Məhkəmə qərarları › İş №e-2-2(115)-804/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-804/2024

06.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-804/2024 06.05.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızı, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında, sadələşdirilmiş məhkəmə icraatı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 364943-CNS-42906 saylı kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə banka borclu olduğu 5753,06 manat əsas borc, 738,98 manat faiz borcu, 431,52 manat cərimə borcu olmaqla, ümumilikdə 6923,56 manat pul məbləğinin, xx.xx.2023-cü il tarixli 364943-CNS-44360 saylı kredit müqaviləsinə əsasən xx.xx.2024 cü il tarixə banka borclu olduğu 2503,14 manat əsas borc, 278,41 manat faiz borcu, 142,86 manat cərimə borcu olmaqla, ümumilikdə isə 2924,41 manat pulun və 118,48 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 22 fevral 2023-cü il tarixli 364943-CNS-44360 saylı kredit müqaviləsinə əsasən borcalana dövriyyə vəsaitlərinin artırılması məqsədi üçün illik 23% hesablanması şərti ilə 24 ay müddətinə 6940,66 manat məbləğində kredit verilərək kart hesabına köçürülmüşdür. Həmçinin bank ilə borcalan arasında bağlanmış 13 aprel 2021-ci il tarixli 364943-CNS-44360 saylı kredit müqaviləsinə əsasən ona dövriyyə vəsaitlərinin artırılması məqsədi üçün illik 22% hesablanması şərti ilə 12 ay müddətinə 2902 manat məbləğində kredit verilərək kart hesabına köçürülmüşdür. Lakin borclu xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2023-cü il tarixdən icra etməmiş və nəticədə cavabdehin banka 5753,06 manat əsas borc, 738,98 manat faiz borcu, 431,52 manat cərimə borcu olmaqla, ümumilikdə 6923,56 manat borcu və xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2023-cü il tarixdən icra etməmiş və nəticədə cavabdehin banka 2503,14 manat əsas borc, 278,41 manat faiz borcu, 142,86 manat cərimə borcu olmaqla, ümumilikdə isə 2924,41 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh 05 aprel 2024-ci il tarixli e-2-2(115)-804/2024 nömrəli bildiriş göndərilərək, məhkəmə bildirişinin rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin cavabdeh tərəfindən etiraz və mülahizə məhkəməyə daxil olmamışdır. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 13 aprel 2023-cü il tarixli 364943-CNS-44360 saylı kredit müqaviləsindən görünür ki, ona dövriyyə vəsaitlərinin artırılması (mal-material qiymətlərinin alınması, təchizatçılar və podratçılarla hesablaşmaların aparılması təyinatı üzrə istifadə edilməsi) məqsədilə illik faiz dərəcəsi 22% olmaqla, 13 aprel 2025-ci il tarixədək 2902 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 22 fevral 2023-cü il tarixli 364943-CNS-42906 saylı kredit müqaviləsindən görünür ki, ona dövriyyə vəsaitlərinin artırılması (mal-material qiymətlərinin alınması, təchizatçılar və podratçılarla hesablaşmaların aparılması təyinatı üzrə istifadə edilməsi) məqsədilə illik faiz dərəcəsi 23% olmaqla, 22 fevral 2025-ci il tarixədək 6940,66 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan arayışda qeyd edilmişdir ki, Cavabdeh 13 aprel 2023-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə banka 2503,14 manat əsas borcu, 278,41 manat faiz borcu, 142,86 manat cərimə borcu olmaqla, cəmi 2924,41 manat borc yaranmışdır. İş materiallarında olan arayışda qeyd edilmişdir ki, Cavabdeh 22 fevral 2023-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə banka 5753,06 manat əsas borcu, 738,98 manat faiz borcu, 431,52 manat cərimə borcu olmaqla, cəmi 6923,56 manat borc yaranmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli pretenziya məktublarının surətlərindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin borc vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına borc vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında 13 aprel 2023-cü il tarixdə bağlanmış müqaviləyə əsasən ona dövriyyə vəsaitlərinin artırılması məqsədilə illik faiz dərəcəsi 22% olmaqla, 13 aprel 2025-ci il tarixədək 2902 manat, 22 fevral 2023-cü il tarixdə bağlanmış müqaviləyə əsasən dövriyyə vəsaitlərinin artırılması məqsədilə illik faiz dərəcəsi 23% olmaqla, 22 fevral 2025-ci il tarixədək 6940,66 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İddiaçı 13 aprel 2023-cü il və 22 fevral 2023-cü il tarixli kredit müqavilələri ilə üzərinə götürdüyü öhdəliyi icra etmiş, kredit məbləğlərini cavabdehə vermiş, cavabdeh isə kredit müqavilələri ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçıya 13 aprel 2023-cü il tarixli kredit müqaviləsi üzrə 2503,14 manat əsas borcu, 278,41 manat faiz borcu, 22 fevral 2023-cü il tarixli kredit müqaviləsi üzrə isə 5753,06 manat əsas borcu, 738,98 manat faiz borcu vardır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı hər iki kredit müqaviləsi üzrə verdiyi krediti, kreditə hesablanmış faizi cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 13 aprel 2023-cü il tarixli kredit müqaviləsi üzrə 142 manat 86 qəpik məbləğində, 22 fevral 2023cü il tarixli kredit müqaviləsi üzrə 431 manat 52 qəpik məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, cərimə azaldılaraq 13 aprel 2023-cü il tarixli kredit müqaviləsi üzrə 50 manat, 22 fevral 2023-cü il tarixli kredit müqaviləsi üzrə isə 100 manat məbləğində müəyyən edilməlidir. Odur ki, 13 aprel 2023-cü il kredit müqaviləsi üzrə yaranmış 2503 manat 14 qəpik əsas borc, 278 manat 41 qəpik faiz borcu, 50 manat cərimə borcu olmaqla, cəmi 2831 manat 55 qəpik məbləğində pul, 22 fevral 2023-cü il tarixli kredit müqaviləsi üzrə isə yaranmış 5753 manat 06 qəpik əsas borc, 738 manat 98 qəpik faiz borcu, 100 manat cərimə borcu olmaqla, cəmi 6592 manat 04 qəpik məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 118 manat 48 qəpik dövlət rüsumu ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 114 manat 24 qəpik dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 13 aprel 2023-cü il tarixli 364943-CNS-44360 saylı kredit müqaviləsi üzrə yaranmış 2503 manat 14 qəpik əsas borc, 278 manat 41 qəpik faiz borcu, 50 manat cərimə borcu olmaqla, cəmi 2831 (iki min səkkiz yüz otuz bir) manat 55 (əlli beş) qəpik məbləğində borc, 22 fevral 2023-cü il tarixli 364943-CNS-42906 saylı kredit müqaviləsi üzrə yaranmış 5753 manat 06 qəpik əsas borc, 738 manat 98 qəpik faiz borcu, 100 manat cərimə borcu olmaqla, cəmi 6592 (altı min beş yüz doxsan iki) manat 04 (dörd) qəpik məbləğində borc və ödənilmiş 114 (bir yüz on dörd) manat 24 (iyirmi dörd) qəpik dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar