Məhkəmə qərarları › İş №e-2-2(115)-812/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-812/2025

04.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-812/2025 04.06.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, müqavilədən imtina, iradə ifadəsinin üsulları, dəbbə pulu) Hakim Məmmədli Əbülfəz Namiq oğlunun sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra mətndə İddiaçı ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İ. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC cavabdehlər cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 31 Oktyabr 2023-cü il tarixli, RBSB-7156 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 22521,98 manat, faiz borcuna görə 1626,30 manat, dəbbə borcuna görə 0 manat, cəmi 24148,28 manat məbləğində pulun və 163 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçıASC-nin Səbail filialı ilə cavabdeh – Cavabdeh3 arasında bağlanmış 31 oktyabr 2023-cü il tarixli, RBSB-7156 saylı kredit müqaviləsinə əsasən illik 20 % (iyirmi) faiz dərəcəsi olmaqla 24 (iyirmi dörd) aymüddətinə 30000 (otuz min) manat məbləğində cavabdehə kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 17 Noyabr 2023-cü il tarixdə İddiaçı ASC-nin Səbail filialı ilə digər cavabdeh(lər) Cavabdeh2 və 31 oktyabr 2023-cü il tarixdə İddiaçı ASC-nin Səbail filialı ilə digər cavabdeh(lər) Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin 31 oktyabr 2023-cü il tarixli, RBSB- 7156 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. 31 Oktyabr 2023-cü il tarixli, RBSB-7156 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh3 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 31 oktyabr 2023-cü iltarixli, RBSB-7156 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hərayın 30-dan gec olmayaraq həray 1526,88 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh3 31 oktyabr 2023-cü il tarixli RBSB -7156 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 22521,98 manat, faiz borcuna görə 1626,3 manat, dəbbə borcuna görə 0 (sıfır) manat, borcun cəmi məbləği 24148,28 manat təşkil edir.

II. Tərəflərin mövqeyi

3. İddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə ərizə təqdim edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir.

4. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər.

5. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Cavabdeh3 xx.xx.2025-ci il tarixli məhkəmə iclasında bildirmişdir ki, krediti heyvadarlıqla məşğul olmaq üçün götürmüşdür. İlk əvvəl kredit götürəndə söz verdilər ki, 6 ay krediti ödədikdən sonra krediti 5 faizlə hesablayacaqlar. 6 ay ödədikdən sonra krediti 5 faizlə hesablamaq üçün təminat istədilər. O da təminat olmadığı üçün razılaşmadı və ziyana düşdüyü üçün ödənişləri edə bilmədi. Borc məbləğləri ilə bağlı narazılığı yoxdur. Hissə-hissə aylıq 100-150 manat ödəməyə gücü çatar.

II. Sübutların tədqiqi

7. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 31 oktyabr 2023-cü il tarixli, RBSB-7156 saylı kredit verilməsinə dair razılaşmadan görünür ki, bank tərəfindən Cavabdeh3 dövriyyə vəsaitlərinin artırılması məqsədilə 24 ay müddətinə, faktiki illi faiz dərəcəsi 20% olmaqla, 30000 manat məbləğində kredit verilmişdir.

8. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 31 oktyabr 2023-cü il tarixli, RBSB-7156 saylı kredit müqaviləsinə əlavə olan ödəniş qrafikindən görünür ki, ilk ödəniş xx.xx.2023-cü il, son ödəniş tarixi isə xx.xx.2025-ci il olmaqla 30000 manat kredit məbləği və 7972,80 manat faiz məbləğinin iddiaçıya hissələrlə ödənilməsi razılaşdırılmışdır.

9. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 31 oktyabr 2023-cü il tarixli RBSB-7156 saylı zaminlik müqaviləsindən görünür ki, bu müqavilənin predmeti 31 oktyabr 2023-cü il tarixli, Kredit Məhsulları üzrə Bank Xidmətlərinin göstərilməsinə dair Ümumi Şərtlər üzrə Kredit verilməsinə dair Əsas şərtlər-Razılaşma № RBSB-7156 saylı kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş Cavabdeh3 tərəfindən kreditor qarşısında öz öhdəliklərini tamamilə və hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminin öz üzərinə götürməsidir. (1.1). Bu Müqavilə ilə aşağıdakı öhdəliklər təmin edilir: 30 000 (otuz min) AZN təşkil edən kredit məbləği, (2.1.1); 24 (iyirmi dörd) ay təşkil edən kreditin qaytarılma müddəti (2.1.2); Kredit üzrə illik 20 (iyirmi) faizdən çox olmamaqla hesablanacaq məbləğ (2.1.3); Bu Müqavilənin 2.1.2-ci bəndində qeyd olunan müddət ərzində ödənişlərin gecikməsi halında ödənilməmiş məbləğin gecikmə faizi bu Müqavilənin 2.1.3-cü bəndində qeyd olunan illik faiz dərəcəsinin üzərinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün Mərkəzi Bankın müəyyən etdiyi uçot dərəcəsi əlavə edilərək hesablanır. X1 uçot dərəcəsi ilə Mərkəzi Bankın rəsmi internet səhifəsinə daxil olmaqla tanış ola bilər (2.1.4).

10. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 31 oktyabr 2023-cü il tarixli RBSB-7156 saylı zaminlik müqaviləsindən görünür ki, bu müqavilənin predmeti 31 oktyabr 2023-cü il tarixli, Kredit Məhsulları üzrə Bank Xidmətlərinin göstərilməsinə dair Ümumi Şərtlər üzrə Kredit verilməsinə dair Əsas şərtlər-Razılaşma № RBSB-7156 saylı kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş Cavabdeh3 tərəfindən kreditor qarşısında öz öhdəliklərini tamamilə və hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminin öz üzərinə götürməsidir. (1.1). Bu Müqavilə ilə aşağıdakı öhdəliklər təmin edilir: 30 000 (otuz min) AZN təşkil edən kredit məbləği, (2.1.1); 24 (iyirmi dörd) ay təşkil edən kreditin qaytarılma müddəti (2.1.2); Kredit üzrə illik 20 (iyirmi) faizdən çox olmamaqla hesablanacaq məbləğ (2.1.3); Bu Müqavilənin 2.1.2-ci bəndində qeyd olunan müddət ərzində ödənişlərin gecikməsi halında ödənilməmiş məbləğin gecikmə faizi bu Müqavilənin 2.1.3-cü bəndində qeyd olunan illik faiz dərəcəsinin üzərinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün Mərkəzi Bankın müəyyən etdiyi uçot dərəcəsi əlavə edilərək hesablanır. X1 uçot dərəcəsi ilə Mərkəzi Bankın rəsmi internet səhifəsinə daxil olmaqla tanış ola bilər (2.1.4).

11. 12 fevral 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 31 oktyabr 2023-cü il tarixli, RBSB-7156 saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə banka 22521,98 manat əsas, 1626,30 manat faiz borcu olmaqla, cəmi 24148,28 manat borcu vardır.

12. 12 fevtral 2025-ci il tarixli bildirişin surətindən görünür ki, borclulara yaranmış borcun (31 oktyabr 2023-cü il tarixli, RBSB-7156 saylı kredit müqaviləsi üzrə əsas borca görə 22521,98 manat, faiz borcuna görə 1626,30 manat, dəbbə borcuna görə 0 manat, cəmi 24148,28 manat məbləğində pulun) 3 gün müddətində tam ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.

III. Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 743. Kredit müqaviləsinin anlayışı (hazırda qüvvədə olan redaksiyada) 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Maddə 745. Kredit müqaviləsinin xüsusiyyətləri (hazırda qüvvədə olan redaksiyada) 745.5. Kredit müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa (daha yuxarı məbləğin müəyyənləşdirilməsi istisna olmaqla), kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) kredit müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanır. Bu maddədə müəyyən edilən həddə gecikdirilmə faizləri tətbiq edildikdə, əlavə dəbbə pulu (cərimə, penya) və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz. Maddə 746. İstehlak krediti müqaviləsinin anlayışı (hazırda qüvvədə olan redaksiyada) 746.1. İstehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. 746.3. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə istehlak krediti müqaviləsinə bu Məcəllənin borc müqaviləsi və kredit müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 746-5.2. İstehlak krediti müqaviləsində ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) nəzərdə tutulduqda, həmin faizlərin məbləği istehlak krediti müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə beş faiz bəndi əlavə edilməklə hesablanan məbləğdən çox ola bilməz. Bu halda əlavə dəbbə pulu (cərimə, penya), komissiya və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz. Gecikdirilmə faizlərinin hesablanması 180 gündən çox davam edə bilməz. Əgər borcverənə dəyən zərər gecikdirilmə faizlərinin məbləğindən çoxdursa, borcverən istehlakçıdan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Maddə 742. Borcun qaytarılması (hazırda qüvvədə olan redaksiyada) 742.5. Qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər: 742.5.1. borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi (o cümlədən müqavilə bağlanılmazdan əvvəl baş vermiş və müqavilə bağlanılan anadək aradan qaldırılmamış pisləşmə borcverənə sonradan məlum olduqda) və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağını güman etməyə əsaslar olduqda; 742.5.2. borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla). Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 447. İkitərəfli müqavilələrdə öhdəliklərin icra edilməməsi 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 447.2. Aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 471. Zaminlik müqaviləsinin forması Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Maddə 472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

14. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli Qərarı

Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. Göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.

IV. Məhkəmənin mövqeyi

a) Kredit müqaviləsi üzrə əsas borcun və faiz borcunun tutulması tələbi ilə bağlı

15. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

16. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

17. Göründüyü kimi Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.

18. İş materiallarından görünür ki, iddiaçı kredit müqaviləsi üzrə verilmiş qalıq borc məbləğinin (bütünlükdə) geri tələb edilməsini ilk dəfə pretenziya məktubunda ifadə etmiş və həmin məktub Cavabdeh3 12 fevral 2025-ci il tarixdə göndərilmişdir.

19. Məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək bildirir ki, kredit müqaviləsinin ləğvi və ya kredit müqaviləsindən imtina zamanı tərəfin iradə ifadəsinin təfsiri zamanı həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Mülki hüquqda daxili iradənin ifadə üsulları üç qrupa bölünür: düzünə iradə ifadəsi (şifahi və ya yazılı qaydada); dolayı iradə ifadəsi (konklyudent hərəkətlər) və susmaq nəticəsində iradə ifadəsi. Göründüyü kimi, iradə yalnız verbal nitqlə və ya yazılı qaydada deyil, həmçinin konklyudent hərəkətlərdə də ifadə oluna bilir. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 329.3cü maddəsində təsbit edilmişdir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Bu isə onu göstərir ki, kredit münasibətlərində borc verənin kredit müqaviləsi üzrə bütün əsas borc məbləğinin ödənilməsi tələbi barədə iddia ilə məhkəməyə müraciət etməsi müvafiq hallar olduqda (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması) özü-özlüyündə konklyudent hərəkətdə ifadə olunan, borc verənin müqavilənin ləğvinə yönəlik iradə ifadəsidir (şifahi əqd). Belə olan halda, iddiaçının xx.xx.2025-ci il tarixdə Cavabdeh3 pretenziya məktubu yollayaraq kredit müqaviləsi üzrə hesablanmış bütün borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəlmişdir və məktubun Cavabdeh3 tərəfindən qəbul edildiyi tarixdən müqavilə xitam edilmiş hesab edilməlidir. İddiaçı həmin tarixədək gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər. Hazırda iddiaçı 10 fevral 2025-ci il tarixə olan borc məbləğini tələb edir.

20. Məhkəmə iddiaçının tələbini təşkil edən annuitet ödənişlərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

21. 12 fevral 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə banka 22521,98 manat əsas, 1626,30 manat faiz borcu olmaqla, cəmi 24148,28 manat borcu vardır.

22. Həmçinin, iddiaçı kredit müqaviləsi üzrə borcun ödənilməsi ilə bağlı iradə ifadəsini 12 fevral 2025-ci il tarixli bildirişdə ifadə etmiş və kredit müqaviləsi üzrə 22521,98 manat əsas, 1626,30 manat faiz borcunun təşkil etməsi qeyd edilmişdir.

23. Belə olan halda məhkəmə hesab edir ki, 31 oktyabr 2023-cü il tarixli, RBSB-7156 saylı kredit müqaviləsi üzrə tutulmalı əsas borc 22521,98 manat, faiz borcu isə 1626,30 manat müəyyən edilməlidir.

24. Məhkəmə zaminlərə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, onlar kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən kredit məbləğinin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməsi üçün məsuliyyət daşıyırlar.

25. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, 31 oktyabr 2023-cü il tarixli kredit müqaviləsi üzrə 22521,98 manat əsas borc və 1626,30 manat faiz borcu cavabdеhlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

b) Məhkəmə xərcləri ilə bağlı

26. İddiaçı eləcə də 163 manat dövlət rüsumunun cavabdehlərdən tutulmasını xahiş etmişdir.

27. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 163 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

28. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

29. Həmin Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

30. İddia tələbi təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 163 manat pul cavabdеhlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

V. Məhkəmənin gəldiyi nəticə

31. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 31 oktyabr 2023-cü il tarixli, RBSB-7156 saylı kredit müqaviləsi müqaviləsi üzrə 22521,98 manat əsas borc, 1626,30 manat faiz borcu olmaqla, ümumilikdə 24148,28 manat borc cavabdеhlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

32. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233 və 360-cı maddələrinə əsasən

QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 31 oktyabr 2023-cü il tarixli, RBSB-7156 saylı kredit müqaviləsi müqaviləsi üzrə 22521,98 manat əsas borc, 1626,30 manat faiz borcu olmaqla, ümumilikdə 24148,28 (iyirmi dörd min bir yüz qırx səkkiz manat iyirmi səkkiz qəpik) manat pul cavabdеhlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 163 (bir yüz altmış üç) manat pul cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Əbülfəz Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar