Məhkəmə qərarları › İş №e-2-2(115)-814/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-814/2025

07.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-814/2025 07.01.2026 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-cü il tarixli RBSB-6787 nömrəli baş kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli razılaşmaya əsasən əsas borca görə 31448,32 manat, faiz borcuna görə 2226,83 manat, cərimə borcuna görə 405,23 manat olmaqla, cəmi 34080,38 manat, xx.xx.2024-cü il tarixli razılaşmaya əsasən əsas borca görə 9303,26 manat, faiz borcuna görə 659,39 manat olmaqla cəmi 9962,65 manat məbləğində borcun, bildirişlərin qeydə alınması üçün ödənilmiş 102 manat rüsumun və iddia qaldırılması üçün ödənilmiş 223 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulması, tələbin Cavabdeh2 məxsus Bərdə rayonu, Mirzalıbəyli kəndində yerləşən, ümumi sahəsi 87,3 kv.m, fərdi yaşayış evi və mülkiyyətində olan 0.06 ha torpaq sahəsinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməklə, əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına borcun iddiaçıya ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsi üçün yetərli olmazsa qalan borcun cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli RBSB-6787 saylı baş kredit müqaviləsinə əsasən kreditin maksimal məbləği 50000 manat, maksimal tələb edilə biləcək faiz dərəcəsi 30%, kreditin maksimal qaytarılma müddəti isə 60 ayadək təşkil edir. Müqavilə öhdəliklərinin icrasının təmini üsulu kimi Cavabdeh2 məxsus Bərdə rayonu, Mirzalıbəyli kəndində yerləşən, ümumi sahəsi 87,3 kv.m, fərdi yaşayış evi və mülkiyyətində olan 0.06 ha torpaq sahəsi iddiaçı qarşısında xx.xx.2022-cü il tarixli ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. İpoteka predmeti notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Həmçinin müqavilə öhdəliklərinin icrasının təmini üsulu kimi Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılmışdır. Kredit verilməsinə dair 2 saylı xx.xx.2023-cü il tarixli razılaşmaya əsasən illik 18 faiz dərəcəsi olmaqla, 36 ay müddətinə 45000 manat məbləğində, xx.xx.2024-ci il tarixli RBSB-6787/2 saylı razılaşmaya əsasən isə 19 faiz dərəcəsi olmaqla, 24 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. Baş kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. İddiaçı "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə əmlakın qiymətləndirilməsi barədə təyin edilmiş ekspertizanın keçirilməsi üçün "xxxx" MMC-yə xidmət haqqı olaraq 700 manat məbləğində pulun İddiaçı ASC tərəfindən ödənildiyini və həmin məbləğin – 700 manat pulun cavabdehdən İddiaçı ASC-nin xeyrinə tutulması məsələsinin yekun məhkəmə qərarı qəbul edilərkən nəzərə alnması xahiş edilmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirmiş, məhkəmə baxışının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli RBSB-6787 saylı baş kredit müqaviləsindən görünür ki, Cavabdeh1 60 ay müddətinə illik 30% olmaqla 50000 manat məbəğində kredit limiti ayrılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 tərəflər arasında bağlanmış baş kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdələrinə götürmüşdür. İş materiallarında xx.xx.2022-ci il tarixli RBSB-6787 saylı ipoteka müqaviləsindən görünür ki, baş kredit müqvilədən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh2 məxsus Bərdə rayonu, Mirzalıbəyli kəndində yerləşən, ümumi sahəsi 87,3 kv.m, fərdi yaşayış evi və mülkiyyətindı olan 0.06 ha torpaq sahəsi iddiaçının xeyirinə yüklü edilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit razılaşmasından görünür ki, Cavabdeh1 36 ay müddətinə illik 18% olmaqla 45000 manat məbəğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli kredit razılaşmasından görünür ki, Cavabdeh1 24 ay müddətinə illik 19% olmaqla 10000 manat məbəğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixdə maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh1 xx.xx.2025-ci il tarixinə banka xx.xx.2023-cü il tarixli kredit razılşaması üzrə 31448,32 manat əsas, 2226,83 manat faiz, 405,23 manat cərimə borcu olmaqla, cəmi 34080,38 manat borcu, xx.xx.2024-cü il tarixli kredit razılaşması üzrə 9303,26 manat əsas, 659,39 manat faiz borcu olmaqla 9962,65 manat borcu vardır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli RB-02/PK-642 saylı və xx.xx.2025-ci il tarixli RB-02/PK-643 bildirişlərdən görünür ki, cavabdehlərə yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/3943 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış kredit razılaşmalarına əsasən verilmiş kredit üzrə Cavabdeh1 İddiaçı ASC-yə olan xx.xx.2023-cü il tarixli kredit razılaşması üzrə borcu 33790,97 manat, əsas borc üzrə 31506,73 manat, faiz borcu üzrə 2284,24 manat, xx.xx.2024-cü il tarixli kredit razılaşması üzrə 10000,36 manat, əsas borc üzrə 9353,66 manat, faiz borcu üzrə 646,70 manat təşkil etməsi müəyyən edilmişdir. Tədqiqatın dəyəri isə 100 manat təşkil edir. İş materiallarında olan Mərkəzi Ekspertiza Bürosunun xx.xx.2025-ci il tarixli MEB-114- 0525 saylı rəyindən görünür ki, Mənsura Məhbub qızına məxsus Bərdə rayonu, Mirzalıbəyli kəndində yerləşən, ümumi sahəsi 87,3 kv.m, fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsinin bazar dəyəri 36900 manat, likvid dəyəri 33200 manat təşkil edir. Göstərilən xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin xx.xx.2023-cü il tarixədək qüvvədə olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin xx.xx.2023-cü il tarixədək qüvvədə olan 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 01 oktyabr 2023-cü il tarixdən qüvvədə olan Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 01 oktyabr 2023-cü il tarixdən qüvvədə olan Mülki Məcəlləsinin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Məhkəmə qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında baş kredit müqaviləsi bağlanmış, daha sonra xx.xx.2023-cü il tarixdə bağlanmış kredit razılaşmasına əsasən ona illik faiz dərəcəsi 18% olmaqla, 36 ay müddətinə 45000 manat məbləğində, xx.xx.2024-cü il tarixli kredit razılaşmasına əsasən 24 ay müddətinə illik 19% olmaqla 10000 manat məbəğində kredit verilməsi nəzərdə tutulmuşdur. İddiaçı kredit razılaşmaları ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, cavabdeh isə kredit razılaşmaları ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəllərini pozmuşdur. İddiaçı iddia tələbində xx.xx.2023-cü il tarixli razılaşmaya əsasən əsas borca görə 31448,32 manat, faiz borcuna görə 2226,83 manat, cərimə borcuna görə 405,23 manat, xx.xx.2024-cü il tarixli razılaşmaya əsasən əsas borca görə 9303,26 manat, faiz borcuna görə 659,39 manat borcun tutulmasını xahiş etmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə xx.xx.2023-cü il tarixli kredit razılaşması üzrə əsas borcun 31506,73 manat, faiz borcun 2284,24 manat, xx.xx.2024-cü il tarixli kredit razılaşması əsas borcun 9353,66 manat, faiz borcunun 646,70 manat təşkil etməsi müəyyən edilmişdir. Ona görə də xx.xx.2023-cü il tarixli razılaşmaya əsasən əsas borca görə 31448,32 manat, faiz borcuna görə 2226,83 manat, cərimə borcuna görə 405,23 manat, xx.xx.2024-cü il tarixli razılaşmaya əsasən əsas borca görə 9303,26 manat, faiz borcuna görə 646,70 manat borcun tutulması qanuni və əsaslıdır. Məhkəmə eyni zamanda digər Cavabdeh2 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, o baş kredit müqaviləsinə əsasən alınmış kreditə zamin olduğundan, qeyd edilən kredit məbləğlərini, həmin məbləğlərə hesablanmış faizləri və cərimə borcunun ödənilməsi üçün məsuliyyət daşıyırlar. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit razılaşmaları üzrə iddiaçıya olan borcunu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh1 zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən Cavabdeh2 onunla birlikdə iddiaçı qarşısında məsuliyyət daşıyır. Odur ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli razılaşmaya əsasən 31448 manat 32 qəpik əsas borc, 2226 manat 83 qəpik faiz borcu, 405 manat 23 qəpik cərimə borcu olmaqla, cəmi 34080 manat 38 qəpik borc, xx.xx.2024-cü il tarixli razılaşmaya əsasən 9303 manat 26 qəpik əsas borc, 646 manat 70 qəpik faiz borcu olmaqla cəmi 9949 manat 96 qəpik borc, ümumilikdə 44030 manat 34 qəpik məbləğində borc pul cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1 maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. İş materiallarında olan bildiriş məktublarından görünür ki, iddiaçı cavabdehlərə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan əmlaka yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, tələb üzrə tutma Cavabdeh2 məxsus Bərdə rayonu, Mirzalıbəyli kəndində yerləşən, ümumi sahəsi 87,3 kv.m, fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsinə yönəldilməli, həmin fərdi yaşayış evi və torpaq sahəsi açıq hərracdan satılmalı, həmin fərdi yaşayış evinin və torpaq sahəsinin ilkin satış qiyməti 33200 manat həddində müəyyən edilməli, açıq hərrac keçirildikdən və əmlaklar satıldıqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği iddiaçıya ödənilməli, bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh2 qaytarılmalı, ipoteka predmetlərinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 223 manat məbləğində dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün ödənilmiş 102 manat rüsum və 700 manat ekspertiza xərci ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 223 manat məbləğində dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün ödənilmiş 102 manat rüsum və 700 manat ekspertiza xərci cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı 100 manat ekspertiza xərci cavabdehlərdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli razılaşmaya əsasən 31448 manat 32 qəpik əsas borc, 2226 manat 83 qəpik faiz borcu, 405 manat 23 qəpik cərimə borcu olmaqla, cəmi 34080 manat 38 qəpik borc, xx.xx.2024-cü il tarixli razılaşmaya əsasən 9303 manat 26 qəpik əsas borc, 646 manat 70 qəpik faiz borcu olmaqla cəmi 9949 manat 96 qəpik borc, ümumilikdə 44030 (qırx dörd min otuz) manat 34 (otuz dörd) qəpik məbləğində borc, bildirişlərin qeydə alınması üçün ödənilmiş 102 (bir yüz iki) manat rüsum və iddia qaldırılması üçün ödənilmiş 223 (iki yüz iyirmi üç) manat dövlət rüsumu, 700 (yeddi yüz) manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tələb üzrə tutma Cavabdeh2 məxsus Bərdə rayonu, Mirzalıbəyli kəndində yerləşən, ümumi sahəsi 87,3 kv.m, fərdi yaşayış evinə və 0.06 ha torpaq sahəsinə yönəldilsin. Həmin fərdi yaşayış evi və torpaq sahəsi açıq hərracdan satılsın. Həmin fərdi yaşayış evinin və torpaq sahəsinin ilkin satış qiyməti 33200 (otuz üç min iki yüz) manat həddində müəyyən edilsin. Açıq hərrac keçirildikdən və əmlaklar satıldıqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh2 qaytarılsın. İpoteka predmetlərinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçı Rabitəbank” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı 100 (bir yüz) manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X1, kodu:210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN:**********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar