Məhkəmə qərarları › İş №e-2-2(115)-834/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-834/2025

05.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-834/2025 05.08.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi ilə. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 3752,26 ABŞ Dolları əsas, 2675,26 ABŞ Dolları faiz, 8246,92 ABŞ Dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 542,36 ABŞ Dolları faiz borcunun və iş üzrə ödənilmiş 167.61 manat dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Bərdə filialı ilə Cavabdeh arasında bağlanmış 02 may 2014-cü il tarixli 228/34-XB saylı Kredit müqaviləsi üzrə cavabdehə “Əsas vəsaitin artırılması” məqsədi ilə 24 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 12700 ABŞ Dolları məbləğində kredit verilmişdir. 02 may 2014-cü il tarixli 228/34-XB saylı Kredit müqaviləsi üzrə bağlanmış xx.xx.2017-ci il tarixli 01 nömrəli Əlavə sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 16766,59 ABŞ dollar təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Kredit müqaviləsinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə 12-5/2-Q-41-291/2025 saylı xx.xx.2025-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək, Cavabdeh 3752,26 ABŞ Dolları əsas, 2675,26 ABŞ Dolları faiz, 8246,92 ABŞ Dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 542,36 ABŞ Dolları faiz borcu olmaqla, ümumilikdə 15216,80 ABŞ Dolları məbləğində borcun, iş üzrə ödənilmiş 167.61 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 51 manat rüsumun ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan Bərdə rayonu, Şirvanlı kəndində yerləşən fərdi yaşayış evinə 0.08 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi, əmlakın ilkin satış qiymətinin (likvid dəyər) müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək işə iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdeh isə məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.4-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: kredit müqaviləsi, kredit müqaviləsi üzrə əlavə saziş, maliyyə arayışı, ipoteka müqaviləsi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1-ci maddəsinə əsasən (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiya) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiya) borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Bərdə filialı ilə Cavabdeh arasında bağlanmış 02 may 2014-cü il tarixli 228/34-XB saylı Kredit müqaviləsi üzrə cavabdehə “Əsas vəsaitin artırılması” məqsədi ilə 24 (iyirmi dörd) ay müddətinə illik 27 (iyirmi yeddi) faiz dərəcəsi ilə 12700 (on iki min yeddi yüz) ABŞ Dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə bağlanmış xx.xx.2017-ci il tarixli, 01 saylı Əlavə Sazişə əsasən borcalanın Kreditor qarşısındakı borc öhdəliyi Restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kreditin məbləği 16766.59 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2022-ci il tarixinədək uzadılmışdır. Kredit müqaviləsi üzrə öhdəliklər iddiaçı tərəfindən tam icra edilmiş, kredit müqaviləsində qeyd olunan məbləğ cavabdehin müvafiq hesabına köçürülmüşdür. Lakin cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, ödəniş planına əsasən aylıq ödənilməli kredit məbləğini vaxtı-vaxtında və tam həcmdə ödəməmişdir. İş materiallarına əlavə olunmuş sübutlarla borc alan Cavabdeh 3752,26 ABŞ dolları əsas, 2675,26 ABŞ dolları faiz borcunun olduğu təsdiq edilir. Odur ki, həmin borc məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin 8246,92 ABŞ dolları məbləğində cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Məhkəmə tərəflərin mənafelərini nəzərə alıb tənasübsüz yüksək müəyyən edilən cərimə məbləğinin 150 ABŞ dolları manat həddində təmin edilməsini ədalətli və qanuni hesab edir. Məhkəmə iddia tələbinin kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 542,36 ABŞ dolları məbləğində faiz borcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə görə, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə görə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor MM-in 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Məhkəmə yuxarıda istinad olunan MM-in normalarının və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərini qarşılıqlı təhlil edərək belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə pul öhdəliyi tam icra olunanadək, yəni həmin öhdəlik üzrə müəyyən edilmiş pul vəsaiti (borc və faizləri) tam həcmdə kreditora qaytarılanadək və ya ipoteka predmeti kreditora təhvil verilənədək borclu kreditor qarşısında məsuliyyət daşıyır və kreditor hər hansı əlavə sübut təqdim etmədən həmin dövr üzrə MM-in 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə borcluya qarşı tələb irəli sürə bilər. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 542,36 ABŞ dolları faiz borcunun tutulması hissəsində əsaslıdır. Bundan başqa, məhkəmə iddia tələbinin tutmanın Cavabdeh məxsus olan Bərdə rayonu, Şirvanlı kəndində yerləşən fərdi yaşayış evinə 0.08 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1 və 34.1.3-cü maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh məxsus olan Bərdə rayonu, Şirvanlı kəndində yerləşən fərdi yaşayış evinə 0.08 ha torpaq sahəsi ilə birlikdə banka ipotekaya qoyulmuşdur. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh məxsus olan Bərdə rayonu, Şirvanlı kəndində yerləşən fərdi yaşayış evinə 0.08 ha torpaq sahəsi ilə birlikdə ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. 24 fevral 2025-ci il tarixli bildirişdən görünür ki, ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ipotekaqoyana kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan yaşayış evinə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, əsas borclu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçıya borcu yaranmış və bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Bundan başqa ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, işin məhkəmə araşdırması zamanı "xxxx" MMC tərəfindən təqdim edilmiş rəyə əsasən ipoteka predmeti Cavabdeh məxsus olan Bərdə rayonu, Şirvanlı kəndində yerləşən fərdi yaşayış evinə 0.08 ha torpaq sahəsi ilə birlikdə bazar dəyəri 50000 manat, likvid dəyəri 45000 manat təşkil etmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, tələb üzrə tutma cavabdeh X2 xüsusi mülkiyyətində olan Cavabdeh məxsus olan Bərdə rayonu, Şirvanlı kəndində yerləşən fərdi yaşayış evinə 0.08 ha torpaq sahəsi ilə birlikdə yönəldillməli, mənzilin ilkin satış (likvid) qiyməti 45000 manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən 167.61 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 41,30 manat ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 51 manat rüsum cavabdehdən tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən, məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Bu səbəbdən də məhkəmə hesab edir ki, Cavabdeh müştərək qaydada 300 manat məbləğində ekspertiza xərci tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə qətnaməsi” haqqında Plenumun Qərarında qeyd edilmişdir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3752,26 ABŞ dolları əsas, 2675,26 ABŞ dolları faiz, 150 ABŞ Dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 542,36 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 7119,88 ABŞ Dolları məbləğində borc (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə), iş üzrə ödənilmiş 167.61 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 51 manat rüsum tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tələb üzrə tutma Cavabdeh məxsus olan Bərdə rayonu, Şirvanlı kəndində yerləşən fərdi yaşayış evinə 0.08 ha torpaq sahəsi ilə birlikdə yönəldilsin. İpoteka predmetinin ilkin satış (likvid) qiyməti 45000 manat həddində müəyyən edilsin. İpoteka predmeti açıq hərraclar vasitəsilə satılsın. İpoteka predmeti satıldıqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh qaytarılsın. İpoteka predmetinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği Cavabdeh tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh 300 manat məbləğində ekspertiza xərci tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. Ödənilmiş 41,30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar