Məhkəmə qərarları › İş №e-2-2(115)-837/2024

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-837/2024

09.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-837/2024 09.04.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızı, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2580,7 manat kredit bоrcu, 2305,23 manat faiz bоrcu və 2374,52 manat cərimə olmaqla, cəmi 7260,45 manat məbləğində bоrcun və ödənilmiş 92,61 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 31.1.-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Qeyd olunan normaların müqayisəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti, hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir və məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 11-ci bəndində qeyd olunmuşdur ki, MPM-nin 1ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Həmin Qərarının 12-ci bəndində qeyd olunmuşdur ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, mübahisənin məhkəmə aidiyyəti, yəni ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aid olması müəyyən edilərkən üç meyar - işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əsas götürülür. Bu zaman kommersiya mübahisəsinin subyekti qismində hüquqi şəxslər, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər çıxış edə bilər. Hüquq münasibətlərinin xarakteri baxımından isə kommersiya mübahisəsi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmalıdır. EMİS-dən çıxarışlardan görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs statusuna malik deyillər. Məhkəmə hesab edir ki, mübahisənin tərəflərdən yalnız birinin (hazırkı halda iddiaçının) sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması mübahisəyə kommersiya məhkəməsində baxılmalı olması barədə nəticəyə gəlmək üçün kifayət etmir. Hazırkı mübahisənin subyektiv tərkibi baxımından kommersiya mübahisəsi hesab edilməsi üçün əsasların mövcudluğu müəyyən edilmir. Ona görə də iddia ərizəsi geri qaytarılmalı, iddiaçılara aidiyyatı üzrə umumi məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Həmin Məcəllənin 125-ci maddəsinə əsasən məhkəmə xərcləri ilə əlaqədar qərardadlardan şikayət verilə bilər. Həmçinin məhkəmə qeyd edir ki, məhkəmənin qərardadından şikayət verildiyi təqdirdə şikayətə vəkilin orderi əlavə edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 407.4-cü maddəsinə əsasən şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. Yuxarıda qeyd edilən Plenum qərarının 9-cu bəndinə əsasən digər qərardadlardan fərqli olaraq Azərbaycan Respublikası MPM-nin 403-1.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 269-cu maddəsi əsasında şikayətə baxarkən öz qərardadının ləğv edilməməsi barədə qənaətə gəldikdən sonrakı 7 gün ərzində şikayəti xəbərnaməli bildirişlə işdə iştirak edən şəxslərə göndərməli, habelə hər birinə şikayəti aldıqdan sonra 5 gün müddətində kassasiya instansiyası məhkəməsinə etiraz və yaxud izahatlarını göndərmək hüquqlarını izah etməlidir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə müvafiq izah elektron qaydada işdə iştirak edən şəxslərə təqdim olunmalıdır. Yalnız bundan sonra iş kassasiya instansiyası məhkəməsinə göndərilməlidir ki, sonuncunun işə məhkəmə iclası keçirmədən qısaldılmış 10 günlük müddətdə baxma imkanı olsun. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24, 26, 32, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Hökumət ödəniş portalı vasitəsilə ödənilmiş 92,61 (doxsan iki manat altmış bir qəpik) manat dövlət rüsumu İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə (qəbzin nömrəsi:**********) geri qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar