Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-807/2021 16.08.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh2 nümayəndəsi və vəkili X2 iştirakları ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və "xxxx" ASC-dən İddiaçı ASC-nin xeyrinə 16 may 2013-cü il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 113147 manat 80 qəpik məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə 113147 manat 80 qəpik məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 16 may 2013-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 19 faizlə 36 ay müddətinə 600000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq “Gəncə-Tekstil “ ASC və Cavabdeh3 ilə 16 may 2013-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. 16 may 2013-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh2 banka gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 113147 manat 80 qəpik məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 113147 manat 80 qəpik borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. 16 may 2013-cü il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımnca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1ci maddəsinə görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər Cavabdeh2 iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə ərizə verərək bildirmişdir ki, iddia tələbində qeyd olunan kredit müqaviləsi 16.05.2013-cü il tarixdə tərəflər arasında imzalanmış və müqavilənin sonuncu icra müddəti kimi 36 ay müddət müəyyən edilmişdir. Tərəflər arasında kredit müqaviləsi 16.05.2013-cu il tarixdə bağlanılmış və müqavilə üzrə sonuncu ödəniş müddəti 36 ay yəni 16.05.2016-cı il müəyyən olunmuşdur. İddiaçı 16.05.2019-cu il tarixə qədər iddia tələb ilə məhkəməyə müraciət etməli idi. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2, "xxxx" ASC-nə və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, tərəflər arasında kredit müqaviləsi imzalanmış, kredit verilmişdir. Lakin, cavabdeh öhdəliyini yerinə yetirməmişdir. Bu gün əldə etdiyi məlumata görə kredit borcunun ödənilməsi ilə bağlı məhkəmə qətnaməsi çıxarılmış, lakin iş hazırda apelyasiya məhkəməsinin icraatındadır. İddia müddəti tətbiq edilməməlidir, bu müqavilədən gələn öhdəlik deyil, onların tələbləri qətnamədən irəli gəlir. Borcu 5% ilə tələb edirlər. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh2 nümayəndəsi və vəkili X4 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, ərizədə göstərilənlərin məzmununa uyğun izahat verərək bildirdi ki, kredit 2013-cü ildə götürülmüş, ödənişlər edilmişdir. İddiaçı onları məhkəməyə vermişdir. Sonra onları Ali Məhkəməyə şikayət vermişlər. Səhmlərin nominal dəyəri ilə bağlı iş hal-hazırda Bakı Apelyasiya Məhkəməsində araşdırılmaqdadır. Apellyasiya Məhkəməsində baxılan iş üzrə bank əldən çıxmış fayda və ya 5 faizlə ziyan tələb etmir. Məbləğlə bağlı hesablama düzgün aparılmamışdır. 600000 manat istehlak krediti olmuşdur. İddia müddətinin keçdiyini nəzərə alaraq, məhkəmədən iddia müddətini tətbiq edib iddianın rədd edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin və Cavabdeh3 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh2 nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, "xxxx" İKB ASC-nin Gəncə filialı ilə Cavabdeh2 arasında bağlanmış 16.05.2013-cü il tarixli 10-S-1-0-698-13 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" İKB ASC tərəfindən Cavabdeh2 36 ay müddətinə, illik 19 faiz ödəmək şərtilə 600000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş 16.05.2013-cü il tarixli 10-S-1-0-698-13 saylı zaminlik müqavilələrindən görünür ki, Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri Cavabdeh3 kredit müqaviləsi üzrə Cavabdeh2 "xxxx" İKB ASC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 07.06.2021-ci il tarixli olan maliyyə arayışından görünür ki, Cavabdeh2 16.05.2013-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC tərəfindən 36 ay müddətinə 19 illik faizlə 600000 manat məbləğində kredit verilmiş, Cavabdeh2 əldən çıxmış fayda olaraq 113147 manat 80 qəpik borcunun olduğu qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" İKB ASC-nin Gəncə filialı ilə Cavabdeh2 arasında bağlanmış 16.05.2013-cü il tarixli 10-S-1-0-698-13 saylı kredit müqaviləsindən görünür ki, müqavilənin müddəti 16.05.2016-cı il tarixdə başa çatmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Mülki Məcəllənin 373.2-ci maddsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Mülki Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İşin faktiki hallarından görünür ki, iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş 3 illik iddia müddətini üzürsüz səbəbdən ötürmüş, iddia müddəti 16.05.2019-cu il tarixdə başa çatdıqdan xeyli sonra iddia ərizəsi ilə 13.07.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə yazılı müraciət təqdim edildiyindən, hazırkı iş üzrə iddia müddəti keçdiyindən, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 09.07.2009-cu il tarixli qərarında qeyd edilir ki, Mülki Məcəllənin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsini digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Mülki Məcəllənin 445.5-ci maddəsinə əsasən, əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu gecikmə sayılmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Bu halda, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutlar təqdim etməmişdir. Öhdəliyin borclunun təqsiri nəticəsində vaxtında icra edilməməsi sübuta yetirilmədiyindən, hazırki iddia tələbinin təmin edilməsi üçün əsas yoxdur. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair iddiası təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-807/2021
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-807/2021
16.08.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver