Məhkəmə qərarları › İş №e-2-2(115)-84/2021

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-84/2021

15.03.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-84/2021 15.03.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2, Cavabdeh X14 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X4, Cavabdeh Gədəbəy rayonu Novosaratovka bələdiyyəsinin nümayəndəsi X9 iştirakları ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların təşkili üzrə X22 ərazi torpaq müsabiqə və hərrac komissiyasına, X20 və Gədəbəy rayonu Novosaratovka bələdiyyəsinə qarşı torpaq müsabiqəsinin nəticələrinin və icarə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə işə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqdisadiyyat Nazirliyinin yanında ƏMDX-nin Hərracların Təşkili üzrə X29 ərazi Torpaq müsabiqəsi və hərrac komissiyasına, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X20 və Novosaratovka Bələdiyyəsinə qarşı torpaq müsabiqələrinin hərracının keçirilməsinin nəticələri barədə qəbul edilmiş xx.xx.2020-ci il tarixli 385 №-li müsabiqənin nəticələrinin və qərarın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası İqdisadiyyat Nazirliyinin yanında ƏMDX-nin Hərracların Təşkili üzrə X29 ərazi Torpaq müsabiqəsi və hərrac komissiyasının torpaq müsabiqələrinin hərracının keçrilməsinin nəticələri barədə qəbul edilmiş xx.xx.2020-ci il tarixli 385№-li müsabiqənin və qəbul edilmiş qərarın nəticələrinin etibarsız hesab edilməsi dair qətnamə, Azərbaycan Respublikası İqdisadiyyat Nazirliyinin yanında ƏMDX-nin Hərracların Təşkili üzrə X29 ərazi Torpaq müsabiqəsi və hərrac komissiyasının sədri X4 barəsində xüsusi qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, 2007-ci il tarixdən kiçik sahibkarlıqla (fermer) məşğul olur. Özünə məxsus 76 baş iri və 900 baş xırda buynuzlu mal qarası vardır. Qış mövsümündə Tovuz və Ağstafa rayonları ərazisində yerləşən “Ceyrançöl” qış otlaq sahələrində, yay mövsümündə isə Gədəbəy rayonu ərazisində yerləşən yaylaq sahələrində heyvanlarını saxlamışdır. 2017-ci il tarixdə Novosaratovka Bələdiyyəsinə məxsus olan örüş sahəsindən 100 ha örüş sahəsi almaq məqsədi ilə rəsmi qaydada bələdiyyəyə müraciət etmişdir. Novosaratovka Bələdiyyəsinin xx.xx.2017-ci il tarixli 5 saylı protokolu və həmin protokol əsasında qərar qəbul edilmiş və ərizəsi nəzərə alınmamış və adiyyəti üzrə DƏDRX-nin yanında fəaliyyət göstərən Torpaq Lahiyyə və təhqiqat idarəsinin Şəmkir ərazi idarəsinə göndərilmişdir. Bunu bələdiyyə və həmin kənd sakinləri də etiraf edə bilərlər. Həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin xx.xx.2019-cu il tarixdə **********19 saylı çıxarış əldə olunmuşdur. Həmin dövrə qədər bütün presudurları özü həyata keçirmişdir. Həmin çıxarışın əldə olunması üçün bütün dövlət rüsumları ərinin adınadır. 2020-ci ilin iyun ayında həmin torpaq sahəsi hərrac komissiyasına göndərilmiş və xx.xx.2020-ci il tarixdə həmin örüş sahəsinə dair müsabiqə elan olunmuşdur. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası İqdisadiyyat Nazirliyinin yanında ƏMDX-nin Hərracların Təşkili üzrə X29 ərazi Torpaq müsabiqəsi və hərrac komissiyasında etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 cavabdeh X27 və X21 iştirak etmişlər. Həmin müsabiqədə komissiyanın sədri olaraq X1 üzvləri X15, X12 və Şahid iştirak etmişlər. Həmin hərracın keçirilməsi zamanı əvvəlcədən komissiya sədri ilə gizlin əlaqəyə girmiş cavabdeh Anar Nağıyev müsabiqədə ən çox pul təklif edən şəxs olmuşdur. Lakin onun və komissiya üzvü olaraq Şahid haqlı narazlığı səbəbindən hərrac baş tutmamış və hərrac komissiyasının sədri və onun müavini bildirmişdir ki, yenidən həmin torpaq sahəsi hərraca çıxarılacaq və yenidən müsabiqə keçriləcəkdir. Buna arxayın olaraq əri çıxıb gəlmişdir. Bu hadisədən 10 gün keçdikdən sonra xx.xx.2020-ci il tarixdə komissiya üzvü olan Şahid (özünün deməsinə görə ona təsir göstərmişlər və barəsində cinayət işi başlanılacağını bildirmişlər) T.Cəfərov mobil telefonla zəng vuraraq həmin sənədə imza etməsini təkid etmişdir. T.Cəfərov öz işçisindən iki nəfərlə həmin sənədi göndərmiş və Şəmkir rayonunun Çənlibel kəndi ərazisində Şahid oraya çağraraq ona həmin sənədə imza etdirmişlər. Azərbaycan Respublikası qanunlarına uyğun olaraq xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası İqdisadiyyat Nazirliyinin yanında ƏMDX-nin Hərracların Təşkili üzrə X29 ərazi Torpaq müsabiqəsi və hərrac komissiyasının 385 nömrəli protokolu etibarsız sayılmalıdır. T.Cəfərovun bu qanunsuz hərəkətləri və vəzifə səlahiyyətlərindən sui istifadə etməsinə görə onun barəsində xüsusi qərar çıxarılmaqla rayon prokurorluğuna göndərilməlidir. Həmin keçirilmiş hərracın nəticəsi barədə verilmiş şəhadətnamə bir başa vətəndaş olaraq və eləcədə hərracda iştirak etmiş şəxs olaraq onun hüquqlarının pozulması deməkdir. Odur ki, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası İqdisadiyyat Nazirliyinin yanında ƏMDX-nin Hərracların Təşkili üzrə X29 ərazi Torpaq müsabiqəsi və hərrac komissiyasının 385 saylı porotokolu etibarsız sayılmalı və hərrac yenidən keçrilməlidir. İddiaçı iddia ərizəsinin həcminin artırılması və dəqiqləşmə aparılması barədə ərizəni məhkəməyə təqdim edərək, iddia ərizəsində X14 və Novosaratovka Bələdiyyəsinin cavabdeh qismində cəlb edilməsini, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında ƏMDX-nin Hərracların Təşkili üzrə X29 ərazi Torpaq müsabiqəsi və hərrac komissiyasının torpaq müsabiqələrinin hərracının keçirilməsinin nəticələri barədə qəbul edilmiş xx.xx.2020-ci il tarixli 385 nömrəli müsabiqənin nəticələrinin və Goranboy rayon Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli reyestr N-3M-82 nömrəli icarə müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, 2016-cı ildən mal-qara üçün 100 ha torpaq sahəsindən istifadə edirlər. Protokola əsasən həmin torpaq sahəsi istifadəyə verilmişdir. 2020-ci ildə torpaq sahəsi hərraca çıxarılmışdır. 10 gün əvvəl həmin sənədləri komissiya sədrinə təqdim etmişdir. Həmçinin etibarnamə, onun və iddiaçının şəxsiyyət vəsiqələrinin surətlərini və malların alınması barədə arayışı təqdim etmişdir. 10 sentyabr tarixində hərrac komissiyasının müsabiqəsində iştirak etmişlər. Hər hektar torpaq sahəsi üçün 20 manat, ümumilikdə 2150 manat pul keçirilməli imiş. Fəridə xanım demişdir ki, Anar Nağıyev ona biznes planı təqdim etmişdir ki, hərracda iştirak etsin. Telman müəllim özü Xançobanın yanında ona demişdir ki, paketə 2150 manat yazsın, əlavə məbləğə ehtiyac yoxdur, açıq hərrac deyil ki, qiymət bilinsin. 17 sentayabr 2020-ci il tarixdə torpaq müsabiqəsində komissiyanın iclasında iştirak etmişlər. Hərracdan saat 16:00-dan sonra çıxmışlar. Telman Cəfərov yekun olaraq demişdir ki, həmin hərrac etibarsız sayılmışdır. 10 gündən sonra 28 sentyabr tarixində Əliyeva Fəridə ilə birlikdə Telman Cəfərovun qəbulunda olmuşdur. 42 dəqiqəlik söhbət zamanı deyilmişdir ki, ona müəyyən yerlərdən təzyiq göstərilərək, Çənlibel kəndində sənədə qol çəkdirilmişdir. Anar Nağıyevin paketindən 2700 manat məbləğində pul çıxılmışdır. Onlarda etiraz etmişlər ki, bütün sənədləri özləri hazırlamışlar, məlumat verilməmişdir. Hansı marağa torpağın mülkiyyətçisi iştirak etməmişdir. Qafar müəllim demişdir ki, Xəyal əziyyət çəkmişdir, nəyə görə kənar şəxs gəlib qalib olmalıydı. X37 demişdir ki, hərrac baş tutmamışdır, bələdiyyəyə yenidən müraciət edər və hərrac keçirilər. O, Fərid müəllimə zəng etmiş, bildirmişdir ki, hərrac baş tutmamışdır. Əvvəlki iclasda Anar Nağıyev bildirdi ki, Telman Cəfərov ona zəng etmiş və həmin torpaq sahəsinə 2100 manat məbləğində qiymət qoyulduğunu bildirmişdir. Anar Nağıyev bildirdi ki, Telman Cəfərov torpağa qoyulan qiyməti bilmişdir. Torpaq sahəsinin qiymətini bələdiyyənin sədri və Telman Cəfərov bilmişdir. Həmin torpaq sahəsi onun üçün maraqlı imiş. Bu məsələ X2baqcadan planlaşdırdıqları işlər idi. Fərid özü etiraf etmişdir ki, Firuddin müəllim protokolu 5-6 gündən sonra imza etmişdir. O, məhkəmədə iddia qaldırmamışdan əvvəl iddia ərizəsinin surətini cavabdehə göndərmişdir. Bələdiyyənin sədri bunu bilərək dərhal cavabdeh Anar Nağıyevlə icarə müqaviləsi bağlamışdır. X35ib gəlsəydi saat 18:00-a qədər qəbzi gətirib hərrac komissiyasına təqdim etməli idi. Əsasnamədə götərilmişdir ki, tərəflərin iştirakı ilə protokol imzalanmalıdır, amma onun yanında imza edilməmişdir. Onun yanında nə Telman Cəfərov nə də, bələdiyyə sədri o qəbzləri verməmişlər. Hərracın nəticələri barədə məlumat almaq üçün müraciət etmişdir. Ona deyilmişdir ki, hərracın nəticələri barədə məlumatı bələdiyyədən ala bilər. Bələdiyyə hərrac komissiyasının sədri və üzvü deyil, ora nəyə görə müraciət etməlidir? O Fəridə xanımla Telman Cəfərovun qəbulunda olmuşlar deyilmişdir ki, o bu işə məcburi şəkildə cəlb edilmişdir. Ona görə də, məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Cavabdeh X14 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, torpaq müsabiqəsinin keçirilməsi əvvəlcədən elan edilmişdir. Cavabdehin nümayəndəsidə qeyd etdi ki, hərrac qanuni keçirilmişdir. Firuddin müəllimin həmin gün protokola imza atmaması pozuntu deyildir. Torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı müsabiqə qanuna əməl edilməklə keçirildiyindən, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X7 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, Gədəbəy rayonu Novosaratovka bələdiyyəsinin xx xxx 2017-ci il tarixli 07 nömrəli qərarı ilə 100 hektar örüş sahəsinin icarəyə verilməsi ilə bağlı sənədləşmə proseduruna başlanılmış və bələdiyyənin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün Qazax ərazi şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixli 382 nömrəli rəy verilmişdir. Qeyd olunan torpaq sahəsinə dair mülkiyyət hüququ qeydiyyata alınmış həmin torpaq sahəsinin müsabiqəyə çıxarılması üçün Gədəbəy rayonu Novosaratovka bələdiyyəsi tərəfindən sənədlərin Qazax ərazi şöbəsinə təqdim edilməsi barədə xx.xx.2019-cu il tarixli 04 nömrəli qərar qəbul olunmuşdur. Təqdim edilmiş sənədlərə Qazax ərazi şöbəsi tərəfindən baxılmış və Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin ********** nömrəli xx.xx.2020-ci il tarixli rəyi əsasında 100 hektar örüş sahəsinin heyvandarlığın inkişafı məqsədilə icarəyə verilməsi üçün müsabiqəyə çıxarılması məqsədəuyğun hesab edilmişdir. Gədəbəy rayonu Novosaratovka bələdiyyəsinin mülkiyyətində olan 100 hektar örüş torpaq sahəsi ilə bağlı müsabiqənin keçiriləcəyi tarixdən ən azı 30 gün əvvəl “Mülkiyyət” qəzetində və Əmlak Məsələləri Dövlət Xidmətinin “privatization.az” elektron portalında elan verilmişdir. xx xxxxxxxx 2020-ci il tarixində müsabiqənin keçiriləcəyi ilə bağlı bütün komissiya üzvlərinə, o cümlədən Novosaratovka bələdiyyəsinə xx xxxxxx 2020-ci il tarixli 186 nömrəli məktub göndərilərək müsabiqədə iştirak etmələri və iştirak etmək istəyən hüquqi və fiziki şəxslərin məlumatlandırılması xahiş edilmişdir. xx xxxxxxxx 2020-ci il tarixində vətəndaşlar X21 və Qarabağ müharibəsi əlili X27, xx xxxxxxxx 2020-ci il tarixində isə vətəndaş İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 tərəfindən müsabiqədə iştirak etmək üçün Hərracların Təşkili üzrə X22 ərazi Torpaq müsabiqə və hərrac komissiyasına ərizə ilə müraciət olunmuş və gizli şəkildə yazılmış təklif zərfi onların iştirakı ilə möhürlənərək ərizəyə qoşma şəklində qeydiyyata alınmışdır. Müraciət edən hər üç vətəndaşa müsabiqədə iştirak etmək hüququ verən bilet təqdim edilmişdir. xx xxxxxxxx 2020-ci il tarixində, saat 15:00-da Qazax şəhəri, Azadlıq küçəsi, 75 ünvanında keçirilmiş müsabiqədə 5 nəfər komissiya üzvindən yalnız Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısının aparatının şöbə müdirinin müavini və komissiyanın üzvü X3 iclasında iştirak etməmişdir. Bu barədə müsabiqənin yekun protokolunda qeydiyyat aparılmışdır. Müsabiqə komissiyasının iclası xx xxxxxxxx 2020-ci il tarixində saat 15:00 da başlamış və prosedur qaydalarına tam uyğun olduğu təsdiqlənmiş və müsabiqənin gedişatı foto və video qeydiyyata alınmışdır. Qaydalara əsasən möhürlü zərflər kommisiya üzvləri X16 və X12 tərəfindən açıldıqdan sonra ən yüksək icarə haqqı təklif edən vətəndaş X27 müsabiqənin qalibi elan olunmuşdur. Belə ki, o illik icarə haqqı 2100 manata qarşı 2700 manat təklif etmişdir. Müsabiqədə iştirak edən və məğlub olan vətəndaş İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 illik icarə haqqı 2100 manata qarşı 2150 manat təklif etdiyi məlum olmuşdur. Müsabiqənin qalibi elan olunduqdan dərhal sonra Nümayəndə2 komissiya sədrinə, komissiya üzvlərinə və digər iştirakçı vətəndaşlara qarşı aqressiv mövqe nümayiş etdirmiş, xüsusilə komissiya sədrinə qarşı qeyri-etik ifadələr işlədərək onun barəsində müxtəlif orqanlara şikayət edəcəyini bildirmiş və hər hansı bir maraqlar müqabilində onun uduzdurulduğunu iddia etmişdir. Komissiya üzvləri bütün bu qeyri-etik ifadələrə və hərəkətlərə qarşı dövlət məmuruna xas olan təmkin nümayiş etdirərək qarşı tərəfə müsabiqənin qanunvericiliyin tələblərinə uyğun keçirildiyini, komissiya üzvlərinin də bunu təsdiq etdiyini bildirsələr də, Nümayəndə2 müsabiqənin yekun protokolunun imzalanmasına maneçilik törətməyə çalışmış və mövqeyindən əl çəkməyəcəyini bildirmişdir. Bu faktlar video görüntülərdə öz əksini tapmışdır. Komissiya tərəfindən ona bildirilmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə müsabiqədə iştirak etmək üçün komissiyaya müraciət edərkən artıq həmin torpaq sahəsinə dair iki nəfər digər vətəndaş da iddialıdır və bu da müsabiqənin rəqabətli keçəcəyindən xəbər verirdi. Eyni zamanda müsabiqəyə kimi sənədləşmə prosedurları aparılarkən bələdiyyənin adından rüsumların Nümayəndə2 tərəfindən ödənildiyi müəyyən edilmişdir. Bu məsələni müsabiqədə iştirak etmək üçün bələdiyyəyə müraciət edərkən bələdiyyənin sədri tərəfindən müsabiqədə iştirak etmək istəyən X27 və X13 bildirilmişdir. X27 və X21 isə müsabiqədə qalib gələcəkləri təqdirdə həmin dövlət rüsumlarının qarşılanacağını bələdiyyə sədrinə bildirmişlər. xx xxxxxxxx 2020-ci il tarixində Qazax şəhərində keçirilən müsabiqədə saxtakarlıq edilərək qəsdən uduzmasına şərait yaradılması və müsabiqənin qalibi İsmayıllı rayon sakini Anar Nağıyevin müsabiqədə iştirak etmək hüququnun olmaması ilə bağlı Nümayəndə2 tərəfindən Gədəbəy Rayon İcra Hakimiyyətinə müraciət ünvanlanmışdır. Müsabiqədə istənilən Azərbaycan vətəndaşının iştirak etmək hüququnun olduğu ona izah edilməsinə baxmayaraq, xx xxxxxxx 2020-ci il tarixində Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı xidməti telefon vasitəsilə ona zəng edərək xx xxxxxxxx 2020-ci il tarixində keçirilmiş müsabiqəni qanunsuz hesab etdiyini, torpaq hərrac və müsabiqə komissiya sədrinin barəsində isə lazımi tədbir görülməsi üçün Əmlak Məsələləri Dövlət Xidmətinin rəhbərliyinə şikayət edəcəyini, müsabiqənin qalibinin Gədəbəy rayonuna buraxılmayacağını, bələdiyyə ilə icarə müqaviləsinin bağlanılmasına imkan verməyəcəyini bildirmiş, digər əsassız arqumentlər gətirərək aqressiv şəkildə müsabiqənin nəticələrinin ləğv edilməsini tələb etmişdir. Tərəfindən ona qanunvericiliyin tələbləri izah edilmiş, o cümlədən müsabiqənin Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları”na uyğun, tam şəffaf və açıq keçirildiyi, hər hansı bir saxtakarlığa yol verilmədiyi, müsabiqənin bütün keçirilmə zamanının video və foto çəkilişlərlə qeydiyyata alındığı, Azərbaycan Respublikasının istənilən hüquqi və fiziki şəxslərinin müsabiqədə iştirak etmək hüququnun olduğu bildirilmişdir. Eyni zamanda onun tərəfindən araşdırma aparılmadan, faktlara istinad edilmədən əsassız iddialar irəli sürdüyü nəzərinə çatdırılmışdır. Müsabiqənin qalibi Qarabağ müharibəsi əlili Anar Nağıyev müsabiqənin yekun protokolunun, şəhadətnamənin surətlərini, heyvandarlığın inkişafı məqsədilə tərtib etdiyi biznes planını, müsabiqənin yekunlarına dair təklif etdiyi 2700 manat vəsaitin 4 faizini Hərracların Təşkili üzrə Auksion Mərkəzinin bank hesabına keçirdiyi barədə qəbzin surətini icarə müqaviləsinin bağlanılması üçün Novosaratovka bələdiyyəsinə təqdim etməsinə baxmayaraq Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə bələdiyyə sədri həmin sənədləri qəbul etməkdən və icarə müqaviləsi bağlamaqdan imtina etmişdir. Müsabiqənin qalibi Qarabağ müharibəsi əlili Anar Nağıyevin təkidli tələbindən sonra Novosaratovka bələdiyyəsi ilə onun arasında icarə müqaviləsi bağlanmış və müsabiqədə müəyyən edilmiş illik icarə haqqı olan 2700 manatı bələdiyyənin hesabına köçürmüşdür. Qanunvericiliyinin tələblərinə uyğun olaraq, müsabiqənin tam şəffaf və hər bir iştirakçının hüquqlarının pozulmadığını nəzərə alaraq, iddiaçının tələbləri əsassız və qanunvericiliyin tələblərinə ziddir. İddiaçının nümayəndəsinin onun haqqında danışdıqları isə yalandır. Belə ki, o, heç bir müsabiqə iştirakçısına icarə haqqı ilə bağlı təklif olunacaq qiymətlə əlaqədar fikir bildirməmişdir. Müsabiqə iştirakçıları özləri təklif etdiklərini icarə haqqını qeyd edib zərfə qoymuşlar. İddiaçı tərəf müsabiqəni uduzduğuna görə əsassız olaraq onun barəsində yalan fikirlər bildirir. Müsabiqənin keçirilməsini əks etdirən video görüntülərə baxış keçirilərkən bir daha aydın oldu ki, müsabiqə qanunvericiliyin tələblərinə əməl edilməklə keçirilmişdir. Ona görə də, iddianı əsassız sayıb rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Gədəbəy rayonu Novosaratovka bələdiyyəsinin nümayəndəsi X17 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, bələdiyyənin mülkiyyətində olan 100 ha torpaq sahəsinin icarəyə verilməsi məsələsi iclasda baxılaraq, qərar qəbul edilmişdir. Toqpağın icarəyə verilməsi barədə hərrac komissiyasının iclasında bələdiyyənin nümayəndəsi iştirak etməmişdir. Ona görə də, komissiyanın iclasında nələrin baş verdiyindən məlumatı yoxdur. Torpaq müsabiqəsinin nəticələrinə dair sənəd bələdiyyəyə daxil olduqdan sonra, müsabiqənin qalibi ilə bələdiyyə arasında torpaq sahəsinin icarəyə verilməsi barədə icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsi qanunvericiliyin tələblərinə əməl edilməklə bağlanmışdır. Onlar iddiaçının nümayəndəsinə müraciət etmişlər ki, hesab nömrəsini onlara göndərsin ki, ödədiyi məbləğ geri qaytarılsın. Ona görə də, məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələri Nümayəndə3 və X23 ayrı-ayrılıqda iddia tələbini qəbul etməyərək, müsabiqə prosesinin qanuni surətdə keçirildiyini nəzərə alaraq, məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdeh X27 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, hərrac barədə məlumatı internet vasitəilə almışdır. Hərracdan 5- 6 gün əvvəl getmiş və tıklifini yazaraq zərfə qoymuşdur. Orada bildirilmişdir ki, hərracda ondan başqa 2 nəfər də olacaqdır. Telman Cəfərov ona icarə haqqının minimum qiymətinin 2100 manat olduğunu demişdir. Hərrac qanuni şəkildə keçirilmişdir. Məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını və şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadəsində bildirdi ki, Gədəbəy rayonu Slavyanka Bələdiyyəsinin sədri işləyir. Sentyabr ayının 17-də ona deyilmişdir ki, komissiyanın iclasında iştirak etsin. Komissiya 5 üzvdən ibarətdir. Ən azından 10-15 dəfə hərracda iştirak etmişdir. Zərflər masanın üzərinə qoyulmuş, sonra açılmışdır. Ən azı 2 zərf olmuşdur. Zərfə müdaxilə edilib-edilməməsi yoxlanılmışdır. Komissiyanın iclasında zərflər açılaraq, iştirakçıların təklifləri elan edilmişdir. Həmin gün özünü yaxşı hiss etmədiyi üçün 2-3 gün sonra gələrək komissiyada protokolu imzalamışdır. İmza etməməsinin səbəbi protokolun həmin vaxt tərtib edilməməsi olmuşdur. Heç kim ona təzyiq göstərməmişdir. Hərracda qiymət təklifləri elan edilmişdir. Müsabiqənin qalibi elan edilərkən özünü yaxşı hiss etmədiyi üçün oradan çıxmışdır. Xəyal müəllim səsküy salaraq torpağı uzun illərdir ki, istifadə etdiyini bildirmişdir. Müsabiqənin qanunsuz olub-olmaması ilə bağlı hər hansı bir fikir söyləyə bilməz. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X22 ərazi torpaq müsabiqə və hərrac komissiyasının (təşkilatçının) torpaq müsabiqəsinin hərracının keçirilməsi məqsədi ilə ona hazırlıq barədə xx xxxxxxxx 2020-ci il tarixli 384 nömrəli protokolundan görünür ki, komissiya tərəfindən Gədəbəy rayonu ərazisində yerləşən Novosaratovka bələdiyyəsinin mülkiyyətdə olan ******* kv.m və ya 100 ha torpaq sahəsinin kənd təsərrüfatı (heyvandarlıq) məqsədilə icarəyə verilməsi üçün xx xxxxxxxx 2020-ci il tarixdə keçirilərək açıq torpaq müsabiqəsində İsmayıllı rayonu, Qalagah kəndində yaşayan X27, ünvan 3 ünvanında yaşayan X21 və Gədəbəy rayonu, Şahdağ kəndində yaşayan İddiaçı iştirak etmişlər. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X22 ərazi torpaq müsabiqə və hərrac komissiyasının (təşkilatçının) torpaq müsabiqəsinin hərracının keçirilməsinin nəticələri barədə xx xxxxxxxx 2020-ci il tarixli 385 nömrəli protokolundan görünür ki, müsabiqədə iştirak edən ərizəçilərin möhürlü zərfləri açılmamış olduğu yoxlanılmaqla, bütün müsabiqə iştirakçılarının və ya onların etibarnamələri ilə vəkil etdikləri şəxslərin və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə komissiyanın iclasında açılmışdır. Müsabiqədə 2700 manat ən yüksək təklif vermiş 388 nömrəli biletin sahibi İsmayıllı rayonu, Qalagah kəndi ünvanında yaşayan X27, eyni zamanda bildirişdə və müsabiqənin gedişində-müsabiqə komissiyasının qanuna müvafiq şərtlərinin yerinə yetirilməsini öhdəsinə götürdüyünə görə müsabiqənin qalibi hesab olunmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Hərracların Təşkili üzrə X22 ərazi Torpaq müsabiqə və hərrac komissiyasının sədri X7, komissiyanın üzvü X15, komissiyanın üzvü X18, Komissiyanın üzvü Şahid Hadi oğlu, Qazax ərazi şöbəsinin müdir müavini Nümayəndə3, ərazi şöbəsinin aparıcı-məsləhətçisi torpaqlardan istifadə, onların mühafizəsi üzrə dövlət müfəttişi X5 müsabiqənin gedişinin video-çəkilişini aparan şöbənin Gədəbəy rayonu üzrə aparıcı-məslətçisi X10 tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli aktından görünür ki, xx xxxxxxxx 2020-ci il tarixdə ünvan 5 ünvanda Gədəbəy rayonu, Novosaratovka bələdiyyəsinin mülkiyyətində olan 100 hektar örüş torpaq sahəsinə dair keçirilən müsabiqədə iştirak etmiş, ünvan 7i ünvanda yaşayan İddiaçı etibarnamə üzrə nümayəndəsi İddiaçı həyat yoldaşı Nümayəndə2 müsabiqədə möhürlü zərflər açıldıqdan, nəticə elan olunduqdan sonra etirazını bildirmişdir və qalib şəxslə onun arasında mübahisə yaranmışdır. Nümayəndə2 mübahisənin səbəblərini əsassız iddialar və qeyri-etik davranışlarla əsaslandırmağa çalışmışdır. Nümayəndə2 əsassız iddialarla, böhtan və şərləmə metodu ilə komissiya üzvlərinə, komissiya sədrinə təzyiq göstərməklə komissiyanın işinin yekun mərhələsinin (protokolun imzalanması, şəhadətnamənin yazılması və qalibə təqdim edilməsi) pozulmasına cəhd göstərmiş və nəticədə komissiya üzvü Şahid Hadi oğlunu da protokolu imzalamamağa təhrik etmişdir. Yaranmış qeyri-etik davranış, komissiya sədrinin və digər komissiya üzvlərinin təkidli tələbləri ilə Nümayəndə2 intizama dəvət olunmasına baxmayaraq Gədəbəy rayonundan olan komissiya üzvü Şahid heç bir əsas olmadan protokolu nümayişkaranə surətdə imzalamadan komissiya sədrinin xidməti otağını tərk etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin AM seriyalı, 011807 nömrəli şəhadətnaməsinin surətindən görünür ki, X6 rayon ərazisində yerləşən Novosaratovka bələdiyyəsinin mülkiyyətində olan 100 ha torpaq sahəsinin mülkiyyətə və icarəyə verilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X22 ərazi torpaq müsabiqə və hərrac komissiyası tərəfindən 17 sentyabr 2020-ci il tarixdə keçirilmiş torpaq müsabiqəsinin qalibi olmuşdur. Torpaq sahəsi hərracda 2700 manata 15 il müddətinə icarəyə verilmişdir. Şəhadətnamə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X22 ərazi torpaq müsabiqə və hərrac komissiyası tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə 1088 nömrə ilə qeydiyyata alınmaqla müsabiqənin qalibinə verilmişdir. İş materiallarına əlavə olunmuş Gədəbəy rayon Novosaratovka Bələdiyyəsinin sədri X17 ilə X27 arasında bağlanmış xx xxxxxxx 2020-ci il tarixli icarə müqaviləsindən görünür ki, Gədəbəy rayon Novosaratovka Bələdiyyəsi tərəfindən Gədəbəy rayonu, Novosaratovka kəndi ərazisində yerləşən 100 hektar torpaq sahəsini tam mülkiyyət üzrə onlara məxsus hissəsindən icarəçi X20 xx.xx.2035-ci il tarixədək icarəyə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414.4-cü maddəsinə əsasən hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxx 2003-cü il tarixli 972 saylı Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi” qaydalarının 13-cü bəndinə əsasən ərizəçilərin təklifləri olan möhürlü zərflər müəyyən olunmuş gündə və saatda komissiyanın açıq iclasında açılır. Zərflər açılmamışdan əvvəl komissiya onların açılmamış olduğunu yoxlayır. Yoxlamanın gedişi və nəticəsi müsabiqənin nəticələri haqqında tərtib edilmiş protokolda qeyd olunur. Alqı-satqı qiyməti və ya icarə haqqı rəqəmlə və yazılı şəkildə sözlə göstərilməlidir. Əgər sözlə göstərilən qiymətlə rəqəmlə göstərilən qiymətlər müxtəlif olarsa onda komissiya sözlə yazılan qiyməti əsas götürür. Komissiyanın icazəsindən sonra zərflərin açılışında və təkliflərin edilməsində bütün müsabiqə iştirakçıları və ya onların müvafiq etibarnamələrlə vəkil etdikləri şəxslər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edə bilərlər. Torpaq sahələri mülkiyyətə və ya icarəyə müsabiqə yolu ilə verildikdə müvafiq olaraq alqı-satqı və ya icarə obyektinə dair müsabiqə komissiyasının şərtlərinin yerinə yetirilməsini öhdəsinə götürməklə ən yüksək alqı-satqı qiyməti və ya müvafiq olaraq alqı-satqı və ya icarə haqqı təklif edən şəxs müsabiqənin qalibi hesab edilir. Həmin qaydaların 18-ci bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində saxlanılan torpaqlar müsabiqə və ya hərrac vasitəsilə mülkiyyət və ya icarəyə verildikdə müsabiqə və ya hərracın qalibinə müsabiqə və ya hərrac komissiyası tərəfindən müvafiq şəhadətnamə verilir. İşin faktiki hallarından görünür ki, Gədəbəy rayonu ərazisində yerləşən Novosaratovka bələdiyyəsinin mülkiyyətdə olan 100 ha torpaq sahəsinin icarəyə verilməsi məqsədilə keçirilən müsabiqə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxx 2003-cü il tarixli 972 saylı Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi” qaydalarının 13-cü bəndinə əməl edilməklə keçirmiş, müsabiqədə ən yüksək məbləğ təklif edən cavabdeh X27 torpaq müsabiqəsinin qalibi elan edilərək, nəticədə həmin şəxslə bələdiyyə arasında icarə müqaviləsi bağlanmışdır. Göründüyü kimi, torpaq müsabiqəsinin nəticələrinin və icarə müqaviləsinin etibarsız hesab edilməsi üçün qanuni əsas yoxdur. İddiaçı tərəfin torpaq müsabiqəsinin nəticələrinə dair protokolun komissiya üzvü tərəfindən həmin gün deyil, başqa tarixdə imzalaması barədə dəlilinə gəldikdə, məhkəmə qeyd edir ki, bu hal müsabiqənin nəticələrinin etibarsız sayılmasına dəlalət etmir. Belə ki, yuxarıda sadalan qanunvericiliyin tələbindən göründüyü kimi, torpaq müsabiqəsində ən yaxşı şərt təklif etmiş şəxs müsabiqə üzrə hərracı udmuş sayılır. Məhkəmə hesab edir ki, İddiaçı müsabiqənin qanunsuz keçirilməsi və onun nəticəsinin etibarsız hesab edilməsini iddia etsə də, buna dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların təşkili üzrə X22 ərazi torpaq müsabiqə və hərrac komissiyasına, X20 və Gədəbəy rayonu Novosaratovka bələdiyyəsinə qarşı torpaq müsabiqəsinin nəticələrinin və icarə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların təşkili üzrə X22 ərazi torpaq müsabiqə və hərrac komissiyasına, X20 və Gədəbəy rayonu Novosaratovka bələdiyyəsinə qarşı torpaq müsabiqəsinin nəticələrinin və icarə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar