götürdüyü 23 saylı köşkdə baş vermiş yanğın hadisəsi ilə əlaqədar Abdullayev Ruslan İbrahim oğlunun əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2017-ci il tarixli “dəymiş zərərin hesabatı” sənədindən görünür ki, dəymiş zərər 7150 manat müəyyən edilmişdir. xx.xx.2017-ci il tarixli 1324/F/G/CFİ-071/2016-2017 sayl sığorta aktına əsasən 150 manat azadolma məbləği çıxıldıqdan sonra 7000 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddiaçı tərəfin vəsatətinə əsasən Fövqəladə Hallar Nazirliyinin Əməliyyat və istintaq idarəsindən toplanılmış iş materialları əldə edilmişdir. Həmin materiallarda olan: Fövqəladə Hallar Nazirliyinin DYMX Yanğınların Tədqiqatı və Sınaq Laboratoriyasının xx.xx.2016-cı il tarixli, 534 nömrəli elektrotexniki əşyaların yanğından sonrakı qalıqlarının tədqiqatı protokoluna əsasən təqdim olunmuş elektrotexniki əşyaların yanğından sonrakı qalıqları üzərində elektrotexniki qəza hallarından olan “qısa qapanma” izlərinə oxşar izlər aşkar edilmişdir. "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixli, 26671 nömrəli rəyində qeyd edilmişdir ki, hadisənin ilkin şahidləri kimi yanğının mənbəyi dönərxananın dönər satılan sahəsində olmuşdur. Yanğın dönərxananın dönər satılan sahəsində olan yəni, həmin sahə ilə çəkilib aparılmış) elektrik naqillərində yaranmış qəza(qısa qapanma) halından baş verməsi üçün xarakterikdir. Baş vermiş yanğın hadisəsi ilə əlaqədar “Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi qaydaları”nın 1.4, 1.5-1.5.1, 1.5- 1.5.3-cü bəndlərinin tələbləri pozulmuşdur. Həmin tələblər dönərxananın icarəçisi tərəfindən pozulmuşdur. "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixli, 1720 nömrəli rəyində qeyd edilmişdir ki, Gəncə şəhəri, Nizami Gəncəvi prospektində yerləşən dönər evi kimi istifadədə olan qeyriyaşayış sahəsində baş vermiş yanğın nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa və yenidənqurma işlərinin dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 10175 manat olduğu müəyyən edilmişdir. İşin hallarından göründüyü kimi yanğının səbəblərini və fəsadlarını araşdıran və müəyyən edən orqanının gəldiyi nəticəyə və ekspert rəyinə görə yanğın hadisəsi qısaqapanma nəticəsində baş vermişdir. Məhkəmə qeyd edir ki, zərərin ödənilməsi ilə bağlı tələbdə təqsirin mövcud olması olduqca mühüm şərtdir. Ona görə ki, zərər öz qanunazidd davranışı ilə onun yaranmasına səbəb olmuş şəxsə, yaxud şəxslərə aid edilir. Yəni, ilk növbədə qanunsuz fəaliyyət və bu fəaliyyətlə zərərin yaranması arasında səbəbli əlaqə mövcud olmalıdır. Çünki zərərin yaranmasının əsasında bir şəxsin başqasının mülkiyyət hüquqlarının pozulmasına yönələn təqsirli əməli (hərəkəti və ya hərəkətsizliyi) dayandığı halda, o şəxsin məsuliyyəti yaranır və həmin şəxs zərərin əvəzini ödəmək öhdəliyini daşıyır. Əgər yanğın hadisəsi cavabdehin nəyi isə etməməsi səbəbindən baş vermişdirsə, onun nəyi etməli olması və bunu etməməsi aşkar şəkildə görünməlidir. Hərəkətsizlik etmiş şəxsin hərəkət etməyə sövq edən xüsusi əsaslar bəlli olmalıdır. Yalnız bu halda hərəkətsizlik hüquq pozuntusunun səbəbi kimi qəbul edilə bilər. Qısaqapanma hadisəsinin baş verməməsinin qarşısının alınması və əmlakı bu kimi hadisədən qorumaq üçün istifadəçinin hansı ehtiyat tədbirlər görməli olduğu halda onları görməməsi məsuliyyətin yaranmasının kökündə dayanan məsələdir. Hazırkı iş üzrə Abdullayev Ruslan İbrahim oğlu yanğının səbəblərini və fəsadlarını araşdıran və müəyyən edən orqan tərəfindən ona görə təqsirli hesab edilmişdir ki, yanğın hadisəsi baş verən vaxt obyekt onun icarəsində olmuş, həmçinin o, “Ticarət və ictimai iaşə müəəsisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi qaydaları”nin 1.4, 1.5-1.5.1, 1.5-15.3-cü bəndlərinin tələblərini pozaraq istifadəsində olan dönərxanada yanğın təhlükəsizliyini təmin etməmiş və elektrik qurğularının sazlığına nəzarət etməmişdir. Məhkəmə hesab edir ki, yanğın hadisəsi baş verən vaxt obyektə dair icarə müqaviləsinin olması təqsirinin yaranması üçün yetərli deyildir. Belə ki, yuxarıda qeyd olunan icarə müqaviləsinin şərtlərinə əsasən icarəyə götürülmüş əmlakı yararlı vəziyyətdə icarəçiyə vermək icarəyə verənin, əmlakı saz vəziyyətdə saxlama və onu öz hesabına cari təmir etdirmək isə icarəçinin vəzifəsi olaraq müəyyən edilmişdir. Müqavilənin şərtlərindən görünür ki, icarəyə verən əmlakı yararlı vəziyyətdə icarəyə verilməlidir. Əmlakı bundan sonra saz vəziyyətdə saxlamaq və onu öz hesabına cari təmir etdirmək icarəyə götürənin öhdəsinə düşür. Yəni əmlak yararlı vəziyyətdə təhvil verilməlidir ki, onu qəbul edən şəxs də bu yararlı vəziyyəti qorumalıdır. Əgər, əmlak icarəyə verilənə qədər yararsız vəziyyətdə olmuşdursa və belə vəziyyətdə icarəyə verilmişdirsə icarəçi onu bərpa etmək vəzifəsini daşımır. Sübut hüququnun prinsiplərinə görə iş üzrə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanunvericiliyə əsasən öz üzərinə düşən vəzifədən irəli gələrək iddiaçı iddia tələbini əsaslandıran bütün faktiki hallar barədə sübutları məhkəməyə təqdim etməyə borcludur. Əmlakın icarəyə verilməsi zamanı onun yararlı olmasını təsdiq edən sübut təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, “Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi qaydaları”nın 1.2-ci bəndinə əsasən qüvvədə olan qanunvericiliyə müvafiq olaraq ticarət, ictimai iaşə müəssisələrinin, baza və anbarların yanğın təhlükəsizliyinin təmin edilməsinə görə məsuliyyəti bu obyektlərin rəhbərləri, inzibati heyəti və ya sahibkarlar (sonradan rəhbərləri) daşıyırlar. Həmin qaydaların 1.3-cü bəndinə əsasən ticarət ictimai iaşə müəssisələrinin, bazaların və anbarların rəhbərləri borcludurlar: 1.3.9. Yanğından müdafiə sistemlərini (yanğına qarşı su kəmərlərinin xəbərverici siqnalizasiya qurğularının, avtomatik yanğın söndürmənin və s.) daima saz vəziyyətdə saxlanmasını təmin etmək. Bu sistemlər nasaz olduqda və ya sıradan çıxdıqda onların işlək vəziyyətə gətirilməsi üçün tədbirlər görmək. 1.3.12. Yanğına qarşı təlimat keçməyən şəxsləri işə buraxmamağa. Həmin qaydaların 1.4-cü bəndinə əsasən şöbələrin, bölmələrin, sexlərin, emalatxanaların, ticarət köşklərinin, çadırların, pavilyonların, bufetlərin, qəlyanaltıların ayrıca anbarların və sair binaların yanğın təhlükəsizliyinə cavabdehliyi onların sahibləri, icarəçiləri və ya ticarət, ictimai iaşə müəssisəsi, baza və anbarların rəhbərliyinin əmri ilə xüsusi olaraq təyin edilmiş vəzifəli şəxslər daşıyır. Mövcud qaydalardan göründüyü kimi binaların yanğın təhlükəsizliyinin təmin edilməsinə görə məsuliyyəti bu obyektlərin rəhbərləri, inzibati heyəti və ya sahibkarlar daşıyırlar. Binaların yanğın təhlükəsizliyinə cavabdehliyi onların sahibləri, icarəçiləri və ya ticarət, ictimai iaşə müəssisəsi, baza və anbarların rəhbərliyinin əmri ilə xüsusi olaraq təyin edilmiş vəzifəli şəxslər daşıyır. Məhkəmə qeyd edir ki, məsuliyyət daşımaq və yaxud cavabdehlik daşımaq oxşar anlayışlar olsa da onların fərqli cəhətləri də mövcuddur. Belə ki, məsuliyyət təqsirə görə yaranır və təqsir olmadığı halda məsuliyyət də olmur. Cavabdehlik isə hadisə baş verənə qədər də davamlı şəkildə mövcud olur. Cavabdeh olub-olmamasından asılı olmayaraq məsuliyyəti birbaşa olaraq təqsiri olan şəxs daşımalıdır. Cavabdeh kimi müəyyən olunmuş şəxsin məsuliyyətinin yaranması üçün isə, onun təqsirli olması mütləqdir Tərəflərin məsuliyyət məsələsi yuxarıda qeyd olunan icarə müqaviləsinin 4-cü bəndində nəzərdə tutulmuşdur. Həmin müqavilənin 4.1-ci bəndində göstərilir ki, tərəflərin bu müqavilə ilə nəzərdə tutulmayan məsuliyyəti Azərbaycan Respublikasının mülki qanunvericiliyinin normalarına uyğun həll olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 676.0-cı maddəsinə əsasən bütün kirayə müddəti ərzində kirayəyə verən aşağıdakılar üçün məsuliyyət daşıyır: 676.0.1. kirayəyə verilən əşya kirayəçinin istifadəsi üçün yararlı vəziyyətdə olmalıdır; 676.0.4. yaşayış otağı və ya adamların olması üçün nəzərdə tutulan digər otaq həmişə elə vəziyyətdə olmalıdır ki, ondan istifadə istifadəçilərin həyatına və sağlamlığına vicdanlı kirayəyə verən üçün aşkar təhlükələr törənməsi ilə bağlı olmasın. İşin belə bir halı da mövcuddur ki, yanğın hadisəsi baş verən vaxt, hətta ondan əvvəlki aylarda icarə müqaviləsi üzrə öhdəliklər icarəçi tərəfindən deyil, üçüncü şəxs tərəfindən icra edilmişdir. İcarəyə verən də həmin icranı tanımış və qəbul etmişdir. Bu da qanunla yol verilən sayılır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunun 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən cavabdehin zərərin əvəzinin ödənilməsi ilə bağlı məsuliyyəti istisna olunur. Odur ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə iddia müddətinin tətbiqi ilə bağlı onu qeyd edir ki, hazırkı iş üzrə cavabdeh Abdullayev Ruslan İbrahim oğlu sığorta müqaviləsi üzrə tərəf deyildir. Sığorta şirkəti ilə onun arasında müqavilə münasibəti olmamışdır. Sığorta şirkəti ondan vurulmuş ziyanın ödənilməsini tələb edir ki, bu da ümumi iddia müddətinə aid məsələdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Yanğın hadisəsi 2016-cı ildə baş vermişdir, ona görə də on illik ümumi iddia müddəti ötürülməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 700.1-ci maddəsinə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İdda tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər. Sədrlik edən : Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar